t24.com.tr
Boğaziçi universitetində cərəyan edən “asi”liyə əcnəbi media çox yaxından maraq göstərir,biz də “dəstədən geri qalmayaq”.Ancaq Səməd Vurğun kimi “Lenin kitablarına baxaraq” yox. İbtidai məktəbindən universitetinə qədər hökumətin 18 illik təhsil siyasətinə heç toxunmadan təhsilin keyfiyyəti baxımından ölkənin birinci sırada duran universitetində yaşanan proseslərin mahiyyətinə qısa şəkildə nəzər salaq.
Ali məktəblərə birbaşa rektor təyin etmə səlahiyyəti əldə edən dövlət başçısının Boğaziçi universitetinə təyin etdiyi rektoru nə müəllim kollektivi qəbul etdi nə də tələbələr. Yeni rektorun vədləri arasında “Universiteti dünyanın ilk 100 ali məktəbi arasına daxil edəcəyəm”, “6 aya atom bombası yarada bilərik” və s. cümlələr olsa da prorektor olmağı heç bir müəllim qəbul etmədiyi kimi ,tələbələr də öz tələblərindən geri addım atmırlar.
Burada mütləq xatırlatmalıyıq ki, Boğaziçi universiteti ölkədə ən yüksək balla tələbə qəbul edən ali təhsil qurumudur. Müəllim kollektivinin səssiz müqaviməti davam edərkən tələbələrin dinc aksiyasına polislərin bir neçə dəfə müdaxilə etməsinə baxmayaraq, vəziyyət dəyişməyincə dövlət başçısının “Sən tələbəsən yoxsa terrorçu?”- sözləri gərginliyi artırdı.
Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli uzun-uzun tvitter mesajlarında “Təkli edilən vəzifələri qəbul etməyən müəllimlərin universitetdən qovulmalarını”, ”aksiyalara son qoymayan terrorçuların isə başlarının əzilmələrini” tələb etdi.
Aralarından fərqli dünyagörüşə mənsub olan aksiyaçı tələbələrin az qala hamısını “terrorçu” elan edən hörmətli Bahçelinin bu qədər radikal tələblərinə rəğmən məhkəməyə çıxarılanların hamısı azad edilincə gərginlik zirvəyə çatdı.
ABŞ Dövlət katibliyinin və Konqresin Boğaziçi universitetindəki tələbə aksiyalarına verdikləri dəstək açıqlamaları isə xarici işlər nazirliyinin divarına çarpıldı və onların da “dərsləri verildi”.
Gəlinən mərhələdə ölkənin ən yaxşı universitetindəki “rektor” problemi Türkiyə üçün bir neçə baxımdan kökü çox dərinlərə gedən “sınma” təhlükəsini indiyə qədərki ən qabarıq formasıyla su üzünə çıxardı. Bu qabarıqlığa səthdən baxanda Boğaziçi universitetinə rektor təyinatının artıq dövlət başçısı üçün sanki bir “ölüm-dirim məsələsi” halına gəldiyini görürük.
Zira professor Melih Bulu etirazların qabağında geri addım atıb istefa versə(məncə, bunu çoxdan edərdi), özü hörmət qazanacaq ancaq dövlət başçısının karizması zədələnəcəyi kimi müəllim kollektivi və etirazçı tələbələr, təbii şəkildə bunu öz qələbələri kimi bayram edəcəklər.MHP lideri Bahçelinin “ilan kimi başları əzilməlidir, polisimizi dəstəkləyirik”- hiddətinin əsas səbəbi də budur.
Məsələnin daha dərin qatında isə iqtidarın elm və təhsil dünyasını tamamilə öz nəzarətinə alaraq ölkəni özünü istədiyi rejimə hazırlama prosesində müxalif səslərin hamısını indidən boğma cəhdi yatır.
Ölkədə vəqf universitetlərinin yaradılması çox müşkül ikən AKP iqtidarı vəqf universitetləri açılmasını çox asanlaşdırdı, İstanbuldakı Boğaziçi və Ankaradakı Orta Doğu Texniki Universitetindən başqa ali məktəblərin hamısı (dövlət və ya özəl fərqi olmadan) iqtidarın nəzarəti altındadır.
Dövlət başçısı bundan məmnun deyil,”təhsil və mədəniyyət sahəsində istədikləri nəticəyə çata bilmədiklərindən” şikayət edir, heç bir elm və təhsil “ərazisinin” tam nəzarətdən kənarda qalmasını istəmir ki, planların həyata keçirilmə prosesində heç bir ərazidən mənfi yöndə əks-səda yüksələ bilməsin.
Bir universitetdəki müqavimət əslində toplumda yaradılmağa çalışılan ən dərindən sınmanın qabağını almaqdır,demokratik etiraz aksyasını gah “homoseksual” gah da “terrorçu” qiyafətinə büründürməyə cəhd etmək “sınma” nöqtələrini daha da zəiflədərək sütunları qaldıra bilməyəcək vəziyyətə gətirəcəkdir.
Bu yazını qələmə almağımın başqa bir səbəbi də Azərbaycanda 1990-cı illərin ortalarında açılan özəl universitetlərin və dövlət universitetlərinin əyalət filiallarının aqibətini yenidən gündəmə gətirmək istəyimlə bağlıdır.
Şübhəsiz ki, o özəl universitetlərin önəmli qismində verilən təhsilin ölkəyə faydasının olub-olmadığı,illər sonra ölçüldü və bir çoxunu bağladılar.Ancaq burada önəmli bir nüans var: Təfəkkür universiteti təxminən 20 il əvvəl Azərbaycanın Türkiyədəki ən mühüm lobbiçisi, ”Maho ağa” ləqəbli Əli Həsənovun da ən mühüm partnyoru Akkan Suverə “doktor” titulu vermişdi və Akkan bəy Təfəkkür universtetinin o titilundan yer kürəsinin bütün tribunalarında istifadə edirdi.
Maraqlıdır ki,Təfəkkür universiteti bağlansa da Akkan Suver qapısına qıfıl vurulmuş universitetin verdiyi “doktor” titulundan yenə istifadə edir.
Azərbaycan öz lobbiçisinə bununla bağlı xəbərdarlıq edibmi?
Mayis Əlizadə
Rəy yaz