İstintaq Aktaudakı faicənin təqsirkarlarının adlarını açıqlamalıdır
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev
25 dekabr 2024-cü il tarixində bütün dünyanı sarsıdan faciə baş verib. "Azərbaycan Hava Yolları"nın "Bakı-Qroznı" marşrutu ilə reys həyata keçirən təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Embraer E190 təyyarəsində 67 nəfər olub, ekipaj üzvlərinin peşəkarlığı sayəsində onlardan 2-si uşaq olmaqla, 29 nəfər sağ qalıb.
Bu gün Azərbaycan Respublikasında matəm günü elan olunub. Ukrayna səfirliyi Azərbaycan Respublikasında akkreditə olunmuş çoxsaylı diplomatik missiyalar, xüsusən Böyük Britaniya, ABŞ, Aİ, Almaniya, İtaliya, Türkiyə, Belçika, Litva, İsrail, Macarıstan və digər ölkələrin səfirlikləri tərəfindən verilmiş başsağlığına qoşulur.
Bu, bütün Azərbaycan xalqı üçün böyük faciədir, regionun hüdudlarından kənarda da ağrı və kədərə səbəb olur. İndi dünyada versiyalardan biri fəal şəkildə müzakirə olunur və bu versiya mətbuatda da getdikcə daha çox təsdiqini tapır. İlkin məlumatlara görə, təyyarə Rusiyanın "Pansir-S1" hava hücumundan müdafiə sistemi tərəfindən vurulmuş ola bilər, faciə yerindən təyyarənin qalıqlarını əks etdirən çoxsaylı foro və videogörüntülər bunu təsdiq edir. Bu, təyyarənin marşrutuna təsir edə və dəhşətli nəticələrə gətirib çıxara bilərdi.
Bu versiya təsdiqini tapsa, bu, beynəlxalq aləmdə təcavüzkar dövlət kimi tanınan Rusiyanın terrorçuluq fəaliyyətinin daha bir açıq dəlili olacaq.
Rusiya çoxdan özünü terrorçu ölkə kimi sübut edib. Biz 2010-cu ildə Smolenskdə Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzaya uğradığı faciəni xatırlayırıq, bunun səbəbləri ilə bağlı hələ də suallar qalmaqdadır. 2014-cü ildə Rusiyanın "Buk" raketinin "Malayziya Hava Yolları"nın MN17 reysini yerinə yetirən sərnişin təyyarəsinin Ukraynanın müvəqqəti işğal edilmiş ərazisi üzərində vurulması bütün dünyanı sarsıtmışdı. Həmin vaxt 298 günahsız insan həlak olmuşdu. 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı 2014-cü ildən bəri davam edən təcavüzünün davamı olan tammiqyaslı hərbi hücumu başladıqdan sonra Rusiya Ukraynanın dinc şəhərlərinə, mülki infrastrukturuna hücum edir, məqsədyönlü şəkildə mülki şəxsləri, o cümlədən qadın və uşaqları öldürür və energetikamızı məhv edərək, insanlarımızı qaranlıqda və soyuqda qoymaq istəyir. Bu dövlət və onun rejimi daim insan həyatlarına və beynəlxalq hüquqa qarşı nifrət və etinasızlıq nümayiş etdirir.
Beynəlxalq ictimaiyyət daha çox birləşməli və Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmaq və Rusiyanı Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə və uzunmüddətli ədalətli sülhü, həmçinin region və bütünlükdə planet üçün təhlükəsizliyi bərqərar etməyə məcbur etmək üçün birgə səyləri gücləndirməlidir, bu, gələcək faicələri qeyri-mümkün edəcək.
Dünya Qazaxıstandakı aviaqəzanın araşdırılması üçün yaradılmış komissiyanın işini diqqətlə izləyir. Biz araşdırmada iştirak edən hər kəsi maksimum cəsarət, qərəzsizlik və qətiyyətlə hərəkət etməyə çağırırıq. Bu faciənin təqsirkarlarının adını açıqlamaq təkcə həlak olanların ailələri üçün ədalət məsələsi deyil, bu, gələcək nəsillər qarşısında borcdur. Yalnız bu cür hərəkətlərə görə aydın və ardıcıl məsuliyyət gələcəkdə bu cür faciələrin təkrarlanmasının qarşısını ala bilər.
Biz Azərbaycan rəhbərliyinə və xalqına dəstəyimizi ifadə edirik və faciənin bütün hal və şərtlərinin müəyyən ediləcəyinə, təqsirkarların isə məsuliyyətə cəlb ediləcəyinə ümid edirik. Bu, təkcə ədalətin bərpa olunması üçün deyil, həm də bütün dünyada təhlükəsizliyin möhkəmlənməsi üçün vacibdir.
1 rəy
Gagik
2024-12-26
Rossia ochen ozobochena etim tragediem chto vizivaet somnenie.