Ölkə idmanın inkişafında keçmiş prezident Heydər Əliyevin xidmətləri, POS-terminalların azalması, ölkədə manat qıtlığı bugünki medianın aparıcı mövzusudur...
İdman siyasətinin uğurları
“Azərbaycan” qəzeti “İslamiada Heydər Əliyevin idman siyasətinin təntənəsi olacaq” (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121557) sərlövhəli məqalədə ölkədə idmanın inkişafı sahəsində keçmiş prezident Heydər Əliyevin xidmətləri barədə danışılır.
“Azərbaycan idmanının təşəkkül dövrünə və təbliğinə nəzər salsaq, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin, heyrətamiz fəaliyyətinin xarüqələr yaratmasının şahidi olarıq”, müəllif H.Əliyevin rolunu belə dəyərləndirir.
Müəllif deyir ki, dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran zamanı idman siyasəti tamamilə diqqətdən kənarda qalıb.
Məqalədə deyilir ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra H.Əliyev idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətindən birinə çevirib və bu sahədə yüksəlişin əsasını qoyub və həmin dövrdə idman sahəsində imzalanan sənədlər xatırladılır.
Müəllif bildirir ki, qısa müddətdə həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq Azərbaycan idmançılar tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli dövlət bayrağı beynəlxalq arenalarda dalğalanmağa başladı: “Məhz Heydər Əliyevin qayğısı ilə tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar”.
Müəllif deyir ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançıları isə əsas rəqib kimi qəbul olunurlar.
Yazıda vurğulanır ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır və 57 ölkəni bir araya gətirəcək, müsəlman aləmində dostluq və qardaşlığı tərənnüm edərək İslamiadanın Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir: “Əminliklə söyləmək olar ki, bu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Çünki ümummilli lider Heydər Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb”.
POS-terminallar niyə azalır?
"Exo" qəzetində “Azərbaycanda nağdsız hesablaşmalara keçid... POS-terminalsız” sərlövhəli məqalədə (http://ru.echo.az/?p=59291) müəllif bu prosesi ekspert Fuad Əlizadə ilə araşdırır.
Ekspert deyir ki, Azərbaycanda nağdsız hesablaşmalara keçid mərhələli şəkildə olmalıdır, əks halda ölkədə nağdsız hesablaşmaların inkişafı əvəzinə bankomatlar önündə bank müştərilərinin uzun növbəsi yaranmasını “qazanarıq”: “Bu ilin yanvarından “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minib və indi də işgüzar dairələr arasında ən çox müzakirə olunan mövzulardan biridir. Onun qəbul edilməsinin əsas səbəbi ölkənin maliyyə sistemində nağdsız hesablaşmaların inkişafı ilə uçotu gücləndirməkdir. Amma ölkədə nağdsız hesablaşmaların inkişafı ideyası elə birinci bankomatla da dayana bilər, belə ki, ölkədə qurulmuş POS terminalların azalması prosesi gedir ”.
F.Əlizadə Mərkəzi Bankın məlumatlarına əsasən deyir ki, bu ilin yanvarına ölkədə 2442 ədəd bankomat olub və keçən il ilə müqayisədə 7 bankomat artıb, amma POS-terminalların sayı isə 642 aparat azalıb.
Ekspert bildirir ki, POS-terminalların maksimal sayı 2015-ci ildə qeydə alınıb və o zaman 80301 aparat olub, amma bir ildə onların sayı 9137 aparat və ya 11% azalıb: “Bunu da xüsusilə qeyd edək ki, bəhs edilən dövrdə POS-terminalların sayı 8424 aparat olmaqla ən çox ticarət obyektlərində azalıb. Dövlət qurumları POS-terminalların belə sürətli azalmasına səbəb kimi son illərdə ölkə banklarının dörddə birinin bağlanmasını göstərir”.
F.Əlizadə deyir ki, hazırda təkcə kiçik mağazalarda yox, çox hallarda hətta iri supermarketlərdə belə alış-verişi ödəniş kartı ilə həyata keçirmək problemə dönür.
Ekspert deyir ki, adətən ölkədə bank infrastrukturu iri tədbirlər öncəsi və xarici qonaqların axını olanda gözlənilir və xatırladır ki, 2012-ci ildə Bakıda “Evrovision” müsiqi yarışması zamanı POS-terminalların sayı 3 dəfə artmışdı.
F.Əlizadə vurğulayır ki, bu il mayın 12-də İslam Həmrəyliyi Oyunları başlayır, amma ticarət şəbəkələrində nə üçünsə POS-terminalların sayı azalır.
Manat qıtlığının səbəbi
“Novoe Vremya” qəzeti “Ölkədə manat qıtlığı müşahidə edilir” sərlövhəli məqalədə (http://www.novoye-vremya.com/w91310/.../#.WRJ9T4iLTIU) manat qıtlığının səbəbini ekspert Natiq Cəfərli ilə müzakirə edir.
Müəllif deyir ki, ölkədə manat qıtlığı yaşanması haqda xəbərlər cəmiyyətdə yüngül şok yaradıb və xatırladır ki, bu yaxınlara kimi əhalinin ucuzlaşan manatı bahalaşmaqda olan dollara dəyişməsilə dollar qıtlığı yaşanırdı.
Məqalədə parlamentin komitə sədri Ziyad Səmədzadənin də ölkədə pul qıtlığı yaranması və bunun narahatlıq yaratması haqda bəyanatı yada salınır: “Biz monitorinqlər aparmalı, həm də bankların sağlamlaşdırılmasını həyata keçirməliyik. Pul qıtlığı yaranıb, bununla bağlı çoxsaylı müraciətlər alırıq, bu, çox ciddi problemdir, çünki pul qıtlığı aradan qaldırılmasa iqtisadi fəallıq artmayacaq”.
İqtisadçı-ekspert N.Cəfərli isə ölkədə manat qıtlığı problemi yaşanmasının təsadüfi xarakterli hadisə olmadığı qənaətindədir və onun fikrincə, burada səbəb ölkədə yürüdülən pul-maliyyə siyasətindədir.
N.Cəfərli hesab edir ki, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasət manat qıtlığının yaranmasına gətirib çıxarıb və ekspert deyir ki, bu ilin yanvarından Mərkəzi Bank manat kütləsini dövriyyədən yığışdırmaq üçün intensiv səylər göstərir: “Bunun üçün Mərkəzi Bank həftəlik hərraclar keçirir və yüksək fazilər hesabına (təqribən 14%-ə yaxın) manatı dövriyyədən çıxararaq öz əlində cəmləşdirir. Bundan əlavə, əgər büdcə xərclərinin sturkturuna baxsaq, görərik ki, büdcə xərcləri üçün nəzərdə tutulan vəsaitlər hələ tam şəkildə dövriyyəyə daxil olmayıb”.
Rəy yaz