Milli Şura AJF-nin exit-poll-unu tanımayacaq

Milli Şura bəyan edir ki, AJF-nin (“Arthur J. Finkelstein and Associates” şirkəti) keçirdiyi sorğuları obyektiv saymır və onun keçirəcəyi “exit-poll”un nəticələrini də tanımayacaq. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının bəynatında deyilir. 

Sənəddə bildirlir ki, Azərbaycanın prezident seçkilərində “exit-poll” keçirməyə hazırlaşan AJF şirkəti sentyabrın 24-də seçkidən öncə apardığı sorğunun nəticələrini açıqlayıb. 

“ABŞ şirkətinin Şimali Koreya və Belarus üslubunda gördüyü bu işin nəticəsi sorğunun və gələcək “exit-poll”un əsl niyyətini ortaya qoyur. Sorğuya görə, seçkilərdə daim iştirak edənlərin 90,5 faizi hakim partiyanın namizədi, indiki prezident İlham Əliyevi dəstəkləyir. Halbuki, bu qədər yüksək göstərici bütün dünyanın saxtalaşdırılmış saydığı, demək olar alternativsiz keçən ötən prezident seçkilərində də İlham Əliyevin adına rəsmiləşdirilməmişdi”. 

Milli Şura hesab edir ki, sorğunun niyyəti hakim partiyanın namizədinin xeyrinə yüksək rəqəmlər elan etməkdirsə, deməli, onun keçirəcəyi “exit-poll”un məqsədi də iqtidarın nəzarətində olan MSK-nın elan edəcəyi saxta nəticələrə zəmin hazırlamaqdır. 

“AJF şirkəti bütün dünyada ödənişli əsaslarla hansısa namizədə kömək edən, ona təşviqat hazırlayan firma kimi tanınır. Seçkilərin saxtalaşdırmasına yol verilən ölkələrdə onun müstəqil işləməsi halları olmayıb. Mütəxəssislər təsdiq edir ki, bu şirkətin “exit-poll” keçirmək təcrübəsi və tərəfsiz işləmək imici yoxdur. AJF Bakıdakı fəaliyyətinin maliyyə tərəfləri ilə bağlı da açıqlama verməyib”.

Milli Şura bildirir ki, şirkəti Azərbaycana hakimiyyətə bağlı APA informasiya agentliyi dəvət edib. Hamıya aydındır ki, indiyədək heç vaxt prezident İlham Əliyev barədə tənqidi material yaymayan, daim onu təşviq edən və müxalif mövqeyə qarşı isə ardıcıl təbliğat aparan bir qurum müstəqil və İlham Əliyevin xeyrinə olmayan sorğu nəticələrinin ortaya çıxmasına imkan verməz. Onun əməkdaşlıq etdiyi yerli Tərəqqi İnstitutu isə ictimaiyyətə tanış deyil. -03D-  

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti