Мемориал 416-ой Таганрогской  дивизии, сформированной в Азербайджане

Мемориал 416-ой Таганрогской дивизии, сформированной в Азербайджане

Bakı/09.05.17/Turan: Bu gün, faşizm üzərində qələbənin 72-ci ildönümündə prezident İlham Əliyev ənənəvi olaraq Şəhidlər Xiyabanı yaxınlığındakı Dağüstü parkda iki dəfə Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsi önünə gül çələngi qoyub.

O, mərasimdə iştirak edən İkinci Dünya Müharibəsi veteranlarını təbrik edib.

Qələbə Günü ilə əlaqədar İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına 1000 manat birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.

Müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 500 manat birdəfəlik maddi yardım ediləcək.

Bu sərəncam 13 min 712 şəxsə, o cümlədən 763 BVM iştirakçısına aid olub. Bunun üçün dövlət büdcəsindən ümumilikdə 7,2 mln. manat ayrılıb.

   1941-1945 Böyük Vətən Müharibəsi, demək olar ki, hər bir Azərbaycan ailəsinə toxunub, Bakı nefti isə faşizm üzərində hərbi qələbənin təmin edilməsində mühüm rol oynayıb.

Hər beş Azərbaycan sakinindən biri BVM-də döyüşüb. 3,4 milyonluq (1941) əhalidən 681 min nəfəri (onlardan 10 mindən çoxu qadındır) cəbhəyə gedib. Bu, müxtəlif millətlərin nümayəndələri idi və onlardan 250 min nəfəri həlak olub.

400 mindən çox əsgər və zabit döyüş ordeni və medalı ilə təltif edilib, 14 nəfər Şöhrət ordeni kavaleri, 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, qəhrəmanlardan 44-ü etnik azərbaycanlılardır.

Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas ixracçısı idi (SSRİ-də həmin vaxt istehsal olunan neft və neft məhsullarının 70%-dən çoxu). Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.

Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyası yaradılıb, bu diviziyalar döyüşərək Qafqaz dağının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər keçib.

Azərbaycanlılar arasında ilk dəfə qəhrəman adına 42-ci atıcı alayının tağım komandirinin köməkçisi, baş serjant İsrafil Məmmədov layiq görülüb. 35-ci tank briqadasının komandanı, qvardiyaçı general-mayor Həzi Aslanov iki dəfə qəhrəman adına layiq görülüb.

Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 mln.-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

Azərbaycanlılar Almaniya tərəfdə də müstəqil dövlət yaranması uğrunda döyüşüblər. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıblar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.

Qafqaz cəbhəsində 4,500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb, onlar özlərini ən yaxşı tərəfdən göstəriblər. Məsələn, 804-cü “Aslan” batalyonu bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş “xidmətlərinə” görə təltif edilməsi ilə fərqlənirdi. Həmçinin, “Berqman”, “Donmek” batalyonları da fərqləniblər.

1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradıldı. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrildi.

Ümumilikdə almanların tərəfində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb. -0-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti