Svetlana Tixanovskaya
Tanınmış bloqer Sergey Tixanovskiyə öz namizədliyini qeydə aldırmağa imkan verilməyib. Onun yerinə namizədliyini irəli sürmüş həyat yoldaşı Svetlananın xeyrinə imza toplanması zamanı isə Tixanovskini həbs ediblər. İddiaçı Viktor Babarikonun seçkiqabağı qərargah təşkil etdiyi “Belqazprombank”ın ofisində axtarış aparılıb, o və onun keçmiş əməkdaşlarının bir çoxu həbs edilib. İyulun 14-də Mərkəzi Seçki Komissiyası aparıcı müxalifətçi namizədlər- sabiq bankir Viktor Babarikonu və Yüksək Texnologiyalar Parkının (YTP) keçmiş rəhbəri Valeri Sepkalonu qeydiyyata almayıb. Onların xanımları hazırkı prezidentə real rəqib hesab edilən Tixanovski cütlüyünün düşərgəsinə keçiblər.
Dövlət Tixanovskayaya dəstək üçün mitinqləri Belarus paytaxtının mərkəzindən kənarda keçirməyə icazə verir. Rəsmi məlumata görə, Lukaşenkonun rəqiblərinə dəstək piketləri zamanı 270 nəfər saxlanılıb. Aİ saxlanılanların dərhal azad olunmasını və seçkilərdə siyasi rəqabətin təmin olunmasını tələb edir.
Svetlana Tixanovskayanı əvvəllər tanınmış siyasətçilər olmamış və özünü heç nə ilə göstərməmiş, lakin seçkilərdə qalib gəlmiş bəzi dünya liderləri - Donald Tramp, Vladimir Zelenski, Nikol Paşinyan ilə bir sıraya qoymaq olar. Həmin kateqoriyaya aid edilə bilən dördüncü şəxs - Vladimir Putindir.
Rusiyanın S. Tixanovskayaya münasibəti ikilidir. Bir tərəfdən, hazırkı prezident Lukaşenko Kremlə məlumdur, formal olaraq Rusiya ilə ittifaq dövlətinə tərəfdar kimi çıxış edir. Amma eyni zamanda Rusiyanın ünvanına təhqiramiz çıxışlar edir, 32 nəfər Rusiya vətəndaşını- – özəl hərbi təşkilatdan (“Vaqner” ÖHŞ) olan muzdlularu həbs edib. Hətta həbs olunanların bəzisinin Ukrayna hakimiyyətinə verilməsi də mümkündür. Belə ki, yaraqlılar Ukraynada separatçıların tərəfində döyüşüblər.
Moskvanın “Lenta.ru” nəşrində dərc edilmiş müsahibəni Kremlin qisası adlandırmaq olar. Müsahibədə prezidentin əsas rəqibi S.Tixanovskaya öz minimum proqramını açıqlayır və Lukaşenkoya xalq nifrətinin səbəblərini izah edir. Prezidentliyə namizəd deyir:
- Mən Lukaşenkodan heç olmasa ona görə yaxşıyam ki, bu postdan gedəcəyəm. Mən bu postda uzun müddət qalmayacam. Köhnə Konstitusiyanın qayıtması ilə (1994-cü ilin ilkin redaksiyasında) insanlara onların konstitusiya hüquqlarını verəcəyəm. Belaruslular söz azadlığı, seçim hüququ əldə edəcəklər, prezident postunda qalma müddəti məhdudlaşdırılacaq. Buna görə də daha yaxşı olacağı dəqiqdir — ölkəmizdə adamların çox uzun zamandır gözlədikləri dəyişikliklər baş verəcək.
(Belaruslular) səssiz olublar, itaətkar olmuşuq, amma bu il hər şey dəyişdi, inanın. Hər şey buna doğru gedirdi. Son bir ildə adamlar oyandılar. Bir çox amil insanlara özünüdərk və özünəhörmətin qayıtmasına təsir etdi. Biz özümüzü bir-birinin köməyinə gələn xalq kimi hiss etdik. Pandemiyanın qızğın çağında biz, vətəndaşlar həkimlərə maska üçün pul yığdıq.
Saxlanmalar başlayanda bizim qərargahlarımız cərimələrin ödənilməsi üçün yardım təklif etdilər. Əgər bir ailə başçıdan, işləyən ər və ya atadan məhrum oldusa, onlar həbs edildisə və ailə dolanışıq üçün vəsaitsiz qaldıysa bizim adamlar onlara pulla kömək etdilər. Onlar hiss etməyə başladılar ki, onları dövlət yox, başqa adamlar qoruyurlar. İnsanlar bir-birinə kömək etməyə başladılar, əvvəllər belə şey yox idi. Belə bir fenomen yox idi.
Bizim dəyişikliklərlə bağlı tələbimiz çox yüksəkdir, biz öz xalqını müdafiə etmək əvəzinə kobudluq edən eyni hakimiyyətdə yaşamaqdan yorulduq. Bizim fəaliyyətdə olan prezidentimiz insancasına deyə bilərdi ki, biz COVİD-19 ilə mübarizə aparmağa qadir deyilik, çünki iqtisadi vəziyyətimiz qeyri-sabitdir. Ancaq yox - bizə deyirlər ki, koronavirus, sadəcə, yoxdur: “Siz onu görürsünüzmü? Mən görmürəm, deməli, yoxdur”. Hakimiyyət maskanı ağızlıq adlandırır. Yaşlı adam vəfat edəndə televizorların ekranlarından danışmağa başladılar ki, o, özü günahkardır, əgər bu qədər xəstəliyi vardısa, niyə gəzməyə gedirdi…
Ekranlardan hər cür kobudluğu eşitdik. Öz xalqınla belə etmək olmaz! Öz xalqını sevən prezident heç vaxt belə şey deməz. Dəstək üçün bir sözü belə olmadı – “Gedin traktorlara müalicə olun...”,- Tixanovskaya öz təşviqatının əsas məqamlarını açıqlayıb.
Mütəxəssislərin ümumi rəyi belədir ki, əgər Lukaşenko bülletenləri saxtalaşdırmadan saymağa imkan verərsə, Tixanovskayanın qələbə qazanma ehtimalı yüksəkdir.
“Belarus xəbərləri”nin siyasi icmalçısı Aleksandr Klaskovski qeyd edib: “Lukaşenko inzibati resursun köməyilə “əmək kollektivləri”ndə təşkil olunmuş görüşlər keçirməklə piarla bağlı uğursuzluğa düçar olur. Halbuki, böyük və kiçik şəhərlərdə “onun gözlənilməz rəqibi Svetlana Tixanovskayanı hər yerdə dünya pop ulduzu kimi qarşılayırlar”.
“Tixanovskaya auditoriyanı öz insanlıq tarixçəsi ilə fəth edir: sanki, kotlet qızartmaq mənim üçün daha asandır, ancaq həyat yoldaşımın arxasınsa mübarizəyə qoşuldum, uşaqları xaricdə gizlətməli olduq, oğlum sms göndərib ki, mənə görə qorxur və s. O, tapdalanmış ədalətdən, yoxsul camaatın narazılığından istifadə edir. Necə ki, 1994-cü ildə ilk prezident seçkiləri keçiriləndə Lukaşenko da belə edirdi”, - Klaskovski qeyd edib.
“Belarus hakim elitasında, ilk növbədə, güc blokunda parçalanma əlamətinin olmaması belə güman etməyə əsas verir ki, bundan sonra hər şey, təəssüf ki, dəfələrlə sınanmış ssenari üzrə gedəcək. Təbliğat-təşviqat Aleksandr Lukaşenkonun tərifindən və onun nailiyyətlərindən ibarət olacaq. Seçki komissiyaları səsləri “necə lazımdır” elə də hesablayacaqlar, MSK Lukaşenkonun 80%-dən çox qazandığını deyəcək, digər namizədlər isə səxavətlə 5% civarında alacaqlar”, - dw.com məqalədə yazır.
“Elitada parçalanma yoxdur, dövlət aparatı, güc strukturları saat kimi işləyirlər. Lukaşenko hələlik onu (Tixanovskaya) özünə rəqib kimi görmür, onda təhlükə olduğunu görmür. O hesab edir ki, əgər belarusluların qarşısında evdar qadına və ya böyük siyasi təcrübəyə malik siyasətçiyə səs vermək kimi dilemma durarsa, hətta ona skeptik yanaşan adamlar belə bu dilemma qarşısında ona səs verəcəklər”, –politoloq Valeri Karbaleviç əmindir.
Rəy yaz