Açıq mənbələrdən foto
Dövlət Statistika Komitəsi 2021-ci ildə taxıl biçininin gedişi barədə məlumat yaymışdır. Məlumatda deyilir: “Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2021-ci il avqust ayının 17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 faizi biçilərək məhsulu yığılmışdır.
Sahələrdən 3057,1 min ton məhsul toplanmış, məhsuldarlıq 31,8 sentnerə bərabər olmuşdur. Məhsulun 1885,4 min tonunu və yaxud 61,7 faizini buğda, 1146,6 min tonunu (37,5 faizini) arpa, 25,1 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.”
Qeyd etməliyəm ki, ölkədə artıq buğda istehsalı başa çatmışdır. DSK-nın məlumatına əsaslansaq, 2021-ci ildə ölkədə 1885,4 min ton buğda istehsal olmuşdur. Ölkə üzrə buğdanın məhsuldarlığını hesablamaq üçün DSK-nın və Kənd təsərrüfatı nazirliyinin saytlarında buğdanın əkin sahəsinin ölçüsü ilə bağlı axtarışlar etdik.
Keçən il olduğu kimi yenə də DSK 2021-ci il üçün nə qədər sahədə buğda əkini həyata keçirildiyi barədə dəqiq məlumat açıqlamayıb. DSK buğda əkini ilə bağlı son məlumatı keçən ilin dekabr ayının sonunda ictimailəşdirib. Həmin məlumatda qeyd edilir: “2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il (2020-ci il V. M.) dekabr ayının 24-ü vəziyyətinə 976730,7 hektar sahədə payızlıq bitkilər səpilmişdir, onun da 594896,6 hektarı buğda, 367230,1 hektarı arpa, 276,0 hektarı isə çovdar əkinlərinin payına düşür”.
Kənd Təsərrüfatı Nazirliyi isə 1 İyun 2021-ci il tarıxdə nazirliyin saytında “Azərbaycanda taxıl biçini mövsümünə start verilib” başlığı altında gedən yazıda bildirilir ki, “Bu il ölkədə 986685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611967,3 hektarını buğda, 374717 hektarını isə arpa sahələri təşkil edir.” Hər iki mənbədə yazlıq buğda əkini ilə bağlı məlumat yoxdur. Buğdanın əkin sahəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin son məlumatına və buğda istehsalı ilə bağlı DSK-nın açıqlamasına əsaslansaq, bu il ölkədə 611967,3 hektar sahədən 1885,4 min ton buğda əldə olunmuşdur.
Qeyd etməliyəm ki, "APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkədə 2 218,8 min ton buğda istehsalı gözlənilirdi. Göründüyü kimi ölkədə bu il hökumətin nəzərdə tutduğundan 332 min 900 ton az buğda istehsal olunmuşdur. Onu da qeyd etməliyəm ki, bu il buğda istehsalı hətta 2009-cu illə müqayisədə 255 min ton az olmuşdur. Belə ki, 2009-cu ildə buğda istehsal 2 140,7 min ton təşkil etmişdir. Təəssüflə qeyd etməliyəm ki, bu il buğdanın məhsuldarlığı da aşağı düşmüşdür. Belə ki, əvvəlki illərlə müqayisədə bu il buğdanın məhsuldarlığı azalaraq 30,8 sentnerə enmişdir (Cədvəl 1).
Cədvəl1. Buğdanın əkin sahəsi, istehsalı və məhsuldarlığı. Mənbə DSK.
2015 | 2016 | 2017 | 2018 | 2019 | 2020 | 2021 | |
Buğdanın əkin sahəsi, hektar | 539679 | 590645 | 596126 | 679103 | 670020 | 640977 | 611967 |
Buğda istehsalı nəzərdə tulmuşdur, min ton | 2 210,9 | 2 218,8 | |||||
Buğda istehsalı min ton | 1 687,6 | 1 851,4 | 1 818,6 | 2 042,9 | 2 171,59 | 1 860,2 | 1 885,4 |
Buğdanın məhsuldarlığı, sentner | 31,3 | 31,3 | 30,5 | 30,1 | 32,4 | 31,7 | 30,8 |
Nümunə üçün qeyd etməliyəm ki, “Azərbaycanın Ukraynası” adlanan Cəlilabad rayonunda 2019-cu ildə hər hektardan 37,1 sentner, 2020-ci ildə 28 sentner buğda əldə edildiyi halda, bu il məhsuldarlıq hər hetardan 24,9 sentnerə düşmüşdür. Təsəvvür edin, ölkədə ümumi istehsal olunan buğdanın 10 faizdən çoxunu istehsal edən Cəlilabad rayonunda son üç il ərzində hər hektardan məhsuldarlıq 12,2 sentner azalmışdır. Bu, çox pis göstəricidir.
Onu da qeyd etməliyəm ki, Kənd Təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə 2019-cu ilin sentyabr ayında Cəlilabad rayonunda “Taxıl-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilmişdir. Həmin müşavirədə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov demişdir ki, Azərbaycanda taxılçılığın inkişafına dövlət dəstəyi verilir: “Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Cəlilabad Azərbaycanın ən böyük taxılçılıq rayonlarından biridir. Bu il rayonda taxıl üzrə orta məhsuldarlıq kifayət qədər yüksək olub. Növbəti illərdə sahələrdən daha çox məhsul götürmək hədəfimiz var”.
Bəli, yuxarıda qeyd edildiyi kimi 2019-cu ildə rayonda hər hektardan orta məhsuldarlıq 37,1 sentner olduğu halda, 2021-ci ildə rayon üzrə buğdanın məhsuldarlığı 24,9 sentnerə düşmüşdür. Yəni bu il məhsuldarlıq 12,2 sentner azalmışdır. Fermerlər, kəndlilər mətbuata verdikləri açıqlamada buğdanın məhsuldarlığının azalmasının səbəbi kimi əldə etdikləri toxumun keyfiyyətsiz olduğunu əsas gətirirlər. Həmçinin sahəyə ayrılan subsidiyaların verilməsinin yubadılması səbəbindən vaxtlı-vaxtında gübrə, pestisid ala bilmədiklərini və bu səbəbindən aqrotexniki qaydalara əməl edə bilmədiklərini deyirlər.
Toxumçuluğun inkişafı üçün hər il dövlət büdcəsindən maliyyə resursları ayrılsa da, toxumçuluqda vəziyyət dəyişmir. Ölkədə taxıl toxumu istehsalı ilə məşğul olan təsərrüfatların maddi-texniki bazası çox zəifdir. Həmin təsərrüfatlar lazımı avadanlıqlarla təchiz olunmadığı üçün təklif etdikləri toxum materialları bir çox hallarda toxum standartlarına cavab vermir.
Təəssüflə qeyd etməliyəm ki, ölkədə yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, stress amillərə və dəyişən iqlim şəraitinə dözümlü yeni bitki sortlarının yetişdirilməsi və onların çoxaldılması işləri təşkil edilməmişdir. Taxılçılıqda yaxşı nəticə əldə etmək üçün daha məhsuldar və stress amillərə dözümlü bitki sortlarının yetişdirilməsi çox vacibdir. Təəssüflər olsun ki, Azərbaycanda seleksiya işləri bərbad hala salınıb. Bu səbəbdən də buğda istehsalı azalır, məhsuldarlıq aşağı düşür. Ölkənin idxaldan aslılığı artır.
Apardığımız araşdırmalar göstərdi ki, 10 il ərzində buğda idxalı fiziki çəkidə 931,3 min tondan (2009-cu ildə) 1 milyon 585 min tonadək (2019-cu ildə), yəni 70,1% artmışdır. Eyni müddət ərzində ölkəyə idxal olunan buğdanın dəyəri 194,7 milyon dollardan 340,5 milyon dollaradək, yəni 77,4% artmışdır. Son 5 ildə, 2015-ci ildən 2019-cu ilədək apardığımız hesablamalar isə göstərdi ki, 2015-ci ildə ölkəyə idxal olunan 1 353 072 ton buğda ərzaq istehsalı üçün istifadə olunan buğdanın 65,1 fizini, 2016-cı ildə idxal olunan 1599 599 ton buğda isə ərzaq istehsalı üçün istifadə olunan buğdanın 72,7 faizini təşkil etmişdir. Sonrakı 2017-ci ildə idxaldan aslılıq 57,25%, 2018-ci ildə 48,8%, 2019-cu ildə 64,4% təşkil etmişdir. Beləliklə, son 5 il ərzində ölkə özünün ərzaq buğdasına olan təlabatının yarıdan çoxunu, 61,6%-ni ixdal buğdasının hesabına təmin etmişdir.
Bu da o deməkdir ki, Azərbaycan özünün ərzaq buğdasına olan təlabatının yalnız 38,4 faizini ödəyə bilir. Təsəvvür edin, Azərbaycanın ümumi əkin ərazisinin 35%-ə qədəri buğda istehsalı üçün istifadə edildiyi halda, ölkə özünün ərzaq buğdasına olan təlabatının yalnız 38,4 faizini daxili istehsal hesabına təmin edə bilir.
Azərbaycan ərzaq məqsədilə istifadə edtiyi buğdanı sasən Rusiyadan idxal edir. Bu il Rusiyada buğda istehsalının azalması və buğdanın qiymətinin kəskin şəkildə artması Azərbaycanın buğda idxalçıları üçün ciddi problem yaradır. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, sentyabrın 8-dən 14-dək buğdanın ixrac rüsumu hər ton üçün 46,5 dollar təşkil edəcək. Sentyabrın 1-dən sentyabrın 7-dək rüsum hər ton üçün 39,4 dollardır. Buğdanın qiyməti bir həftə əvvəl 256,4 dollar (bir ton üçün) olduğu halda, indi 266,5 dollar təşkil edir.
Rusiya Taxıl İxracatçıları Birliyinin İdarə Heyətinin sədri mətbuata bildirib ki, rüsum artmaqda davam edəcək. ProZerno şirkətinin analitikləri də rüsumun artmaqda davam edəcəyini və sentyabrın sonuna qədər hər ton üçün 50 dolları keçəcəyini deyirlər. Keçən həftə 12,5% proteinli buğdanın 1 tonunun qiyməti (FOB Qara dəniz) 298 dollardan 305 dollaradək artdığını qeyd edirlər. Onu da qeyd etməliyəm ki, analitik mərkəzlər bu il Rusiyada taxıl istehsalının ciddi azalacağı haqda proqnoz verirlər. Belə ki, SovEkon avqustun əvvəlində bu il üçün buğda istehsalı ilə bağlı verdiyi proqnozunu 82,3 milyon tondan 76,4 milyon tona endirib. Ötən həftə İKAR proqnozunu 78,5 milyon tondan 77 milyon tona endirib.
ABŞ Kənd Təsərrüfatı Departamentinin Xarici Kənd Təsərrüfatı Xidməti (FAS USDA), avqust hesabatında, Rusiyada ümumi buğda yığımı proqnozunu 72,5 milyon ton olacağı haqda proqnoz vermişdir. Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə 2021-ci il üçün 81 milyon ton taxıl yığımı proqnozu verib. Bu isə keçən ilin göstəricisinə nisbətən 4,9 milyon ton azdır. Onu da qeyd etməliyəm ki, Rusiyada buğda istehsalının azalmasının səbəbi payızlıq buğda əkininin 1,3 milyon hektar azalması ilə əlaqədardır.
Bu ilin yanvar-iyul aylarında buğda idxalı fiziki çəkidə 6% azalsa da, dəyər ifadəsində 10,3% artıb. Belə ki, ölkəyə 2020-ci ilin yanvar-iyul aylarında 94 milyon dollar dəyərində 434,5 min ton buğda idxal edildiyi halda, bu ilin eyni dövründə 103,7 milyon dollar dəyərində 408,8 min ton buğda idxal edilmişdir. Buğdanın bir tonunun orta idxal dəyəri 2020-ci ilin yanvar-iyul aylarında 216,39 dollar olduğu halda, bu ilin əvvəllərində dünya bazarında buğdanın qiyməti bahalaşdığı üçün ölkəyə idxal edilən məhsulun bir tonu 253,83 dollara başa gəlmişdir.
Ümumiyyətlə, Azərbaycan hökuməti ölkənin ərzaq buğdasına olan təlabatının daxili istehsal hesabına ödənilməsi üçün ciddi tədbirlər həyata keçirməlidir. Azərbaycanda taxılçılığın inkişafı üçün geniş imkanlar və lazımı resurslar mövcuddur. Azərbaycan daxili istehsal hesabına özünün ərzaq buğdasına olan təlabatı məhsuldarlığı artırmaqla ödəyə bilər. Bunun üçün ölkədə yüksək məhsuldar, stress amillərə və dəyişən iqlim şəraitinə dözümlü yeni bitki sortlarının yetişdirilməsi və onların çoxaldılması təşkil edilməlidir. Yüksək reproduksiyalı və keyfiyyətli toxumların əldə edilməsi üçün isə toxumçuluq üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması çox vacibdir.
Digər vacib məsələ əkin sahələrinin suvarma suyu ilə davamlı təminatıdır. Fermerlərin, kəndlilərin aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl etmələri üçün onların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə rayonlarda təlimlər, kurslar təşkil edilməlidir. Yerli keyfiyyətli buğda istehsalının stimullaşdırılması da çox vacibdir. Bunun üçün birincisi Azərbaycan Respublikasına yapışqanlığı 23 faizdən aşağı olan yemlik, 4-cü və 5-ci sinif buğda idxalının qaarşısı alınmalıdır. İkincisi, Dövlət taxıl fondunun formalaşması yalnız yerli istehsal hesabına həyata keçirilməlidir. Üçüncüsü, bugda və un məmulatlarının idxalına ən azı 3 il müddətinə əlavə dəyər vergisi tətbiq edilməlidir. Bugda istehsalı və unüyütmə ilə məşgul olan emal müəsisələri üçün güzəştli, ucuz kredit resurslarına çıxış imkanı yaradılmalıdır. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na dəyişiklik edilməli və buğda istehsalçıları üçün nəzərdə tutulan subsidiya əkin sahələrinin həcminə görə deyil, əmtəəlik məhsula görə verilməlidir.
Vahid Məhərrəmov
Rəy yaz