Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı  Nazirlər Kabinetinin  Tədbirlər Planında[1] işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində tədbirlər  nəzərdə tutulub. Bu çərçivədə  Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan  şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi barədə ötən dəfə yazmışdım.  Tədbirlər Planına görə, yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə olunub.  2020-ci ilin aprel-may aylarında həyata keçiriləcək bu tədbir üçün dövlət büdcəsindən 70 milyon manat ayrılıb.

Aprelin 7-də  Nazirlər Kabineti  “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nı təsdiq edib[2].  Qaydalara görə,  dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

  • ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin üzvlərinə;
  • əmək pensiyaçılarına;
  • aylıq müavinət alanlara;
  • aylıq təqaüd alanlara;
  • özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
  • işsizlikdən sığorta ödənişi alanlara;
  • peşə hazırlığına görə təqaüd alanlara;
  • 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya (KTS) almış şəxslərə;
  • əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
  • əri və ya arvadı ÜDSY və ya KTS alan şəxslərə.

Beləliklə də, Nazirlər Kabinetinin  təsdiq etdiyi qaydalarda birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda sadalana kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Onlara  aşağıdakılar aiddir:

  • 2020-ci il 1 aprel tarixinə “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyata alınmış şəxslər;
  • pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslər.

 

Qaydalara görə, birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Qaydalara görə,  indiyə qədər işsiz statusuna malik şəxlərdən işsizlikdən sığorta ödənişi və peşə hazırlığına görə təqaüd alanlara birdəfəlik yardım verilməyəcək, eyni zamanda  əgər onlar yuxarıda qeyd olunan kateqoriyalara düşürsə, məsələn,  ÜDSY və ya  müavinət, yaxud təqaüd alırsa, eləcə də özünüməşğulluq proqramının iştirakçısıdırsa, kənd təsərrüfatına ayrılan subsudiyadan yararlanırsa onda onlar da birdəfəlik yardım almaq hüququ olanların  siyahısından   çıxarılacaq. 

Dövlət Statistika Komitəsinin məlumatları[3] əsasında qeyd edim ki, 2020-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5188,4 min nəfər olmuş, onlardan 4936,8 min nəfərini məşğul əhali təşkil etmişdir.  Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,9 min nəfər, qeyri-dövlət sektorunda isə 729,1 min nəfər təşkil etmişdir. 1 mart 2020-ci il vəziyyətinə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı  ölkə üzrə  cəmi  90 779 nəfər olmuşdur ki, onlarda da 501  nəfərinə  işsizlikdən sığorta ödənişi verilir.  

İndiyə qədər işsiz statusu olmayan şəxs, əgər pandemiyanın təsirindən işini itiribsə onda o  bu statusun alınması üçün   “e-sosial” portalında[4] “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir[5].  Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və MAS tərəfindən işsiz şəxsin yuxarıda göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin yuxarıda göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir.

Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların yuxarıda  göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir.

Bu qaydaların təhlili göstərir ki,  işsiz kimi qeydiyyata alınan  şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsində məhdudiyyətlər bilərəkdən  artırılıbdır. Çoxsaylı məhdudiyyətin tətbiqinin başlıca məqsədi ayrılmış vəsaitə çıxış imkanlarının əngəllənməsidir. Əslində  yaşayış minimumu həcmində birdəfəlik ödəmə bütün işsizlərə verilməlidir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı  Nazirlər Kabinetinin  Tədbirlər Planında 70 milyon manatlıq birdəfəlik ödəmənin 200 min nəfərə şamil olunması son nəticədə işsizlər arasından seçim edilməsini şərtləndirib. Çünki, bu vəsait bütün işsizlərə ödənilərdisə onda ayrılmış məbləğ kifayət etməzdi. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə,  5188,4 min  nəfər iqtisadi fəal əhalinin yalnız  1641 min nəfər muzdla işləyənlərdir. Nəzərə alsaq ki, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3. maddəsinə görə[6] məşğul şəxslərə aiddir və onların da sayı 1750 min nəfərdir, onda belə çıxır ki, yerdə qalan 1797,4 min nəfər əhali ya işsiz, ya da gizli məşğuldur. Hazırda gizli məşğul olanların da işsiz qaldığını nəzərə alsaq və onları da iş axtaranların siyahısına daxil etsək onda Azərbaycanda faktiki işsizlik səviyyəsi birdəfəlik ödəmə üçün nəzərdə tutulan işsizlərin sayından dəfələrlə çoxdur.

Bununla yanaşı son günlər pandemiyanın təsirindən işini itirən və  indiyə qədər işsiz statusu olmayan şəxslər  bu statusun alınması üçün   “e-sosial” portalından istifadə etməkdə çətinliklərlə üzləşirlər.  Bu problemlə üzləşənlərin kütləviliyinə görə, məsələyə  Əmək və Əhalinin Sosial Müdafiə naziri  Sahil Babayev DOST mərkəzində keçirdiyi mətbuat konfransında belə münasibət bildirib[7]:  "baxmayaraq ki, ən geniş serverlər yaradılıb, amma onların da bir limiti var. Mütləq deyil ki, bu gün müraciət etsinlər. İşsiz kimi qeydiyyatdan keçən vətəndaş tələsməsinlər, karantin dövründə ödənişlər olunacaq”.  Bununla yanaşı,  “e-sosial” portalından istifadə problemin həllinə nail olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini[8] açıqlayıb.  Bu qrafikə görə  4 qrupa bölünən müxtəlif regionlardan fərqli günlərdə on-line müraciət qəbul ediləcək və aprelin 12-dən etibarən regionlar üzrə  məhdudiyyət aradan qaldırılacaq.

Göründüyü kimi, elektron serverlərin  və online müraciət platformalarının  kütləvi müraciətlərə adekvat qurulmaması hazırda mövcud olan problemləri artırır. Bu ölkədə elektron hökümətin işini zəiflədir və internet xdimətlərinin keyfiyyətini aşağı salır.

 


[1] https://cabmin.gov.az/az/document/4341/

[2] https://cabmin.gov.az/az/document/4371/

[3] https://www.stat.gov.az/news/macroeconomy.php?page=1

[4] https://e-sosial.az/#/index

[5] http://www.sosial.gov.az/post/3318

[6] http://www.e-qanun.az/framework/39846

[7] https://musavat.com/mobile/news/muracietlerin-60-faizi-haqqi-olmayanlar-idi-sahil-babayev_691853.html

[8] https://report.az/sosial-mudafie/i-ssiz-sexslerin-qeydiyyata-alinmalari-ucun-elektron-qaydada-muraciet-gunleri-aciqlanib/

1 rəy

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti