Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Beləliklə, 2019-cu il martın 19-da Qazaxıstan prezidenti N.Nazarbayev dövlət başçısı vəzifəsindən istefa etdiyini elan edib. Bundan əvvəl, fevralın 21-də prezident Nazirlər Kabinetini istefaya göndərib, bu da ölkənin kəskin siyasi və iqtisadi böhran zonasına daxil olduğunun sübutu oldu. Əhalinin narazılığının artması da bunu təsdiq edir.

Bir çox icmalçılar N.Nazarbayevin ölkə prezidenti vəzifəsindən getməsi ilə bütöv bir tarixi dövrün başa çatdığını, Qazaxıstanın həyatında bütün sahələrdə, həm siyasi sistemdə, həm ictimai həyatda böyük dəyişikliklər olacağını bəyan etməyə tələsiblər. Amma, gəlin, televiziya vasitəsilə xalqa müraciət edən çaxnaşma təqsirkarının özünü dinləyək ("Əziz qazaxıstanlılar, həmvətənlərim, silahdaşlarım, "Нұр Отан" partiyasının üzvləri!").

Əvvəlcə nailiyyətlər haqqında:

"Bizim üç hissədən ibarət olan vəzifəmiz bazar iqtisadiyyatının qurulması, totalitar ideoloji sistemin ləğvi və cəmiyyətin bütün institutlarının müasirləşdirilməsi idi. Nəticədə iqtisadiyyatın həcmini 15 dəfə, əhalinin gəlirlərini isə 9 dəfə (dollarla ifadədə) artırmağa müvəffəq olduq, bu da yoxsulluq səviyyəsini 10 dəfəyə qədər azaltmağa imkan verib.

Qazaxıstan aqrar iqtisadiyyatdan sənaye-xidmət iqtisadiyyatına keçdi. Ölkənin sənayeləşdirilməsi və urbanizasiyası prosesi gedir. Xammal sektoruna aparıcı dünya investorları gəlib. Bu, neft-qaz sektorunda ən mürəkkəb layihələri həyata keçirməyə imkan verib. Xammal resursları hesabına Qazaxıstanın gələcək nəsilləri üçün fond formalaşdırılıb. Qazaxıstan qlobal iqtisadiyyatın bir hissəsinə çevrilib, investisiyalar cəlb edir və demək olar ki, dünyanın bütün ölkələri ilə ticarət həyata keçirir.

Ölkənin yeni infrastruktur karkası qurulub. Ölkənin bütün regionları avtomobil, dəmir yolu yolları ilə bir-birinə bağlanıb. Aviasiya marşrutları isə bizə dünyanın yeni guşələrini kəşf etmək imkanı verir. Qazaxıstan təkcə ərazisinə görə böyük dövlətə çevrilməyib. Bu gün bizim sayımız artıq 18 milyon nəfərdən çoxdur. 20 milyonluq hədd uzaq deyil. Biz dünyanın inkişaf etmiş 50 ölkəsi arasına daxil olduq. 2050-ci ilə qədər inkişaf proqramı işlənib hazırlanıb. Məqsəd dünyanın ən çox inkişaf etmiş 30 ölkəsi arasına daxil olmaqdır.

Ölkə tarixində ilk dəfə olaraq biz yeni paytaxt saldıq. Astana bütün nailiyyətlərimizin və qələbələrimizin nəzərəçarpan təcəssümüdür".

Daha sonra öz namizədi haqqında:

"Qazaxıstanda hakimiyyətin ardıcıllıq yolu ilə keçməsi məsələsi konstitusiyada həllini tapıb. Fəaliyyətdə olan Prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə seçki dövrü başa çatana qədər onun səlahiyyətləri Senat sədrinə keçir. Daha sonra yeni Prezident seçkiləri keçiriləcək. Kasım-Jimart Kemeloviç Tokayev ölkənin xarici siyasətinin formalaşdığı illərdə xarici işlər naziri idi, baş nazir müavini və baş nazir, Senat sədri vəzifələrində işləyib. Ölkəyə, onun iqtisadiyyatına, siyasətinə bələddir. BMT Baş Katibinin müavini vəzifəsinə namizəd olub və bu vəzifədə işləyib".

Ekspertlər hesab edirlər ki, Tokayev (1953 təvəllüdlü) beynəlxalq aləmdə müəyyən nüfuza malik, ölkə iqtisadiyyatını yaxşı bilən liberaldır. Həmçinin, qeyd edirlər ki, Tokayev çox dərrakəli insandır, bəlkə də, Qazaxıstanda ən dərrakəli, ləyaqətli və ağıllı siyasətçidir.

Daha sonra cəmiyyətə bir qədər təsəlli:

"Qanunlarımıza əsasən mənə Birinci Prezident - Елбасы (Millətin lideri) statusu verilib. Ciddi səlahiyyətlər verilmiş Təhlükəsizlik Şurasının sədri olaraq qalıram. "Нұр Отан" partiyasının sədri, Konstitusiya Şurasının üzvü olaraq qalıram. Yəni, sizinlə qalıram. Ölkənin və xalqın qayğıları mənim qayğılarım olaraq qalır".

Nəhayət, zəruri xeyir-dualar:

"Gənc nəslə müraciət edirəm - müstəqil Qazaxıstanı - bizim ortaq Vətənimizi qoruyun. Xalqımızın dostluğunu və birliyini, qarşılıqlı etimadı və mədəniyyətə, ölkənin hər bir vətəndaşının ənənələrinə hörməti qoruyun. Gələcəyin qazaxıstanlıları təhsilli, üç dildə danışan azad insanlar cəmiyyətidir. Onlar dünyanın vətəndaşlarıdır. Onlar səyahət edirlər, yeni biliklərə açıqdırlar, əməksevərdirlər. Onlar vətənpərvərdilər. Gələcəyin Qazaxıstanı Ümumi Əmək Cəmiyyətidir, güclü iqtisadiyyatı olan bir dövlətdir, burada hər şey insan üçün edilir. Ən yaxşı təhsil, ən yaxşı səhiyyə buradadır. Burada sülh və sakitlik hökm sürür. Vətəndaşlar azad və bərabər, hakimiyyət isə ədalətlidir. Qanunun aliliyinə riayət olunur. Biz güclü olsaq, bizim fikrimizi nəzərə alarlar. Möcüzəyə ümid edib başqalarına arxalansaq, əldə etdiklərimizi itirərik".

Kifayət qədər diqqətli olmayan oxucu belə hiss edər ki, prezident hakimiyyəti tamamilə öz əlində saxlayaraq, ölkənin iqtisadi inkişafına görə bütün məsuliyyəti çiyinlərindən atır, eyni zamanda öz-özünə verməsi münasib olmayan adları və mükafatları ("Алтын Жулдыз" ("Qızıl Ulduz"), "Алтын Кыран" ("Qızıl Qartal") ordeni verilməklə, "Халық Қаһарманы" ("Xalq Qəhrəmanı") adı, "Қазақстанның Еңбек Ері" ("Qazaxıstanın Əmək Qəhrəmanı" adı, fəxri senator vəzifəsinə təyin edilmə, bütün vilayət şəhərlərinin mərkəzi küçələrinin Nazarbayevin adı ilə adlandırılması, Astanada prezidentin xatirəsinə abidə ucaldılması, şəhərin adının "Nursultan" olaraq dəyişdirilməsi) alır. Və bütün bunlar Qazaxıtanın yeni prezidentinin - Tokayevin ilk fərmanında yer alır.

Nazarbayevin şübhəsiz xidmətlərini də qeyd etmək lazımdır: Qazaxıstan MDB-də dəqiq sərhədləri olan yeganə dövlətdir, bu, gələcəkdə xarici iradların və münaqişə səbəblərinin qarşısının alınması deməkdir.

Nazarbayev, ölkə siyasətində və iqtisadiyyatında bütün yanlışlara baxmayaraq, həqiqətən də, Qazaxıstanın memarıdır. O, beynəlxalq aləmdə Qazaxıstanın nüfuzunu artırdı, bütün hegemon ölkələrlə dostluq münasibətləri qurdu. Amma ölkə sistem böhranı ilə üzləşdi, buna görə də uzunmüddətli iqtisadi və siyasi islahatlara ehtiyac yarandı. Belə ki, 2017-ci ildə qəbul edilmiş Konstitusiya düzəlişlərinə əsasən, səlahiyyətlər prezidentdən hökumətin xeyrinə olmaqla yenidən bölüşdürüldü. Konstitusiyaya bu yaxınlarda edilmiş dəyişikliklər Qazaxıstanın Təhlükəsizlik Şurasına hakimiyyətin hər üç qolunun səlahiyyətlərini aşan səlahiyyətlər verib. Hələ o vaxt analitiklər artıq hesab edirdilər ki, hazırki prezident Təhlükəsizlik Şurasının ömürlük sədri qoltuğuna əyləşərək, prezident səlahiyyətlərini lazımi şəxsə ötürə və təkbaşına ölkəni idarə etməyi davam etdirə bilər.

Odur ki, Nazarbayevin ciddi xəstəliyi haqqında məlumatlar doğru ola bilər, amma istefanın əsl səbəbi deyil. Xatırladaq ki, Nazarbayev dəfələrlə Konstitusiyaya dəyişikliklər edərək, onun şəxsi hakimiyyətini möhkəmləndirən düzəlişlər edib. Faktiki olaraq Nazarbayevi Konstitusiyadan üstün vəziyyətə gətirən Birinci Prezident haqqında qanun ən əlamətdar düzəliş oldu. Bu qanuna əsasən, o, vətənə xəyanətə görə məsuliyyətdən başqa, istənilən cinayət məsuliyyətindən azad edilib, qeyri-məhdud sayda dövlət başçısı vəzifəsinə namizədlik irəli sürə bilər.

Varis problemi üzərində də dayanmaq lazımdır, Nazarbayev bu vəzifədə öz yaxın qohumlarını görürdü, amma onların namizədliyini irəli sürə bilmədi. Onun böyük qızı Dariqa Nazarbayevanın namizədliyini irəli sürmək istədiyi hesab olunur, Moskva isə daha loyal olan Tokayevə üstünlük verdi. Amma yeni prezidentin ilk fərmanları arasında D.Nazarbayevanın Senat sədri vəzifəsinə - Qazaxıstan prezidenti vəzifəsini tutmaq üçün birbaşa pilləyə təyin edilməsi də var.

Beləliklə, N.Nazarbayev gələcək Qazaxıstanın arxitekturasını da qurmağa başlayıb. Onun layihəsinin hazırlanmasında Nazarbayev hələ də mərkəzi, bəlkə də mütləq rol oynayır. Bəzi analitiklər belə bir fikir irəli sürürlər ki, N.Nazarbayev son siyasi addımları olaraq az qala İran hakimiyyət modelini təqlid edən sistem qurur - dünyəvi prezident və daha çox nüfuza və daha böyük imkanlara malik olan dini lider. Bu fikrin həqiqətə çox da uyğun olmadığını düşünürəm, belə ki, Nazarbayevi bir çox günahlarda ittiham etmək olar, amma siyasi plagiatdan başqa. Bu, onun öz sistemidir, o, bu sistemi keçid dövrü üçün düşünüb, bu dövr ərzində isə gələcək varisi haqqında həqiqətən düşünməli olacaq. Hələlik isə, bu fikirlər şəxsi hakimiyyətinin möhkəmləndirilməsi innovasiyalarının qayğısına qalan keçmiş prezidentin, çətin ki, ağlına gəlsin.

Hələ ötən il ən yaxın gələcəkdə, bəlkə də fevralın 28-də parlamentin hər iki palatasının sessiyası və Novruz arasında, əhalinin uzunmüddətli istirahətə ayrıldığı vaxtda Nazarbayevin prezident səlahiyyətlərini üzərindən atacağını, amma Təhlükəsizlik Şurasının rəhbərliyini əlində saxlayacağını iddia edən analitiklər qələbə çalır. Amma, ehtimal etmək olar ki, bu uzaqgörən təxmin yürüdənlər Nazarbayevin düşündüyü partiyanın mahiyyətini tamamilə anlamırlar. Onlar unudurlar ki, bu miqyasdakı siyasi liderlər, qohumlarına olan sevgilərinə bağmayaraq, öz fikirlərini və planlarını ictimaiyyətdən uzaq tutmaq əminliyi yaradan tənhalığa məhkumdurlar.

Qazaxıstanın ilk prezdeti səl endşpilə keçənə qədər dünya hələ Nazarbayev mittelşpilinin ağlasığmaz gedişlərindən heyrətə düşməyə davam edəcək. Yeri gəlmişkən, kim bilir, bəlkə də partiyanın sonu onsuz oynanacaq. İstənilən halda, onun Türkmənistanlı və Özbəkistanlı həmkarlarının vəziyyəti belə olmuşdu.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti