Foto: Nati Shohat, Flash-90
***
-Əvəz bəy, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla yekunlaşdı. Artıq Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin bərpasına başladığının şahidi oluruq. Sizcə, bundan sonra bu proses necə tənzimlənməlidir və qarşıda hansı işlərin görülməsi durur?
-Təbii ki, hesab edək ki, artıq bizim üçün müsbət nəticə ilə müharibəyə yekun vurulub. Yaxın perspektivdə tərəflərin yenidən müharibəyə başlamaq istəyəcəyi hələ real görünmür. Rusiyanın bölgəyə gəlişindən sonra hər hansı bir tərəfin hərbi əməliyyat barəsində düşünməsi hazırda inandırıcı gəlmir. Rusiya burada özünün sülhyaratma missiyasını ona görə yerləşdirməyib ki, kiminsə hərbi əməliyyatlar aparması və onun imicinin şübhə altına salınmasına imkan yaratsın. Onsuz da Rusiya indiki halda bütün beynəlxalq ictimaiyyət ilə özünün sülhməramlılarının buraya birtərəfli qaydada yerləşdirilməsi ilə bağlı mübahisəyə qoşulacaq. İndi Rusiya və Azərbaycanın maraqlı olduğu əsas məsələ odur ki, burada stabillik təmin olunsun, Azərbaycan ərazilərin bərpası məsələsini reallaşdıra bilsin və beynəlxalq ictimaiyyətə də burada pozitiv proseslərin getdiyini nümayiş etdirə bilsinlər. Azərbaycan bu sakitlikdən istifadə edərək çox qısa bir zamanda rayonların təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsini yekunlaşdırmalıdır. Çünki torpaqları işğaldan azad olunmuş insanlar orada infrastrukturun bərpa olunmasını gözləmədən öz doğmalarının qəbirlərini ziyarət etməyə, öz yurdlarını görməyə tələsəcəklər. Onları təhlükəsizlik məsələlərini həll etmədən, əraziləri minalardan təmizləmədən həmin yerlərə buraxmaq çox təhlükəlidir.
-Dağlıq Qarabağ ətrafında müzakirələrin bitdiyini hesab edirsiniz? Ermənilərin yaşadığı ərazilərdə Azərbaycan qanunlarının bərpası, regionda sülhün tam bərpası olmadan stabillik necə təmin olunacaq?
-Hesab etmirəm ki, Dağlıq Qarabağ ətrafında müzakirələr bitib. Əksinə, yeni mərhələyə qədəm qoymuşuq. İndiyə kimi bizim Ermənistan ilə sərhəddimiz bağlı idi, Dağlıq Qarabağla bizim aramızda 20 kilometr dərinliyində təhlükəsizlik zolağı var idi. İnsanlar özlərini belə vəziyyətdə müəyyən qədər rahat hiss edirdilər. İndi onların heç bir yoxdur. Artıq azərbaycanlılar və ermənilər qonşu kimi yaşayacaqlar, onların arasında artıq tikanlı məftillər, dərin qazılmış sədlər deyil, rusiyalı sülhməramlılar dayanacaqlar. Onlar artıq bir-birini snayper gülləsindən deyil, qonşu təpənin üstünə çıxmaqla göz məsafəsində görə biləcəklər. Orada yaşayan ermənilərin hansı status ilə yaşayacaqları müəyyən olunmadan qarşıdurmanın bitdiyini təsəvvür etmək düzgün olmaz. Lakin regionun iqtisadi inkişafını düşünmək çox şeyi dəyişə bilər. Belə olan halda Azərbaycan regionlarının yenidən qurulması və inkişafı DQ ermənilər yaşayan ərazilərinin inkişafından da yan keçməyəcək. Bu gün biz görürük ki, sülhməramlıların regionda olmasından istifadə edən Rusiya hökuməti dağılmış evləri bərpa edir. Oraya humanitar yardım göstərir. Lakin Azərbaycanın bir azdan başlayacağı böyük miqyaslı tikinti işlərinin yanında o, çox kiçik görünəcək. Əsas odur ki, Azərbaycan əhalini işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməkdən qoruyub, oranın normal inkişaf planını fikirləşə bilsin.
-Belə çıxır ki, işğaldan azad olunmuş ərazilərə insanların indi səfər etməsinə imkan verilməməlidir?
-Bəli. Hərbçilərin orada olması hələ oranın təhlükəsizlik olması demək deyil. Hərbçilər təbii ki, özlərinin minaaxtaranları ilə bəlli marşrutları təmizləyib hərəkət edirlər. Onlar evlər, qəbiristanlıqlar və yaxud binaların təhlükəli olduqlarını başa düşərək orada az hərəkət edirlər. İndi təsəvvür edin ki, ora getmək istəyən rayon və yaxud kənd sakini sevincindən evlərin arası ilə, qəbiristanlıqları və yaxud onun xatirində qalan əraziləri gəzmək üçün necə tələsəcək? Ora gedən adam evini, valideynlərinin qəbirlərini bütün təhlükəsizlik qaydalarını başından çıxararaq axtaracaq. Onun xatirəsində olan yerləri seyr edəcək. Bütün bunların qarşısını emosional cəhətdən almaq mümkün olmayacaq. Düzgün olardı ki, hökumət həmin ərazilərə hərbçilərin müşayəti olmadan insanları buraxmasın. Daha yaxşı olar ki, ərazilərin minadan təmizlənməsi elanı verilmədən həmin ərazilərə insanların səfər etməsinə qadağa qoyulsun və bu qaydaları pozanları məsuliyyətə cəlb etsin.
-Bu proses nə qədər müddətə yekunlaşa bilər?
-Azərbaycanın işğal olunmuş ərazilərinin təhlükəsizliyinin təmin olunması prosesi çox uzun vaxt aparmayacaq. Bundan ötrü, sadəcə, dövlət sərhədlərinin möhkəmləndirilməsi, azərbaycanlı və erməni əhalinin yaşadığı məntəqələrdə hərbi nəzarətin gücləndirilməsinə ehtiyac olacaq. Ərazilərin minalardan təmizlənməsi prosesi isə hərbçilər arasında minaaxtaranların, ANAMA təşkilatının və beynəlxalq təşkilatların da köməyi ilə 5 ildən çox çəkə bilər. Bu barədə hətta 2019-cu ildə çap etdiyim “Dağlıq Qarabağ: xalq diplomatiyasının çətin yolu” kitabımda yazmışdım. Proseslərə və şərhlərə diqqət yetirdikcə ciddi yanılmadığımı düşünürəm.
Bundan sonra Azərbaycanda minaaxtaran peşəsinə ehtiyac artacaq. Çoxlu sayda insanın bu sahəni öyrənməsinə və mina axtarışı prosesinə cəlb olunmasına ehtiyac var. Eyni zamanda mina partladılmasını həyata keçirən hərbi texnikanın alınması lazım olacaq. Təklif etmişəm ki, beynəlxalq təşkilatları da bu işə cəlb etsinlər. Misal üçün, İngiltərənin The Halo Trust təşkilatı var ki, onlar Cənubi Qafqazda işləyiblər, onları da dəvət etmək olar.
Partlamamış mərmilərin zərərsizləşdirilməsi, mina axtarışı və onun zərərsizləşdirilməsi prosesi bu münaqişənin ən ağır mərhələsindən biridir.
-Yaşayış məntəqələrimizin bərpasına nə vaxt başlanıla bilər?
-Buna uzun vaxt lazımdır. İlk növbədə Azərbaycan öz büdcəsində və yaxud ehtiyat fondlarında bərpa üçün sərf edəcək vəsaiti müəyyən etməlidir. Daha sonra beynəlxalq donorların vəsait yatırmasında maraqlı olmalıdır. Çünki bu, humanitar problemdir və onun aradan qaldırılması bir dövlətin işi deyil, humanitar problem beynəlxalq donorların vəsaitləri ilə aradan qaldırılmalıdır. Bu, beynəlxalq hüququn tərkib hissəsindən biridir. Bundan sonra həmin ərazilərin infrastrukturu bərpa olunmalıdır. Bunun üçün dövlət özünün mövcud maliyyə imkanlarından istifadə edərək başlaya bilər. Nəzərə alaq ki, burada da böyük miqyaslı bərpa işlərinin görülməsindən söhbət gedir. Dövlət rayon mərkəzlərinin işğala qədər olan arxitekturasını nəzərə almaqla onların bərpasını planlaşdırmalıdır. Təbii ki, müasir tikinti materialları və arxitektura elementlərindən istifadə olunacaq və bu, daha rasional addımdır. Amma rayonların işğala qədər mövcud olan və dağılmış məşhur binaları olduğu kimi yenidən tikilməlidir ki, həmin rayonların keçmişi ilə indisi arasında əlaqələr itməsin. Hesab edirəm, bəzi qəsəbələrdə standart evlərin tikilməsi ilə insanları ora geri qaytara biləcəklər. Amma öz keçmişini və ailəsinin xatirəsini bərpa etmək istəyən minlərlə insan tapılacaq ki, onlar öz evlərini orijinalda olduğu kimi bərpa etmək arzusunda olacaqlar. İndi məcburi köçkünlər arasında kifayət qədər imkanlı insanlar var. Hökumət insanlara imkan yaratmalıdır ki, kim öz evini orijinalda olduğu kimi bərpa etmək istəyirsə, özü bunu etsin. Belə olan halda dövlətin üzərinə düşən yük azalacaq.
-Tutaq ki, dövlət 5 il müddətinə bütün şəhər və qəsəbələri bərpa etdi. İnsanların ora qaytarılması üçün nə etməli olacaq və bu proses çətin olmayacaq ki?
-Bundan ötrü bir neçə illər bundan əvvəl qəbul olunmuş “Böyük qayıdış” proqramı var və ona diqqət yetirmək lazım olacaq. Dövlətin insanları həmin ərazilərə köçürməsi üçün mexanizm asan olmasa da mümkündür:
Dövlət rayonların bərpasından sonra məcburi köçkün statusunu ləğv etməlidir. Bütün güzəştlərin bundan sonra yalnız həmin ərazilərdə mövcud olacağını elan etməlidir. Məcburi köçkünlər pay torpaqlarının bölüşdürülməsində iştirak etmədiyi üçün onların pay torpaqları evlərinə qayıtdıqdan sonra veriləcək. Həmin rayonlarda kreditlərin çox aşağı faizlə verilməsi, vergi güzəştlərinin 0,1 faiz olacağı elan olunmalıdır. Orada biznes fəaliyyəti ilə məşğul olan müəssisələrin güzəştli kreditlər və aşagı vergi faizi ilə təmin olunacağı vəd olunmalıdır.
İctimai yerlərdə və dövlətin tikdiyi qəsəbələrdə yaşayan məcburi köçkünlərin mənzub olduqları rayonlara köçürülməsi ilə həmin evlərin əsgər ailələri, şəhid ailələrinə veriləcəyi elan olunmalıdır. Özünün şəxsi mənzilləri olan məcburi köçkünləri respublikanın müxtəlif rayonlarında mülkiyyət hüququ tanınmaqla onların bütün statusları ləğv olunmalıdır.
Rayonlara qayıdış prosesinə başlandıqdan sonra bütün dövlət müəssisələri həmin rayonlara köçürüləcək. Həmin müəssisələrdə çalışan insanlar təbii ki, öz iş yerlərini saxlamaq istəyəcəklərsə, rayonlara qayıtmaqda ilk maraq göstərən olacaqlar. Lakin on minlərlə insan indiyə kimi məskunlaşdığı ərazilərdə işlərini itirməmək üçün alternativ yollar seçəcəklər.
Rayonların azad olunmasından sonra respublikanın bütün şəhər və rayonlarına qeydiyyat prosedurları məhdudlaşdırılacaq. Məcburi köçkün statusu olan insanların onsuz da bütün bu illərdə qeydiyyata düşməsi məsələsi çətin prosedur olub.
Lakin məcburi köçkünlər arasında elə dəyərli mütəxəssislər var ki, onların işdən azad olunmasında maraqlı olmayan minlərlə şirkətlər onlara şərait yaradacaq, onların Bakıda qalmasına çalışacaqlar. Eyni zamanda vaxtilə rayonda bir ailənin 10 nəfər uşağı var idi, indi onların hamısı ailə qurub, nəvə-nəticə sahibi olublar. Onların rayondan çıxanda 1 evi var idi. İndi geri qayıtmalı olacaqlarsa, onlara 10 ev lazım olacaq. Əhali artımı geri qayıtma prosesində yaranacaq problemlərdən biri sayıla bilər. Ümumiyyətlə, insanların geri qaytarılması prosesi uzun bir prosesdir.
Bütün bu kimi tədbirlər insanların öz doğma torpaqlarına qayıtmasında dövlətin təsir mexanizmlərindən istifadə etməsinə yol açacaq. Məcburi köçkünlər arasında yaşlı insanlar öz doğma evlərinə indi qayıtmaq istəyirlər. Onlar orada həyatlarının son günlərini belə yaşamaq, orada dəfn olunmalarını istəyirlər. Bu hisslər insanları, hətta onların Bakıda və digər rayonlarda doğulan övladlarını geri qayıtmaga stimullaşdıracaq.
Rəy yaz