Fevralın 18-də Suraxanı rayonunun polis işçiləri Hollandiyada yaşayan siyasi mühacir Orduxan Temirxanın dörd bacısını, onların ərlərini və uşaqlarını polisə aparıblar. Onlardan tələb ediblər ki, blogeri siyasi fəaliyyətinə və Azərbaycan hökumətinə qarşı tənqidlərə son qoymağa məcbur etsinlər.
Polisdə olan qohumlar telefonla blogerlə danışaraq polisin tələblərini ona çatdırıblar. Orduxan qəzəblənərək polislərdən dərhal qohumlarını azadlığa buraxmalarını tələb edib və bildirib ki, Azərbaycan hakimiyyətinə qarşı tənqidlərə son verməyəcək. Buna cavab olaraq polislərdən biri deyib ki, blogerin özünü də “tutub dərsini verəcəklər”.
O.Temirxanın dediklərinə görə, onunla danışan polis Suraxanı polis bölməsinin rəisi Namiq Həsənovdur. Qohumlarını polisə onun əmrilə aparıblar.
Bir neçə saatdan sonra qadınları buraxıblar. Kişiləri isə saxlayıblar.
Turan-ın DİN mətbuat xidmətindən şərh almaq cəhdləri baş tutmayıb.
Bloger özü baş verənləri qohumlarının qaçırılması kimi qiymətləndirərək polisin hərəkətini “mənəviyyatsızlıq” adlandırıb.
Polisin hərəkətləri ictimaiyyət və siyasi xadimlər arasında böyük narazılıq yaradıb. Onlar baş verənləri hakimiyyətin özbaşınalığı kimi qiymətləndirərək DİN rəhbərliyindən öz tabeliyində olanların hərəkətinə qiymət verilməsini tələb ediblər.-02D-
Rəy yaz