Lieutenant Ramil Safarov during the announcement of the verdict in Hungary, April 2006
Avropa Məhkəməsinin R.Səfərlinin işi ilə bağlı qərarına Bakı və Yerevanın fərqli şərhləri
Çərşənbə axşamı Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanlı zabit Ramil Səfərovun erməni hərbi qulluqçu Qurgen Marqaryanı qətlə yetirməsi haqqında işdə Azərbaycanın əməllərinin insan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iki maddəsini pozduğunu müəyyən edib. Azərbaycanın Konvensiyanın yaşamaq hüququ və ayrı-seçkiliyin qadağan edilməsi haqqında 2-ci və 14-cü maddələrini pozduğu müəyyən edilib. Məhkəmə həmçinin Səfərovun cinayətinin Azərbaycan tərəfin "təqdirini və dəstəyini" aldığını vurğulayıb.
Eyni zamanda, AİHM Səfərovun cinayətinə görə Azərbaycanı məsuliyyətli hesab etməkdən imtina edib. Pozuntu məhz Səfərovun Bakıya ekstradisiyasından sonrakı əvfi ilə bağlıdır - bu, qətlə görə cəzanın "əsassız olaraq icra olunmamasıdır". Məhkəmə qətli etnik əlamətə görə ədavət zəminində törədilmiş əməl kimi səciyyələndirib, deyə BBC qeyd edir.
Azərbaycan iddiaçıların - Marqaryanın və onun xidmət yoldaşı Ayk Mukaçyanın qohumlarının 15 min funt məbləğində məhkəmə xərclərini ödəməlidir. İddiaçılar özləri üçün heç bir maliyyə təzminatı tələb etməyiblər.
İşdə ikinci cavabdeh Macarıstan idi, bu ölkənin hakimiyyəti Səfərovu Bakıya ekstradisiya etmişdi, amma AİHM rəsmi Budapeştin əməllərində pozuntu görməyib.
Hər iki xalq üçün həddindən artıq ağrılı olan cinayətlə bağlı bu qərar Bakıda və Yerevanda müxtəlif şəkildə qiymətləndirilir. Ermənistan və Azərbaycan zabitləri Qurgen Marqaryan və Ramil Səfərov 2004-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Macarıstanda hərbi təhsil alırdılar. Səfərov gecə yatan Marqaryanı balta ilə öldürüb. Buna görə Macarıstan məhkəməsi onu ömürlük həbsə məhkum edib. Səfərov öz əməlini Ermənistan-Azərbaycan münaqişəsi və Marqaryanla şəxsi münaqişəsi ilə izah edib.
Səfərov həbsdə səkkiz il keçirib, amma 2012-ci ildə Macarıstan baş naziri Viktor Orbanın Bakıya səfərindən sonra Səfərov Azərbaycana təhvil verilib. Zabit Azərbaycana gətirildikdən dərhal sonra prezident İlham Əliyev tərəfindən əvf olunub, dövlətdən mənzil, vəzifədə yüksəlmə və həbsdə olduğu illər üçün əmək haqqı alıb.
AİHM-nin Ramil Səfərovun işi üzrə qərarı Azərbaycanın üzərinə hər hansı beynəlxalq-hüquqi öhdəlik qoymur, deyə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Trend-ə bildirib.
Əsgərov xatırladıb ki, Budapeştdə həmin hadisələrin iştirakçısı olan zabitlərin qohumları Avropa Məhkəməsinə Azərbaycana və Macarıstana qarşı şikayət veriblər: "Azərbaycan və Macarıstan hökumətləri bu prosesdə cavabdeh kimi iştirak edib. Mahiyyətcə, Avropa məhkəməsi presedent hüququ əsasında qərar çıxarıb. Amma qərara Ermənistan tərəfin verdiyi şərhlə qətiyyən razı deyiləm. Bu, yaşamaq hüququnun maddi aspektinin pozulması məsələsinə aiddir".
O, həmçinin qeyd edib ki, Avropa Məhkəməsinin qərarlarını qiymətləndirmək üçün AİHM-də Portuqaliyanı təmsil edən hakim Pintu de Albukerkenin xüsusi rəyinə diqqət yetirmək lazımdır: "Onun xüsusi rəyinə baxsaq, Ermənistan tərəfin Avropa Məhkəməsinin qərarından nə istədiyini görmək olar. Ermənistan tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq-hüquqi məsuliyyətinin tanınmasına nail olmaq istəyirdi. İşdə ikinci cavabdeh Macarıstan idi, bu ölkənin hakimiyyəti Səfərovu Bakıya təhvil vermişdi, amma AİHM rəsmi Budapeştin əməllərində pozuntu görməyib. Başqa sözlə, Ramil Səfərov Macarıstan hökuməti tərəfindən Azərbaycana qanuni əsaslarla təhvil verilib və Azərbaycan faktiki olaraq Konvensiyanın müddəasına uyğun olaraq onu qəbul edib. Avropa Məhkəməsinin qərarında nəzərə alınmalı olan əsas məqam budur. Amma ən maraqlısı Portuqaliyalı hakimin xüsusi rəyinin sonundadır. O hesab edir ki, qurbanlar üçün ədalət bərpa ediləcək və iş Avropa Məhkəməsinin Böyük Palatasına göndəriləcək, məhkəmə də Konvensiyanın bütün "istənilən" pozuntularını müəyyən edəcək. Yəni hakimin bu xüsusi rəyini qərəzsiz adlandırmaq olmaz".
Azərbaycanın səlahiyyətli nümayəndəsi hazırda Azərbaycan hökumətinin atacağı addımlar haqqında danışmağın tez olduğunu əlavə edib: "Qərar hələ bu gün (26.05.2020 - red.) dərc edilib və Azərbaycanın işin Avropa Məhkəməsinin Böyük Palatasına göndərilməsi məsələsinə baxmaq üçün 3 ayı var. Və mən qeyd etmək istəyirəm ki, bu qərar ümumi xarakterli tədbirlər nöqteyi-nəzərdən Azərbaycan tərəfin üzərinə heç bir öhdəlik qoymur. Yalnız Azərbaycan hökumətinin ərizəçilərin məhkəmə xərclərini, yəni vəkillərinin zəhmət haqqını ödəməsindən ibarət olan fərdi tədbirlər var. Qərarda heç bir təzminat, o cümlədən maddi və ya mənəvi ziyan müəyyən edilməyib. Buna görə hazırda Avropa Məhkəməsində qərardan şikayət üzrə hər hansı addımların atılıb-atılmayacağını demək çətindir".
Əsgərovun fikrincə, "gələcəkdə, əlbəttə ki, Ermənistan tərəfi Avropanın siyasi qurumlarında bundan Azərbaycana qarşı nə cürsə istifadə etmək üçün bu qərarı təbliğ edəcək. Amma, bir daha qeyd etmək istəyirəm ki, istənilən halda, bu qərar Azərbaycanın üzərinə hər hansı beynəlxalq-hüquqi öhdəlik qoymur".
"İddianın siyasi zəminli olduğu tamamilə açıqdır. İddianın xarakterindən göründüyü qədər, Ermənistan tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq-hüquqi məsuliyyətinin tanınmasına nail olmaq istəyirdi. Söhbət Ermənistan tərəfin Azərbaycana qaşrı gəcələk mümkün addımlarında istifadə edə biləcəyi məhkəmə-hüquq presedenti yaradılmasından gedir", Azərbaycanlı politoloq İlqar Vəlizadə belə hesab edir.
AİHM-nin Ramil Səfərovun işi üzrə qərarı mahiyyətcə Ermənistan tərəfi bu istiqamətdə addımlar üçün bütün perspektivlərdən məhrum edib, deyə Vəlizadə bildirib.
Ermənistanda AİHM-nin qərarı fərqli şərh olunur. Vəkil Siranuş Saakyan bu qərar haqqında mətbuat konfransında danışıb. Onun sözlərinə görə, siyasi və diplomatik platformalarda nə qədər tənqidi bəyanatlar səslənsə də, qatil hələ də cəzalandırılmayıb.
"Məhz bu həlledici mərhələdə biz Azərbaycanın məsuliyyətinin beynəlxalq məhkəmə instansiyalarında müzakirəsi prosesini başlatdıq. Macarıstan məhkəmələri Səfərovun əməllərini Azərbaycan dövləti ilə əlaqələndirmirdilər və hadisə xüsusi olaraq qalırdı. Yəni Qurgen Marqaryan və Ayk Makuçyanın şəxsində erməni qurbanımız və cəzalandırılmış qatilimiz var və yalnız cəzanın çəkilməsi ilə bağlı suallar yaranır", deyə o bildirib.
"Bu iş üzrə biz məsələnin müstəvisini dəyişdirmişik və hazırda Azərbaycanın siyasətinə görə məsuliyyət və insan hüquqları epizodu var. Bu hökmün ilk nailiyyəti cəzasızlığa görə dövlətin məsuliyyətə cəlb edilməsi və bütün gələcək tədbirlərin qatilə deyil, dövlətə - Azərbaycana ünvanlanacaq olmasıdır", deyə o qeyd edib.
Onun sözlərinə görə, bu Beynəlxalq Məhkəmənin anti-erməni ayrı-seçkiliyi təzahürünü, Azərbaycan dövləti tərəfindən ədavəti göstərən ilk qərarıdır və bu qərarın hüquqi nəticələri Azərbaycanın zamanla anti-erməni ayrı-seçkiliyinin aradan qaldırılmasını təmin etməli olmasından ibarət olmalıdır.
"Hökm yaşamaq hüququnun pozulduğunu müəyyən etdiyinə görə onun ardınca qatilin hökmü faktiki icra etməsini təmin edəcək tədbirlər gəlməlidir. Əslində bu iş ailədən daha çox dövlət üçün əhəmiyyətlidir".
Rəsmi Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayevanın adından mövqeyini ifadə edib. AİHM-in 2015-ci il Çıqarovlar Ermənistana qarşı işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı tələblər irəli sürməyə heç bir mənəvi haqqı yoxdur, deyə o bildirib.
Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır. "Avropa Məhkəməsini rəylərinə gəlincə, demək olar ki, məhkəmə faktiki olaraq Ermənistanın əsas niyyətini təmin etməyib. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib", deyə Azərbaycan XİN-in rəsmi nümayəndəsi bildirib.
O, həmçinin Avropa Məhkəməsinin qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan Hökuməti tərəfindən pozulmadığını müəyyən etməsinə diqqət çəkib. Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.
Eyni zamanda, qərarda Azərbaycan Silahlı qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğu, yaxın qohumlarını müharibədə itirdiyi, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığı nəzərə alınmalı idi.
Səfərovun təhvil verilməsindən sonra dərhal azad edilməsinə gəlincə, əvf təcrübəsi dünyada yayılıb və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət başçısının buna hüququ var.
Abdullayeva qeyd edib ki, xalqlar arasında düşmənçiliyə son qoymağın yeganə yolu münaqişənin nəticələrini aradan qaldırmaq, yəni işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarından çıxarmaq və bu ərazilərdən köçürülmüş yüz minlərlə insanın əsas hüquqlarını təmin etməkdir. Ramil Səfərov da bu siyasətin qurbanı olub.
O, AİHM-nin Laçın rayonundan 6 məcburi köçkünün ərizəsi əsasında 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qərarını xatırladıb. AİHM ərizəçilərin mülkiyyət hüquqlarının, şəxsi həyata və ailə həyatına hörmət hüququnun, səmərəli hüquqi müdafiə hüququnun pozulduğunu müəyyən edib. Strasburq məhkəməsi buna görə Ermənistanın məsuliyyət daşıdığını bildirib və ölkənin üstünə qurbanlara təzminat ödəmək öhdəliyi qoyub. Azərbaycan XİN hesab edir ki, ölkəmizdən hansısa istəklərinin təmin edilməsini tələb etməzdən əvvəl Ermənistan Avropa Məhkəməsinin Çıraqovun işi üzrə qərarını yerinə yetirməlidir.
Kamal Əli
Rəy yaz