https://www.ntv.com.tr

https://www.ntv.com.tr

***

Turan: Washingtonun təzyiq və təhdidlərinə baxmayaraq,Ankara S-400 raketlərini alandan sonra bir anda Suriyanın Şimali-Şərqində ABŞ-Türkiyə əməkdaşlığı gündəmə gəldi,müştərək "Əməliyyat mərkəzi" yaradıldı.Ankaranın bu addımı proqnozlaşdırılmışdı yoxsa spontan oldu?

Nevzat ÇiçekÇiçek: Türkiyənin oraya yönəlməsi labüd idi.Mən o yönəlməni şərtlərin diqtə etdiyinə inanıram.Çünki Suriyanın Şimali-Şərbində PYD tərəfindən qurulan bir struktur var və Türkiyə bunu özünün qırmızı xətti hesab edərək qəti şəkildə qarşı çıxır.ABŞ isə PYD-nin o bölgədə yaratdığı kantonları dəstəkləyir,təxminən 120 min silahlıya təlim verib,silah-sursat paylayıb.Türkiyə öz qərarlılığını nümayiş etdirdi və prezident Erdoğan "İki həftə içində oradakı müttəfiqimiz qəti addım atmasa, biz lazımi addımları atacağıq"- dedi.Türkiyə sərhədin o tərəfində "Təhlükəsiz bölgə" yaratmaq istəyir və məncə,ABŞ keçmişdə olduğu kimi, öz vədlərini yerinə yetirməsə,Türkiyə öz qərarlılığından vaz keçməyəcək.

Turan: Deyəsən, ABŞ-ın razılığı olmadan sərhədin o tərəfində əməliyyat keçiriləcəyinə qəti şəkildə inanırsınız.Sizcə, Türkiyə sərhədin o tərəfində neçə kilometrlik zolaqda "Təhlükəsiz bölgə" yarada bilər?

Çiçek: 5-10 kilometr də ola bilər,30-40 kilometr də.Söhbət Türkiyənin qərarlılığından gedir.

Turan:Türkiyəni o qərarlılığı nümayiş etdirməyə hansı dinamika sövq edir?

Çiçek: Son illərdə Türkiyə özünün xarici hərbi siyasətini tək qütbdən çıxararaq Rusiya və Çin kimi ölkələri də əməkdaşlıq siyahısına daxil etdi.Bundan əvvəl Çin ilə hərbi əməkdaşlığa Qərb ölkələri icazə verməsə də S-400-lərin Rusiyadan idxal edilməsinin qabağını ala bilmədilər.Türkiyə,bir təfədən, ABŞ ilə F-35-lərin müzakirəsini apardı,o biri tərəfdən isə Rusiya ilə S-400 müqaviləsini nəticələndirdi.Əlbəttə,bu, o demək deyil ki, Türkiyə NATO-dan çıxacaq və ya Qərb ilə əməkdaşlığa son qoyub Rusiya və Çin ilə əməkdaşlıq edəcək.İndi Türkiyə üçün həm Qərb həm də Avrasiya var.Bu geniş sahədə Türkiyə kifayət qədər ustalıqla manevr edərək özünün geosiyasi gücünü artırmışdır.Suriyanın Şimali-Şərqində qərarlılığını məhz bütün bu faktorları hesaba qataraq nümayiş etdirəcəkdir.Müşahidə və analizlər göstərir ki,Suriya federativ və ya konfederativ dövlətə doğru gedir.ABŞ orada özünün müttəfiqi kimi gördüyü PYD/YPG-nin arxasından qaçmayacaq.Şimali İraqdakı kimi bir strukturun Suriyanın Şimali-Şərqində yaradılması nəzərdə tutulur.Bu isə Türkiyənin ərəb dünyasına açılan qapısının bağlanması deməkdir.Ona görə Türkiyə o bölgədən təhlükəsizliyinə qarşı yönəlmiş təhlükəni özü üçün açıq təhdid hesab edir.Ümumi nəticədə ABŞ-ın o bölgədə də kürdlərin dalında duracağını düşünürəm.

Turan: Bəs Türkiyə hansı şərtlərdə ABŞ-ın onları dəstəkləməməsinə nail ola bilər? Bunun üçün nə edilməldir?

Çiçek: Hər şeydən əvvəl,ABŞ oradakı PYD/YPG-ni nə qədər geri çəkəcək? ABŞ-ın onlara verdiyi silahlar necə olacaq? Türkiyə bölgənin neçə kilometr dərinliyinə nəzarət edəcək?Bunlar həlledici məsələlərdir.Bu məsələdə İran və Rusiya da Türkiyənin mövqeyini dəstəkləyir.ABŞ özünün silahlandırıb təlim verdiyi PYD-nin arxasından çəkilməyəcəkdir.Türkiyənin atacağı addımları görmək üçün isə 15 gün gözləmək lazımdır.

Turan: Hal-hazırkı vəziyyətdə Suriyanın Şimali-Şərq bölgəsi ilə Şimali-Qərb bölgələrindəki vəziyyət arasında çox yaxınlıq var və Türkiyə hər iki bölgədə böyük məsuliyyətlə üzbəüz qalıb.Bu problemlər necə həll ediləcək?

Çiçek: Rusiya İdlibdəki qrupların bir qismini yerindəcə məhv etməyə çalışır çünki onlar Rusiyadan gəliblər, geri qayıtmalarını istəmir.Böyük ehtimalla, Türkiyə oradakı qüvvələrin bir qismini öz nəzarətində olan "Fərat qalxanı" bölgəsinə çəkəcək,sonra siyasi proseslər sürətlənəcəkdir.Bu gün 50 nəfərdən ibarət siyahı elan edilidi,yeni konstitusiyanın yazılması və qəbulu prosesində və digər məsələlərin həllində Suriya cəmiyyətinin bütün təbəqələrinin iştirakı nəzərdə tutulur.Məncə,Rusiyanın dəstəklədiyi Suriya hərbi qüvvələri bölgədəki əməliyyatları davam etdirəcək.Türkiyə buna əvvəl olduğu kimi yenə də "qaçqınların sərhədə gələrək problemlər yaratması" arqumentiylə etiraz edəcək.Ancaq bu,əməliyyatların dayandırılmasına səbəb olmayacaq.Nəticədə Suriya məsələsinin beynəlxalq platformalarda tamamilə həll edilməsi prosesində də Türkiyə ilə Rusiyanın əməkdaşlığına ehtiyac olacaqdır.Ona görə Rusiya ilə Türkiyə bölgədə əməkdaşlıq etməkdən razıdırlar və bu əməkdaşlıq davam edəcəkdir.Bu əməkdaşlıq Suriyanın gələcəkdə hansı strukturla idarə edilməsindən -federativ və ya konfederativ- asılı olmayaraq Moskvaya da Ankaraya da lazımdır.Təkrar edirəm: Suriya problemi tarixdə olmamış bir əməkdaşlığın həyata keçməsinə səbəb oldu: bir NATO ölkəsi ilk dəfə öz hava hücumunu müdafiə sistemini gücləndirmək üçün Rusiyadan raketlər aldı,30 il əvvələ qədər ən güzəştsiz düşmən olan SSRİ-nin varisi Rusiya isə bir NATO ölkəsinə silah satdı.Bu, böyük ölçüdə Türkiyənin indiki rəhbərliyinin qərarlılığı sayəsində mümkün olmuş və məncə,Orta Şərqdəki tarazlıqları da dəyişdirmişdir.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti