Əfqan Sadıqov. Açiq mənbələrdən foto.
Həbsxanada 213 gündür aclıq edən jurnalistin səhhəti kəskin ağırlaşıb
Bakı/04.06.21/Turan: Həbsxanada 213 gündür aclıq edən Azel TV xəbər portalının baş redaktoru Əfqan Sadıqovun vəziyyəti iyunun 3-də kəskin ağırlaşıb. Həkimlər yenidən müayinə edib. Ağ ciyərində böyük bir ləkə müəyyən edilib. Həkim Əfqanın həyatının təhlükədə olduğunu deyib.
Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova onunla bu gün telefon danışığından sonra Amerikanın Səsinə müsahibəsində bildirib. Sadıqovanın sözlərinə görə, jurnalist noyabrın 4-dən qidadan imtina edib.
“ O süni yolla qidalandırılır, bədəninə güclü sistem köçürülməklə yaşadırlar. Əfqan aclığı dayandırmır, deyir ki, sona qədər, yəni ədalət bərpa olunandək aclığı davam etdirəcək.” Həyat yoldaşı bildirir ki, jurnalist aclıq etdiyi dövrdə 45 kiloqram çəki itirib.
“Artıq əlil arabasından qalxa bilmir. İmmuniteti çox aşağıdır. Qanından şəkər çıxıb. Böyrəklərində problem var. Oynaqlarında problem var. Ümumən vəziyyəti çox pisdir. O, ölür. Amma, həyatını xilas etmək üçün heç bir addım atılmır. Bu ağır durumunda ona heç bir köməklik göstərmirlər," o bildirib. Sadıqova deyib ki, Əfqan Sadıqov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
“Ancaq, üç aydan çox vaxt keçib hələ də kassasiya şikayətinə baxış təyin edilməyib. Əfqana qarşı bir qərəz var. Ali Məhkəmədə də Əfqana qarşı ədalətin bərpa ediləcəyinə inanmıram. Çünki, onunla eyni ittiham verilən digər journalist azadlıqda gəzir, Əfqanı həbsdə saxlayırlar. Heç olmasa ədaləti bərpa edib Əfqanı ölümdən xilas etsinlər,” o qeyd edib.
Öz növbəsində, Ali Məhkəmədən Amerikanın Səsinə bildiriblər ki, Əfqan Sadıqovun kassasiya şikayətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq. Lakin, məhkəmə baxışının vaxtı hələ təyin edilməyib. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinə deyib ki, Əfqan Sadıqovun vəziyyəti stabildir.
“Əfqan Sadıqovla bağlı ciddi narahatlıq yoxdur. Həkim nəzarətindədir. Aclıq etdiyinə görə mütəmadi olaraq koronavirusla bağlı yaxma götürülür, nəticələri neqativdir. Analizlərinin laborator nəticələrində də elə bir ciddi dəyişiklik yoxdur,” Qurbanov Amerikanın Səsinə deyib.
Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il noyabrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 198 gündür aclığı davam etdirir.
2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.-03b-
Cəmiyyət
-
Son zamanlar Azərbaycanda plastik əməliyyatları həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı məlumatlara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Həmin məlumatlarda iddia edilir ki, saxta həkim diplomları ilə fəaliyyət göstərən bəzi şəxslər müxtəlif klinikalarda çalışır.
-
Elon Mask, texnologiya milyarderi və X (əvvəlki adıyla Twitter) platformasının sahibi, dövlət rəsmilərinin mental hazırlığı ilə bağlı debatları yenidən gündəmə gətirərək vəzifə sahibləri üçün zəka testlərinin keçirilməsini təklif edib. Musk-ın bu təklifi, 81 yaşlı ABŞ konqresmeni Key Qrencerin küçədə azaraq sonradan demensiya xəstələri üçün nəzərdə tutulmuş qocalar evinə yerləşdirilməsindən sonra irəli sürülüb.
-
Dekabrın 22-də "Keşlə bazar"ında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanmasına etiraz ediblər.
-
Dekabrın 24-də paytaxtda yağıntı gözlənilmir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək.
Rəy yaz