Mətbuat Azadlığı İndeksi - Azərbaycan niyə 180 ölkə arasında 166-cıdır?

***

Həbsdəki jurnalistlər

Hökumətlər mətbuatın, jurnalistlərin azad fəaliyyət göstərməsi üçün əlverişli mühiti təmin etməlidilər. Jurnalist öz fəaliyyətinə görə basqılara məruz qalmamalı, risq altında olmamalıdır. Bu, həm yerli qanunvericilikdən, həm də ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən doğur.

Durum necədir? 15 ilə yaxın dövr ərzində Azərbaycanda elə il, ay olmayıb ki, həbsxanada jurnalist olmasın. Bəzi hallarda Azərbaycan həbsdəki jurnalistlərin sayına görə, ATƏT məkanına daxil olan ölkələr arasında birinci olub.

2008-2010-cu illərdəki həmin durum ciddi şəkildə dəyişməmiş qalır. Novruz bayramından əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-dan artıq idi. Ən pisi də odur ki, onlar heç də böhtan, təhqir və ya peşə fəaliyyəti ilə birbaşa əlaqəli ittihamlarla məhkum edilməmişdilər. İttihamların əksəriyyətinin peşə fəaliyyəti ilə bağlı olmaması isə heç də məsələni mətbuat, ifadə, jurnalist azadlığı müstəvisindən kənarlaşdırmır. Çünki Azərbaycandakı oxşar işlərlə bağlı Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar var. Həmin qərarların hamısında jurnalistlərə qarşı ittihamların qurama olması, onları sıradan çıxarmağa xidmət etməsi təsdiqlənib. Ona görə, ittiham nə olursa olsun, Azərbaycanda həbsdə olan jurnalistin məhz peşə fəaliyyətindən dolayı cəzalandırılması baxışı formalaşıb.

Azad fəaliyyət mühiti, jurnalistlərə basqılar

Jurnalistlərin sərbəst fəaliyyət göstərməsi, bilgi toplaması üçün həm də güvənli mühit tələb olunur. Hökumət hər hansı ictimai toplantıdan bilgi toplayan jurnalisti özünün təhlükəsizlik çətiri altına almalıdır.

Durum necədir?

2018-ci ilin sentyabrından bu yana olan dövrdə baş verənlərə nəzər yetirək. Həmin zaman kəsiyində Bakıda yaşanan 10-a yaxın ictimai toplantının (aksiya, yürüş vəs.) hər birində jurnalistlərə basqılar olub. Jurnalistlər deyir ki, fərqləndirici geyimdə olsalar da olay yerinə buraxılmamaq, qaba rəftar üzləşdikləri adı davranışa çevrilib.

Qeyd edilən dövrdə peşə faəliyyətini yerinə yetirən jurnalistlər 10 dəfədən artıq polisə aparılıblar. Müstəqil jurnalist və bloqerlər Ramin Deko, Sevinc Vaqifqızı, Aysel Əhmədova, Nurlaq Qəhrəmanlı dəfələrlə belə rəftarla üzləşiblər. Onlar saatlarla polisdə saxlanılıblar. Peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalan jurnalistlər də olub.

"Mətbuat Azadlığı İndeksi" ilə bağlı açıqlamasında bir deputat ironiya ilə sual etmişdi ki, "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?"... Həmin ölkələrdən biri Finlandiyadır. O Finlandiyada ki, onların hökuməti bu ölkədə mütəşəkkil cinayətkarlığı araşdıran iki jurnalistin daimi polis qoruması altında yaşamasını təmin edib. Azərbaycanda araşdırmaçı jurnalistlərin durumuna baxaq. Onların ən tanınmışlarından Xədicə İsmayıl ömrünün bir hissəsini həbsxanada keçirməli olmuşdu. Ölkədən çıxışına yasaq qoyulanlar, həbsdə olan araşdırmaçı jurnalistlər də var.

İnformasiya əldə etmək imkanları

Azərbaycan qanunvericiliyi jurnalistlərin informasiyalara çatımını təmin etmək üçün xeyli imkanlar yaradır. Qanunvericilik ictimai məzmunlu bilgiləri öz saytları vasitəsilə açıqlamağı informasiya sahiblərinin üzərinə vəzifə olaraq qoyub. Hansı informasiyalar açıq olmalıdır, qanunvericilik onları açıq şəkildə sadalayır.

Gerçək vəziyyət necədir?

İctimai informasiya sahibi olan qurumların saytları olduqca kasaddır. Bu kateqoriya üzrə ən şəffaf saya biləcəyimiz qurum ondakı informasiyaların heç 60 faizini açıq tutmur. Həm də bu kateqoriyada 50-60 faiz şəffaf olan dövlət qurumlarının sayı əl barmaqlarının sayı qədər deyil. Digər qurumların şəffaflığı 25-30 faiz civarındadır. Jurnalistlər üçün daha vacib olan informasiyalar - maliyyə ilə bağlı bilgiləri isə tam şəkildə heş bir qurum açıqlamır.

Deputatlardan birinin "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?" sualına informasiya açıqlığı kontekstində iki nümunə gətirək. "Mətbuat Azadlığı İndeksi"ndə Türkiyə 157-ci pillədədir. Ancaq həmin ölkənin hər hansı bələdiyyəsinin saytına daxil olmaqla, həmin quruma indiyədək daxil olmuş informasiya sorğularını və cavablarını görmək olar. Rusiya indeksdə 149-cu pillədədir. Azərbaycan jurnalistlərinin məhkəmə proseslərindən bilgi toplaması, çəkiliş aparması ciddi problemlidir, bunu iki gün əvvəl dolayısı ilə Ali Məhkəmənin sədri də vurğulamışdı. Ancaq Rusiyanın bir çox yerlərində açıq məhkəmə prosesləri internet üzərindən canlı yayımlanır...

Belə durumun, müqayisələrin fonunda mətbuatımızın, jurnalistlərimizin azad fəaliyyət imkanlarından danışmaq çox çətindir.

Media qanunları, onların işləməsi...

Qanunlar hər yerdə dəyişdirilir, yenilənir, çağdaş çağırışların tələblərinə uyğunlaşdırılır. Qanunlar Azərbgaycanda da dəyişdirilir, ancaq bu dəyişikliklərin hamısı məhdudlaşdırıcı məzmundadır. Son 10-15 ilin qanun yaradıcılığı prosesinə baxdıqda, jurnalistləri öz haqlarından daha geniş yararlanmağa həvəsləndirən qanun dəyişikliyi nəzərə çarpmır. Hamısı məhdudlaşdırıcı məzmundadır. Hüquqi şəxslərin reyestri ilə bağlı bilgilər qapalı elan olundu. Jurnalsitlərin əməliyyat-axtarış qurumlarından bilgi toplamasına çətinliklər yaradıldı. Sərt bloklama düzənləməsi qəbul edildi. Hərbi durumlarda bilgi toplanmasına senzuranın tətbiqi qaydası da qanunvericiliyə gətərildi. Belə dəyişikliklrəin sayı onlarladır.

Bütün bunlara rəgmən jurnalistləri qoruyan qanunlar da var. Baxaq görək, onlar necə işləyir, ümumiyyətlə işləyirmi?

"İnformasiya əldə edilməsi haqqında" qanun jurnalistlər üçün ən önəmli vasitələrdən biridir. Bu qanun bilgi ala bilməyən jurnalistə ombudsman və məhkəmə alətlərindən istifadə etməklə istədiyi bilgiyə "yetişmək" imkanı verir.

Ombudsman Aparatının rəsmi bilgilərində informasiya mübahisələri ilə bağlı ümumiyyətlə statistik data-lar yoxdur. İnformasiya əldə edilməsində bu qurum demək olar ki, tam effektsizdir. Bu qurum indiyə kimi bir dəfə də olsun, informasiya verməyənləri məhkəməyə verməyib.

Məhkəmələrin informasiya əldə etməklə bağlı mübahisələr üzrə sonuncu müsbət qərarı təxminən 10 il əvvəl olub. Ancaq həmin qərarlar da icra edilməyib. Son iki ildə yerli məhkəmələr Turan agentyliyinin informasiya açıqlığı ilə bağlı şikaytələrinin heç birini təmin etməyiblər.

Azərbaycanın cinayət qanunvericiliyi jurnalistlərə qarşı zorakılığı cinayət elan edir, ancaq indiyədək Cinayət Məcəlləsinin həmin maddəsi bir dəfə də olsun tətbiq edilməyib. Azərbaycanın İnzibati Xətalar Məcəlləsi jurnalistlərə informasiya verməkdən yayınan subyektlərin cərimə edilməsini nəzərdə tutur. Ancaq bu mexanizm də indiyə kimi bir dəfə də olsun tətbiq edilməyib...

Qeyd etdiklərim Azərbaycanda mətbuat azadlığının temperaturunu ölçmək üçün faydalana biləcəyimiz kriteriyaların hamısı deyil. Mətbuatın maliyyə qaynaqları kriteriyası var, sahiblik, özünü senzura və sair məsələlər də var. Təəssüflər olsun ki, incələnən kriteriyalar üzrə gəlinən nəticələr Mətbuat Azadlığı İndeksindəki yerimizi kölgə altına almır. Problemləri araşdırmaq, ictimai müzakirələr açmaq, təklifləri dinləmək, istəmək və yaraları müalicə etmək lazımdır.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti