Narışkinin Bakıya "məxfi" səfəri

Bakı/20.07.22/Turan: İyulun 19-da RF Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Bakıya səfəri baş tutub. Dövlət başçısı İlham Əliyev onu qəbul edib. Bundan başqa, Narışkin Azərbaycanlı həmkarı Orxan Sultanovla görüşüb, əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Ən maraqlısı odur ki, Azərbaycanın rəsmi KİV-ləri bütün bunlar barədə bir kəlmə belə məlumat yaymayıb. Hökumətyönlü KİV-lərin də əksəriyyəti heç nə yazmayıb.

Çərşənbə axşamı axşam saatlarında məlum olub ki, Narışkin Rusiyanın Bakıdakı səfirliyində qısa mətbuat konfransı keçirib. Tədbirə yalnız Rusiya KİV-lərinə - TASS və "Sputnik" agentliklərinə, həmçinin "MİR" telekanalına işləyən jurnalistlər dəvət olunub.

XKX rəhbərinin səfəri ilə bağlı bu "məxfiliyin" səbəbini demək çətindir.

Narışkin mətbuat konfransında deyib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın mühüm amilidir.

"Rusiya Qarabağda müharibənin başa çatmasında əsas rolu oynayıb", deyən Narışkin sülhməramlıların sülhün təmin edilməsində oynadığı böyük rolu qeyd edib.

"Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya Azərbaycanın və Ermənistanın tərəfdaşı olaraq sərhədin delimitasiyası və demarkasiyası, nəqliyyat məsələlərinin həlli və Bakı və Yerevan arasında həlledici sülh müqaviləsinin bağlanması məsələsində mühüm rol oynayır", deyə "Sputnik-Azərbaycan" Narışkindən sitat gətirir.

Daha sonra Narışkin RF və Azərbaycanın Xarici Kəşfiyyat Xidmətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını bildirib.

"Bu sənəd bizim əlaqələrimizə və qarşılıqlı əməkdaşlığımıza təkan verir. Söhbət ölkələrimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, terrorçuluğa və radikal ekstremizmə qarşı mübarizə üzrə birgə fəaliyyətdən, üçüncü ölkələrin ərazisində Rusiya və Azərbaycan vətəndaşlarının maraqlarının qorunmasından gedir", deyən Narışkin iki ölkənin xüsusi xidmətləri arasında yaxşı əməkdaşlıq tarixinin mövcud olduğunu vurğulayıb. 02В

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti