Açiq mənbələrdən foto.
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı qərarının icra durumunu araşdıracaq
Bakı/07.06.21/Turan: Bu gün, iyunun 7-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) 1406-cı görüşündə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumunun müzakirəsi başlayıb.
3 gün davam edəcək toplantıda ümumilikdə 19 qrup işinin icra durumu müzakirə olunacaq, yekunda Nazirlər Komitəsi həmin qruplara daxil olan 100-dən artıq qərarın icra vəziyyəti ilə bağlı qərarlarını açıqlayacaq.
İcra durumu müzakirə ediləcək qərarlar Ermənistan, Azərbaycan, Bolqarıstan, Belçika, Bosniya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Ukrayna, Türkiyə ilə bağlıdır.
AŞ Nazirlər Komitəsi Azərbaycanla bağlı Mahmudov və Ağazadə qrupuna, Məmmədli qrupuna daxil olan qərarların, habelə, Sarqsyan Azərbaycana qarşı qərarının icra durumunu araşdıracaq.
AŞ Nazirlər Komitəsi Mahmudov və Ağazadə qrupunda Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı 3 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı) icrasına nəzarət edir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.
Məmmədlinin işi qrupunda Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Həsənov və başqaları, İntiqam Əliyev, Natiq Cəfərli, İbrahimov və Məmmədov, Xədicə İsmayılova ilə bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Sarqsyan Azərbaycana qarşı qərarı mülkiyyət hüququ mübahisəsi ilə əlaqəlidir.
AŞ Nazirlər Komitəsi qərarların icra durumu ilə bağlı verəcəyi qərarları toplantı başa çatdıqdan sonrakı günlərdə açıqlayacaq.
AŞ Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.
AŞ Nazirlər Komitəsinin 15 mart 2021-ci ildə yenilənmiş məlumatına görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 287 qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 43-nün icrasına nəzarət qapadılıb. -03-
Siyasət
-
COP29 iqlim sammitində əldə edilən razılaşma BMT Baş Katibi Antoniu Quterreş tərəfindən iqlim dəyişikliyinə qarşı qlobal səylərdə mühüm addım kimi qiymətləndirilib. Yüksək səviyyəli müzakirələrin yekununda çıxış edən Quterreş, bu razılaşmanın qlobal istiləşməni 1,5°C həddində saxlamaq məqsədini qorumaq üçün həlledici olduğunu vurğulayıb. Bu hədd iqlim dəyişikliyinin ən pis təsirlərini qarşısını almaq üçün kritik hesab olunur.
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
Rəy yaz