Ölkədə sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatındakı durum, intiharların səbəbləri bugünkü medianın (18 avqust, 2017-ci il) aparıcı mövzularındandır.
Sahibkarlığın inkişaf strategiyası
"Azərbaycan" qəzeti "Güclü özəl sektor sosial-iqtisadi inkişafın təminatçısıdır" sərlövhəli məqalədə (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=128342) ölkədə sahibkarlığa yaradılan imkanları dəyərləndirir.
Müəllif deyir ki, ölkədə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, qanunvericilik təkmilləşir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.
Yazı müəllifi vurğulayır ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edildiyi üçün bu sektorun inkişafında aparıcı qüvvə olaraq sahibkarlığa geniş meydan verilib: "Sahibkarların qanuni fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, vergi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi özəl sektorun inkişafına stimul verdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun isə sahibkarlığın inkişafı üçün atılan növbəti addım kimi qiymətləndirildi".
Müəllif bildirir ki, sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz qəti mövqeyini ortaya qoyub, sahibkarlara dövlət səviyyəsində daim diqqət göstərilir, güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, sahibkarlığı stimullaşdıran dövlət proqramlarının uğurlu icrası ölkədə sahibkarlığın inkişafına münbit şərait yaradır: "Təsadüfi deyil ki, sahibkarlara son 6 ayda 63 milyon manat, bu günədək isə ümumilikdə 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib. Bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri açılıb".
Müəllif bu deyilənlərin gerçək olmasını prezident İlham Əliyevdən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından sitatla qüvvətləndirir: "Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər".
Yazı müəllifi məqalədə qeyri-neft sahəsində özəl sahənin fəaliyyətinə dair statistik rəqəmləri xatırlatmaqla əldə edilən uğurların qazanıldığını vurğulayır və deyir ki, növbəti mərhələdə ixracın coğrafiyasını genişləndirmək prioritet məsələdir.
Müəllif deyir ki, prezident İlham Əliyevin "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq həyata keçirilən kompleks və ardıcıl tədbirlər, dövlət dəstəyi, vergi güzəştlərinin tətbiqi və s. səmərəli nəticəsini verir.
Ölkədə sənaye və texnologiyalar parklarının, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilir.
Geriləmə olmaya bilər, bir şərtlə ki...
"Exo" qəzetində "Azərbaycan iqtisadiyyatı "dib"ə dəyib, daha nə gözləyək?" (http://ru.echo.az/?p=618910) sərlövhəli məqalə diqqəti cəlb edir.
"Hazırda hamını belə bir sual narahat edir ki, Azərbaycan iqtisadiyyatı bundan sonra necə olacaq, bərpa oluna biləcəkmi? Azərbaycan iqtisadiyyatında geriləməyə 2018-ci ildən son verilə bilər, ancaq o halda ki, bir daha səhvə yol verilməsin. Sabit artım trayektoriyasına çıxış ancaq müstəsna dərəcədə neft sektorunun hesabına baş verə bilər". Bunu ekspert Natiq Cəfərli qəzetə şərh edir.
Müəllif rəsmi statistikaya istinadən bu ilin yanvar-iyulunda ümumi daxili məhsulun (ÜDM) 1% azaldığını, bu il ÜDM-in artımında qeyri-neft sahəsinin 2,2% təşkil etdiyini, habelə ÜDM-in formalaşmasında hansı sahənin hansı rol oynadığı vurğulanır.
N.Cəfərli deyir ki, ölkə iqtisadiyyatı "dib"ə hələ keçən il dəyib və bunu onunla əsaslandırır ki, 2016-cı ilin nəticələrinə görə, ÜDM-in 3,8% azalması ilə izah edir: "Buna səbəb isə əhalinin iqtisadi aktivlyinin azalması, real işsizliyin artması idi. Ölkə iqtisadiyyatının cari durumu birmənalı olaraq geriləmənin davam etməsilə müşayiət olunur, amma bu, onun kəskin mərhələsi deyil".
Ekspertə görə, hələlik sevindirici olan neftin qiymətinin bir qədər qalxmasıdır, belə ki, 2016-cı ilin nəticələrinə görə, Azərbaycan nefti 42 dollar həcmində olub, bu il isə bu 55 dollar civarına yüksəlib.
N.Cəfərli məhz bu faktın iqtisadiyyatın kiçilməsinin qarşısını aldığını desə də digər tərəfdən, bunun özünü də yaxşı simptom hesab etmir: "Bu, onunla izah edilir ki, bir tərəfdən, digər sahələrdə dönüş yaranmır, ikincisi isə neftin qiymətinin ilin sonuna kimi 54-55 dollar həmində qalacağına zəmanət yoxdur".
Ekspert deyir ki, ÜDM-in 1% azalması o qədər də böyük görünməyə bilər, bu, iqtisadiyyata mənfi təsir edir.
Həm də N.Cəfərli hesab edir ki, 2017-ci ildə ÜDM-da artım olmayacaq, artım ancaq 2018-ci ildə ÜDM-dəki azalma dayana bilər və bu da o şərtlə ki, hökumətin islahatları gözlənilən səmərəni versin.
Ekspertə görə, ölkə iqtisadiyyatının inkişafı bir də investisiya qoyulmasından asılıdır, indiki investisiya göstəricilərilə iqtisadiyyat inkişaf edə bilməz, bu, xarici amillərdən neftin, qazın ərzağın qiymətindən asılı olacaq: "Hazırda isə ölkə iqtisadiyyatı investisiya böhranı yaşayır, ümid edək ki, gələn ilə durum müsbətə dəyişə biləcək. Amma bu, heç də o demək deyil ki, iqtisadiyyatın azalması dərhal artımla əvəz ediləcək. Səbəb də budur ki, əhalinin iqtisadi aktivliyi çox aşağıdır və bunu həll etmək kifayət qədər çox zaman və tələb edir".
İntihar edənlərin kateqoriyası da müxtəlif, səbəblər də ...
"Novoye Vremya" qəzeti "DİN təmsilçisi Azərbaycanda intiharların səbəblərini izah etməyə səy göstərir" sərlövhəli məqalə oxumaq olar. (http://www.novoye-vremya.com/w102457/.../#.WZXVSVGrTIU).
Müəllif öncə xatırladır ki, Daxili Işlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə sosial şəbəkələrdə intiharların müzakirə olunmasını yolverilməz sayır, iddia edir ki, sosial şəbəkələrdə intiharla bağlı göstərilən statistika rəsmi statistika ilə müqayisədə 6 dəfədən çox şişirdilib: "İntiharların təhlili və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmək halına çatdırma) maddəsilə qaldırlan işlər göstərir ki, intihar edən şəxslərin əksəriyyəti problemli ailələrin üzvləri, ruhi xəstələr, xroniki alkoqolizmdən əziyyət çəkənlər, narkomanlardır".
DİN rəsmisinə cavab verən müəllif O.Mansurzadənin intihar edən bütün şəxsləri narkoman adlandırmasını həddi aşmaq sayır: "O.Mansurzadə intihar hallarında maliyyə problemlərini niyə görməzdən gəlir. İnsanlar var ki düşdükləri vəziyyətdən çıxa bilmir, banklar manatın ikiqat dəyərdən düşməsi və biznesini itirməsi nəticəsində borcu qaytara bilməyən insanlara "təzyiq" göstərirlər, bu isə insan psixikasına mənfi təsirə səbəb olur, bu halın baş verməsinin əsas səbəbi isə sosial durumun pisləşməsidir".
Bundan da irəli gələrək müəllif deyir ki, təkcə psixi xəstələr yox, böhran dövrünün çətinliklərinin öhdəsindən gələ bilməyən normal vətəndaşlar da intihara əl atırlar: "Az qala hər gün ölkədə intihar baş verir. Səhiyyə Nazirliyinin məlumatlarına görə, 2016-cı ildə ölümlə sona yetən 327 intihar baş verib, daha 470 intihara cəhd qeyd alınıb. 2015-ci ildə isə 515 ölümlə sonuclanan intihar halı, 650 intihara cəhd qeydə alınıb. Bu meyl bu il də davam edir".
Müəllif deyir ki, təkcə Bakıda gündəlik 2-3 intihara cəhd baş verir, həyatı itirmək metodu isə müxtəlifdir, burada dərman preparatlarından kimyəvi məhlullara, özünü yandırmağa kimi üsullar var: "İnsanları intihara təhrik edən səbəblər də çoxdur, boşanmadan yaxınlarının vəfatına, işdə münaqişədən sağalmaz xəstəliklərə qədər motivlər özünü göstərir. Son vaxtlar insanlar irihəcmli borclar və ödənilməmiş kreditlər səbəbindən də intihar kimi ifrat addım atırlar.
Yazı müəllifi Şabran rayonunda ölkədə qeyd edilən Polis günündə polis əməkdaşı Vüsal Cəbiyevin intihar etdiyini yada salır: "İntiharın səbəbinə gəlincə, ilkin mülahizələrə görə, V.Cəbiyev toplanmış borclara görə intihar edib.
Müəllif deyir ki, O.Mansurzadənin məntiqindən yanaşılsa onun həmkarı da narkomandır.
Yazı müəllifi ölkənin gələcəyi olan gənclər arasında da intiharın artdığını deyərək bunu qorxulu hal adlandırır, məsələni sistemli və kompleks həll etməyin lazım gəldiyini bildirir.
Rəy yaz