Azərbaycan-Türkmənistan münasibətləri, problemli kreditlərin həllinə baxış, ölkədə uşaq doğumlarının azalması, mağazalarda endirimlərin real olub-olmaması ilə bağlı müzakirələr və s. məsələlər bugünki (23 noyabr, 2018-ci il) medianın aparıcı mövzularındandır...
Bu, yeni mərhələdir - Prezidentin Türkmənistan şəfərinə şərh
"Azərbaycan" qəzeti "Ekspert: Prezidentin Türkmənistana səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir" sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin noyabrın 22-də başa çatmış Türkmənsitan səfərini ekspert Vüqar Bayramovla dəyərləndirir.
"Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur", V.Bayramov nəticələri qəzetə belə şərh edir.
Ekspert vurğulayır ki, son illər Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur, əgər 2014-cü ildə dövriyyə 51 milyon dollar idisə, son 4 ildə bu rəqəm 3 dəfədən çox artaraq, 2017-ci ildə 164 milyon dollardan yuxarı yüksəlib: "Ticarət dövriyyəsinin artması ondan xəbər verir ki, son illər iki ölkənin münasibətlərində, ticarət və iqtisadi əlaqələrin inkişafında irəliləyişlər müşahidə olunur".
V.Bayramov hesab edir ki, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması Xəzərin statusunun müəyyən olunması ilə də bağlıdır.
Ekspert vurğulayır ki, hər iki ölkə Xəzəryanı ölkədir, Türkmənistan və Azərbaycan arasında işlənməli yataqlar var və bu yataqların işlənməsi məsələsi uzun müddətdir ki, müzakirə edilirdi.
"Xəzərin statusunun müəyyənləşməsi bir tərəfdən bu yataqların işlənməsi üçün bir zəmin formalaşdırdı, eyni zamanda, xüsusilə enerji resurslarının birgə nəqli baxımından da imkanlar yaratdı", deyə V.Bayramov səfərin daha bir aspektinə qiymət verir.
Ekspertə görə, bu baxımdan dövlət başçısının Türkmənistana səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir və səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur.
V.Bayramov hesab edir ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması yataqların birgə işlənməsinə imkan verə bilər, bu isə istifadəsiz qalan yataqlardan hər iki dövlətin faydalanması üçün bir zəmin formalaşdırır.
"Səfər çərçivəsində imzalanan sənədlər, bu sənədlərdə əks olunan məsələlər ondan xəbər verir ki, növbəti dövr Azərbaycan-Türkmənistan əlaqələri baxımından vacib bir dövr olacaq, hər iki ölkə iqtisadi, siyasi, strateji əməkdaşlıqda yeni mərhələyə qədəm qoyacaq", deyə ekspert diqqətə çatdırıb.
Kimlərin kreditləri silinsin...?
"Yeni Müsavat" qəzetində isə "Azərbaycanda kimlərin kredit borcları silinə bilər - ekspert rəyi" sərlövhəli məqalə oxumaq olar.
Müəllif bank borclarının silinə bilməsi məsələsini ekspert Rəşad Həsənovla araşdırır.
Yazı müəllifi məsələnin aktuallaşmasına səbəb kimi Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarını göstərir.
Müəllif deyir ki, Azərbaycan cəmiyyəti də analoji problem yaşayır, həcmi 2 milyard manata yaxın olan "problemli kreditlər" hələ də banklara, əhaliyə çətinliklər yaşadır.
Müəllifin sözlərinə görə, Gürcüstanda adları kredit borcuna görə qara siyahıya salınmış 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə qədər olan borcları silinir.
Bundan irəli gələrək, yazı müəllifi Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borclarının silinə biləcəyini müzakirə müstəvisinə gətirir.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar olmalıdır: "Bu qərar olacaqsa, ilk növbədə kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusiya hüququ pozulmamalı, eyni zamanda, dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir. Bir çoxları imkanları olsa da, ümumi mənzərə fonunda banklara borclarını ödəməkdən imtina edirlər".
R.Həsənov bildirir ki, burada banka borcunu ödəyə bilməyənlə ödəmək istəməyən arasında fərq olmalıdır və seçim edərkən bu məqamı da nəzərə almaq lazımdır.
Ekspertə görə, 2015-cildə devlvasiya qərarını kimin verməsi, qərardan zərərçəkən subyektlərin hansılar olması suallarına aydın cavab verilməlizərər müyyən olunmalı və dövlət tərəfindən ödənilməlidir.
R.Həsənov hesab edir ki, dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir, amma burada bir sıra hallarda biznes kreditlərinin istehlak kreditləri adı ilə rəsmiləşdirilməsi kimi problem də var və buna görə çox diqqətli olmağa ehtiyac var.
Ekspert deyir ki, hazırda ümumi kredit portfelinin 14 faizdən yuxarısı problemli kreditlərdir, halbuki, 6 faizdən yuxarı artıq SOS hesab olunur.
R.Həsənov deyir ki, belə bir şəraitdə banklar işləyə bilmir, kreditləşməyə meyl etmir, dövlət dəstəyi olmadığı üçün kredit portfeli genişlənmir.
Bundan irəli gələrək, ekspert hesab edir ki, dövlət problemli kreditlər məsələsini həll etməklə eyni vaxtda bir neçə məqsədə nail ola bilər.
Sıfırın altına düşmək təhlükəsi
"Oxu.az" da isə "Deputat: Aztəminatlı ailələrə kömək etməsək, sıfırın altına düşəcəyik" sərlövhəli məqalə oxumaq olar.
Müəllif ölkədə olan demoqrafik vəziyyəti Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müzakirə edir, belə ki, deputat 2019-cu ilin dövlət büdcəsinin müzakirələri zamanı ölkədə uşaq doğuşlarının azalmasını xüsusi olaraq gündəmə gətirmişdi.
Deputat deyir ki, Milli Məclisdə statistik rəqəmlər dilə gətirildi və bəlli oldu ki, uşaq doğuşunda 2011-2017-ci illərdə, hətta 2018-ci ilin ilk doqquz ayında hardasa 40-50 min civarında azalma var: "Bu, ciddi və düşündürücü bir məsələdir. Bu məsələ demoqrafik təhlükəsizliyimizə əngəl yaradır. Burada ciddi azalma tendensiyası özünün bütün əlamətlərini, elementlərini göstərməkdədir".
F.Ağamalıya görə, Azərbaycanda əhali artımında, yəni uşaq doğumunun azalmasında ciddi problem mövcuddur və problem ailə institutunun tarixi ənənələrə söykənməməsi, kifayət qədər aşınması ilə bağlıdır:
Ölkədə imkanlı ailələrin iki uşaqdan artıq övlad dünyaya gətirmədiklərini deyən deputat bildirir ki, fiziki baxmdan milli artım aztəminatlı və bir də orta təminatlı ailələr hesabına baş verir.
Deputat bildirir ki, bu təbəqə ailələrin də öz problemləri var: "Əgər bunlara yardım, maddi dəstək yoxdursa, artıq bu artım da kəsiləcək, onlar da bir uşaqla kifayətlənəcək və biz də bu gedişlə gəlib artıq sıfırın altına düşəcəyik. Ona görə də burada həyəcan təbili vurulmalıdır".
Daha sonra F.Ağamalı ölkədə uşaq doğuşunun artmını stimullşadıra biləcək addımlardan bəhs edir və bu sahədə doğulan uşağa birdəfəlik yardımın miqdarının minimum 200 manata qaldırılmasını, hər bir uşağa 12 yaşına qədər aylıq müavinət verilməsini irəli sürür.
Deputat deyir ki, ölkədə uşaq doğumunun azalmasında sosial problemlər də öz rolunu oynayır, gənc ailələrin evlə lazımi dərəcədə təmin olunmamasının da buna mənfi təsiri var, sosial evlərin hazırlanması və ehtiyacı olan gənc ailələrə verilməsi prosesə müsbət təsir göstərə bilər.
Amma F.Ağamalı sosial evlərin paylanmasında da problem görərək deyir ki, burada əsas məsələ ehtiyacı olanların evlə təmin edilməsi, ehtiyacı olmayanların bu məsələdən istifadə edib, yararlanıb özlərinin evlərinin sayını artırmasına son qoyulmalıdır.
Endirim, yoxsa...
"Bizim yol.info"da "Azərbaycanda "qara cümə": Endirimlərə inanmaq olarmı?" sərlövhəli məqalə diqqət cəlb edir.
Müəllif ölkə mağazalarında edilən qiymət endirimlərinin nə dərəcədə real və inandırıcı olmasını ekspertlərlə gündəmin müzakirəsinə daşıyır və deyir ki, növbəti endirim satışları bu gün, yəni noyabrın 23-də keçiriləcək.
Məüllifin sözlərinə görə, Bakıdakı multibrend mağazalardan birinin meneceri Anar Kərimov "media.az"a şəbəkəyə daxil olan səkkiz mağazadan ikisinin "qara cümə"də endirim elan etdiyini bildirirb və deyib ki, endirimlər 10% olmaqla simvolik xarakter daşıyacaq, səbəb də budur ki, əksər mallar yenidir, köhnə malları isə yoxdur".
Müəllif deyir ki, öz növbəsində, "bizimyol"olaraq bu endirirmləri dəyərləndirmək üçün bir sıra ekspertlərin rəylərini öyrəniblər.
"Davamlı İnkişaf Araşdırmaları Mərkəzi"nin sədri Nəriman Ağayev "bizimyol"a bildirib ki, Azərbaycanda "qara cümə" xüsusilə gözlənilmir, ondan ancaq gənclər xəbərdardır.
N.Ağayev bunu da söyləyib ki, alıcılar 50-70 faizlik endirimlərin həqiqəti əks etdirmədiyini artıq yaxşı bilirlər.
Ekspert vurğulayır ki, paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər etsələr də bu, heç də kütləvi xarakter daşımır.
Bununla bağlı N.Ağayev hesab edir ki, burada aldanmamaq üçün "kütləvi tələbat"ın azalmasını gözləmək və bir neçə gün sonra "soyuq başla" lazımi malları almaq lazımdır: "İnanın mənə, qiymətlərdə fərqləri hiss etməyəcəksiniz", N.Ağayev belə deyib.
Digər bir ekspert, eyni zamanda, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, mağazalar kütləvi endirim adı ilə həmin günlərdə keyfiyyətsiz malları satmağa çalışırlar: "Azərbaycanda "qara cümə" vaxtı alıcıların aldadılmasının şahidi oluruq", ekspert bu kütləvi endirimləri belə dəyərləndirir.
E.Hüseynovun iddiasına görə, bir neçə ildir ki, paytaxtın bəzi mağazaları endirim adı ilə belə satışlar həyata keçirərək insanlara sıradan çıxan malları satırlar.
Ekspert diqqəti bu endirim satışlarında satıcıların alıcılara "endirimdə olan və alınan malların geri qaytarılmayacağı" kimi xəbərdarlıq elanı üzərində cəmləyərək, bunun özünü artıq qanun pozuntusu adlandırır.
Rəy yaz