Açıq mənbələrdən foto
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında 19 mart tarixli president sərəncamı hazırda ictimaiyyət arasında geniş müzakirə mözusudur. Sərəncamla, 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Ayrılmış vəsaitin bölüşdürülməsi üçün 4 işçi qrup yaradılıb. Belə ki, pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin, pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Maliyyə nazirinin, iqtisadiyyatda ehtimal olunan mənfi təsirlərdən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin, pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması üçün Mərkəzi Bankın rəhbərliyi ilə işçi qrupları yaradılıb.
İqtisadiyyat nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən içşi qrupu 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli, eləcə də pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Bu yazıda İqtisadiyyat nazirinin rəhbərlik etdiyi qrupun işi ilə bağlı fikirlərimi bölüşmək istərdim.
Əvvala, işçi qrupunun tərkibində dövlət məmurları ilə yanaşı maraq qruplarının (iqtisadi agentlərin, sahibkarlar birliklərinin, sahə və sektorlar üzrə biznes assosiayalarının), eləcə də iqtsiadi yönlü analitik mərkəzlərin nümayəndələrinin təmsilçiliyi təmin edilməlidir. Buna ona görə də vacibdir ki, işçi qrup eyni zamanda müxtəlif qrupların fərqli maraqlarını nəzərə aaraq hərtərəfli və keyfiyyətli təkliflər hazırlaya bilsin. Lakin, təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkə iqtisadiyyatdında institutsional gerilik, sahələr üzrə biznes assosiasiyalarının fəaliyyət göstərməməsi bu sahədə ictimai iştirakçılıq səviyyəsini aşağı salır.
İkincisi, işçi qrupunun qarşısına qoyulan məqsədlərə görə ona ayrılan vaxt çoxdur. Koronavirusun təsirləndirdiyi biznes sahələrinin müəyyən edilməsi üçün müvafiq meyarları işlənilməsi və onun ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq məqsədilə təkliflərin hazırlanmasını 1 həftə ərzində də başa çatdırmaq mümkündür. Hesab edirəm ki, bu məsələdə gecikmə xərclərin artımına gətirib çıxaracaq. Odur ki, qərarların çevik və ünvanlı olması üçün işçi qrupu işini maksimum tez bir müddətdə yekunlaşdırmalıdır.
Üçüncüsü, işçi qrupunun qarşısına qoyulan məqsədlər sırasına Koronavirusun təsirləndirdiyi biznes sahələrinin itkilərinin müəyyənləşdirilməsi və bununla bağlı effektiv dövlət dəstəyinin həyata keçirilməsi üçün birinci və ikinci işçi qrupların fəaliyyətinin birgə təşkili daha səmərəli olardı. Amma buna baxmayaraq, maliyyə nazirinin başçılığı ilə yaradılan işçi qrupa qtisadi fəaliyyət sahələrinə və sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi ilə bağlı təkliflərinin hazırlanması üçün 25 gün ayrılıb. Hesab edirəm ki, bu müddət prosesi uzadacaq və dövlət dəstəyinin effektivliyinə mənfi təsir göstərəcək.
Hazırda heç kəsə sir deyil ki, xüsusi karantin rejiminin tətbiqi şəraitində koronavorus pndemiyası iqtisadiyyatın demək olar ki, bütün sahələrinə neqativ, yalniz rabitə və informasiya sahəsinə pozitiv təsir göstərəcək. Bu sahələr arasında daha çox təsirlənən turistlərin yerləşdirilməsi (səyahət büroları, hotelçilik, əyləncə sektoru) və ictimai iaşə, sərnişinlərin daşınması, xüsusilə də hava nəqliyyatı və dəmiryol nəqliyyatı, eləcə də qismən təsirlənən ticarət, kənd təsərrüfatı və sənaye olacaq.
Ticarət sektoruna təsirlər iki istiqamətdə və müxtəlif mərhələlərdə olacaq. Qeyri-ərzaq məhsullarının satışı sahəsində yalnız onlayn satışlar həyata keçirən məişət texnikası və elektronika məhsullarının satışı ilə məşğul olan şirkətlər hazırkı vəziyyətdən nisbətən yaxşı çıxmaq imkanlarına malikdir. Ərzaq məhsullarının satışı ilə məşğul olan tiracət şəbəkələri pandemiyanın ilkin mərhələsinə artan tələbatdan daha çox qazanmaq şansı əldə etsələr də sonradan tələbatın aşağı düşməsi onların satışlarının azalmasına gətirib çıxaracaq. İqtisadiyyat Nazirliyi 2020-ci il il üçün ÜDM-in ticarətdə və nəqliyyat vasitələrinin təmiri bölməsində 4,5 faiz artım proqnozlaşdırılıb.
Kənd təsərrüfatına gəlincə, bu sektorda hazırda əkin dövr olduğundan toxumların və şitillərin satışı sahəsində ticarət mübadiləsi karantin rejiminin tətbiqinə görə çətinliklərlə üzləşə bilər. Karantın dövründə hətta rayonlararası hərəkət dövriyyəsinin məhdudlaşdırılması maliyyə axınlarının pisləşməsinə gətirib çıxaracaq. Bu da son nəticədə kənd təsərrüfatında mövsümi işlərin ləngiməsi və əkinçilikdə bir çox məhsullar üzrə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnəcək.
Heyvandarlığa gəlincə, emal sənayesi və hazır məhsul satışı daha çox Bakının payına düşdüyünə görə, mal təhcizatı sahəsində problemlər təklif zəncirini qıraraq, yeyinti sektorunu çətinliklər yaradacaq. Bütün bunlar göstərir ki, İqtisadiyyat Nazirliyinin kənd təsərrüfatında 2020-ci il üçün proqnozlaşdırdığı 4,8 faizlik artımı özünü doğrultmayacaq.
Digər qeyri-neft sənaye sahələrində mal təchizatı həm yerli xammal, həm də idxaldan asılı olduğu olduğu halda problemlərlə üzləşəcək. Odur ki, hazırkı xüsusi karantin rejimi həm kənd təsərrüfatı və həm də qeyri-neft sənaye bölməsinin təsirləndirəcək.
Mədən hasilat sənayesində işlərin davam etdiriləcəyi gözlənilir. Sadəcə olaraq bu sektorun istehsal etdikləri yanacaq məhsullarına tələbatın azalması onların gəlirlərini azaldacaq.
Nəhayət, bank və sığorta bölmələrinin müştərilərlə online işinin zəif təşkil olunması, eləcə də devalvasiya gözləntilərinə görə banklardan vəsaitlərin geri çəkilməsi, eləcə də bankların və bank olmayan kredit təşkilatlarının müştərilərinin kredit öhdəliklərinin yerinə yetirilməsində gözlənən çətinliklər də bütövlükdə maliyyə sektoruna neqativ təsir göstərəcək.
Odur ki, hesab edirəm ki, iqtisadiyyat nazirinin başçılıq etdiyi işçi qrup ilk növbədə həm sektorlar, həm də dəyər zəncirləri üzrə mövcud durumu dəyərləndirməli və 10 ballıq şkala üzrə koronavirusun iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin faəliyyətinə təsir dərəcələrini müəyyənləşdirilməldir.
Hesab edirəm ki, iqtisadi agentlərin və təsərrüfat subyektlərinin daxili və xarici bazalarla əlaqələri əsasında onlara vergi və gömrük güzəştləri verilməlidir. Belə ki, aprel ayın 1-dən etibarən növbəti rübdə idxal olunan əsas ərzaq məhsulları, tibbi ləvazimatları və dərman prepararatları gömrük rusumlarından və idxalda Əlavə Dəyər Vergisindən azad edilməlidir. Bununla yanaşı kiçik və orta biznesə ödənişinə gələn ildən başlanan uzumüddətli və aşağı faizli kreditlər təklif olunmalıdır.
Mənbədən tutulan vergilərin, əmlak və torpaq vergilərinin ödənilməsinə gələn aydan 6 ay müddətində moratorium qoyulmalı, bu müddət ərzində işçilərin sosial ayirmaları və gəlir vergisi hesablanmalı, lakin onun ödənişi dövlət hesabına həyata keçirilməlidir.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödənilən ianə məbləğləri gəlirdən çıxılan xərclərə aid edilsin və ya həmin məbləğ mənfəət hesabın ödənildikdə vergidən azad edilsin.
Nəhayət, mənfəət vergisi bəyyanaməsinin təqdim edilməsi müddəti martın 31-dən mayın 30-dək uzadılmaldıır.
Qubad İbadoğlu
Rəy yaz