https://www.sabah.com.tr/
25 ildən bəri bütün sahələrdə az qala bir-birinin surəti halına gəlmiş “Bir millət iki dövlət”in başçıları epidemiyaya qarşı tədbir paketini də eyni gündə elan etdilər.Ancaq aradakı birinci fərq bundan ibarət idi ki,cənab Erdoğan həm Türkiyənin hələ axırına çıxa bilmədiyi şəffaflığına həm də öz populizminə görə tədbirləri paketini TV-dən xalqa müraciətlə açıqladı.Reytinqi qorumaq üçün ən vacib amillərdən biridir.Cənab Əliyev də ənənəsinə sadiq qalaraq tədbir paketinin miqdarını imzaladığı qərarla elan etdirdi.
Paketlər arasında maddi baxımdan da böyük uçurum var: əhalinin sayını hesaba qataraq vurma-bölmə əməliyyatı aparanda Erdoğanın paketinin miqdarının Əliyevin paketindən 25 dəfə artıq olduğu görünür.
Tədbirlər paketinin artıqlığı-əskikliyi bir tərəfə dursun,cənab Erdoğanın açıqladığı paket 2 sualı da özü ilə gətirib-gəldi:1) Açıqlanan təxminən 17 milyard dollarlıq(bundan sonrakı devalvasiya hesaba qatılmayanda) tədbirlər paketinin arxasında o qədər real pul varmı? 2) Qərbin inkişaf etmiş ölkələrində olduğu kimi,niyə bazarı canlı saxlamaq üçün maddi dəstək vətəndaşlara birbaşa nəğd yardımı kimi yox,kredit güzəştləri,vergi uzatmaları kimi formalarda metodlarla iş dünyasının dəstəklənməsi nəzərdə tutulur? Müxalifət 17 mlyard dollarlıq paketin arxasında pulun olmadığını iddia edir.
Əslində bunda haqlıdır çünki Türkiyə üstüörtülü bir savaşda olduğu kimi öz ordusundan başqa təxminən 60 min nəfərlik Azad Suriya Ordusunun da maddi cəriməsini çəkir.Bu köşəni təqib edənlər bilir,2019-ci ilin fevralında hökumət qanun dəyişikliyi edərək Mərkəzi Bankın ən çətin hallarda belə toxunulmayan “ehtiyat pulu”nun Xəzinəyə verilməsinə nail oldu.İqtisadiyyatın indiyə qədər dərin böhran yaşamamasının əsas səbəbi də Mərkəzi Bankdan Xəzinəyə edilən o “pul pompalaması” idi.Ona görə örtülü müharibə halında olan Türkiyənin bu günkü vəziyyətdə 17 milyard dollarlıq tədbirlər paketi açıqlaması çox real görünmədi.Verilən vədlərin əks-sədalarını görmək üçün uzun vaxta ehtiyac olmadığı da açıq-aşkardır,görüləcək tədbirlərin yaxın gələcəkdə ya öz bəhrəsini verəcəyi müşahidə ediləcək ya da arxasında lazımi maddi gücün durmadığı görünəcək.
Bəs bu topa 600 milyon dollar ilə girən Azərbaycan? Şübhəsiz ki,Azərbaycanın ayırdığı miqdar daha realistdir və hökumət bunun öhdəsindən gələ bilər.Həm də ona görə gələ bilər ki, hökumət bu 600 milyon dolları “vətəndaşları birbaşa maddi dəstək və ya bazarı diri tutmaq” məqsədiylə ayırmayıb.Çünki hökumətimizin o sahələrdə qəmsiz-kədərsiz oludğunu,vətəndaşları və bazarı düşünməyə əsla hövsələsinin çatmadığını indiyə qədərki təcrübələr dəfələrlə isbatlamışdır.Ona görə indiki o “real 600 milyon dolların” epidemiya ilə birbaşa mübarizəyə sərf edilməsini arzu etməkdən başqa çarəmiz olmasa da arzumuz budur.
Azərbaycanın vətəndaşlara birbaşa yardım etməyib bazarı da dəstəksiz qoymasının əsas səbəbi-hökumətin ehtiyatlı davranmasıyla əlaqəli ola bilər.Söhbət Azərbaycanda yeni bir devalvasiya qorxusundan gedir.Azərbaycan Mərkəzi Bankının(əgər Mərkəzi Bankındırsa) dünyada analoqu olmayan pul siyasəti var: əcnəbi valyuta uzun müddət məcburi metodlarla təzyiq altında saxlanılaraq milli valyuta zərrə qədər də dəyərdən salınmır.Bir müddətdən sonra isə əcnəbi valyutanın məzənnəsini artıq təzyiq altında saxlamaq mümkün olmayanda Mərkəzi Bank ya şənbə ya da bazar ertəsi səhərdən əhaliyə “Pardon,manatınızı 70% birdən dəyərsizləşdirirəm”- deyir.
Deməsi kifayət etmir,hələ günahı da vətəndaşların boynuna atır.Sonra yenidən uzun müddətli əcnəbi valyuta təzyiqi başlayır.
Türkiyə Mərkəzi Bankı əcnəbi valyutaya münasibətdə müqayisə edilməz dərəcədə “elastiki” davrandığına görə,ağır devalvasiya qorxusu yaşamır.
Azərbaycan isə ağır epidemiya bəs deyilmiş kimi,yenidən ağır devalvasiya qorxusuna girdiyinə görə,vətəndaşların psixikası ikiqat pozulur.Ona görə 600 milyon dolların virus epidemyasına qarşı mübarizəyə kifayət etməsi üçün vətəndaşların əllərini Allaha qaldırmasından başqa alternativ görünmür.
Rəy yaz