NİDA fəallarının vəkilləri cinayət işinin dayandırılması barədə vəsatət qaldırıblar VIDEO (YENİLƏNİB)
Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA hərəkatının 7 fəalının və “Azad gənclik” hərəkatının üzvü İlkin Rüstəmzadənin işi üzrə hazırlıq iclası başlayıb.
Onlar martın 10-da Bakıda etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda təqsirli bilinirlər. Öncə gənclər qanunsuz silah və narkotik maddə saxlamaqda ittiham olunublar.
Mart-aprel aylarında bu ittihamla NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı həbs olunublar.
Mayda İlkin Rüstəmzadə xuliqanlıq ittihamı üzrə həbs olunub.
Hazırlıq iclası zamanı vəkillər cinayət işinin dayandırılması, əgər bu, olmasa həbs qətimkan tədbirinin ev həbsi ilə əvəzlənməsi barədə vəsatət qaldırıblar.
Fevralın 28-də gənclərin görüşərək martın 10-da əsgər ölümlərinə qarşı etiraz aksiyasının keçirilməsi və aksiya zamanı kütləvi iğtişasların təşkili barədə razılığa gəlmələri barədə istintaqın fikirlərinin əsaslı olmadığı qeyd edilib. Belə ki, sözügedən nümayişə əsgər Seymur Allahverdiyevin ölümü səbəb olub. Bu isə martın 1-də məlum olub.
Bundan əlavə, Novruzlu, Quliyev və Əzizov ilə bağlı axtarış zamanı prosessual normalar pozulub, baxış üçün sanksiyanın olduğu halda axtarış aparılıb.
Bununla yanaşı protokollarda Quliyev və Novruzludan maddi sübutların, “Molotov kokteyli”nin götürüldüyü qeyd olunub.
Vəkil Əsabəli Mustafayev bildirib ki, “Molotov kokteyli” yandırıcı qatışıqdır və partlayıcı maddələr haqqında 228-ci maddəyə düşmür.
Vəkilin fikrincə, istintaq gənclərə irəli sürülən ittihamlara haqq qazandırmaq üçün saxtalaşdırmaya əl atıb.
İş gününün başa çatması ilə əlaqədar hakim növbəti iclası noyabrın 14-ü saat 15:30-a təyin edib.
Qeyd edək ki, müttəhimləri dəstəkləmək üçün məhkəməyə 200-ə yaxın gənc gəlib.
Milli Şuradan prezidentliyə keçmiş namizəd Cəmil Həsənli də ictimai müdafiəçi kimi məhkəmədə iştirak edib.
O, jurnalistlərlə söhbətində günahsız insanlara qarşı keçirilən məhkəməni tənqid edib.
Prosesin mümkün yekunlarının qiymətləndirilməsi ilə bağlı xahişin cavabında C.Həsənli deyib ki, “hakimiyyət bu işi beynəlxalq təşkilatların alver predmetinə çevirəcək”.
“Adətən dövlətlər bu cür məsələlərdə alver kimi xarici vətəndaşdan istifadə edirlər, bizim hakimiyyət isə öz vətəndaşlarının taleyi ilə oynayır”, - C.Həsənli vurğulayıb.
Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı həbs olunan gəncləri vicdan məhbusları adlandırıb.-06C-
2013 Noyabr 05 (Çərşənbə axşamı) 16:37:26
Çərşənbə axşamı Meydan TV-nin əməkdaşı Aynurə Heydərova Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin binasında polis təzyiqinə məruz qalıb. Bu gün məhkəmədə NİDA vətəndaş hərəkatının və “Azad Gənclik” təşkilatının üzvlərinin işi üzrə proses başlayıb.
Polis prosesi işıqlandırmaq hüquqlarının təmin olunmasını tələb edən jurnalistlərin bir hissəsini zala buraxmaqdan imtina edib, bir neçə mətbuat işçisini, o cümlədən Heydərovanı kobud şəkildə zaldan itələyib çıxarıb.
“Zala buraxılmağı tələb etdikdə onlar məni itələdilər. Bundan əvvəl prosesin açıq olacağı elan edilmişdi. Belədirsə, niyə jurnalistləri qovurlar?”, deyə Heydərova bildirib.
Turan-ın müxbirinin verdiyi məlumata görə, məhkəmə zalı kiçik olduğu üçün zala daxil olmaq istəyənlərin əksəriyyəti buna müvəffəq olmayıblar. -06/03/16D-
****
Çərşənbə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Bakı məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA vətəndaş hərəkatının və “Azad Gənclik” təşkilatının üzvlərinin işi üzrə proses başlayıb.
Turan-ın müxbirinin verdiyi məlumata görə, məhkəmə binası polis əməkdaşları tərəfindən əhatə olunub. Binanın qarşısında 4 postpatrul xidməti maşını, binanın arxasında isə 10 maşın dayanıb. Bina önündə 100-ə yaxın vətəndaş toplaşıb və prosesin başlamasını gözləyir. Onlar arasında Milli Şuradan keçmiş prezidentliyə namizəd Cəmil Həsənli də var.
Bu gənclər təqsirsizdir, onlar yalnız vətəndaş və konstitusiya hüquqlarından istifadə etmək istəyiblər. Buna görə onları həbs etmək, həm də mühakimə etmək olmaz, deyə Həsənli jurnalistlərlə söhbətində bildirib.
Xatırladaq ki, məhkəməyə bu ilin mart-aprel aylarında həbs olunmuş NİDA üzvləri – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı çıxarılıb. Onlar Bakıda 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar. İlkin olaraq gənclər qanunsuz silah və narkotik saxlamaqda ittiham olunublar.
Mayda “Azad Gənclik” hərəkatından İlkin Rüstəmzadə xuliqanlıq ittihamı ilə həbs edilib.
Lakin sonradan onların hamısına qarşı 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddə ilə ittiham irəli sürülüb. Onlar 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı bütün həbs edilmiş gəncləri vicdan məhbusu kimi tanıyıb. -16/06D-
Rəy yaz