15 ildən sonra Avropa İnsan Hüquqları  Məhkəməsi Emin Milli və Adnan Hacızadənin hüquqlarının pozulduğunu tanıyıb

15 ildən sonra Avropa İnsan Hüquqları  Məhkəməsi Emin Milli və Adnan Hacızadənin hüquqlarının pozulduğunu tanıyıb

Yanvarın 18-də Avropa İnsan Hüquqları  Məhkəməsi Azərbaycanla bağlı 30 ərizə üzrə 11 qərar və qərardadı elan edib. Bu barədə Turan-a hüquqşünas Xalid Ağalıyev  bildirib. Onun sözlərinə görə,  hökumət ərizəçilərin hamısına təzminat ödəyəcək.

Blogerlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsindən 14 il əvvəl verilmiş şikayət üzrə məhkəmə bu işdə azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Avropa İnsan Hüquqları  Məhkəməsi bu işdə hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq (Konvensiyanın 5.3-cü maddəsi), habelə ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6.1-ci maddəsi) hüquqlarının pozulmasına qərar verib. Hökumət ərizəçilərin hər birinə 4700 avro təzminat ödəməlidir. Qərarlar həmçinin hökumətin 10-dan artılq müxalif fəala, eləcə də Müsavat Partiyasına, hüquq müdafiəçisi Rüfət Səfərova təzminat ödəməsini nəzərdə tutulub.

“Eldəniz Hacıyev və Salman Abdullayev Azərbaycana qarşı” işdə ərizəçilər islam təmayüllü nurçu təriqətinin üzvləri idi. Ərizəçilər şəxsi evlərdə dini yığıncaq təşkil etdiklərinə görə saxlanılmış, ardınca, inzibati qaydada məsuliyyətə (1500 AZN cərimə) cəlb olunmuşdular. Onların cəzalandırılmaları dini yığıncaq üçün müvafiq orqanlardan əvvəlcədən icazə almamaları ilə əsaslandırılmışdı. Konvensiyanın 5, 6 və 9-cu maddələrinə əsaslanan ərizəçilər iddia edirdilər ki, onların saxlanılması və inzibati qaydada mühakimə olunmaları, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqlarını pozub.

Bu işdə tərəflər dostca anlaşıblar. Avropa İnsan Hüquqları  Məhkəməsinin həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərərə əvəzi 3800, hüquqi xərclərə görə 600 avro ödəməlidir.

“Aygün Mahmudova Azərbaycana qarşı” işi üzrə  ərizəçi xanım Aygün Mahmudova Bakıda qeyri-yaşayış binasının tikildiyi torpaq sahəsinə sahib olub. Sonradan həmin bina sökülüb və yeni bina inşa edilməsinə başlanılıb. Ərizəçi bunun qanunsuzluğunu məhkəmədə mübahisələndirsə də birinci instansiya məhkəməsi onun şikayətini rədd edib. Apellyasiya instansiyası isə ərizəçinin şikayətini qismən təmin edib, belə qərara gəlib ki, tikinti işi etibarlı olmayan etibarnamə əsasında aparılıb. Ərizəçinin həmin qərardan kassasiya şikayəti isə rədd edilib.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, onun mülkiyyət hüququnun qanunsuz olaraq əlindən alınmasından, dövlətin onun mülkiyyət hüququnu müdafiə etməməsindən şikayət edirdi.

Avropa İnsan Hüquqları  Məhkəməsi bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 4000 avro mənəvi zərər, 230 avro xərc və məsrəf əvəzi ödəməlidir.

“İlqar Məmmədov və başqaları Azərbaycana qarşı” işi ərizəçilərin saxlanılması və inzibati qaydada həbs edilməsilə bağlıdır. Müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri olan ərizəçilər Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia ediblər ki, hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalifətçi olduqlarına, tənqidi çıxışlar etdiklərinə görə cəzalandırılıblar.

Bu işdə bütün ərizəçilərə (İlqar Məmmədov, Amil Məmmədzadə, İslam Həsənov, Samir Həsənov, Vasif Müzəffərov) münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Hökumət ərizəçilərin hər birinə 1000 avro mənəvi zərər, 250 avro xərc və məsrəf əvəzi ödəməlidir.

“Rüfət Səfərov Azərbaycana qarşı” işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçi barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçi Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.

Avropa İnsan Hüquqları  Məhkəməsinin bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 250 avro ödəməlidir.

“Məhəmməd Bağırov Azərbaycana qarşı”  işi ərizəçinin məhkəməyə qədər həbsinin, eləcə də məhkəmə prosesi zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu ilə bağlı idi. Məhkəməyə qədər həbs edilən və həbs müddəti bir neçə dəfə uzadılan ərizəçi Avropa İnsan Hüquqları  Məhkəməsinin qarşısında iddia edirdi ki, həbsdə saxlanılması üçün hər hansı uyğun və yetərli əsaslar mövcud olmayıb. Ərizəçi həmçinin, məhkəmə zallarında metal qəfəslərə yerləşdirilməsinin onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan haqlarını pozduğunu iddia edirdi.

Bu işdə tərəflər dostca anlaşıblar. Avropa İnsan Hüquqları  Məhkəməsinin həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3500 avro, hüquqi xərclər əvəzi 1250 avro ödəməlidir.

“Müsavat Partiyası Azərbaycana qarşı” işi (müxtəlif vaxtlarda verilmiş 2 ərizə) dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirləriə digər məhdudiyyətlərin tətbiqinin qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi partiya Konvensiyanın 11-ci və 13-cü maddələrinin pozuntusunu mübahisələndirmişdi.

Avropa İnsan Hüquqları  Məhkəməsinin bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuları etiraf etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçi partiyaya 3000, onun təmsilçisinə isə 500 avro ödəməlidir.

“Nadirli və başqaları (5) Azərbaycana qarşı”  işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.

Bu işdə hökumət iddia olunan pzountuları etiraf edərək, Avropa İnsan Hüquqları  Məhkəməsinə təktərəfli bəyannamə təqdim edib. Avropa İnsan Hüquqları  Məhkəməsinin qərardadına görə, hökumət 6 ərizəçinin (İsmayıl Nadirli, Mütü Türksoy, Qoşqar Əhmədov, Bəxtiyar Məmmədli, Orxan Məmmədov və Yaşar Xaspoladiv) hər birinə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərc əvəzi 250 avro ödəməlidir. “Məmmədov və başqaları (7) Azərbaycana qarşı” işi ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin pozuntusunu mübahisələndirmişdi.

Bu işdə hökumət iddia olunan pzountuları etiraf edib, ərizəçilərə təzminat ödməyi təklif edib. Avropa İnsan Hüquqları  Məhkəməsinin qərardadına görə, hökumət 8 ərizəçinin (A.Məmmədov, Cəmil Hacıyev, Zahir Məmmədov, Mübariz Abdulkərimov, Azad Mahmudov, Ruslan Əmirov, Murad Xammədov, Vüqar Cabbarlı) hər birinə 1000 avro mənəvi zərər əvəzi ödəməlidir. 6 işdə hər bir ərizəçiyə 250 avro hüquqi xərc əvəzi ödənilməlidir.

“İsmayılzadə Azərbaycana qarşı” işində isə  ərizəçi Leyla Miryaqub qızı İsmayılzadənin yeni doğulmuş övladı üçün seçdiyi adı dövlət orqanlarının qeydiyyata almaqdan imtina etməsilə bağlı idi. Ərizəçi bir neçə dəfə oğluna verdiyi Əbülfəzlabbas adının və həmin adın müxtəlif versiyalarının qeydiyyata alınması üçün müraciət edib, amma bu müraciətləri uğursuz olub. Qeydiyyat qurumu qeyd edilən adın Azərbaycan Milli Elmlər Akademiyasının təsdiq etdiyi siyahıda olmaması əsası ilə buna icazə verməyib. Yerli məhkəmələr bu yanaşmanı haqlı sayıb, eyni zamanda qeyd edilən adların tələffüz problem yaradacağı səbəbindən yeni doğulmuş körpənin üstün maraqlarına uyğun olmayacağını ifadə edib.

Ərizəçi Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) əsaslanaraq, oğluna seçdiyi adın qeydə alınmasından imtina edilməsinin qanunsuzluğundan şikayət edirdi.

Bu işdə Avropa İnsan Hüquqları  Məhkəməsi AİHM Konvensiyanın 8-ci maddəsinin pozulmadığına qərar verib.

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti