РИА Новости

РИА Новости

Artıq bir müddətdir ki, etnik toqquşmalardan məmnuniyyətlə qaçan çoxmillətli Qazaxıstan bu ölkəni millətçiliyin və biganəliyin artmasında, bəzən də hakimiyyəti bu prosesə himayə etməkdə ittiham edən bir sıra aparıcı Rusiya KİV-in hücum obyektinə çevrilib. Demək olar ki, 30 il ərzində iki ölkə arasında münasibətlərdə belə bir şey baş verməyib. Hadisələr avqustun 10-da Rusiya hökuməti tərəfindən xaricdə yaşayan həmvətənlərin işləri üçün yaradılan “Rossotrudniçestvo” agentliyinin rəhbəri Yevgeni Primakovun teleqram- kanalında yazısı dərc edildikdən sonra baş verib. O, Qazaxıstan hakimiyyətini “millətçilərin hərəkətlərini pisləməməkdə” ittiham edib. Yerli analitiklər KİV-in hücumunu Moskvanın mövqeyi ilə əlaqələndirirlər. Moskva güman edir ki, Əfqanıstanda baş verən dəyişikliklər postsovet MA-nı Rusiyanın zərərinə yeni siyasi və iqtisadi ittifaqlara sövq edə bilər. Nəticədə region Cənubi Asiya və Avropa arasında körpü olacaq, Rusiya isə bu inteqrasiyadan kənarda qalacaq. Beləliklə, Qazaxıstan və Özbəkistan Əfqanıstanın əsas iqtisadi tərəfdaşlarına çevrilə bilər. Özbəkistan elektrik enerjisinin tədarükünü genişləndirə bilər, Qazaxıstan isə artıq öz ali məktəblərində əfqanlara dərs keçməklə, humanitar yardım göstərməklə dəstək verir. ABŞ Dövlət Departamentinin “C5+1” layihəsi çərçivəsində regiona kömək edə bilər. Buraya Əfqanıstanın cəlb edilməsi nəzərdə tutulur.   Stabil Əfqanıstan Cənubi və Mərkəzi Asiyanın nəhəng bazarları arasında mühüm körpü ola bilər”. Bununla əlaqədar C5+1 Əfqanıstanda vəziyyəti sabitləşdirmək yollarının axtarışı üçün əla əməkdaşlıq formatıdır. ABŞ-ın MA ölkələrinin hər biri ilə münasibətləri özünəməxsus və siyasi motivlidir: hazırda Özbəkistanla münasibətlər həmişəkindən daha dinamikdir, çünki ABŞ, nəhayət, Daşkənddə əlaqələri daha müsbət istiqamətdə inkişaf etdirməyə hazır olan tərəfdaş tapıb; Qazaxıstan və Qırğızıstan gözlənilməz siyasi hadisələr və hakimiyyət varisliyi problemlərilə bağlı Vaşinqtonu narahat edir. ABŞ-ın fikrincə, Tacikistan və Türkmənistan klassik diktaturadırlar, ona görə də onlarla qarşılıqlı əlaqə imkanları məhduddur. ABŞ-ın regionda əsas məqsədi Çin, Rusiya və Qərb arasında balans yaratmaqdır.

Regionun digər dörd ölkəsinin özünəməxsus patronu  olan Qazaxıstan müqayisədə Qərblə daha sıx əlaqələrə malikdir: ölkəyə birbaşa investisiyaların 2/3-ü Aİ və ABŞ-ın payına düşür.

Tənqidin ciddiliyi ona gətirib çıxarıb ki, bəzi yerli analitiklər şimal qonşusu tərəfindən son ərazi iddialarını xatırladaraq güman edirlər ki, Moskvanın MA-nı öz təsir zonasında saxlamağa yox, Qazaxıstanın şimal hissəsini ələ keçirməyə çalışır. Onlar hesab edirlər ki, 1986-cı ilin dekabr hadisələrindən sonra respublikada Qorbaçov rejiminin ilk repressiyalarına səbəb olan vəziyyətə bənzər vəziyyət süni şəkildə yaradılıb.

Formal olaraq hadisələrə videobloqer Kuat Axmetov start verib. O, mağazalara və dövlət müəssisələrinə gedərək işçilərdən dövlət dili olan qazax dilində danışmağı tələb edib, bütün səhnələri videoya çəkib və “Til Maydani onlayn partiyası” YouTube kanalında yerləşdirib. Avqustun 13-də RF Daxili İşlər Nazirliyi K.Axmetovu “qara siyahı”ya salıb və ona yaxın 50 ildə Rusiyaya girişi qadağan edib.  Hakimiyyət Axmetova qarşı inzibati iş açıb, cinayət işinin açılacağından və həbs olunacağından ehtiyat edən videobloqer avqustun 30-na keçən gecə ölkəni tərk edib. Bir versiyaya görə, Gürcüstana, digər versiyaya görə, Ukraynaya gedib. Onun vəkili Abzal Kuspan deyir ki, Axmetovun məqsədi qazax dilini Konstitusiyaya əsasən dövlət dili etməkdir, ona görə də qanun çərçivəsində hərəkət edib. “Qonşularınıza nəzər salaraq dil məsələsini nə vaxta qədər təxirə salmaq olar? Bu vəziyyət göstərir ki, Qazaxıstan Rusiyanın təsirindən çıxa bilmir, 30 il öncə əldə etdiyimiz müstəqilliyimiz, Konstitusiyamız, hər şey kağız üzərindədir”. Bununla əlaqədar Qazaxıstanın latın qrafikasına keçdiyini elan etdiyi zaman Rusiya KİV-də keçən tənqid dalğası xatırladılır.

“Qazaxıstan elitasında milli-liberal antirus lobbisi mövcuddur. Məişətdə və məktəbdə rus dilinə qarşı demarşlar - bütün bunlar vahid mərkəz tərəfindən planlaşdırılan hadisələrə bənzəyir. Bu qrup Qərbin dəstəyini alır”, - Rusiyanın lenta.ru saytı yazır. Avqustun 19-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəzi MA ölkələrində rusdillilərə qarşı ayrı-seçkilikdən danışıb və “bunun qarşısını almaq üçün Rusiyanın tədbirlər görəcəyilə hədələyib”.

Müstəqil KİV-in məlumatına görə,  Qazaxıstanın reaksiyası müstəqil dövlətin reaksiyasına bənzəmir. Belə ki, sentyabrın 1-də prezident Kasım-Jomart Tokayev parlamentin tribunasından bunları söyləyib: “Konstitusiyaya görə, Qazaxıstanda yalnız bir dövlət dili var - qazax dili”, - o, qazax dilində danışmağa başlayıb və rus dilinə keçərək əlavə edib: “Rus dili rəsmi dil statusuna malikdir. Bizim qanunvericiliyə görə, onun işlədilməsinə mane olmaq olmaz”.

İki ölkə arasında uzunluğu yeddi min yarım kilometrdən çox olan quru sərhədi dünyanın ən uzun sərhədidir və Qazaxıstanın həssaslığı bununla izah edilir. Ölkə hələ də Rusiyanın informasiya təsiri zonasındadır və istənilən təbliğat cəmiyyətin vəziyyətinə çox həssas təsir göstərir. Rusiya siyasətinə rəğbət bəsləyən rusdilli diasporun (əhalinin dörddə bir hissəsi) olmasını da diqqətə almaq lazımdır.  İqtisadi asılılıq onunla şərtləndirilir ki, Qazaxıstanın ixracı əsasən Rusiya ərazisindən keçir.

Dil probleminin müzakirəsindən öncə Rusiya siyasətçilərinin ərazi iddiaları irəli sürülüb və bu iddialar da KİV-də fəal işıqlandırılıb. 2020-ci ilin dekabrında Rusiya Dövlət Dumasının deputatları Vyaçeslav Nikonov və Yevgeni Fyodorov Qazaxıstanın şimal torpaqlarını Rusiya və Sovet İttifaqının “böyük hədiyyə” adlandırıblar. Qazaxıstan Xarici İşlər Nazirliyi etiraz notası göndərib. Bir neçə ay sükutdan sonra rəsmi Moskva qalmaqallı bəyanatlara diqqəti öz üzərlərinə yönəltmək üçün “hansısa sensasiyaların dalınca qaçan” siyasətçilərin təxribatyönlü bəyanatlarının müəlliflərini xarakterizə edən Lavrovun cavabı ilə reaksiya verib (15.05.21). "Rusiyanın Qazaxıstana qarşı siyasətini müəyyənləşdirən şəxslərin heç bir bəyanatı səslənməyib və səslənməyəcək...biz bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə tam hörmət edirik". Amerikanın "Diplomat" nəşri hesab edir ki, bu gecikmiş cavab Rusiyanın Qazaxıstan və orada yaşayan rus icması ilə bağlı siyasətinin qeyri-müəyyənliyini, qeyri-ardıcıllığını və gözlənilməzliyini nümayiş etdirir. Qəzet iki mühüm amili qeyd edərək yazır: “Nikonovun hakimiyyətdəki mövqeyini və Rusiyanın ali rəhbərliyinə yaxınlığını nəzərə alsaq, onun fikirlərinə əhəmiyyətsiz və yersiz kimi məhəl qoymamaq çətindir”. Birincisi, bu 3 milyondan çox rusun yaşadığı Qazaxıstanın əhalisinin mürəkkəb etnik tərkibidir. İkincisi, Rusiyanın postsovet məkanında yürütdüyü xarici siyasət, Moskvanın Gürcüstan və Ukraynada “hərbi manevrləri” və prezident V.Putinin keçmiş SSRİ respublikalarına “hədiyyə edilmiş” torpaqlarla bağlı fikirləridir. Nəşr hesab edir ki, Putinin avtoritar rejimi qalarsa, bu cür informasiya hücumları qaçılmaz olacaq və xatırladır ki, bir neçə il öncə Putin deyib ki, “Qazaxıstanda dövlətçilik olmayıb”. Krımın anneksiyasından sonra Kreml bu “üsul”un işə yaradığına əmin oldu. Moskva vəziyyətə Qazaxıstanı "ikinci" Ukraynaya və ya Gürcüstana çevirmək cəhdi kimi baxır, çünki Əfqanıstanı tərk edən ABŞ və Avropa Çin və Rusiyanın MA-ya təsirini azaltmağa çalışırlar və Qazaxıstan və Özbəkistanın timsalında müttəfiqlər axtarırlar. Rusiya MA-da hərbi bazalarını saxlayaraq regionda öz maraqlarını yaxşı qoruyur, bu arada Çin Qazaxıstanın iştirak etdiyi “Bir kəmər - bir yol” layihəsi vasitəsilə Əfqanıstandan Yaxın Şərq, MA və Avropaya ticarət qapısı kimi istifadə etmək niyyətindədir. Əbəs yerə deyil ki, geosiyasətçilər arasında belə fikir formalaşıb ki, Hartlend-ə (MA-nı əhatə edən böyük region) nəzarət edən ölkə dünyaya nəzarət edir.

Əsas həssaslıq problemi Rusiyaya çevrilişlərdən qorumağa və kritik dövrdə sığınacaq verməyə qadir olan xarici qüvvə kimi baxan MDB hakim liderləridir. Avtoritarizm MA ölkələrinin əsas problemi olaraq qalır, dövlətləri həm siyasi, həm də iqtisadi cəhətdən zəiflədir. Siyasi sistemi demokratikləşdirmədən rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması barədə yanlış fikir formalaşır. Amerikalı ekspert Saymon Komander “Diplomat” saytındakı məqaləsində yazır: “Bu ölkələrin (MDB) demək olar ki, hamısında  hələ sovet dövründən qalan ayrı-ayrı şəxslər və ya institutlarla bağlı avtokratiya yaranıb. Bu gün keçmiş SSRİ ölkələrinin üçdə ikisi avtoritardır. Özəlliklərə baxmayaraq, bu ölkələrin ümumi cəhətləri də var. Məsələn, hakimiyyətin "müəyyən şəxslər, onların ailələri və yaxınları ətrafında cəmləşməsi, bəzi hallarda hətta sülalə komponentinin mövcudluğu". Bu xüsusiyyətlərə görə, həmin rejimlər varisliq və “həyat qabiliyyətli oyunçuların daxil edilməsi” baxımından həssasdırlar və nəticədə onlar “siyasi balansa” malikdirlər. Bu cür rejimlərin ümumi cəhəti əsasən avtokratın ailə üzvlərindən, həmkarlarından və digər etibarlı şəxslərdən ibarət dar nüfuzlu elitanın maraqları naminə hakimiyyətlə birbaşa əlaqələr üzərində qurulmuş “iqtisadi avtokratiya”dır. Avtokrat əvvəlcə aktiv və resursları bölüşdürən arbitr, sonra isə elitaların maraqları arasında rəqabəti məhdudlaşdıran referi kimi fəaliyyət göstərir.

Hakimiyyətdən qeyri-məhdud və tamahkarlıqla istifadə şəraitində bazar üçün əlverişli institutlar və qaydaları tətbiq etmək çox çətindir. Qeyri-məhdud hakimiyyət ölkə iqtisadiyyatında öz iştirakını qeyri-məhdud şəkildə genişləndirməyə rəvac verir. Müstəqil analitiklər hesab edirlər ki, iqtisadiyyatın müxtəlif sahələrinə nəzarət etmək və eyni zamanda öz iqtisadi fəaliyyətlərinin himayəsi üçün dövlətdən istifadə etmək imkanları Qazaxıstanda rəqabətin inkişaf etməməsinə gətirib çıxarıb.

Kasım-Jomart Tokayev prezident seçildikdən sonra Qazaxıstanda nə dəyişib? Qazaxıstanda hakimiyyət dəyişikliyi prosesi “postsovet məkanında hələ heç bir yerdə sınaqdan keçirilməmiş eksperiment” və “seçilmiş varisin sağlığında hakimiyyətə gətirilməsi cəhdi” adlandırılır.

Şayiələrə görə ki, Nazarbayev istəyir ki, qızı,  Senatın sədri Dariqa sonda prezident olsun. Odur ki, Tokayevin islahatlar aparmaq imkanları Nazarbayevin qərarı ilə məhdudlaşır. Nazarbayev qurduğu sistemin dağılmasında maraqlı deyil. Nüfuzlu “Economist” modernləşmə vəd edən Tokayevin tvitindən sitat gətirir: “Köhnə problemlər - yeni həllər” - və iqtisadçı Kasımxan Kapparovun ona cavabı: “Köhnə problemlər - onları yaradan köhnə insanlar”...

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti