Media-icmal 09.05.2017

Azərbaycanın dövlət quruculuğunda keçmiş prezident Heydər Əliyevin rolu, banklarda ixtisarlar, məcburi köçkünlərin məişət problemləri, ölkə məhkəmələrinin mövcud durumu bugünki medianın aparıcı mövzusudur...

Ən böyük azərbaycanlı           

“Azərbaycan” qəzeti “Dünyanın ən böyük azərbaycanlısı” sərlövhəli məqalədə (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121558) Azərbaycan dövlətinin qurulmasında keçmiş prezident Heydər Əliyevin rolundan bəhs edilir.

Müəllif H.Əliyev kimi şəxsiyyətlərin milli fəlakətlər, sarsıntılar dövründə tarixin səhnəsinə çıxaraq problemləri həll etdiklərini və Azərbaycanın tarixində də H.Əliyevin rolunun belə olduğunu bildirir: “Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdırmışdır. Bugünki qüdrətli Azərbaycan Heydər Əliyevin xalq və vətən naminə fədakarlığının bəhrəsidir”.

Müəllif deyir ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan H.Əliyev ölkə daxilindəki xaosu aradan qaldırdı, pərakəndə dəstələri nizami ordu halına saldı, Ermənistana ağır hərbi zərbələr vuruldu, bunun nəticəsində erməni tərəf 1994-cü ildə atəşkəs bağlamağa məcbur oldu.

Məqalədə ölkədə neft kontraktlarının imzalanması, iqtisadi islahatların başlanması, bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi, ölkə Konstitusiyasının qəbul olunması, media azadlığının təsbit edilməsində dövlət başçısı kimi H.Əliyevin müstəsna xidməti xüsusi şəkildə vurğulanır: “Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda genişmiqyaslı siyasi, iqtisadi, sosial, hüquqi islahatlar həyata keçirildi, cəmiyyətdə demokratik dəyərlərin möhkəmləndirilməsi yolunda lazımi addımlar atıldı, dəfələrlə azad və ədalətli prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, Azərbaycanda çoxpartiyalı, plüralist parlament quruldu”.

Müəllif deyir ki, H.Əliyev ölkədə yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrinin sıx birləşməsinə zəmin yaradan  azərbaycançılıq amalını dövlətçilik ideologiyasının aparıcı istiqamətinə çevirdi: “Azərbaycan ərazisində olan, yaşayan hər bir vətəndaş milliyyətindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmadan eyni hüquqa malik olmalıdır. Əgər bunu əməli surətdə həyata keçirə bilsək Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”.  

Davam edir ixtisar

“Exo” qəzeti” “Azərbaycan bankları əməkdaşlarını könüllü işdən azad olunmaq həddinə çatdırır” sərlövhəli (http://ru.echo.az/?p=59275) məqalədə ölkənin bank sistemindəki durumu ekspert Samir Əliyevlə müzakirə edir.

Müəllif Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən deyir ki, 2017-ci il aprelin 1-nə ölkənin bank isitemində çalışanların sayı 16312 nəfər olub.

O, rəqəmlərin təhlilinə əsasən, mart ayında bank sektorunu 350 nəfərin tərk etdiyini bildirir.

Müəllif vurğulayır ki, bu ilin fevral statisikasına əsasən, bank sektorunda 16662 nəfər çalışıb, bütünlükdə bu ilin 3 ayında bank sektorunu 653 nəfər tərk edib və bu il yanvarın 1-nə isə bank sektorunda çalışanların ümumi sayı 16947 nəfər təşkil edib”.

Müəllif həm də xatırladır ki, 2015-ci ildə baş vermiş iki devalvasiyanın nəticəsi olaraq 13 bank bağlanıb və hazırda bazarda 45 bankdan yalnız 32-si fəaliyyətdədir və artıq 2016-cı ilin üçüncü rübündə işdən azad edilmiş əməkdaşların sayı 6500 nəfəri keçmişdi.

Ekspert S.Əliyev də bu sahə ilə bağlı xoş proqnozlar vermir və deyir: “Tezliklə ölkədə daha bir neçə maliyyə institutunun bağlanacağını nəzərə alsaq, 2017-ci ildə işini itirənlərin sayı daha çox olacaq. Keçən il çoxsaylı maliyyə institutlarının bağlanması üzündən kifayət qədər bank işçisi işsizə çevrildilər. 2017-ci ilin əvvəlindən müflisləşmə barədə bir hadisə belə baş verməyib, o zaman sual yaranır ki, belədirsə, bəs bank işçilərinin işdən azad olunması niyə dayanmır? Banklarda xərclərin optimallaşdırılması gedir, bankların gəlirləri xərclərindən azdır, odur ki, banklar filialların və əməkdaşların sayını azaldırlar və bu proses bu il də davam edəcək”. 

Ekspert hesab edir ki, bank əməkdaşlarının işsiz qalmasına səbəb ixtisar və əmək haqlarının aşağı salınmasıdır və bu proseslər heç də təsadüfi baş vermir və konkret mahiyyətə tabedir: “Bəzən banklar bilərəkdən əməkdaşların əmək haqlarını azaldırlar ki, əməkdaş özü işdən çıxmaq təşəbbüsü göstərsin. Məsələn, 2000 manat maaş alan şəxsin maaşı 700 manata endirilir, təbii ki, bəzi bank işçiləri belə şərtlərlə razılaşmırlar və yüksək maaşlı iş tapmaq ümidilə bank sektorunu tərk edirlər. Amma yenidən işə düzəlmək heç də hamıya qismət olmur”.

Eskpert yaxınlarda daha bir neçə bankın ölkə bazarını tərk edəcəyini, bəzi kredit qurumlarının birləşəcəyini deyərək hələlik ixtisar ediləcək əməkdaşların miqyasını dəyərləndirməyin mümkün olmadığını bildirir.

Pullar məmurların cibində

“Yeni Müsavat” qəzetində isə diqqəti "40 ailə zibilliklər arasında gizlədilir: “Bizə ayrılan vəsaitlər məmurlarn cibindədir”" sərlövhəli məqalə çəkir. (http://musavat.com/news/40-aile-zibillikler-arasinda-gizledilir-bize-ayrilan-vesaitler-memurlarin-cibindedir-reportaj-video-fotolar_436596.html)

Müəllif Yasamal rayonundakı “Qanlı göl” ərazisində yaşayan məcburi köçkünlərin ağır məişət həyatını gündəmə daşıyır və burada yaşayış evlərinin sökülməsi, hələ 3 il öncə başlasa da, başa çatmadığını bildirir.

Müəllif bildirir ki, əhalinin çoxuna kompensasiya və ev verilsə də, hazırda 40-a yaxın ailə köçürülməyib və xarabalığa çevrilən ərazidə zülmlə yaşamağa məcburdur.

Yazıda xatırladılır ki, bu ərazidə yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunması nəzərdə tutulur.

Daha sonra müəllif 40 ailənin yaşamağa məcbur olduğu şəraiti təsvir edir:

“Söküntü aparılan ərazi xarabalığı xatırladır, əksər evlər söküldüyündən zavodların, müəssisələrin tullantı məkanına çevrilib. Zibilliyə çevrilmiş ərazidən gələn üfunət iyi və gəmirici həşaratlar burada yaşayan ailələrin güzəranını cəhənnəmə çevirib. Yaşıllıqlar məhv edilir, bütün bunlar aidiyyatı qurumların gözü qarşısında baş versə də, görməzdən gəlinir. Bu qədər insanın sağlamlığı üçün isə heç kim məsuliyyət daşımır”.

Müəllif bildirir ki, zibil tullantıları və söküntü qalıqları hündür təpələr yaratdığından qarşıdakı evləri görmək çətindir, avtomobil yolları keçilməz durumdadır, kanalizasiya xətləri isə tam yararsız vəziyyətə düşüb.

Yazıda sakinlərə istinadən deyilir ki, axşam saatlarında burada çaqqal, tülkülərin səsindən qulaq tutulur, işıq dirəklərinin olmaması sakinləri axşam saatlarında zülmət qaranlığa təslim edir.

Müəllif bu qədər ailənin hələ də köçürülməməsinin səbəbini araşdırmağa da çalışır və sakinlər belə deyirlər: “Burada qalan təxminən 40 ailəyə 600 manatdan kompensasiya və yaxud mənzil veriləcəyi nəzərdə tutulub. Tez-tez gəlib yoxlayırlar, amma heç kim nə zaman köçürüləcəyimiz barədə məlumat vermir. İnanmırıq ki, bizi köçürsünlər. Bizə ayrılan vəsaitlər çoxdan məmurların cibindədir. Ölçü işlərində də camaatı aldatdılar. Külli miqdarda pul mənimsədilər”.

Ədalətli mühakimə olmadıqca...

“Novoe Vremya” qəzeti “Cinayət və cəza: Bitərəflik nə zaman yerli məhkəmələr üçün normaya dönəcək?” sərlövhəli məqalədə ölkədə məhkəmə sisteminin (http://www.novoye-vremya.com/w91265/.../#.WRC6bYiLTIU) durumunu müzakirəyə çıxarır.

Müəllif deyir ki, bəzən çoxları, hətta eks-məmurlar belə çox gec başa düşürlər ki, müstəqil məhkəmə sistemi və ədalətli mühakimə istənilən şəxsin qanunsuzluqdan qorunma zəmanətidir.

Daha sonra müəllif  keçmiş Milli Təhlükəsizlik Nazirliyində, habelə Beynəlxalq Bankda baş verən qanunsuzluqları və bu qurumlarda rəhbər şəxslərin mühakimə edildiyini xatırladır.

Məqalədə deyilir ki, hətta bu qanunsuzluqları edənlər belə onlara qarşı aparılan məhkəmə proseslərini ədalətsiz, özlərini isə təqsirsiz sayırlar. 

Müəllif ölkədə ədalətli mühakimə standartlarının olmamasından isə həqiqətən çoxsaylı vətəndaşların əziyyət çəkdiyini, mühakimə natamamlığının özünü onların həyatında göstərdiyini vurğulayır: “Əgər ədalətli mühakimə sistemi olsaydı, bu qədər insan bəzi nazirliklərdə və ya banklarda baş vermiş cinayət özbaşınalığından əziyyət çəkməzdi. Müstəqil məhkəmə sistemi olmadıqca hətta ən demokratik qanunlar belə işləməyəcək, ölkə isə bunun yoxluğundan əziyyət çəkəcək”.

Müəllif iddia edir ki, yerli məhkəmələrin korrupsiyaya uğraması, rüşvətə bulaşması, “üzüyola”lığı gözlə belə görünür, cinayət və mülki işlərdə bu cəhət üstünlük təşkil edir, siyasi motivli proseslərə gəlincə isə, “yuxarı”ların sifarişi aparıcı yer tutur, hakimlər hətta bu işlərin mahiyyətinə belə toxunmurlar.

Müəllif deyir ki, qeyri-rəsmi şəraitdə onlar iddiaçılara ədalətisz yanaşma sərgilədiklərini etiraf edirlər və bunu konkret nazirliyə tabeçiliklərilə əlaqələndirirlər: “Amma ölkə qanunvericiliyini inkar edən məmurlar bu gün mühakimə önündə duran keçmiş məmurların taleyini unutmamalıdırlar. Sonuncular da bir zamanlar özlərinin cəzasızlığına və hər şeyə qadir olduqlarına inanırdılar”.  

Yazı müəllifi deyir ki, ölkənin imicinə zərbə vurmamaq üçün məhkəmə sistemində islahatlara başlamaq, onu ədalətli mühakimə standartlarına çatdırmaq zəruridir və bu zaman bitərəflilik də normaya dönəcək.  

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti