Фото из открытых источников
Bakı/10.05.17/Turan: Bu günlərdə Mərkəzi Bank kredit təşkilatlarında əmanətlərin həcm dinamikasını açıqlayıb. 1 aprel 2017-ci il üçün əhalinin əmanətləri 6 mlrd 911,4 mln manat olub. Bunun 1 mlrd 480,5 mln manatı milli valyuta (21,42%), 5 mlrd 431 mln manatı (78,58%) xarici valyuta ilədir. Ötən ilin eyni dövrünə nisbətən əmanətlər 977,5 mln manat və ya 12,4% azalıb.
Eləcə də ötən ilin eyni dövrünə nisbətən manatla əmanətlər 31,1 mln manat və ya 2,06%, xarici valyuta ilə əmanətlər 946,3 mln manat və ya 14,74% azalıb. İlin əvvəli üçün manatla əmanətlər 24,7%, xarici valyuta ilə əmanətlər 75,3% təşkil edib. Ötən ilin yanvarında manatla əmanətlər 18,4%, xarici valyuta ilə əmanətlər 81,6% olub.
Mərkəzi Bank ötən ildən manatla depozitlərə yüksək faiz dərəcəsi verməklə (illik 12-15%) dollarsızlaşdırma taktikası yürüdür. Xarcii valyuta ilə dərəcə isə 3%-dir. Buna baxmayaraq banklara və manata etimad bərpa olunmur. Dollar depozitləri manat əmanətlərindən 3 dəfə çoxdur.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, xarici valyuta ilə əmanətlərin çox olması devalvasiya ilə bağlıdır. Bank sahəsi ağır zərbədən sonra özünə gələ bilmir. 1 yanvar 2016-cı ildə bank sektorunda 9 mlrd 474 mln manat depozit əmanət olub, bu ilin əvvəlinə bu məbləğ 7 mlrd 311 mln manata düşüb. Kapital axını davam edir.
Bu sektorda dramatik vəziyyəti başqa faktlar da sübut edir. AMB-nin məlumatına görə, 1 aprel üçün iqtisadiyyata 15 mlrd 78,9 mln manat kredit qoyulub. Ötən ilin eyni dövrünə nisbətən bu göstərici 4 mlrd 12,6 mln manat və ya 21% azalıb. Bu ilin martında kredit qoyuluşu 345,3 mln manat və ya 2,24% azalıb.
Ekspertin sözlərinə görə, banklar kredit verə bilmir. Bankların əsas gəlir mənbəyi isə kreditlərdir. Nəticədə banklar filiallarını bağlayır, işçiləri ixtisar edir, bəziləri isə özünü müflis elan edir.
Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayevin fikrincə, bu il bankların sağlamlaşdırılması üçün yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının səmərəsiz bankların bağlanması ilə bağlı planı əhalidə narahatlıq doğurur. Atabank və Caspian Development Bankın (CDB) birləşməsi, eləcə də AccessBank bağlanması barədə şayiələr fonunda bu narahatlıq daha da artır. Sonuncu bu şayiələrin əsassıq olduğunu bəyan etsə də, "Bank Standard"ın acı təcrübəsini bilən vətəndaşlar bu sözlərə inanmır. Yəni bu bankdan depozitlərin kütləvi şəkildə çıxarılacağını da istisna etmək olmaz.
Problemli kreditlər məsələsi də həllini tapmayıb. Martın 1-i üçün onların həcmi 1 mlrd 556,4 mln manat olub. AMB-nin məlumatına görə, bir ay ərzində problemli kreditlər 76,7 mln manat və ya 4,7% azalıb, illik hesablamada 226,9 mln manat və ya 17,07% artıb.
Beləliklə, bank sahəsində "vəziyyət sabit ağır olaraq qalır".... Ağayev bildirir ki, vəziyyət iqtisadi sahədə sabitlik və inkişaf olanda düzələcək. İnhisarçılıq və oliqarxiya nəzərə alınsa, bu işıqlı gələcəyə hələ çox var... -0-
Bazarların icmalı
-
2024-cü ilin oktyabr ayında, Turan agentliyi tərəfindən tərtib olunan və Bakıda əsasən 30 növ yerli istehsal ərzaq məhsullarını əhatə edən istehlak səbətinin (İS) orta qiyməti 0,8% artıb.
-
2024-cü ilin oktyabr ayında Azərbaycanda 7 bankda əmanət qəbuluna dair vəziyyət dəyişib. Banklar Azərbaycan manatında və ABŞ dollarında yerləşdirilən əmanətlərin faizinə yenidən baxıb.
-
2024-cü ilin oktyabr ayında Azərbaycanda 4 bankda kreditləşməyə dair vəziyyət dəyişib. Banklar Azərbaycan manatında verilən istehlak və biznes kreditlərinin faizinə yenidən baxıb.
-
Azərbaycandakı kommersiya banklarının 2023-2024-cü illərin III rübünün yekunundakı maliyyə göstəricilərinin müqayisəsi (illik dinamikası) əsasında renkinqlərini təqdim edirik.Renkinqlər bankların internet səhifələrində yerləşdirdikləri maliyyə hesabatlarından istifadə edilməklə hazırlanıb.
Rəy yaz