Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Dövlət cəmiyyətin “atasıdır”. Çətin vəziyyətə düşən “ailə üzvlərini” xilas etməlidir. Onun təkcə mənəvi məsuliyyəti yoxdur, həm də iqtisadi vəzifələri var. Qlobal miqyas alan pandemiya kimi qəbul olunan koronavirusun ölkə sərhədlərini keçməsi dövlətlərin iqtisadi məqsədlərdən irəli gələn çeşidli addımlar atmağına səbəb olub.

Koronavirusun doğurduğu nəticələrə iqtisadi böhran kimi baxmaq olmaz. Bu, həm də sosial böhrandır. Bəlkə də daha çox səhiyyə böhranıdır. Konkret halda isə bütün növ sahələrin böhranıdır. Belə böhranları aradan qaldırmağın yolları da fundamental və antiböhran məzmunlu olmalıdır.

Xarici təcrübə dərsləri

Yaxın həftələrin mütərəqqi təcrübələrini yalnız inkişaf etmiş ölkələrin timsalında gördük. Həmin dövlətlər vətəndaşlarına sahib çıxdılar. İnkişaf etməkdə olan ölkələrin simvolik məzmun daşıyan epizodik addımları ilə kifayətləndilər. İEÖ-nün təcrübələrinə ən nümunəvi çıxış da Kanadanın baş nazirindən gəldi. Baş naziri Tredau dövlət televiziyasında çıxış edərək əhaliyə səsləndi ki, “siz evdə oturun və özünüzə baxın. Pula və işə görə narahat olmayın, bu, dövlətin işidir. Dövlətiniz isə bunu edəcək”. Məhz bu çıxışdan sonra Kanada hökuməti koronavirusla bağlı tədbirlərin həyata keçirilməsi üçün 87 milyard dollar vəsait ayırdı. 

ABŞ təcrübəsi

ABŞ hökumətinin digər dünya ölkələrindən fərqli qərarı o oldu ki, onlar həm fiskal, həm də monetar siyasəti eyni dərəcədə istiqamətləndirirlər.

Koronavirusun qlobal məzmun almasından sonra ABŞ-ın maliyyə Naziri Steven Mnuchin ictimaiyyət qarşısına çıxıb vətəndaşlarına hesabatlı olduqlarını ifadə etdi. ABŞ höküməti olaraq adambaşına $1000, hər uşaqa $500 ödənməsinə qərar verdi. Hökumət bununla kifayətlənməyəcək, virusun təsir müddəti əgər may ayına qədər aradan qaldırılmasa, həmin dəstək işləri yenidən davam etdiriləcək.

Biznesə dövlət dəstəyi də unudulmadı. ABŞ hökuməti 300 milyard dollar həcmində kiçik biznesə yardımı elan etdi. Digər biznes subyektləri üçün də əlavə olaraq 200 milyard dollar ayrılıb.

FED maliyyə bazarının tənzimlənməsi üçün 700 milyard dollarlıq vəsaitin ayrılmasına qərar verdi. Eyni zamanda MB uçot dərəcəsini aşağı salaraq 0,25%-ə endirdi.

ABŞ dövləti ilkin mərhələdə bu məqsədlərlə 1 trilyon dollardan artıq vəsait ayırdı. Daha sonra paketin həcmi 1,8 trilyon dollara çatdırdı. İndi isə bunu daha 3 dəfə artıraraq adambaşına 18 min dollar həcmi ilə dünyada koronavirusla dəstək rekorduna imza atdı.

Fransa

Fransa dövləti isə daha çox vətəndaşların kommunal ödəmələrinə dəstək addımları ilə seçildi. Fransa prezidenti Emmanuel Makron əhaliyə koronavirus pandemiyası ilə müraciət edərək söyləyib ki, ölkədə kommunal xərclərin - qaz, işıq, su pulu, eləcə də mənzil haqlarının alınması dayandırılır. Karantin dövründə insanların əlavə maddi yükləri yaranmasın deyə əlavə xərclərdən azad olunurlar. Bu məqsədlərlə dövlət 373 milyard dollar vəsait ayırıb. Bu, hər Fransa vətəndaşı üçün adambaşı 5560 dollar (9500 azn) deməkdir.

Almaniya

Almaniya hökuməti isə daha çox kiçik və orta biznesin qayğısına önəm verdi. Almaniyada 5 işçisi olan müəssisəyə dövlət 9 min avro, 10 işçisi olana 15 min avro, 50 işçisi olana 25 min avro pul verəcək. İlkin mərhələdə Almaniya hökuməti 614 milyard dollar həcmində vəsait ayrılmasına qərar vermişdi. Bu vəsaitin adambaşı bölgüsü 7400 dollar (12500 azn) demək idi. Daha sonra bu dəstəyin həcmini bir az da artıraraq 820 milyard dollar səviyyəsinə çatdırdı.

Rusiya

Rusiyada vətəndaşlara online istehlak xidməti göstərən şirkətlərə güzəştlər ediləcək. Onların ƏDV-dən azad olması ilə bağlı addımlar atılıb. Rusiya hökuməti biznesə 6 aylıq vergi tətili elan edərək eyni zamanda dövlət şirkətlərinin 6 ay müddətinədək dividend ödəməsinin təxirə salınmasına dair qərar qəbul edib. 

Təsirli tədbirlər yetərli olmasa da bu böhranı aşa biləcək fondun yaradılması, karantində olan vətəndaşların əməkhaqqı saxlanılmaqla ödənişli məzuniyyətləri də nəzərdə tutulur.     

Postsovet respublikalarında da dövlət tədbirləri təsirli olub. Litva bu məqsədlə 2,7 milyard dollarlıq yardım paketi ayırıb. Qonşu Gürcüstan banklara borcu olan müştərilər üçün 3 aylıq olaraq bu prosesə moratorium qoyub.

Türkiyə

Türkiyə hökuməti ahıl yaşda olanlarla bağlı xüsusi qayğını nəzərə alıb pensiyaları artırdı. Minimum pensiyanın məbləği 1500 lirəyə yüksəldildi.

Bir sıra sektorlar, gündəlik istehlakdan başlamış ağır sənayeyədək, nəzərdə tutulan ƏDV vergisindən 6 ay müddətinə imtina edib. Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV 18%-dən 1%-ə endirilib.

Azad sahibkarların “Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə əlavə faiz olmadan təxirə salınıb.

Ümumilikdə Türkiyə koronavirusla bağlı 15,3 milyard dollar ayırıb.

Azərbaycan

Doğrudur, 1 milyard manatın bu istiqamət üzrə xərclənməsi üçün sərəncam imzalandı. Bu məbləğ ölkə ÜDM-nin 1,3 faizi deməkdir. Və ya büdcə gəlirlərinin isə 4,2%-i təşkil edir.

Koronavirusla Mübarizəyə Dəstək Fondu da yaradıldı. Bu Fonda 10 milyon manat həcmində vəsait ayrıldı. Bu o deməkdir ki, bu vəsaitdən adambaşına 1 manatlıq pay düşür. Bu günə olan məlumata görə, bu Fondda 70 milyon manata yaxın əlavə vəsait toplanıb. Bu kampaniyaçılığın paradoksal məqamı odur ki, dövlət qurumları (universitetlər, dövlət şirkətləri və s.)  öz büdcələrindən bu Fonda hansı mənbədən pul köçürürlər, hələ də bunu bilən yoxdur.

Qlobal müqyas almaqda davam edən bu xəstəliyin Azərbaycan  vətəndaşlarından və biznesdən mühafizəsi tədbirlərini həyata keçirməliyik. Həmin tədbirləri lakonik olaraq belə qruplaşdırmaq olar:

Təklif  və tövsiyələr

Yay aylarına qədər biznes subyektləri üçün vergi tətili elan olunsun;

  • Xüsusilə kiçik və orta biznesə yardım paketi müəyyənləşsin;
  • Dövlət vətəndaşlarını yay aylarına qədər kommunal ödəmələrdən (qaz, işıq, su) azad etsin;
  • Vətəndaşların evində qalması üçün onlara xidmət, xüsusilə online xidmət göstərən şirkətlərə vergi güzəştləri edilsin;
  • Dünyada neftin qiymətinin aşağı düşməsinə görə ölkəmizdə aşağı oktanlı benzinin (A-92) qiyməti endirilsin ki, vətəndaşlar ictimai nəqliyyatdan yox, zəruri hallarda daha çox şəxsi avtomobillərdən istifadə etsinlər;
  • Adicə maska, spirt, tənzif kimi gündəlik tibbi preparatların ölkə daxilində istehsalı yaradılsın;
  • Ölkə üzrə işləyib və ya işləməməsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına adambaşına ölkədəki orta aylıq əməkhaqqının 50 faizi həcmində birdəfəlik maddi yardımlar (250-300 manat) edilsin;
  • Vətəndaşların və biznesin bank öhdəlikləri 3 aylıq olaraq dondurulsun, onlara möhlət verilsin.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti