Qabil Vəliyev
Bakı/16.02.18/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrliyi ilə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Qabil Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesin əvvəlində şahid Səfa Vəliyeva qısaca dindirilib. O, min manat verməsi faktını təsdiq edib. Amma onun cinayət işinin hansı epizodu üzrə şahid kimi keçdiyi, pulu kimin adından kimə verdiyi naməlum olaraq qalıb. Dövlət ittihamçısı yalnız onun ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib-etmədiyini soruşub. Təsdiq cavabı aldıqdan sonra hakim ona gedə biləcəyini söyləyib.
Sonuncu şahid Rabil Hüseynov olub. O, iki dəfə zərərçəkmişlərin adından Qabil Vəliyevə pul verib. O, məhkəməyə ifadəsində bildirib ki, bir dəfə Rafiq adlı zərərçəkmiş ondan müttəhimə 780 manat verməyi xahiş edib. İkinci dəfə də o, Vəliyevə pul verib, amma bu dəfə Rasim adlı şəxsin adından. Hakimin məbləğ haqqında sualına cavabda o bildirib ki, pulu saymayıb. Şahid həmçinin bildirib ki, ibtidai istintaqa verdiyi ifadələrini təsdiq edir.
Daha sonra hakim Qəribov şahidlərin dindirilməsinin yekunlaşdığını elan edib və ifadə vermək üçün sözü müttəhimə verib. Vəliyev bildirib ki, zərərçəkmişlərin bütün ifadələri böhtan və şərdir: "Burada 2007-ci ildən bəri pul aldığımı iddia edən insanlar ifadə veriblər. Necə ola bilər ki, belə uzun zaman ərzində bu, ortaya çıxmayıb? Məni həbs edənlər kimi, mən də özümü hakimiyyətin nümayəndəsi hesab edirəm. Təəssüf ki, 25 il siyasətlə məşğul olan Qabil Vəliyev indi barmaqlıqlar arxasındadır. Allah cənab prezidentimizə can sağlığı versin, o, həmişə humanist qərarlar verir, həm də indi seçkilər ilidir. Bilmirəm məni niyə həbs ediblər. Burada Ramin Cəbrayılov çıxış edib, ondan pul tələb etdiyimi iddia edib. Onun şikayəti əsasında qəzetimiz vaxtilə 20 min manat cərimə olunmuşdu. Amma bundan dərhal sonra o, mənə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Burada isə o bildirib ki, mənə qarşı iradı yoxdur və məni bu cür əməllərə sövq edən insanlar həbs edilməlidir. Mən artıq 20 min manat cərimə olunmuşdumsa, ondan necə pul tələb edə bilərdim? Barəsində daim yazdığım əxlaqsızlıq yuvalarına gəlincə, bildirirəm ki, bu təzahürə qarşı həmişə mübarizə aparmışam, mətbuat konfranslarında da, öz qəzetimin səhifələrində də. Zərərçəkmiş Xəyyam istintaqa bildirib ki, 22 qadınla işləyib və Con Broqanza olub. Bunun nə demək olduğu hamıya məlumdur. Burada o bildirib ki, məni tanımır. Məhkəməyə zərərçəkmiş qismində heç tanımadığım bir qadın gəlib. Mən Yeni Azərbaycan Partiyasının təşkilat komitəsinin üzvüyəm. Bundan başqa, seçki məntəqəsinin sədriyəm, dörd seçki, o cümlədən vitse-prezidentin təyin edilməsi haqqında referendum keçirmişəm. Mən cinayətkaramsa, bütün bunlarda necə iştirak edə bilərdim? Özümü hakimiyyətin nümayəndəsi hesab edirəm və rüşvət alanlara aid deyiləm. Mən müharibə veteranıyam və qadınların necə hərraca çıxarıldığını izləyə bilmirəm. Buna görə bununla məşğul olan və burada zərərçəkmiş kimi çıxış edən Nofəli kabinetimdən qovmuşam. Mikroskopla axtarsanız belə, "Gündəlik Bakı" qəzetində dövlətçiliyə qarşı yönəlmiş bir hərf belə tapmaq olmaz. Dövlətimizin inkişafı ilə fəxr edirəm. Onun təhlükəsizliyi ilə məşğul olan orqanlar qüsursuz işləyir. Məni həbs edənləri təqsirləndirmirəm, onlar bunu etməli idilər, çünki araşdırma aparırdılar. Mən mənə qarşı ərizə yazanları günahlandırıram, çünki onların yazdığı hər şey böhtandır. Məhkəmədə mənim təqsirsiz olduğum sübuta yetirilib". Vəliyev zərərçəkmişlərin vəkilinin suallarını cavablandırıb, aralarında məhkəmə prosesi olan "Tac" şirkətinin sahibi Ramil Quliyevdən başqa, onların heç birini tanımadığını bildirib. Prokurorun təqsirləndirilən şəxsə sualı olmayıb.
Daha sonra hakim Fikrət Qəribov məhkəmə istintaqının yekunlaşdığını elan edib və tərəflərə müzakirələrə hazırlaşmaq üçün fevralın 27-nə qədər vaxt verib.
Qeyd edək ki, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Qabil Vəliyev 2016-cı ilin dekabrında hədələmədə, əməliyyat-axtarış fəaliyyəti həyata keçirmək səlahiyyəti olmayan şəxslər tərəfindən məxfi məlumat əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə ilə belə fəaliyyətin həyata keçirilməsində şübhəli bilinərək həbs edilib.
Rəy yaz