meclis.gov.az
Bakı/28.07.22/Turan: Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər və layihənin hazırlanmasına artıq start verilib.
Açıqlamaya görə, bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Milli Məclisinə təqdim etmələri xahiş olunur.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov Turan-a bildirib ki, sözügedən yeni qanunun qəbul edilməsi heç bir halda təsadüf sayıla bilməz. "Çünki Azərbaycan sürətlə inkişaf edir, yeni siyasi reallıqlar yaranır. Ali Baş komandanımızın rəhbərliyi altında yenilməz ordumuz tarixi ədaləti bərpa etdi və biz dünyada artıq yeni reallıqları yaratmış olduq. Belə vəziyyətdə bütün sahələrdə artıq dəyişikliklər baş verməkdədir, çox ciddi islahatlar kursu həyata keçirilir".
Deputatın sözlərinə görə, siyasi sistemin vacib elementi olan siyasi partiyalar da bu prosesdən kənarda qala bilməzlər. "Hesab edirəm ki, bizim üçün əsas siyasi partiyaların sayı deyil. Ən əsas məsələ keyfiyyətdir. Aparıcı dünya dövlətlərində bir neçə siyasi partiya ölkənin abu-havasını müəyyən edir".
Onun fikrincə, bu reallıqlar nəzərə alınmalıdır və sağlam siyasi mübarizə olmalıdır. "Hakim partiya var, ana müxalifət partiyası, digər siyasi partiyalar olmalıdır. Elə bir sistem formalaşmalıdır ki, bütün partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradılmalıdır. Bu imkanları dövlətimiz yaradıb və onların daha da genişləndirilməsi əsas hədəflərdən biridir".
YAP rəsmisi qeyd edib ki, yeni qanun hazırlanarkən bu reallıqlar nəzərə alınacaq. "Azərbaycanda yeni siyasi mədəniyyət formalaşıb, siyasi dialoq mühiti yaranıb. Bunu nəzərə alsaq, "Siyasi partiyalar haqqında" qanuna baxılması çox önəmlidir".
Milli Məclisdə təmsil olunan REAL Partiyasından deputat Erkin Qədirli isə Turan-a bildirilib ki, qanun layihəsinin payız sessiyasına qədər hazırlanması gözlənilir. "İndiki qanun 1992-ci ilin qanunudur. Həmin qanun düzgün tədbiq olunsaydı, onunla da yaşamaq olardı. Amma prinsip etibarilə köhnəlmiş məqamlar da var orda. O vaxtdan bu yana seçki sistemi, bir neçə qanunvericilik dəyişilib, amma "Siyasi partiyalar haqqında" Qanun eyni şəkildə qalıb".
Deputat qeyd edib ki, orada partiyanın qeydiyyatı, seçkilərdə iştirakı ilə, daxili quruluşla bağlı məqamlar yer tapa bilər. "Partiya olaraq bizim gözləntimiz liberallaşdırmadır, bunun üçün normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Siyasi səhnənin keyfiyyətcə yenilənməsinə, açılmasına ehtiyac var".
Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, müxtəlif qanunların zaman-zaman dəyişdirilməsi, təkmilləşdirilməsi normal bir haldır. "Ancaq, təəssüf ki, Azərbaycanda istər Konstitusiya, istər qanun dəyişiklikləri bir qayda olaraq mürtəce xarakter daşıyır. Bu dövr ərzində keçirilən referendumlar, demokratik institutlarla, azadlıqlarla əlaqədar olan qanun layihələrində hər hansı dəyişikliklər baş veribsə, bu dəyişikliklər həmişə gerçək müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyıb".
O, bu baxımından indi də qanunda ediləcək hər hansı dəyişikliklərdən pozitiv nəticə gözləmədiyini qeyd edib. "Ancaq, hər halda, biz bu məsələni müzakirə edəcəyik və Müsavat Partiyası bu məsələ ilə bağlı qərarlar qəbul edəcək. Əgər ümumi bir qərar qəbul olunsa, qanun layihəsinə əlavə və dəyişikliklərlə və ya yeni bir qanun layihəsi ilə çıxış edəcəyik". 0
Rəy yaz