Фуад Ахмедли

Фуад Ахмедли

İlk öncə hər birinizə daş hasar və tikanlı məftillər arxasından ən səmimi sevgi və sayğılarımı göndərirəm. Aydındır ki, buralar güya sizlərdən - əqidəli insanlar düşərgəsindən təcrid olunmağımız və susdurulmağımız üçün düşünülüb. Lakin reallıq da dəyişməz olaraq qalır ki, artıq saxta həbslər və girovluqların da ciddi bir üzü, bir zəhmi qalmayıb və bu tip təzyiqlər bizlərin döyüş əzminə zərrə qədər də, olsa zərər vurmaq gücündə deyil. Bu isə birbaşa hər birimizin uğurudur. Bu gün bizlərin gunahsızlığına əmin olan, bunu çəkinmədən virtual və real aləmdə bəyan edən, məhkəmə iclaslarında bizi tək buraxmayan, ailələrimizin, doğmalarımızın yanında olan və sadəcə, bizlər üçün dua edən hər kəs siyasi hakimiyyətin gecə kabusuna çevrildiyi üçün bizlər güclüyük, ümidliyik və möhkəmik. Var olun ki, məhz bu cür önəmli günlərdə gücümüzə güc qataraq etiraz səsimizi talançıların alnında yumruqtək düyünləməkdə yardımçı olursunuz. Düşərgəyə yeni qoşulduğum vaxtlarda ən çox sevdiyim və tez-tez blog yazılarımda müraciət etdiyim bir şüar vardı: "İstəsəz də, istəməsəz də gec-tez kimlərin uğrunda savaşdığımızı bizlərə isbat edəcəksiniz".

Birlikdə bu davada keçirdiyimiz 4 il göstərdi ki, ideallarımızda yanılmırıq. Diqqət edin. Biz birlikdə nələrin öhdəsindən gəlmədik ki? Hər şey 2013-cü ilin 9 oktyabrında xalqın defakto lideri Cəmil Həsənlinin prezidentlik postunun akupasiyasından başladı. Daha sonralarsa əvvəlcə siyasi birlik və partiyalara çirkin hücumların, ən parlaq gənclərimizin şərlənərək həbsinin, vətəndaş cəmiyyətinə, Qarabağ qazilərinə hücumların və nəhayət, xalq olaraq sosial problemlərin məngənəsinə sıxılmamız kimi günlər yaşadıq. Hələ də tuğyan edən repressiv şəraitdə, YAP xuntasının arxayın prinsiplərinin hökm sürdüyü, alternativ fikrə, ifadə və mətbuat azadlığına qarşı bu cür çirkin hücumların sərgilədiyi bir dövrdə bəlli bir toplum tərəfindən meydanlardan xalqımıza azadlıq tələbləri eşidilməkdədirsə, deməli, hələ də cinahlarımızı dayayıb, savaşmağa stimul və əsirlikdən qurtulacağımıza bir ümid var.

Dəyərli həmvətənlər! Bu gün həm də geridə qoyduğumuz zamanı analiz edərkən haqlı bir sual yaranır ki, görən bunca əqidə yoldaşlarımızın faktiki girovluqda olmasının əsəs səbəbi nədədir? Zamanında cəmiyyətin tam şəkildə demokratikləşməməsi, xalqımızda seçki institutuna, vətəndaş cəmiyyətinə, siyasi proseslərə marağının yaranmamasında ola bilərmi? Vaxtında "Azadlıq" qəzetinin simasında müstəqil mətbuatımıza, tək-tük savaşmaq gücü olan siyasi partiyalarımıza, ümumiyyətlə, cəmiyyətimizin mübariz kəsiminə sahib çıxmağımızın cəzası olmasın bu? Bəs əgər elədirsə, o zaman bəlkə hec olmasa bu gün istiqlaliyyət savaşımızı təkcə "siyasi məhbuslara azadlıq" koteksi üzərində çərçivələşdirməyək? Bəlkə, səngərimizi cəmiyyətin daha geniş diapozonda demokratikləşməsi hədəfinə qədər uzadaraq məsələnin kökündən həllinə çalışaq?

Ən əsası isə sizlərlə eyni düşərgəni paylaşmaqdan qürur duyur, cümhuriyyətçilik mücadiləsinin ön kalonlarında yer aldığımdan dolayı heç zaman peşman olmadığımı və bu davanın mütləq ki, gəncliyin qələbəsi ilə nəticələnəcəyinə əmin olduğumu bilmənizi istərdim. İnanın ki, bunlar sadəcə, pafos deyil. Bu gün məhz sizlərin apardığınız bu meydan savaşı bunların velosiped zavodundan tutmuş, fındıq ravayətlərinə, pambıq müşavirəsindən tutmuş, çaxır siyasətinə kimi hamısı gərəksiz nağıllar olmasını bütün çılpaqlığıyla ortaya qoyur.

Yeri gəlmişkən, ötən ay istintaqımızın gedişatında bəlli oldu ki, Fətullah Gülən hərəkatıyla əlaqələrimə dair ittihamlar sifarişçilərin özlərini utandırmış və bütün ittihamı nəhayət ki, adımıza yaxmaqdan vaz keçmişlər. Bəlkə də ona görə ki, bu məsələ ilə bağlı əqidədaşım Faiq Əmirliylə mən dəfələrlə məhkəmə iclaslarında ölkə başçısına kimliyimiz haqqında vacib arayış verirdik ki, biz bu torpaqlarda 2 dəfə müstəqil dövlət qurmuş bir hərəkatın, Qarabağ döyüşləri zamanı iqtidar nümayəndəsi kimi sıralarından minlərlə şəhid və Qazi vermiş bir partiyanın və tələbəlik illərində yoldaşlarıyla birlikdə Laçın uğrunda döyüşlərə qatılan bir şəxsin rəhbərlik etdiyi düşərgənin təmsilçiləriyik.

Və ən əsası mənim tanıdığınız Fuad Əhmədli olaraq yetişməyimdə əsas səbəbkar olan Qarabağ qazisi Zəfər Əhmədovun oğlu olaraq boz kordinal adminstrasiyasına vacib bir diləkçəm var. Lütfən yuxarıda pulsuz qazla təmin etmədiyimizi, ermənilərin xahişi ilə aprel döyüşlərində torpaqlarımızın azadlığından vaz keçmədiyimizi və büdcə talançılığıyla, öz vətəndaşlarımızın göz yaşı üzərində İslam Həmrəyliyi, Avropa Oyunları adlı gərəksiz israfçılığara yol vermədiyimizi nəzərə alaraq dövlət və dövlətçilik əleyhinə cinayətləri gedib o tərəfdə araşdırın. Məktubumu həbsdə keçirdiyim 8 ay ərzində sizlərə etmək istədiyim etiraf və nigaranlığını çəkdiyim sualı Bəxtiyar Vahabzadənin bir beyti ilə sonlandırır və hər birinizə tarixi savaşda qürur dolu qələbə və günəşli günlər arzu edirəm.

Sevgin gözlərindən bizi böyütdü,

Öyünün bizimlə ey xalq, ey vətən!

Həmişə qəlbimdən bir sual ötdü,

Sənin hörmətinə layiqəmmi mən?

Sonsuz sayqılarla doğmanız Fuad Əhmədli.

1 saylı Bakı İstintaq Təcridxanasından.

14 aprel 2017-ci il

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti