Azərbaycan: 2017-ci ilin vacib iqtisadi hadisələri

2017-ci il - Ziddiyyətli islahatlar

1. 31 yanvar, Prezident 2016-cı ildən etibarən texnika, texnoloji avadanlıq və qurğuların idxalının 7 il müddətinə vergi ödənilməsindən azad olunduğu fəaliyyət sahələrinin siyahısına əlavələr edilməsini nəzərdə tutan fərman imzalayıb.

2. Fevralın 7-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb və Nəqliyyat Nazirliyi bu quruma daxil edilib.

3. Aprel ayının 19-da Azərbaycanda ilk özəl kredit bürosu yaradılıb.

4. İyunun 22-də Prezident İlham Əliyev "ASANViza sistemi haqqında Əsasnamə"yə dəyişikliklər edərək "ASANViza" sisteminin inkişafı üzrə əlavə tədbirlər haqqında fərman imzalayıb.

5. İyulun 13-də Sumqayıt şəhərində "ScandensPharmaceuticals Industries Ltd" şirkətinin bərk dərman formaları istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

6. Avqustun 1-də ölkə prezidenti Maliyyə Sabitliyi Komitəsinin Əsasnaməni təsdiq edib.

7. Sentyabrın 5-də Azərbaycan Beynəlxalq Bankı xarici borcların yenidən strukturlaşdırılması prosesini başa çatdırıb.

8. Sentyabrın 14-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataq blokunun 2050-ci ilə qədər işlənməsi üzrə müqavilə imzalanıb.

9. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi açılıb.

10. Dekabrın 26-da yeni yaradılmış "Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu" fəaliyyətə başlayıb.

2017-ci ilin xülasəsi

2017-ci ilin iqtisadi fonu çox mübahisəli oldu. Böhran etiraf edilməsə də, hökumətin bütün səyləri onun aradan qaldırılmasına yönəldildi. İqtisadiyyatda ilin sonuna qədər kiçik (+ 0.3%) artım olacağı gözlənilir. Ölkənin tədiyə balansının müsbət saldosu bərpa edildi. İqtisadiyyata investisiyaların kritik azalması dayandırıldı. Bütün il boyu yüksək inflyasiya (13%) qaldı, amma gələn il hökumət onu yarıya endirmək niyyətindədir. Bu il son bir neçə ildə ilk dəfə hökumət artım büdcəsini qəbul etdi. Durğunluq sanki geridə qalıb.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, iqtisadiyyatın tənəzzüldən çıxması iki amil - hökumətin fəal makroiqtisadi siyasəti və dünya neft bazarında qiymətlərin ilin sonu üçün nəzərəçarpacaq artımı sayəsində baş verdi. Həqiqətən, sərt pul-kredit siyasəti nəticəsində maliyyə bazarında sabitliyin təmin edilməsi mümkün oldu. Doğrudur, bunun qiyməti olduqca yüksək oldu - iqtisadiyyatın kreditləşməsi, demək olar ki, 25% və ya təxminən 4 milyard manat azalıb. Amma valyuta bazarı sabitləşdi: fevral ayının sonundan dolların məzənnəsi düşməyə başladı və bu günədək 11,5% azalaraq 1.7001 AZN/USD səviyyəsinə düşdü.

Neftin qiymətləri iqtisadiyyata çox müsbət təsir edib. 2017-ci ildən etibarən, OPEK-ə üzv ölkələrinin və kartel xaricindəki dövlətlərin səyləri nəticəsində dünya neft bazarında sabitlik bərpa olundu və qiymət artımı başlandı. Neftin qiyməti ilin sonunadək 2,4 dəfə, 27 dollardan 65 dollara qədər artıb. 2018-ci il büdcəsinin artımı, demək olar ki, yalnız Dövlət Neft Fondundan büdcəyə transfertlər sayəsində olacaq və o, əvvəlki büdcəyə nisbətən bir dəfə yarım artacaq. Bu, hökumətdə müəyyən bir əminlik yaradıb.

İlin iri layihələri və sazişləri, əlbəttə, gələcək iqtisadi artım üçün yol açdı. AÇG üzrə konsorsiumun işini 2050-ci ilə qədər uzatmaq üçün müqavilə imzalanması üçün təxminən iki illik iş tamamlandı. Bu, önümüzdəki onilliklərdə ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq. İlin sonunadək Cənub Qaz Dəhlizi üzrə bütün maliyyə problemləri, demək olar ki, həll olunub, yalnız TAP-ın maliyyələşdirilməsi qismən həll edilməmiş qalır. Gələn il "Şahdəniz-2" yatağından Cənub Qaz Dəhlizi ilə ilk qaz tədarükü başlayacaq. Noyabr ayının sonunda Bakı-Tbilisi-Qars dəmir yolu açıldı. Dövlət tərəfindən yaradılan sənaye və kənd təsərrüfatı zonalarında tikilmiş yeni sənaye müəssisələri üçün infrastruktur tam hazırdır. Eyni zamanda, hökumət tranzit gəliri, turizm gəlirləri və kənd təsərrüfatı sektoru vasitəsilə xarici valyuta mənbələrini genişləndirməyə davam edib.

2017-ci ildə baş verən hadisələrin əksəriyyətini şərti olaraq, nizamsız "özünü identifikasiya etmək" və islahatlar vasitəsi artım məşqi adlandırmaq olar. Amma problemlər həllərdən daha çox olub.

Neft sektorundan sonra (böyük layihələr üçün əlavə xarici maliyyə mənbələri tapmaq lazım idi) bank sistemi bütün ilin problemi oldu. Hələ ondan başlayaq ki, 2017-ci ildən etibarən hökumət talan edilmiş Beynəlxalq Bankın problemlərini (banka maliyyə dəstəyi, dövlətin bankın xarici kreditorlara olan borclarını üzərinə götürməsi, ABB-nin "Aqrarkredit"dəki aktivlərinin böyük bir hissəsinin yeni yaradılmış Azərbaycan Sənaye Korporasiyasına köçürülməsi və s.) həll edib. ABB-nin başına gələni fövqəladə hadisəni fors-major hesab etmək mümkünsə, digər bankların sonrakı iflasları, xüsusən onların üzərində nəzarətin itirilməsi bütün bank sistemində dərin qüsurları aşkar edib. Əlbəttə ki, devalvasiyalar, problemli kreditlər bankları çox zəiflətdi. Amma əl altından banklarda aktivlər oğurlanıb, girovsuz və faizsiz kreditlər verilib. "Bank Standard" buna parlaq nümunədir. Sonunda "DəmirBank" - göstəriciləri elə də pis olmayan və xarici kapitalın ciddi iştirakı olan ölkənin ən qocaman bankı iflasa uğradı. Bank sistemində idarəetmə böhranı davam edir, hərçənd onu yenidən strukturlaşdırma da adlandırmaq olar.

2017-ci ildə iqtisadiyyatın hədəfi vardı. Hökumətin işi 2025-ci ilə qədər Azərbaycanın inkişafının Strateji Yol Xəritəsinin (2016-cı il dekabrın 6-da təsdiq olunub) çərçivəsində qurulurdu. Onun nə qədər uğurlu olması barədə qərar vermək üçün tezdir.

Ötən il aqrar sektorda bir biznes həyəcanı olub. Əlbəttə ki, bu prosesə Azərbaycan kənd təsərrüfatı məhsulları üçün Rusiya bazarının açılması, sektora dövlət subsidiyaları təsir göstərib. İlin sonu üçün məlum oldu ki, bu sahəyə yeni holdinqlər (xüsusilə iki kənd təsərrüfatı şirkəti yaradan "Paşa Hoıding") gəlir. Bu prosesə hətta orta sinif də cəlb edilir. Buna baxmayaraq, hökumətin bu planlarına bir sıra hallar - sektorun ekstensiv inkişafı əhval-ruhiyyəsi, böyük emalçılarla fermerlər arasında çətin münasibətlər, fermerlərin iri fermer təsərrüfatlarına çevrilməməsi mane ola bilər. Buna baxmayaraq, gələn il bu sektorda 6%-dən çox artım olacağı gözlənilir.

Xatırlayaq ki, 2015-ci ildə iqtisadiyyat gözlənilməz problemlərin altında çabalayırdı. Çoxlu problemi olan 2016-cı ildə bir sıra təcili islahatları həyata keçirmək üçün addımlar atıldı. Bunlar olmadan iqtisadiyyat irimiqyaslı böhrana məruz qala bilərdi. 2017-ci il ölkə prezidenti tərəfindən "islahat ili" elan edildi. İslahatlara olan münasibət daha əsaslı praqmatik hala gəldi.

İslahatları köhnə institutları yeniləyib, yenilərini yaratmadan həyata keçirmək olmaz. Hökumət xaraktercə yeni olan institusional addımları böhran qaçılmaz olandan sonra atmağa başladı. İdarəetmə sahəsində bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, gömrük sistemində, vergi xidmətində islahat, bir sıra nazirliklərin birləşdirilməsi, publik hüquqi şəxslərin yaradılmasından ibarət idi.

2017-ci ildən etibarən investisiya təşviqi və ixrac təşviqi mexanizmləri işə düşdü. Hesablama Palatasının funksiyaları nəzərəçarpacaq dərəcədə genişləndirildi. Azərbaycan İnvestisiya Şirkətinin vəzifələri dəqiqləşdirildi. İndi o, vergi imtiyazları ilə işləyən sənaye zonaları üçün məsuliyyət daşıyır. İlin sonuna yaxın dövlət agentliklərinin yaradılması prosesi sürətləndirildi. Burada ən mühüm hadisə İpoteka və Kredit Zəmanəti Fondunun yaradılması oldu.

İnfrastruktur hökumətin qürur mənbəyi idi. Ancaq nəhayət, aydın şəkildə başa düşülür ki, infrastruktur yaratmaq kifayət deyil ki, onu işlək vəziyyətdə saxlamaq üçün mexanizmlərə ehtiyac var. Məsələn, Avtomobil Yolları üzrə Dövlət Agentliyinin yaradılmasını, Alternativ və Bərpa Olunan Mənbələr üzrə Dövlət Agentliyinin tabeliyində olan azsaylı külək elektrik stansiyalarının "Azərişıq" şirkətinə verilməsini göstərmək olar. Energetika Nazirliyi yanında Energetika Məsələlərinin Tənzimlənməsi Agentliyi yaradılır. Lakin onun bu sahədə müstəqil tənzimləyici ola biləcəyinə şübhə var.

İndiyə qədər islahatlar iqtisadiyyatdakı mövcud vəziyyətin ardınca gedir. Ancaq, əlbəttə, növbəti addımlar qaçılmazdır. İqtisadiyyatın qabaqlayıcı və dərin islahatlara ehtiyacı var. İqtisadiyyatın irəli sıçrayışı üçün ölkədə iqtisadi münasibətlərin bütün sisteminə - inhisarçılıq, ədalətsiz rəqabət və korrupsiyaya qarşı qətiyyətli və davamlı mübarizə aparmaq lazımdır.

İdarəetmə həlqəsində daha çox uğursuzluqlar oldu. Nazirlərin tez-tez yer yerdəyişmələrinə nə qədər desən izah tapmaq olar. Kiminsə pis böhran meneceri olduğunu söyləyə bilərik, digəri çox tamahkar olub, sistem içərisində çox kök atıb. Bəziləri bunu əmlakın yenidən bölüşdürülməsi adlandıra bilər. Ancaq hakimiyyət strukturlarında oliqarxiyanın sökülməsi aşkardır. Nazir-oliqarxların yerinə icraçı nazirlər təyin olunur.

İqtisadi inhisarlarla mübarizəyə gəlincə, onun sərhədləri 2016-cı ildə göstərilib. Dövlət gömrük idarələrində inhisarçılıq dağıdılıb. Ölkə prezidentinin təşəbbüsü ilə Cinayət Məcəlləsinə inhisarşıların rəqiblərinə qarşı cinayətkar sövdələşməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan düzəlişlər qəbul edildi. Ancaq bu münasibətləri tənzimləyən Rəqabət Məcəlləsi hələ qəbul edilməyib. Tənzimlənməyən inhisarçılıq isə, demək olar ki, həmişə kiçik və orta biznesi əzir. Digər tərəfdən, o, ölkədə xarici şirkətlərin peyda olmasına mane olur. O, mahiyyətcə mühafizəkardır.

Hələ 10 il bundan əvvəl qəbul edilmiş vəzifəli şəxslərin gəlirlərinin bəyan edilməsi haqqında qanunun tətbiqinin hər il təxirə salındığını görməmək mümkün deyil. Burada təşəbbüs, görünür, Vergilər Nazirliyindən gəlməlidir. Ehtimal etmək olar ki, yeni vergilər naziri artıq səlahiyyət əldə edib və bu məsələ gündəliyə gətiriləcək. Yeri gəlmişkən, vergilər nazirinin təyin edilməsi (bu, keçmiş təhsil naziri Mikail Cabbarovdur), görünür, yalnız oligarxiyaya təzyiq üçün deyil. İstisna olunmur ki, bu qurum Maliyyə Nazirliyinə veriləcək. Maliyyə Nazirliyinin bazasında Gəlir Xidməti yaradılacaq, oraya vergidən başqa gömrük də daxil olacaq. Hər halda bu seçim istisna edilmir və yeni nazirin ilk xarici səfərini Gürcüstana etməsi bunun dolayı təsdiqidir.

Gələcək illərdə iqtisadiyyatın böyüməsi ilə bağlı şübhələr, demək olar ki, qalmayıb. BVF-də əmindirlər ki, Cənub Qaz Dəhlizinin işə başlamasından sonra iqtisadiyyatın artımı illik 3,5-4% təşkil edə bilər. Ancaq məsələ burasındadır ki, bu artımın keyfiyyətcə fərqli olacaqmı? Azərbaycan iqtisadiyyatında ÜDM-in əfsanəvi artımı dövrlərini artıq biz yaşadıq...

Eyni zamanda, əhalinin sosial vəziyyəti pisləşməkdə davam edir. Əhalinin gəlirlərində hər hansı artımı yüksək inflyasiya yeməkdə davam edir. 2017-ci ildən etibarən pensiya yaşı artmağa başlayacaq, bu isə işsizlik şəraitində həmişə problemdir. Büdcənin, gömrük orqanlarının, vergi orqanlarının və həmişə zərərlə işləyən kommunal strukturların bir çox problemi əhalinin üzərinə yüklənir. İlin əvvəlindən tütün və spirtli içkilərin idxalına görə aksizlər artırılacaq. Nəqliyyat tariflərində artım gözləntiləri var. Minimum əmək haqqının və ya yaşayış minimumunun kiçik artımı əhaliyə nikbinlik verə bilməz.

Daha böyük bir artım olmayacaq. İqtisadiyyatı özəlləşdirməyə - dövlət tərəfdaşlığından özəl tərəfdaşlığa buraxmaq lazımdır. İşsizlik sığortası fondunun yaradılması, passiv məşğulluq proqramlarından aktiv olanlara keçid, biznes inkubatorlarının yaradılması kimi ilin "lokal" hadisələri də az vacib deyil.

Lakin ilk növbədə iqtisadiyyatın inkişafı uzunmüddətli və davamlı olmalıdır. Neftin qiymətlərinin artması üçün dua etmək olar, amma ona etibar edə bilməzsiniz. Bunun üçün neftin gələcəyi ilə bağlı iki çox ziddiyyətli təxmin ilə tanış olmaq kifayətdir. Onları bu ay "Britiş Petrolium"un rəhbəri Robert Dadli və çox nüfuzlu enerji agentliyi olan "Bloomberg" təqdim edib.

Heç kim bu gün mübahisə etməz ki, iqtisadiyyatda səmərəli makroiqtisadi siyasətin həyata keçirilməsi, struktur islahatlarının davam etdirilməsi və insan kapitalının inkişaf etdirilməsi lazımdır. Amma insan kapitalının inkişafı mərkəzdə olmalıdır. Qarşıda Rusiya təcrübəsi var. Bu ölkədə iqtisadiyyatın çətin günlərinə baxmayaraq, insan kapitalına getdikcə daha çox sərmayə qoyulur.

İqtisadiyyatda hər hansı bir ciddi islahat həmişə siyasi islahatlarla riskli bir qonşuluqda olur. Bu, həmişə hakimiyyət üçün çağırışdır. Məhkəmə sistemində geniş islahatların vaxtı çatıb. Çağırışlar ona görədir ki, onlara cavab verilsin. Və yaxşı olar ki, vaxtında cavab verilsin.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti