İlham Əliyev Angela Merkellə demokratik modernləşdirmə məsələlərini müzakirə edəcək

Bakı/20.01.15/Turan: Azərbaycan prezidenti İlham Əliyev Berlinə işgüzar səfərə yola düşür. Səfər zamanı o, ikitərəfli münasibətlərə, həmçinin Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Bu barədə  Human Rights Watch təşkilatının bəyanatından sonra məlum olub. Bəyanatda Almaniya kansleri Angela Merkel İlham Əliyevlə görüş zamanı siyasi məhbusların azad edilməsi və ümumilikdə insan hüquqları məsələsini qaldırmağa çağırılır.

Sonuncu dəfə İlham Əliyev Almaniyaya 2010-cu il fevralın 4-də səfər edib və Merkellə görüşüb. O zaman enerji təhlükəsizliyi və “Şərq tərəfdaşlığı” proqramı prioritet idi.

O zaman İ.Əliyev qeyd etmişdi ki, Azərbaycan modernləşmə dövrünü yaşayır və Almaniya texnologiyalarına ehtiyacı var. Həmçinin ölkə Avropa enerji təhlükəsizliyinin həllinə töhfə verməyə hazırdır. O bildirmişdi ki, Azərbaycan “Şərq tərəfdaşlığı” proqramına qoşulub və bu ölkədə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcək.

İ.Əliyev üçüncü müddətə prezident seçildikdən sonra Merkel öz təbrikində əmin olduğunu bildirmişdi ki, Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində sıx əməkdaşlıq potensialından tam istifadə edə bilər.

O, Əliyevə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunda uğurlar arzulamışdı. “Almaniya indiyə qədər olduğu kimi bundan sonra da bu yolda Azərbaycanı dəstəkləməyə hazırdır”, - Merkel bəyan etmişdi.

2013-cü ilin dekabrında İ.Əliyev Merkeli kansler postuna yenidən seçilməsi münasibətilə təbrik edərək həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam edəcəyinə əmin oldugunu bildirib.—0—

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti