eturbonews.com
Polşanın LOT şirkəti Cümhuriyyət Günündə Varşava və Bakını birləşdirdi
Bakı/29.05.22/Turan: Polşanın LOT aviaşirkəti Varşava-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib. Aviaşirkətin təyyarəsi mayın 27-də saat 23:00-da Varşavadan havaya qalxıb və 4 saat sonra, mayın 28-də, Azərbaycan Cümhuriyyət Gününü qeyd edərkən Bakıya enib.
“Polşa LOT hava yolları Varşavadan yeni əlaqələr açır. Biz milli aviadaşıyıcının bortunda Qafqazın ən böyük şəhərinə - Bakıya uçacağıq. Bağlantı xüsusi işgüzar əhəmiyyət kəsb edir, çünki Azərbaycan uzun illərdir ki, Polşanın mühüm iqtisadi tərəfdaşıdır”, - cümə günü Polşanın LOT aviaşirkəti bildirib.
Milli aviadaşıyıcı Azərbaycanın paytaxtına çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri uçacaq. LOT Polish Airlines prezidenti Rafal Milçarski xatırladıb ki, bu il Polşa və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
“Bakı ilə əlaqənin açılmasını elan etmək xüsusilə sevindiricidir. Mən qəti şəkildə inanıram ki, birbaşa reys Azərbaycanda Polşa irsinin gələcək təbliğinə xidmət və iki ölkə arasında əlaqələri möhkəmlənməsinə xidmət edəcək. Azərbaycandakı polşalı memarlar Polşadan gələn turistləri gözəl abidələrlə sevindirəcəklər”, - Milçarski deyib.
O, həmçinin qeyd edib ki, LOT vasitəsilə Nyu-Yorka, Çikaqoya və digər şəhərlərə transatlantik şəbəkə azərbaycanlılar üçün də mövcud olacaq.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova jurnalistlərlə görüşündə bildirib ki, Bakı ilə LOT əlaqəsinin işə salınması Azərbaycanda Polşa irsi və öz ölkəsinin mədəniyyəti, incəsənəti, mətbəxi, təbiəti və iqtisadi inkişafı haqda bilgi əldə etməyə imkan verəcək və bu konteksdə mühüm neft və təbii qaz yataqlarına işarə edib.
"Azərbaycan və Bakıda Polşa izləri var. 19-20-ci əsrlərin qovuşuğunda Azərbaycanda fəaliyyət göstərən polşalı memarların nailiyyətləri Azərbaycan mədəniyyətinin, elminin və sənayesinin inkişafına mühüm töhfələr verib", - o bildirib.
Polşa memarları tərəfindən layihələndirilən binalar barədə danışan səfir 19-cu və 20-ci əsrlərin qovuşuğunda Bakıda meriyanın binası, Tağıyev Sarayı, Tağıyev Teatrı, Rotşildlərin ofis binası və Azərbaycan Milli Bankının mənzil-qərargahı kimi bir çox sanballı binaların yaradıcısı olmuş Yuzef Qoslavski və Kazimej Skureviçi xüsusilə qeyd edib.
Onun sözlərinə görə, Bakının tarixi ərazisində Polşanın dörd görkəmli memarının xatirəsinə həsr olunmuş küçə var. Yuzef Qoslavski, Kazimej Skureviç, Yuzef Ploşko və Yevgeniuş Skibinskinin şərəfinə xatirə lövhəsi quraşdırılıb. Yanında onların şəhərdə yaratdıqları bir sıra işlərə dair fotolar yerləşdirilib: Səadət Sarayı, Elmlər Akademiyasının Rəyasət Heyəti, Bakı meriyası və Memarlar İttifaqı.
Bakıya ilk reysin açılış mərasiminə LOT aviaşirkətinin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rafal Milçarskinin rəhbərlik etdiyi nümayəndə heyəti gəlib.
Qonaqları AZAL prezidenti Cahangir Əsgərov qəbul edib. Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Hava əlaqəsinin açılması münasibətilə bir-birini təbrik edən tərəflər uçuşların davamlı olacağına ümid etdiklərini bildiriblər. İki ölkə arasında uçuşların başlanması turist axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar əlaqələri genişləndirməyə imkan verəcək.
Polşa-Azərbaycan avia marşrutunun açılışı münasibətilə mayın 28-də axşam İçərişəhərdə “ArtGarden”də bayram münasibətilə qəbul keçirilib. –0—
-
- Foto sessiyalar
- 29 May 2022 19:55
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz