Son yenilənmə

(6 d. əvvəl)
И.Исмаил

И.Исмаил

Bakı/08.05.17/Turan: “Azərbaycanın Ermənistana, Ermənistanın isə Azərbaycana qarşı kəşfiyyat, əks-kəşfiyyat tədbirləri gözləniləndir və qeyri-adi bir iş deyi. Burada qeyri-adilik hadisənin kütləvi  hal almasıdır”, -  Azərbaycanın xüsusi xidmət orqanlarının keçmiş polkovnik-leytenantı İlham İsmayıl Turan-a müsahibəsində  Azərbaycanda bir qrup hərbçi və mülki şəxsin Ermənistanın xeyrinə casusluqda günahlandırılması ilə bağlı rəsmi qurumların dünən yaydığı bəyanatı şərh edərkən  bildirib.

“Bu işdə  cəlb olunanların sayı həddən çoxdur. Mən bildiyimə görə, təxminən 40 nəfərdən çoxdur. Siz təsəvvür edin ki, bu sahə nə qədər başlı-başına buraxıla bilər ki, 40 nəfərə yaxın adam cəlb oluna bilsin  və ermənilər açıq şəkildə kəşfiyyat, kəşfiyyat xarakterli bu işlərlə məşğul ola bilsinlər. Təsəvvür edin, bu adamların bizim rayon mərkəzinə bizim hərbi paltarı geyinib gəlmə  imkanı olub. Onlara cəlb olunanlar tərəfindən bu imkan yaradılıb. Onlar əvvəlcə  maddi əsasla, sonra o maddi əsası kompromateriala çevirməklə (maddi əsasları videoya çəkib  kompromaterial kimi istifadə etməklə, hədə-qorxu ilə) öz işlərində istifadə ediblər”, - ekspert qeyd edib.

Onun fikrincə, istifadə olunma hələ informasiya xarakterlidir.

“Gələcəkdə kəşfiyyat materiallarını təxribata çevirmə məqsədləri durur. Təxribat məsələləri olanda bunlar bu məlumatlardan istifadə edəcəkdilər”, - o vurğulayıb.

Keçmiş polkovnik-leytenant təəssüflə ləğv olunmuş  Milli Təhlükəsizlik Nazirliyinin Kəşfiyyat İdarəsinin və  Müdafiə Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş idarələrinin adını çəkir.   

“Çox təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə bütün strukturlar məhv olduğu kimi, bu idarələr də məhv olub. Hərbi hissələrlə  korrupsiya əlaqələrinə  giriblər. Hərbi hissələrdə  nəinki kəşfiyyata qarşı, hətta hərbi hissələrdəki neqativ hallara da göz yumublar. Paket qəbul ediblər və nəticədə əks-kəşfiyyat işləri başlı-başına qalıb. Başlı-başına qaldığına görə də gəlib çoxsaylı cəlbetmələrə səbəb  olub. Bu mənada təəccübləndirici oldu”, - o qeyd edib.

Ekspert deyib ki, hərbi əks-kəşfiyyat işlərini həyata keçirmək də asanlıqla olmur.

“Uzun müddət tələb edən məsələdir. Amma bu gün çox sürətli addımlar atmaq olar. Nə etmək olar? Bütün cəbhə xəttindəki zabit, gizir heyətinin, maaş alan şəxslərin, hətta bəzi əsgərlərin də Naxçıvandan-Qazaxadək böyük bir xəttdə yerləri tamamilə dəyişdirilməlidir. Arxa cəbhələrə keçirmək məsələləri var. Ön cəbhəyə tamamilə yeni adamlar göndərilməlidir. Hərbi əks-kəşfiyyat öz işini yenidən qurub, əməliyyat şəraitinə  nəzarət etməlidir”, - İ.İsmayıl bildirib.

Ekspert hesab edir ki, mülki şəxslərin cəlb edilməsi  gələcəkdə mülki obyektlərdə diversiya yaradılması, partlayış törədilməsi, əhali  arasında panika yaradılması üçün istifadə məqsədi daşıyır:    “Bunlar əvvəlcə başa düşmədən pulun xatirinə cəlb olunurlar, sonra vətən xaininə  çevrilirlər”.

Ekspert hesab edir ki, orduda əks-kəşfiyyat işini görə bilən rəhbərliyi və kadr heyətini yeniləmək lazımdır.

“Gecə-gündüz əməliyyat-informasiya mənbələrini əldə edib informasiyalar toplamaq lazımdır. Həm erməni kəşfiyyatına, həm də  arxada olan neqativ proseslərə qarşı bu məlumatlardan istifadə etmək lazımdır. Çünki neqativ hallardan düşmən bəzən kompromaterial kimi istifadə edib insanları qarmağa keçirir və perspektiv təxribatlara yol aça bilir”,- İ.İsmayıl hesab edir.

O, bu istiqamətdə işlərin görüldüyüni bildirib.

“İnanıram, bu sahədə  işlər görülür. Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbərliyi bu məsələni çox ciddi şəkildə  önə çəkib”-, ekspert vurğulayıb. -03B-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti