Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

***

-Ələsgər bəy, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişiklik özündə nəyi ehtiva edir? Nəyə hazırlıq gedir? Məqsəd nədir?

-Milli Məclisin qəbul etdiyi bu qanuna əlavə əslində 2017-ci ildən başlayıb bu gün də davam edən bir prosesdir. 2017-ci ildə qanuna çox mürtəce bir dəyişiklik gətirildi. İnternet informasiya resurslarını məhkəmə qərarı olmadan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən heç bir kompetensiyası olmayan bir məmur tərəfindən zərərli hesab edilən nəyinsə bağlanmasına əsas yaratdılar. Bu gün həmin əsaslara daha bir əlavə etməklə daha da genişləndirilmiş oldu. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub və həmin sənədin 10-cu maddəsinin ikinci hissəsi imkan verir ki, mənəviyyatın, sağlamlığın qorunması üçün hansısa məhdudiyyətlər gətirilsin. Məhdudiyyətlərin gətirilməsi əslində legitim məqsəd ola bilər. Amma onun gətirilmə proseduru baxımından bu ciddi problemdir. Çünki bu qanunun tətbiqinə nəzarəti NRYTN həyata keçirir. Təcrübə göstərdi ki, onlar yalan məlumatı yox, doğru olan, amma iqtidara sərf etməyən məlumatları yayanları bloklayırlar. “Azadlıq” radiosunun, “Meydan” TV-nin və digər resursların bloklanması ilə bağlı ATƏT-in Vyana ofisi çox aydın şəkildə mövqe ortaya qoydular ki, bu, ifadə azadlığına legitim olmayan, qanunsuz müdaxilədir. İndi həmin o müdaxiləyə daha biri əlavə olundu. Praktikada daha öncə olduğu kimi sui-istifadə halları olacaq və nəyin zərərli olduğunu müəyyən etmək vəzifəsi icra strukturunda olduğu üçün o, özünə sərf etməyən istənilən məlumatı zərərli informasiya kimi tövsif edə biləcək. Normalda məhkəmə araşdırmasından sonra nəyin yalan, zərərli olduğu ortaya çıxa bilər. Amma bu qanunun mahiyyətində bu məhkəməsiz müəyyən oluna biləcək və dərhal bloklanma, başqa məsuliyyət növləri tətbiq ediləcək. İkincisi, bu məsələnin bu formada təqdim olunması əslində o qədər də real icra mexanizminin olmamasını gündəmə gətirir. Çünki İnternet seqmenti geniş virtual mühitdir və sadəcə, Azərbaycandan deyil, digər ölkələrdən də bu seqmentdə Azərbaycan dilli informasiyalar olur. Həmin informasiyaların mənbəyi və yerləşmə yeri Azərbaycan olmadıqdan sonra onlara qarşı hansı məhdudiyyətlər tətbiq edilməsi məsələsi açıq qalır. Onların da bloklanma məsələsi ola bilər. Amma bu bəzən konkret hansısa saytda yox, hansısa sosial şəbəkə üzərindən baş verir. O zaman hökumət bütünlüklə sosial şəbəkənimi bloklayacaq? Bunu edə bilərmi? Bunu etsə, Azərbaycanın imici necə olacaq? Bu suallar açıq qalır. Bir ölkə Tvitter, Facebook, Youtube-u bloklayacaq ölkə kateqoriyasına gəlirsə, artıq onun Şimali Koreya və ya İran kimi ölkələrlə eyniləşməsi qaçılmazdır.  Avropa Şurası üzvü olan bir ölkənin bu addımı atması mümkün görünmür.

-Belə çıxır ki, bundan sonra güclü ictimai rezonans doğuran istənilən nəşr zərərli məlumat kimi təfsir edilə, sayt sahibi isə cəzalandırıla bilər? Yəni, bu senzuranın leqallaşması demək deyil?

-Daha əvvəllər də bu, baş verib. Cəmiyyətdə əslində yalan olmayan, amma geniş rezonans doğuran məlumat mənbələri bu və ya digər formada bu qanunun tələbinə zidd kimi təfsir olunaraq bağlanırdı. O qanunvericilikdə 7-8 məqam var idi ki, onlara istinad edə bilirdilər, indi onun biri də artdı. Bu, həm sağlıqla bağlı, həm də ictimai asayişi poza biləcək kateqoriya kimi qiymətləndirilən çox geniş və bütün qiymətləndirmələrə açıq olan bir məqam kimi əlavə olundu. Bu, gələcəkdə çoxlu sui-istifadəyə gətirib çıxaracaq. Bu sui-istifadəyə məhkəmə nəzarəti də olmayacaq. 2017-ci ildən bu günə kimi davam edən məhkəmə proseslərinə baxdıqda görmək olur ki, məhkəmələr heç bir məsələni fundamental araşdırmayıb. Avtomatik olaraq NRYTN-in tərəfini tutaraq onların doğru qərar verdiyi qənaətinə gəldi. Bununla bağlı Avropa məhkəməsinə çoxsaylı şikayətlər gedib. Bu proses davam edəcək.

-Belə fikirlər var ki, bu dəyişiklik saytların və istənilən zaman sosial şəbəkələrin bloklanmasını qanunvericiliyə salmaq üçün gətirilib.  Bu, mümkündürmü? Bu, daha qarşısıalınmaz tendensiyalara gətirib çıxarmayacaqmı?

-Saytların bloklanması məsələsinə gəldikdə, zatən Azərbaycanda 80-dən çox resurs bloklanıb. ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı son hesabatında da bu rəqəm 82 göstərilib. Bu bloklanmaların, sadəcə, ilk beşi qanunvericiliyə uyğun şəkildə bloklanıb. azadliq.info, azadliq.org, meydan.tv, Azərbaycan saatı, Turan TV. Amma ondan sonra baş verən proseslər birmənalı olaraq qanunsuz və bir çox halda pirat, yəni quldurcasına kənardan müdaxilələrlə baş verib. Bəzən bu mübahisələr məhkəməyə getdikdə NRYTN-in əməkdaşları həmin resurslara blok qoymadığını bildirib. Amma mahiyyət etibarilə bir çoxunda bloklar davam edir. Sosial mediaya gəldikdə isə hökumət indiki vəziyyətdə ona bu qədər zərəri olan bir addımı atmaz. Sosial mediadan hakimiyyət özü də piar vasitəsi kimi istifadə edir. Bunu edərlərsə, yəni bloklayarlarsa, o zaman artıq ölkənin bütünlüklə informasiya resursları və mühiti qeyri-azad və eyni zamanda basqıçı bir sistem kimi dünya ictimai rəyində oturacaq. Bu gün zatən neqativ olan yer daha da neqativləşəcək.

-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci ildə 5 müstəqil İnternet mediasının (azadliq.info, azadliq.org, azərbaycansaati.com, meydan.tv, Turan TV) bloklanması tələbi ilə Səbayel Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb. İndi nazirlik Ali Məhkəmənin Plenumuna müraciət edib. Bundan başqa martın 16-da prezidentin sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildi. Əsasında üç xidmət yaradıldı. Onlardan biri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir. İndi də bu qanuna dəyişikliklər. Belə çıxır ki, hökumət yeni informasiya siyasəti həyata keçirir və təhülkəsizlik adı ilə özünə sərf etməyən informasiyaların qarşısını almağa çalışır. Sizcə, hökumət nədən çəkinir?

-Daha öncə bloklanmış müstəqil media resursları ilə əlaqədar yenidən Ali Məhkəmənin Plenumuna müraciət edilib və həmin qərara yenidən baxılmasının istənilməsi ondan xəbər verir ki, hökumət həmin resursları blok altına salsa da onların informasiyalarının ölkədə yayımlanmasının qarşısını ala bilməyib. Bu, əvvəldən də bəlli idi. Biz zaman-zaman bunu demişdik ki, belə bir addım olduqca yanlışdır və İnternetdə mövcud olan bir resursa çıxışı məhdudlaşdırmaqla problemi çözmək mümkün deyil. Təəssüf ki,  dünyada mövcud olan informasiya mühitini tam dərk etməyən zehniyyət eyni addımları atmağa davam edir. Ona görə onlar düşündülər ki, başqa resurslar bu informasiyaları yayırsa, başqaları tirajlamasın. Halbuki, bloklanmış o resurslarda cəmiyyət üçün maraqlı hər hansı bir informasiya verilibsə, ictimai əhəmiyyət daşıyırsa, o informasiya bir formada yayılacaq. İstər yerli resurslar, istər sosial şəbəkələr üzərindən və s. Çünki o informasiya cəmiyyətin tələbidir. Cəmiyyət orada neqativləri, korrupsiyanı görür və s. O zaman o informasiyaya çıxışı bu formada önləməni düşünmək yəqin ki, ancaq Azərbaycan məmurlarına xas xarakterik xüsusiyyətdir. Çünki qanunvericilikdə yalan məlumatlardan bəhs edildiyi halda, praktikada yalan yox, doğru olub, hökumətə sərf etməyən məlumatlardan söhbət gedir. Onların yayılması faktiki olaraq hökumətə sərf etmir. Yanlışları yanlışla düzəltmək mümkün deyil. Yenə də hökumət yeni bir yanlışa gedir. Ümumiyyətlə, hökumət arqumentasiya gətirməlidir ki, bir tərəfdə ixtisarlar, lokanik idarəetmə, daha mobilizasiya addımları atıldığı halda, digər tərəfdə bir qurumu parçalayıb 3 fərqli böyük struktural qurum yaratmaq nəyə xidmət edir? Bu, düşündürücüdür. Çünki bir tərəfdə  nazirliklər ləğv olunur, başqa nazirliyə birləşdirilir. O biri tərəfdən Dövlət Təhlükəsizlik Xidmətini 3 yerə ayırıb hər birini ayrıca nazirlik səviyyəsinə qaldırırlar. Bunun effektiv olmayacağı qətidir. Amma funksional olaraq yenə də yəqin ki, əvvəlki kimi provayderlərə, ölkəyə İnterneti gətirən əsas provayderlərə izləyici cihazları yerləşdirib ona nəzarət etmə səlahiyyəti indi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə veriləcək. Prosedur olaraq qurumların və vəzifəli şəxslərin sayı çoxalır, amma görəcəkləri işin mahiyyəti dəyişmir. Bu, islahat deyil, hansısa formada iş bölgüsünü yuxarı səviyyədə aparmaqdır. Bu işi bundan əvvəl müəyyən qurum və bu qurumun içərisində müəyyən fərdlər, şöbələr görürdü.

-Azad media, informasiya mühiti yaratmaq, lap elə yalan informasiyaların qarşısını almaq üçün hökumət hansı addımlar atmalıdır?

-Azad media olması üçün mediaya dövlət tənzimləməsi və müdaxiləsi minimalizə olunmalıdır. Dövlət azad media mühitini təmin etməlidir. Qarışmama öhdəliyi var dövlətin bu baxımdan. Dövlət qarışdığı müddətcə bu azadlıq mümkün deyil. Ikincisi, dezinformasiya önlənməsi və ümumiyyətlə təhlükəsiz informasiya mühitinin formalaşması üçün ən önəmli addım ilkin mənbədən olan doğru informasiyanın adekvat və operativ şəkildə cəmiyyətə çatdırılmasıdır. Əgər cəmiyyət bunu o formada qəbul edirsə, o zaman nə dezinformasiya, nə də digər zərərli informasiyanın dolaşmasına imkan verilər. Bizim hökumət hər zaman burda geri qalır, gecikir. Hər zaman təkziblərlə yola davam etməyə çalışır. Məsələn bu gün bir virus təhlükəsi yaşanır. Koronavirus bütün dünyanı təhdid edir. O cümlədən Azərbaycanı. Nə mane olur ki, gündə 3-5 dəfə alınan tədbirlər və cəmiyyəti rahatladacaq informasiyalar paylaşılsın. Dünyanın müxtəlif yerlərində saatbasaat bu informasiyalar paylaşılır. Beləliklə dezinformasiya mühiti qalmır. Bizdə isə tam tərsinə. Öncə facebook-da, vatsap mesajlarında hansısa uzun propaqandalar gedir, yalan məlumatlar dolaşır. Sonra çıxıb hansısa nazirliyin əməkdaşı onu təkzib edir, sonra da təkzib edərkən başqa yanlışlığa yol verir. Biz informasiyanın arxasınca qaçırıq. Hansı ki biz informasiya mühitində informasiyanı özümüz idarə edə bilərik və cəmiyyəti rahatlada bilərik. Bu baxımdan bu iki aspekt önəmlidir. Dövlət informasiya mühitinə qarışmamalı və  peşəkar informasiya daşıyıcıları cəmiyyətdə öz reputasiyasını qoruyaraq ən doğrunu verməyə cəhd edəcək. Ikincisi, ilkin mənbədən informasiyanın verilməsində dövlət qurumları informasiya sahibi olaraq xəsislik etməməlidir,açıq, şəffaf olmalıdır və bütün cəmiyyəti informasiya ilə bilgiləndirməlidir.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti