Sosial sahə ilə bağlı son rəsmi sərəncamların dəyərləndirilməsi, gözlənilən maaş, minimum əmək haqqı və əmək pensiyası artımlarının inflyasiya və devalvasiyaya səbəb ola bilməsi ehtimalı, son kadr təyinatları ətrafında müzakirələr və s. bugünki (22 iyun 2019-cu il) medianın aparıcı mövzularındandır
Ali məqsəd - sosial güvənliyin tam təminatı
"Azərbaycan" qəzeti "Ali məqsəd sosial güvənliyin tam təminatıdır" sərlövhəli məqalədə dövlət başçısının sosial sahə ilə bağlı imzaladığı son rəsmi sənədləri dəyərləndirir.
Müəllif deyir ki, bütün sahələrdə, xüsusən də iqtisadiyyatda nə edilirsə, hamısı insan, onun xoş güzəranı üçündür və bu mənada Azərbaycanı sosial ölkə hesab etmək mümkündür.
Müəllif vurğulayır ki, bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan həmin siyasəti 15 ildən çoxdur Prezident İlham Əliyev ardıcıllıqla davam etdirir.
Yazı müəllifi deyir ki, hələ cari ilin əvvəlində İlham Əliyev bəyan etmişdi ki, 2019-cu il Azərbaycanın yeni tarixinə sosial tədbirlər dövrü kimi düşəcək.
Məqalədə vurğulanır ki, bu il ölkə üzrə minimum əməkhaqqı 180 manat müəyyən edildi ki, bu da 40 faiz artım demək idi, 40 faizlik artım eyni zamanda minimum pensiyanı əhatə etdi, ölkə üzrə minimum pensiyanın məbləği 116 manatdan 160 manata yüksəldildi, artıq həmin sərəncamdan ümumilikdə 576,8 min nəfər yararlanır.
Müəllif deyir ki, ilk sosial paket çərçivəsində büdcədən ayrılan 1,5 milyard manat hesabına 3 milyon nəfərdən çox vətəndaşımızın güzəranı yaxşılaşıb, həmin 3 milyon nəfər isə ölkə əhalisinin, demək olar, bütün təbəqələrini əhatə edir.
"Bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək, Mən bildirmişəm ki, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi qane edə bilməz, ona görə də bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur", deyə müəllif dövlət başçısından sitat gətirir.
Yazı müəllifi iyunun 18-də dövlət başçısının imzaladığı 17 sərəncamla təxminən 2 milyondan çox vətəndaşın sosial güvənliyinin artırıldığını, bu sərəncamlar üçün dövlət büdcəsindən 2 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulduğunu bildirir.
Müəllif deyir ki, bu sərəncamlarla minimum əməkhaqqı cari il ikinci dəfə 40 faiz artırılaraq 250 manata çatdırılıb, bu artım birbaşa 950 minədək adamı əhatə edəcək, bütün bunlar dövlət büdcəsinə hər il 780 milyon manata başa gələcək.
Müəllifin sözlərinə görə, Azərbaycanda sentyabrın 1-dən artırılacaq minimum əməkhaqqının məbləği MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.
Yazının sonunda isə oxuyuruq: "Sonda onu da bildirək ki, bu ilin əvvəlində qəbul olunmuş ilk sosial paket çərçivəsində ölkə əhalisinin güzəranının yaxşılaşdırılmasını təmin edən sərəncamlar qlobal iqtisadiyyatda baş verən meyllərin mənfi təsirini neytrallaşdırmağa yönəlmişdirsə, son sərəncamlar tamam başqa məqsədə - əhalinin gəlirlərinin artmasına və yığım imkanlarının genişlənməsinə xidmət edir".
Monopoliya problemi
"Moderator.az"da isə "Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır" sərlövhəli məqalə oxumaq olar.
Müəllif dövlət başçısı İlham Əliyevin iyunun 18-də imzaladığı minimum əmək haqları və pensiyaların, bəzi oqranların əməkdaşlarının vəzifə maaşlarının arııtlması barədə imzaladığı sərəncamların mahiyyəti, bunun mümkün təsirləri ilə bağlı Məclisin İqtisadi siyasət komitəsinin üzvü, "İqtisadi və Sosial İnnovasiyalar İnstitutu"nun rəhbəri Əli Məsimli ilə dəyərləndirir.
Deputat hesab edir ki, Azərbaycan yeni inkişaf mərhələsinə keçib, buna uyğun olaraq da 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkədə islahatların yeni mərhələsi başlayıb və bu məqsədlə prezident İlham Əliyev genişmiqyaslı Sosial Paket həyata keçirir.
Ə.Məsimli deyir ki, 10 min dollara qədər xarici valyutada olan kreditlərə dair qərarın reallaşdırılması, əmək haqqı, pensiya və digər ödənişlərin mərhələli şəkildə artırılması burada xüsusi yer tutur.
Deputata görə, bunu zəruri edən səbəb əhalinin xeyli hissəsinin sosial durumunun ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə geri qalması, 2015-ci ilin iki devalvasiyasından sonra xeyli insanın sosial vəziyyətinin daha da gərginləşməsi idi.
Ə.Məsimli deyir ki, bu geriliyi və gərginliyi aradan qaldırmaq üçün dövlət başçısı tərəfindən bu ilin əvvəlindən irəli sürülən Yeni Sosial Paket 3 milyondan artıq adamı əhatə edir.
Deputat eyni zamanda minimum əmək haqlarının artırılmasının inflyasiyaya və devalvasiyaya səbəb ola bilməsi təhlükəslini də dəyərləndirərək deyir ki, hazırda Azərbaycanda yüksək inflyasiya üçün ciddi iqtisadi əsas yoxdur.
Bu ilin martından əmək haqqı və digər ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən əvvəl Azərbaycanda rəsmi statistik inflyasiyanın səviyyəsi 1,9 faiz idi, həmin tədbirlərdən sonra ölkədə inflyasiya rəsmi olaraq martda 2,1 faiz, apreldə və mayda isə 2,4 faiz təkil edib, realda isə bu rəqəm bir qədər yüksəkdir.
Deputat hesab edir ki, minimum əmək haqqı ilə bağlı sərəncamın reallşadırılması üçün 2019-cu il sentyabr-dekabr ayları üzrə 245 milyon manat, orta aylıq məbləğ baxımından isə 61 milyon manat əlavə vəsait ayrılacaq, 61 milyon manat əlavə vəsait o qədər kiçik rəqəmdir ki, inflyasiya yarada bilməz.
Amma ölkədə qiymət artımına təsir edən amillər olduğunu deyən deputat əsas problemin monopoliya ilə bağlı olduğunu söyləyir. "Ona görə də aidiyyatı qurumlar monopoliyadan qaynaqlanan süni qiymət artımınının qarşısını almaq üçün təsirli tədbirlər görməlidir ki, artan maaş, pensiya və digər ödənişlər süni qiymət artımı şəklində özünü göstərən inflyasiyanın yeminə çevrilməsin".
Bu artımların manatın devalvasiyasına səbəb ola bilməsilə bağlı deputat bəyan edir ki, manatın taleyi maaş artımından yox, dünya bazarında neftin qiymətindən asılıdır, indiki halda yaxın perspektivdə manatın devalvasiyası üçün ciddi əsas yoxdur.
Deputata görə, neftin qiyməti uzün müddətə 30-40 dollara düşsə, o zaman manata təzyiq artar, devalvasiya təhlükəsi yaranar, hazırki şəraitdə, indiki maliyyə imkanları, yaxın perspektivdə belə bir təhlükə görünmür.
Əhalini ən çox narazı salan sahə
"Yeni Sabah.az"da isə "Varislik müəyyən dərəcədə qorunacaqdı-son təyinatlara münasibət" sərlövəhli məqalə diqqət çəkir.
Müəllif hüquq-mühafizə orqanlarındakı son dəyişiklikləri deputat Fazil Mustafa ilə müzakirə edir.
Deputat Daxili İşlər Nazirliyinə, Müdafiə Sənayesi Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəhbər kadrların gətirilməsini gözlənilən məsələ və yerində olan addım kimi dəyərləndirir.
F.Mustafa keçmiş daxili işlər naziri Ramil Usubovun Dövlət Təhükəsizlik Şurasına katib, Vilayət Evvazovun daxili işlər naziri, Mədət Quliyevin Müdafiə Sənayesi naziri, Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin olunmasını müsbət qiymətləndirir.
Bu addımın məmur yerdəyişməsi, yoxsa kadr islahatı olmasına gəlincə, F.Mustafa hesab edir ki, burada söhbət təkcə yerdəyişmədən getmir, bunu kadr islahatı adlandırmaq olar.
Çünki bu sahələrdə müəyyən dərəcədə çalışmış insanlar da olsa, varislik müəyyən dərəcədə qorunmalı idi, amma yeni fərqli keyfiyyətlərin bu qurumlara gətirilməsi gözlənilir: "Bu baxımdan da bir nəfərin yerini dəyişsəydilər buna yerdəyişmə demək olardı, amma bir neçə yerdeyişmə varsa, əsas verir ki, bu addıma kadr islahatı deyək", deputat təyinatları belə dəyərləndirib.
Azərbaycanda məhkəmə sistemində kadr islahatlarının ləngiməsilə bağlı deputat deyir ki, ölkədə islahatlar dərinə gedir və çox güman ki, o sahədə də dəyişikliklər olacaq və ən zəruri sahələrdən də biri məhkəmə sistemidir.
"Amma ilk növbətə ictimai təhlükəsiziliklə bağlı məsələlər həll olunmalıdır ki, digər sahələrdə kadr islahatlarının əngəllənməsi halları ortaya çıxmasın. Ona görə ilk bu addım atıldı", deputat məhkəmə-hüquq sistemində ləngimələrin səbəbini izah edir.
F.Mustafa hesab edir ki, bundan sonra məhkəmə-hüquq sistemində ciddi dəyişikliklər olacaq, çünki əhalini ən çox narazı salan problemlər bu sistemlə bağlıdır: "Burada da mütləq kadr dəyişikliyinə ehtiyac var. Bu sahədə çalışan bəzi insanların ucabatından dövlətimizin öz imicinə böyük zərbə dəyir. Ona görə də bu dəyişikliklər olmalıdır", - deyə F.Mustafa bildirib.
Rəy yaz