Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

2018-ci ildə Azərbaycan KİV-lərinin reklam gəlirləri 7 mln. 747,2 min manat (4,03 mln. avro) təşkil edib. Bu, bir il əvvəl olduğundan 3 mln. 60 min manat (1,87 mln. avro) çoxdur.

2017-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin reklam gəlirləri 4 mln. 684,8 min manat (2,3 mln. avro) təşkil edib. Bu, əvvəlki ilə nisbətən 6,2 mln. manat (3,1 mln. avro) azdır. 2016-cı ildə reklam gəlirləri 10,9 mln. manat (5,4 mln. avro) təşkil edib.

Azərbaycanda kütləvi informasiya vasitələrinin 2018 və 2017-ci illərdə reklam gəlirləri (min manat)

Televiziyanın gəlirləri 3,5 mln. manatdan (1,7 mln. avro) 6,9 mln. manata (3,6 mln. avro) qədər artıb.

Radionun gəlirləri 701 min manatdan (350 min avro) 360,2 min manata (187,2 min avro) qədər azalıb.

İnternet-medianın gəlirləri 352 min manatdan (176 min avro) 474,5 min manata (247 min avro) qədər artıb.

Qəzetlərin və jurnalların gəlirləri 35,5 min manatdan (17,7 min avro) 1 min manata (520 avro) qədər azalıb.

Azərbaycanda mediareklam bazarının strukturu (%)

2018-ci ildə Azərbaycan KİV-lərinin hər birinin orta gəliri (min manat)

Orta hesabla KİV-lərin payına düşən gəlir:

Televiziya: 10 TV - hər birinə illik 690 min manat (360 min avro).

Radio: 10 kanal - hər birinə illik 36 min manat (18,7 min avro).

Onlayn-media: 300 resurs - hər birinə illik 1581 manat (823 avro).

Qəzetlər və jurnallar: 30 nəşr - hər birinə illik 33 manat (17 avro).

KİV-in iqtisadi cəhətdən müvəffəqiyyətli və azad inkişafının, habelə azad iqtisadiyyatın göstəricisi dünyada qəbul edilmiş mediareklam bazarının ölkə ÜDM-inin strukturunda həcmi normasıdır ki, bu norma 1% təşkil etməlidir.

Media reklamının ÜDM-də payının misli görünməmiş şəkildə azalması

2018-ci ildə Azərbaycan ÜDM 79,8 mlrd. manat (41,5 mlrd. avro) təşkil edib.

ÜDM-də media reklamının payı 0,008% təşkil edib.

Adambaşına reklamdan gəlir - 0,69 manat (0,35 avro).

İdeal olaraq yerli media reklamı bazarı ən az 400 mln. avro təşkil etməli idi, amma demokratik ölkə quruluşu və açıq iqtisadiyyat olması şərtilə.

Ənənəvi KİV-lər auditoriyalarını və təsirlərini itiriblər

Reklam bazarının vəziyyəti ekspertlərin Azərbaycan mediasının auditoriya sayında böyük itkilər verməsi haqqında rəyini təsdiq edir. Əsas informasiya mənbəyi olan yerli televiziya ölkənin bütün teleauditoriyasının 20%-i həcmində auditoriyaya malikdir. Auditoriyanın təxminən 67%-i türk telekanallarını izləyir, qalan hissə Rusiyanın və kiçik seqment Qərb ölkələrinin payına düşür.

Leqal və qeyri-leqal dotasiyalar

Demək olar ki, KİV-lər dövlətin dotasiyasındadır. Rəsmi olaraq 2018-ci ildə 33 qəzetə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiyaların İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən yardım kimi 2,21 mln. manat (1,15 mln. avro) ayrılıb.

Orta hesabla bir nəşrə ildə 67 min manat (34,8 min avro) düşüb.

Amma bu yardım forması uğursuz olub, belə ki, qəzetlər ümumiyyətlə nüfuzlarını itirib. Onların gündəlik pərakəndə satışı onlarla, yüzlərlə və nadir hallarda minlərlə nüsxə olur. 2019-cu ildən oxucu tələbatının tamamilə yox olması ilə əlaqədar 17 çap KİV-nə yardımın dayandırılması haqqında qərar da bunu təsdiq edir. Onlara "Şərq", "Ədalət", "Unikal", "Palitra", "Paralel", "Azad Azərbaycan", "Həftə içi", "Bizim yol", "Olaylar", "Üç nöqtə", "Oxu məni", "Hürriyyət", "Reytinq", "Hərbi and", "Türkistan", "İqtisadiyyat", "Mövqe" qəzetləri aiddir.

"Səs", "Yeni Azərbaycan", "İki sahil", "Yeni Müsavat", "Kaspi", "Kaspiy", "525-ci qəzet", Bakı xəbər", "Yeni zaman"ın maliyyələşdirilməsi davam edib.

Maliyyələşdirmə üçün meyar son üç ildə müntəzəm olaraq çap edilmə, birdəfəlik tirajın ən az 5000 nüsxə olması, səhifə sayının ən az 16 (A3 formatında) olması, pərakəndə və abunəlik üzrə ümumilikdə gündəlik satışın ən az 2000 nüsxə olmasıdır.

Belə bir sual ortaya çıxır, tiraj 5 mindən, satış da 2 mindən az deyilsə, tirajın təxminən 60 faizi hara olur?

Yeganə pərakəndə satış məntəqəsi olan qəzet köşkləri arasında sorğu göstərib ki, sözügedən qəzetlərin bir nömrəsi onlarla və nadir hallarda yüzlərlə nüsxə satılır. Tirajın əsas hissəsi abunəlik əsasında müxtəlif müəssisələrə paylanır, bu da yuxarıdan verilən göstərişlə məcburi abunəliyə dəlalət edir. Bu qəzetlər əsasən KİV haqqında Qanunun və Jurnalistin Peşə-Etika Qaydalarının müddəalarını pozmaqla fəaliyyət göstərir və bu səbəbdən də cəmiyyətdə onlara tələbat yoxdur.

Belə olan halda sual yaranır: Bəs rəhbərlərinin bahalı maşınları, villaları, mənzilləri və s. olan "KİV-lər nə ilə yaşayır?". Cavab birdir - hakimiyyət tərəfindən qeyri-leqal maliyyələşmə ilə, çünki bütün bu media vasitələri rejimin carçılarıdır.

Sərhəd arxasındakı vəziyyət

Demokratik dövlət quruluşunun KİV-in iqtisadi vəziyyətinə təsir etməsinin əyani nümunəsi postsovet Baltika ölkələridir.

2018-ci ildə Estoniyada birbaşa poçt göndərişi ilə media-reklam bazarının ümumi həcmi 104 mln. avrodan çox təşkil edib və 3,1% artıb. Reklamın televiziyada payı 25%, internetdə 19%, qəzetlərdə və küçə reklamı 16% təşkil edib. Klassik küçə reklamının həcmi azalıb, bu zaman rəqəmsal tablolarda reklam bir il ərzində 40% artıb. Küçə reklamının artmasına həm küçələrdə, həm də ticarət mərkəzlərində yeni videoekranların quraşdırılması şərait yaradır, deyə Pribaltikada Kantar Emor-un rəhbəri Marqo Veskimyagi bildirib.

2017-ci ildə jurnallarda reklam həcmi 16% azalıbsa, ötən il azalma 3,3% təşkil edib. Qəzetlər, azalan tirajlara baxmayaraq, bazarda öz payını saxlamağa müvəffəq olub - 2017-ci ildə onların payı cəmi 0,5%, ötən il isə 0,4% azalıb. "Məsələn, 2016-cı ildə göstəricilər bir il əvvəlki dövrlə müqayisədə 6% azalıb", deyə Veskimyagi əlavə edib.

Latviyada ötən il mediareklam bazarı Estoniyadan iki dəfə çox artıb və onun həcmi 123 mln. avroya çatıb. Hər üç Baltika ölkəsini radioreklam və küçə reklamı həcminin sürətlə artması birləşdirir. "Estoniyada adambaşına düşən reklamın payı cənub qonşularından çoxdur", deyə Veskimyagi əlavə edib.

Litvada mediareklam bazarı 2017-ci illə müqayisədə 4,3% artıb və 116 mln. avroya çatıb.

2018-ci ildə hər üç Baltika ölkəsində mediareklamın həcmi 343 mln. avro - 2017-ci ildə olduğundan 4,4% çox təşkil edib (bu, Azərbaycanda olduğundan 76 dəfə çoxdur).

Kantar şirkətinin direktoru Oskars Rumpeters qeyd edib ki, 2018-ci ildə Baltikada reklam həcminin artımını ən çox küçə reklamı təmin edib (+4,1 mln. avro). Ümumilikdə Baltikada jurnalların həcmi azalıb. Latviya bütün KİV-lərdə reklam artışı qeydə alınan yeganə Baltika ölkəsidir.

Üç Baltika ölkəsinin əhalisinin ümumi sayı 7,5 mln. nəfər təşkil edib (bu, Azərbaycanda olduğundan 2,5 mln. azdır). Adambaşına reklam bazarının həcmi 40 avro təşkil edib (Azərbaycanda 0,35 avrosent, 100 dəfədən də çox geridə qalır).

Baltika ölkələrinin ÜDM-i (mlrd. avro ilə)

Mediareklamın ÜDM-də payı (%-lə)

Qazaxıstanda 2018-ci ildə ölkənin reklam bazarı 118 mln. dollar təşkil edib və 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 6% artıb. ÜDM-də payı 0,07% təşkil edib.

Qazaxıstan reklam bazarının strukturu (%):

Media bazarında televiziya 52%, desktop-internet 16%, radio 8%, çap mətbuatı isə 6% təşkil edir.

Rusiyada reklam bazarı dinamik şəkildə inkişaf edib və həcm haqqında təxminləri 2 mlrd. avro (439 mlrd. rubl) geridə qoyub. ÜDM-də reklamın payı 0,44% təşkil edib. Faktiki olaraq, Rusiya 2007-ci ildəki vəziyyəti bərpa edib, bu da siyasi-iqtisadi blokada şəraitində böyük uğurdur. Reklamın artışı azad biznes rəqabəti şəraitində daxili mal, xidmət istehsalı bazarının inkişafı ilə şərtlənib, burada reklam alıcı tələbatı yaratmağın real mühərrikidir.

Reklam strukturu aşağıdakı şəkildə formalaşıb (mlrd. avro):

Dünya lideri və qızıl 1%-ə uyğunluq etalonu

ABŞ təkcə reklam həcminə görə deyil, onların ÜDM-in 1%-nə uyğunluğuna görə də lider mövqeyini qoruyub saxlayır.

2018-ci ildə ABŞ-da mediareklam bazarı 19,5 mlrd. dollar (17,2 mlrd. avro) təşkil edib. ÜDM-də onun payı 1% təşkil edib.

ABŞ

ÜDM 19,4 trln. dollar (17,2 trln. avro)

Reklam 190,5 mlrd. dollar (170,4 mlrd. avro)

2017-ci il üzrə ötən ilki mediareklam bazarı icmalında biz ənənvi olaraq KİV böhranından çıxış tədbirləri təklif etmişdik.

Keçən ilki hesabatdan:

Təxirəsalınmaz tədbirlər

Sadalanan faktlar və təmayüllər təxirəsalınmaz tədbirlər görülməsini tələb edir. Bu tədbirlər aşağıdakılardan ibarət olmalıdır:

1. KİV azadlığı üçün qanunvericilik bazasının yaradılması.

2. Müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-lərin inkişafı üçün iqtisadi əsasların yaradılması.

3. Azad və operativ şəkildə informasiya əldə edilməsi üçün şərait yaradılması.

4. Qanunvericiliyin dekriminallaşdırılmasının tətbiqi.

5. Hakimiyyət-KİV-Cəmiyyət açıq informasiya dialoqunun qurulması.

Bu hesabatda hər il təkrarlanan xəstəliyin müalicəsi reseptlərini təklif etməyəcəyik, belə ki, bu, mənasızdır. Azərbaycan jurnalistikasının dağılması tarixindən göründüyü kimi, hakimiyyət müəyyən siyasət çərçivəsində hərəkət edir - KİV nə qədər yoxsuldursa, o qədər asılıdır. Bu, rejimin strategiyasıdır. Amma bu strategiyanın öz müsbət cəhətləri var. Hakimiyyət KİV-i zərərsizləşdirərək, özünün cəmiyyətə təsirini zərərsizləşdirib, ona informasiya məkanında azad dünyanın qanunlarına və təmayüllərinə uyğun yaşamaq imkanı verib. Buna görə biz vətəndaş kimi ona minnətdarıq, amma jurnalist kimi yox.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti