postimees.ee

postimees.ee

Lətifə kimi danışırdılar ki, M. Saakaşvili, Z.Jvaniya və N. Burcanadze hakimiyyətə gələndə, ölkədəki seçkilərlə tamamən talan edilmiş xəzinədə ancaq 17 lari tapılıb. Mişa özü deyirdi ki, onun prezident kimi maaşı cəmi 40 dollar olub. Birinci il vergi daxilolmaları 60% - dən çox artıb, dövlət büdcəsi isə 3 il ərzində 300% artıb.

Prezidentliyin birinci ilinin nəticələrinə görə (2004-cü il), Saakaşvili deyər ki, Şevardnadzenin hakimiyyəti dövründə dövlət mülkiyyətinin 90% - ə qədəri satılıb, lakin ölkə bundan praktiki olaraq heç nə əldə etməyib, qalan 10%-in özəlləşdirilməsindən isə bir il ərzində 200 mln. dollar əldə etmək planlaşdırılır. Həqiqətən Şevardnadzenin idarəçilyinin son 5 ilində (1999-cu ildən 2003-cü ilədək) dövlət əmlakının satışından ən az $62 mln., sonrakı 5 ildə isə (2004-dan 2008-ə qədər) $1,44 mlrd. əldə edilmişdi. Gürcüstanda hakimiyyətə siyasətçilər yox, biznesmenlər gəlmişdilər: "Qızılgül inqilabı bütün dünyaya səpələnmiş ambisiyalı gürcülərin onların bilik və bacarıqlarının vətənə lazım olacağına öncə inanmasına, sonra isə əmin olmasına imkan verdi. Nəticədə, yeni idarəetmə strukturu əsasən əvvəllər heç vaxt hakimiyyətə gəlməyə can atmayan insanlardan ibarət oldu. Bir çoxları siyasətə biznesdən, bir qayda olaraq, başqa bir ölkədən gəldilər, odur ki, hər kəs islahatlara bürokratiya tərəfindən yox, biznesin, hətta əcnəbinin gözləri ilə baxırdı" - Larisa Burakova deyib. Niyə Gürcüstan bunu bacardı?

Gürcüstan durğun iqtisadiyyatdan, polisin və dövlət məmurlarının hər yerdə korrupsiyasından o dərəcədə əziyyət çəkirdi ki, rüşvətxorluq istənilən kommersiya sövdələşmələrində çiçəkləmişdi, ölkədə cinayətkarlığın səviyyəsi yüksək idi, infrastruktur tənəzzülə uğramışdı. Miqyaslı islahatlar proqramı korrupsiyada şübhəli bilinən siyasətçilərin, məmurların və polis əməkdaşlarının (DYP, ümumiyyətlə, iki ay müddətinə ləğv edildi) kütləvi şəkildə işdən çıxarılmasından başladı. Dövlət qulluğuna yeni qəbul edilənlərin və büdcə işçilərinin maaşlarını əhəmiyyətli dərəcədə artıraraq onları rüşvət almaq istəyindən qorudular. Bir çox oliqarxlar həbs qorxusu ilə azadlıq müqabilində dövlət büdcəsinə külli miqdarda cərimə ödəməyə razılaşdılar. İqtisadiyyatda biznesin aparılmasını çətinləşdirən bürokratik əngəllərin azaldılması, xarici investisiyaların cəlb edilməsi, Vergi Məcəlləsinin sadələşdirilməsi yolu ilə islahatlar aparılırdı.  2009-cu ildə Saakaşvili “Gürcüstanın iqtisadi azadlığı haqqında” qanunu (2011-ci ildə qəbul olunub) təqdim etdi. Qanun dövlətin iqtisadiyyata müdaxiləsini məhdudlaşdırırdı, dövlət xərclərinin (30%) və borcların (60%) azaldılmasına yönəldilmişdi. Qanun hökumətə ümumxalq referendumu keçirmədən dərəcələr və struktur üzrə vergiləri dəyişdirməyi qadağan etdi. “Atası” Kaxa Bendukidzenin ("Buldozer") olduğu islahatlar nəticəsində Gürcüstan iqtisadiyyatı 70% (2003-cü ildən 2013-cü ilədək), adambaşına düşən gəlir isə təxminən üç dəfə artdı. Beş il ərzində yetmişdən çox islahata təşəbbüs göstərildi. Gürcüstandan başqa heç bir ölkə son əlli ildə müxtəlif sahələrdə bu cür dərin və çevik islahatlar apara bilməmişdi. USAID-in qiymətləndirmələrinə görə, buna bənzər hallar 1960-cı illərdə Sinqapurda, 1970-ci illərdə Cənubi Koreyada, 1980-ci illərdə İrlandiyada, 1990-cı illərdə Estoniyada və 1998-2002-ci illərdə Slovakiyada baş vermişdi. Debürokratikləşmə və korrupsiyaya qarşı mübarizəyə paralel olaraq daxili siyasətin və ümumi qanunvericiliyin liberallaşması prosesi  gedirdi. Ölkəyə giriş zamanı viza almaq (altmışdan çox  ölkənin əhalisi üçün, ümumiyyətlə tələb olunmurdu), xaricə səyahət üçün lazım olan pasportu və ya daxili şəxsiyyət vəsiqəsini əldə etmək, maşın alqısı haqda sənədləşmə aparmaq, fərdi sahibkar kimi qeydiyyatdan keçmək, mülkiyyət haqqında arayış almaq bir neçə dəqiqə ərzində mümkün oldu. Məişət korrupsiyasına qalib gəlindi.

Bununla yanaşı, sürətli islahat məsrəflərilə bağlı problemlər də artdı. Ölkədə yoxsulluq cüzi azaldı, 2012-ci ilin sonunda əhalinin dörddə biri yoxsulluq şəraitində yaşayırdı, işsizlik isə 15% təşkil edirdi. Hüquq müdafiəçisi Nana Kakabadze şahidi olub: Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan dünyada məhbusların sayına görə birinci yerdə olub, ona qədər 5700 məhbus olub, bir ildən sonra onların sayı 12 min olub, idarəçilik dövründə isə 25 mindən 30 minə qədər olub.  Həbsxanalarda məhbuslarla işgəncə verilməsi və "qeyri-insani rəftar" halları baş verib.  Elə vaxtlar olub ki, polis küçədə "günahsız adamları", əsasən "gəncləri” güllələyib. Müstəqil QHT-lərin əksəriyyəti nəzarətə götürülüb, “adamlar pulla ələ alınıb", qeyri-rəsmi fondlar yaradılıb, adamları öz vəsaitlərini həmin fondlara köçürməyə məcbur ediblər: Mişanın prezidentliyi dövründə dövlət reketi çiçəklənirdi, cəmi 3-4 nəfər hər şeyə nəzarət edirdi". Belə çıxır ki, yeni hakimiyyət aşağı səviyyədə (məişət) korrupsiyanı məğlub edərək, elitar korrupsiyanı gücləndirib. Rusiyalı analitiklər qeyd edirlər ki, Gürcüstanda islahatlar dövründə Aİ və ABŞ-dan böyük maliyyə yardımı tranşları gəlirdi. Bu, postsovet məkanında eksklüziv hadisə idi, buna görə də digər ölkələr bu təcrübəni təkrarlamamalıdırlar, xüsusən də pandemiya şəraitində. Əlbəttə, ədalət üçün həbs olunanların kəmiyyət yox, keyfiyyət tərkibini təhlil etmək, onların arasında korrupsionerlərin və digər qrupların nə qədər olduğunu aydınlaşdırmaq lazımdır. İstənilən halda, ölkəyə daxil olanlar sərhədlərdə plakatlarla rastlaşırdılar: "Gürcüstan korrupsiyadan azad ölkədir. Gürcüstana xoş gəlmisiniz! "Nəzərə alın ki, Gürcüstan qanunvericiliyinə görə, rüşvət vermək 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Amma, gəlin, bugünkü Gürcüstana qayıdaq. Saakaşvili öz həbsini qanunsuz, ünvanına ittihamları isə saxtalaşdırılmış hesab edir.  Mişanın tərəfdarları Tbilisinin mərkəzində miqyaslı mitinq təşkil ediblər. Bəs niyə Saakaşvili Gürcüstanın gələcək hakimiyyəti məsələsinin həll edildiyi parlament seçkiləri və ya ilk bələdiyyə seçkiləri zamanı yox, məhz indi qayıtdı? Əgər Gürcü arzusu  yerli özünüidarəetmə orqanlarına seçkilərdə Aİ ilə razılaşdırılmış 43%-i yığmasaydı, ölkəni yeni parlament seçkiləri gözləyirdi. Bəziləri hesab edirlər ki, bunu Saakaşvilini qətiyyətsizlikdə ittiham edən və bələdiyyələrə təkrar "həlledici seçkilər"dən öncə onun gəlişini vacib sayan müxalifət tələb edirdi. Digərləri güman edirlər ki, Gürcüstanın siyasi məkanından "Saakaşvili amili"ni həmişəlik aradan qaldırmaq üçün eks-prezidentə elementar tələ qurulub. Üçüncü qisim isə əksinə, hakimiyyətə lazım olan son şeyin seçkiqabağı atmosferi qızışdıran “səfər” olduğunu iddia edirlər. Həqiqətən hətta həbsxanada da Saakaşvili ölkədə yaranan mübarizənin az qala əsas fiquru olmağa davam edir: keçmiş prezident tərəfdarlarının yerli özünüidarəetmə orqanlarına seçklərin ikinci turunda iştirak edəcəyini gözləyir, o təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının üzvlərini dəstəkləməyə çağırıb. O, ekssesləri hiss edərək barışığa çağırıb və bildirib ki, həbsxanadan çıxdıqdan sonra özü də belə hərəkət etmək niyyətindədir: "Daha bir revanş və intiqam mənəvi cəhətdən cəmiyyətimizi dağıdacaq və ölkəmizi birdəfəlik məhv edəcək. Qarşıda bizi böyük dəyişikliklər gözləyir, amma bunun üçün bütün inciklikləri unutmalıyıq".

Oktyabrın 2-də özünüidarəetmə orqanlarına seçkilərin ilk turu keçirilib. İkinci tur oktyabrın 30-da olacaq. Mer seçkiləri 5 şəhərdə və 15 bələdiyyədə, 20 şəhər və rayonda (64-dən) təyin edilib. İkinci turda hakimiyyət və müxalifətdən iki namizəd mübarizə aparır.

Gürcüstanın eks-prezidenti təxminən bir aydır ki, aclıq edir, həbsxana klinikasına yerləşməkdən imtina edir: "Səhhətim necə olursa, olsun, Qldanidə həbsxana klinikasına köçürülməkdən imtina edirəm və vəziyyət ya ölümüm, ya da azadlığımla həll edilənə qədər olduğum yerdə qalmağa üstünlük verirəm”.

Hakim partiya nümayiş etdirməlidir ki, onun hakimiyyəti sarsılmazdır, Milli Hərəkat üçün isə qələbə keçmiş şöhrətin qaytarılacağına ümiddir. İlk turun nəticələri göstərdi ki, ölkənin iri şəhərlərində, o cümlədən Tbilisidə hakim partiyadan o qədər də razı deyillər. Hakim partiya miqyaslı manifestasiya nümayiş etdirib, tam səfərbərlik elan edib, baş nazir də daxil olmaqla, liderlər partiya aktivi ilə görüşüb fəaliyyət planını müzakirə etmək üçün  təcili olaraq ikinci turların keçiriləcəyi şəhərlərə gediblər. Müxalifət qeyri-müəyyən seçicilərə üstünlük verib, eyni zamanda müxalifətdəki həmkarları ilə danışıqlar aparıb ki, əlavə səslər əldə etsin: məlumdur ki, ölkə üzrə müxalifətə ümumi dəstək 53%- dən çoxdur. Müxalifət qrupları bu və ya digər tərəfi dəstəkləyənlərə bölünüb. Onların əksəriyyəti Milli Hərəkatın tərəfdarıdır, lakin neytral qalmağa çalışan qruplar da var. Emosiya, əlbəttə ki, öz rolunu oynayacaq. Və Saakaşvilinin sağlamlıq vəziyyəti -   əgər o, səsvermə gününə qədər aclığı davam etdirsə, fəsadlarla nəticələnə bilər, lakin onun azadlığa buraxılması tərəfdarların (onlar üçün eks-prezidentin yeri ancaq həbsxanadır)  səslərinin itirilməsidir. Birinci turda 43% səslə  üstün gələn Gürcü Arzusunu hələlik heç kim qələbə münasibətilə təbrik etməyə tələsmir, odur ki, ikinci turdan sonra nə olacaq məsələsi hələlik gündəmdən çıxarılmayıb.

Gürcü politoloqların rəyləri: real olaraq barışığa heç kim inanmır, cəmiyyətin iqtidardan narazı olan hissəsi də millətçilərə qarşı münasibətdə daha çox müxalif əhval-ruhiyyəsindədir. Hər şey ölkə və cəmiyyətin parçalanması ilə nəticələnə bilər. Hakim komandanın prosesləri siyasiləşdirməyə can atması məğlubiyyət qorxusunun qoxusunu verir. Mişanın taleyi ikinci turun nəticəsindən asılıdır. Amma prinsipcə, Milli Hərəkat üçün istənilən qələbə yalnız siyasi ləyaqət məsələsidir. Söhbət parlamentdən yox, yerli özünüidarəetmə orqanlarından gedir. Yerli seçkilər nəticəsində hakimiyyəti konstitusiya yolu ilə dəyişmək çətindir.

Artıq 30 ildir ki, Gürcüstanda siyasət kimin küçəyə daha çox adam çıxaracağından birbaşa asılıdır, seçici yenə də ikiyə bölünüb.

Görünür, deyilənlər təkcə seçkilərə və siyasətçilərə yox, həm də pandemiyaya qarşı mübarizə də daxil olmaqla, digər sahələrə də aiddir. Tbilisidə əhalinin 54%- i, Batumidə isə 60% iki dozada peyvənd olunub. Ümumilikdə, ölkə üzrə göstərici iki dəfə aşağıdır. Bununla belə, rəhbərlik qətiyyətli tədbirlərlə potensial seçiciləri incitməkdən ehtiyat edir. Nəticədə isə vaksinasiya tempi fəlakətli şəkildə enib. Bundan əlavə, hökumət qərara alıb ki, lokdaun olmayacaq. Mütəxəssislər narahatlıqla bildirirlər ki, Gürcüstanda hələ heç bir dalğa 5-ci dalğa kimi pis başlamayıb. Çərşənbə axşamı sutka ərzində yoluxmuş şəxslərin sayı 6 minə çatıb və proqnozlara görə, bu vəziyyət 2-3 həftə davam edə bilər.

Beləliklə, oktyabrın 30-da keçiriləcək seçkilərin nəticələrinə əsasən Gürcüstanın gələcək siyasi taleyilə bağlı bir çox məsələlər aydınlaşacaq. Vaxtilə bütün postsovet məkanını qızışdıran, MDB-nin ilk dağıdıçısı, Gürcüstanı postkommunist dövlətlərin demokratik prosesinin liderləri sırasına çıxaran Saakaşvilinin siyasi gələcəyi də onların nəticəsindən asılıdır. Saakaşvili siyasi yoxluğa düçar olacaq, yoxsa ona qarşı bu qədər qeyri-müəyyən münasibətin olduğu ölkəyə yenidən rəhbərlik edəcək?

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti