Rusiya-Türkiyə: Yaxınlaşma haqqında danışmaq tezdir

Rəsmi Rusiya-Türkiyə münasibətlərində səciyyəvi olan yüksək səviyyəli qarşıdurma Rusiya prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətləri bərpa etmək istəyi haqqında bəyanatından sonra, demək olar ki, iki ölkə arasında gərginlik bir pillə aşağı endi. Maraqlıdır ki, Rusiya liderinin bu bəyanatı mayın 27-də onun Türkiyə ilə daha uzunmüddətli gərgin gündəliyi olan Yunanıstana səfəri zamanı Afinada səslənmişdi.

Putin münasibətlərin bərpası şərtini Ankaranın SU-24 bombardmançı təyyarəsini Türkiyəyə məxsus qırıcı təyyarənin vurlması günahını açıq-aşkar etiraf etməsində görür. Amma bu bəyanata münasibətlərin operativ bərpasının başlanğıcı kimi baxmaq olmaz. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Ankaranın iki paytaxt arasında münasibətlərin normallaşdırılması üzrə ikitərəfli işçi qrup yaradılması haqqında cavab təşəbbüsünə mənfi reaksiyası bunu göstərir.

Amma münasibətlərin normallaşmasını Türkiyə tərəfin mütləq üzr istəməsi ilə bağlamaq yanlış olardı. Bu üzrxahlıq yalnız 24 noyabr 2015-ci ildə Rusiya bombardmançı təyyarəsinin vurulmasından əvvəlki status-kvonun bərpası istiqamətində geri sayım olacaq. Bu, onunla bağlıdır ki, faciəvi fakta dövlətlərarası münasibətlərin səviyyəsinin aşağı düşməsinin səbəbi kimi baxmaq olmaz. Çox güman ki, bu hadisəni bəhanələr cərgəsinə aid etmək olar. Hər iki tərəfin davranışından (radikal üzrxahlıq israrı və təqsirin etiraf edilməsindən belə radikal imtina) və hər iki ölkədə baş verən proseslərdən göründüyü kimi, Ankara və Moskva gərginliyi artırmaqda maraqlı idi. Bu mənada hər iki dövlət üçün millətin birləşməsi və 2014-cü ildə artıq özünü açıq-aşkar göstərmiş hazırki dərin iqtisadi böhran şəraitində sabitliyin qorunub saxlanması stratejidir. Regional xarakterli digər müşaiyətedici məsələlər, habelə növbəti iqtisadi inkişaf ərəfəsində institusional islahatların aparılması da var.

Münasibətlərin iqtisadiyyatı

Rusiya və Türkiyə iqtisadiyyatlarının vəziyyəti haqqında sonuncu xoş olmayan məlumatlar hələki əlaqələrin tam həcmdə bərpası zərurətindən xəbər vermir. Nə Moskva, nə də Ankara iqtisadi məqsədəuyğunluq nöqteyi-nəzərdən və daha da əhəmiyyətlisi, daxili böhran problemlərinin həll edilməməsi nöqteyi-nəzərdən buna hazır deyil.

Sabitləşmə və münasibətlərin normallaşması yalnız hər iki ölkə iqtisadiyyatının yüksəlişi və SSRİ-nin dağılmasından sonra Rusiyada misli görünməmiş iqtisadi böhranın və ilk dəfə 2000-ci illərin əvvəllərində Erdoğanın hakimiyyətə gəlməsindən sonra Türkiyə iqtisadiyyatının ciddi tənəzzülünün sarsıtdığı daxili sabitliyin bərqərar edilməsi şərtilə mümkün ola bilər.

İkitərəfli iqtisadi münasibətlərin vurulmuş Rusiya təyyarəsinin qurbanı olduğu faktına yanlış məlumat kimi baxılmalıdır. Statistik məlumatlar göstərir ki, hər iki ölkənin göstəriciləri 2014-cü ildən etibarən iqtisadiyyatların kəskin tənəzzülündən və əhalinin alıcılıq qabiliyyətinin azalmasından sonra kəskin şəkildə pisləşməyə başlayıb. 2014-cü ildə Rusiya-Türkiyə iqtisadi münasibətlərində mal və xidmətlər dövriyyəsinin həcmi təxminən 44 mlrd. dollar, 2015-ci ilin 9 ayı ərzində, yəni təyyarə hadisəsinə qədər isə cəmi 18,1 mlrd. dollar təşkil edib. Bunun 15 mlrd. dolları Rusiya ixracının payına düşür. İlin yekunlarına görə bu rəqəm 23 mlrd. dollara qədər artıb. Ənənəvi olaraq ildən-ilə Rusiya ixracatı Türkiyə idxalından 4 dəfə çox olurdu. Odur ki, Rusiya sənayesinin satış bazarlarına kəskin ehtiyacı olduğu bir vaxtda Moskvanın vurulmuş təyyarə xatirinə milyardları qurban verdiyi haqqında iddiadan danışmağa belə dəyməz. Məsələ başqadır, böhranlı Türkiyə iqtisadiyyatının Rusiyanın ixrac etdiyi sənaye təyinatlı mallarına ehtiyacı azalıb. Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə 2016-cı ildə ticarət dövriyyəsi daha da azalaraq, 800 mln. dollardan az təşkil edəcək.

Bu vəziyyət Türkiyə şirkətlərinin Rusiyadakı layihələrdə iştirakının azalmasına, türk mallarına və xidmətlərinə tələbatın azalmasına gətirib çıxarıb. Əks istiqamətdə də eyni şey baş verirdi və Türkiyədə Rusiya turizmi əyani bunun parlaq nümunəsidir. 24 noyabrdan əvvəlki turist mövsümündə Türkiyədə rus turistlərin sayı rəsmi statistikaya görə artıq 30%-dən çox, turizm şirkətlərinin məlumatlarına görə isə yarı-yarıya azalmışdı. Və bu təmayül təkcə Türkiyə istiqamətinə aid deyildi. Rusiya turizm şirkətlərinin məlumatına görə, 2016-cı ilin birinci rübündə Rusiya turistlərinin bütün istiqamətlərdə, o cümlədən büdcəli Tayland, Hindistan kimi ölkələrə səfərləri  40% azalıb. Bu, iqtisadiyyatın böhran vəziyyətində olmasının və rusiyalıların həyat səviyyəsinin düşməkdə davam etməsinin göstəricisidir. Apreldə Beynəlxalq Valyuta Fondu (BVF) 2016-2017-ci illərdə Rusiya iqtisadiyyatı üzrə proqnozuna yenidən baxaraq, iqtisadiyyatın daha da pisləşəcəyini proqnozlaşdırı. BVF-nin hesablamalarına görə, 2016-cı ildə Rusiya ÜDM 1,8% azalacaq, 2017-ci ildə isə 0,8% həddində zəif inkişaf göstərəcək.

Qeyri-adekvat reytinq

Əslində bu vəziyyət ölkə üzrə genişmiqyaslı etirazlara səbəb olmalı idi, amma bu, baş verməyib, Putinin populyarlıq reytinqi isə 90%-ə qədər yüksəlib ki, bu da böhran həqiqətlərinə adekvat deyil. Əvvəlki təhlillərdə Turan agentliyi Rusiya cəmiyyətinin iqtisadi böhranlara belə qeyri-adekvat reaksiyası haqqında qeyd edirdi ki, Kreml daxili sabitliyi qoruyub saxlamaq üçün böhran illərində ardıcıl olaraq xarici düşmən və Rusiya dövlətinə təhlükə obrazlarından istifadə edib. 1998-2001-ci illər - iqtisadi böhran, İkinci Çeçen Müharibəsi, 2008-2009-cu illər - böhran və Gürcüstan müharibəsi, 2013-cü ildən bu günə qədər - böhran və Ukrayna, Suriya, Türkiyə.

Beləliklə, Rusiya rəhbərliyi güclü təbliğat maşınlarının dəstəyiilə yanlış məlumatlandırmağa, onu daxili müsibətlərdən yayındırmağa, mental imperiya cəmiyyətini və Kremlin “imperiya siyasətinin” ifadəçilərini birləşdirməyə müvəffəq olurdu ki, bu da böhran dövründə daxili sabitliyi təmin edirdi.

Turan proqnozlaşdırırdı ki, Krımın ilhaqına və Donbass üzərində nəzarət qurulması ilə yekunlaşan Ukraynanın daxili işlərinə müdaxilədən sonra Qərb Rusiyaya zəruri maliyyə yardımı göstərmədiyi təqdirdə Kreml növbəti hücum obyekti axtarmaq məcburiyyətində qalacaq. Maraqlıdır ki, həmin vaxt Rusiyanın Ukraynadakı hərəkətlərindən və Rusiya ekspansiyasının sahəsinin genişlənəcəyindən narahat olan Belarus, Qazaxıstan, Azərbaycan liderləri narahatlıq ifadə edirdilər. Amma Moskva Suriya, daha sonra isə Türkiyə istiqamətini seçib. Birinci halda bu, hərbi gücün, ikinci halda isə böyük dövlət statusunun nümayişi oldu. İqtisadiyyatın və əhalinin həyat səviyyəsinin misli görünməmiş zəifləməsi fonunda ictimai sabitliyi qoruyub saxlamaq üçün bu, kifayət etdi.

Amerika marağı

Öz növbəsində, Yaxın Şərq regionunda və Suriya münaqişəsində aparıcı rol oynayan ABŞ-ın razılığı olmadan Suriyada Rusiyanın hərbi iştirakı təmin edilə bilməzdi. ABŞ Putinin siyasətinə “dəm tutur”, xüsusən buna görə özü Rusiyada sabitlikdə və neft qiymətlərinin üç dəfə düşdüyü bir şəraitdə Kremlin başladığı və həyata keçirdiyi institusional islahatlarda maraqlıdır. Əməliyyatın həyata keçirildiyi vaxt ərzində Suriya səması üzərində bir Rusiya təyyarəsinin belə vurulmaması faktı buna dəlalət edir. Baxmayaraq ki, İŞİD Rusiya aviasiyasına havada heç olmasa hansısa ziyan vura biləcək silah almaq üçün böyük maliyyə imkanlarına malikdir.

Türkiyədaxili amil

İqtisadi vəziyyət 2002-ci ildə hakimiyyətə gəldikdən və uzun illər dərin tənəzzüldən sonra ölkəni iqtisadi inkişaf liderləri arasına çıxaran Erdoğan hökumətini qane etdiyi müddətcə regionda, o cümlədən İraq və Suriyada hərbi münaqişələrə uzun müddət müdaxilə etmədikdən sonra Türkiyə Rusiya ilə qarşıdurmaya girib. Rusiya kimi Türkiyə də 2013-cü ildən etibarən ardıcıl böhran və arzuolunmaz və mürəkkəb nəticələri olacaq etirazçı əhval-ruhiyyənin artdığını hiss etməyə başlayıb. Hakimiyyətə gəldikdən sonra 2015-ci ilin iyununda ilk dəfə hakim partiya seçkilərdə uduzur, böhranın dərinləşməsi, cəmiyyətdə oxlokratik proseslərin artması, kürd separatizminin və xarici müdaxilənin artması bundan xəbər verirdi. Türkiyənin Suriyada hərbi və humanitar əməliyyata cəlb edilməsi, Kürd İşçi Partiyasının döyüşçülərinə qarşı genişmiqyaslı anttiterror əməliyyatının başlaması hakimiyyətin və müxalifətin birləşməsinə gətirib çıxardı, ciddi iqtisadi problemləri ikinci plana atdı. Bunun nəticəsi kimi hakim partiya ötən ilin noyabrında növbədənkənar parlament seçkilərində qalib gəlir.

Yüksəlmə ərəfəsində

Hələki Rusiya da, Türkiyə də münasibətlərin stabilləşdirilməsi mərhələsində deyil və iki ölkənin yaxınlaşması istiqamətində irəliləyiş gözləmək tezdir. Ekspertlər iqtisadi sabitləşmə əlamətlərinin ən tez 2017-ci ilin əvvəllərində, inkişafın isə həmin ilin ikinci yarısında özünü göstərəcəyini proqnozlaşdırır. Bu zaman etimadın və dost statusunun bərpası mərhələsi başlaya bilər, buna hazırlıq mərhələsi kimi baxmaq olar. Rusiya istehlak bazarı 2018-ci ildə xeyli canlanmağa başlayacaq ki, bu da mal və xidmətlərin, o cümlədən türk mallarının və xidmətlərinin artmasını tələb edəcək. Eyni şey Türkiyə bazarına da aiddir. Hər iki proses dünya iqtisadiyyatı ilə birbaşa əlaqəlidir, onun bir neçə il sonra canlanması gözlənilir. Həmin vaxta qədər İŞİD-in beynəlxalq səhnədən gedişi yekunlaşmalıdır və Suriyadaxili və İraq münaqişələrinin sakitləşməsi başlamalıdır. Bütün bunlar miqyası 24 noyabr 2015-ci ildən əvvəlkindən xeyli yüksək olacaq Rusiya-Türkiyə münasibətlərinin inkişafı üçün geniş meyan açacaq. Hələ bu hadisə ərəfəsində, 2015-ci ilin sentyabrında Erdoğan Putinlə görüşdə bildirib ki, tərəflər 2023-cü ilə qədər Türkiyə və Rusiya arasında ticarət dövriyyəsini 100 mrd. Dollara çatdırmağı qərara alıblar.

https://turan.az/ext/news/2014/3/free/analytics/az/112200.htm/003

https://turan.az/ext/news/2014/3/free/analytics/az/112270.htm/003

https://turan.az/ext/news/2014/4/free/analytics/az/112356.htm/003

https://turan.az/ext/news/2014/3/free/analytics/ru/112258.htm/003

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti