“İnanıram ki, suyu yodlaşdırsaq otuz ildən sonra gələcək bizimdir”

Görüşdük. Üz-gözündən qayğı yağırdı. İsti bir yandan, müxtəlif yerlərə dəvətlər və rayona səfər qabağı qovhaqov o biri yandan onu darmacala salmışdı. Söhbətə razılaşsa da indi də qulağı səsdə, bir ayağı qaçaraqdaydı. Bununla belə üzbəüz əyləşdik və xeyli məsələdən danışdıq. Gələndə tələsirdi, sonrasa çoxdanın tanışı, simsarı kimi ayrılmaq istəmirdi. Bunun bir səbəbi söhbət üçün dil tapmağımızda, digər səbəbi heç şübhəsiz onun həmişəki kimi səmimiliyindədir. Necəsini oxuyub, baxıb, dinləyib özünüz görəcəksiniz.

Tanışlıq:

Rəşid Mahmud oğlu Mahmudov. 1938-ci il noyabr ayının 28-də Gədəbəy rayonunun Kəsəmən kəndində doğulub.

1955-ci ildə rayonun Böyük Qaramurad kəndindəki Füzuli adına orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna (ADTİ) daxil olub. 1961-ci ildə ADTİ-ni əla qiymətlərlə başa vurub və Səhiyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilib. İki il burada fəaliyyət göstərib. 1963-1966-cı illərdə ADTİ-nin aspranturasında təhsil alıb. Hələ aspirant olduğu dövrdə institutda fiziologiya fənnindən bir sıra mühazirələr oxuyub.

1966-cı ildən 1971-ci ilə qədər ADTİ-nin Normal fiziologiya kafedrasında müəllim (assistent) kimi çalışıb, sonra həmin kafedrada baş müəllim seçilib.

1983-cü ildə elmi araşdırmalarını Moskva şəhərində kardioloji mərkəzdə aparıb və “Aterosklerozun yaranmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu” mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1991-ci ildən dosent elmi adını alıb.

Hazırda Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. Tələbəlik illərindən iki elmi məqaləsi çap olunan Rəşid Mahmudov 50-dən çox elmi əsərin müəllifidir.

1985-ci ildə nüfuzlu “Cor et Vaza” (“Ürək və damar”) jurnalında 9 səhifədən ibarət məqaləsi işıq üzü görüb.

R.Mahmudovun ana dilimizdə yazdığı “Normal fiziologiya” adlı kitab qiymətli dərs vəsaitidir.

 

-Salam! Xoş gördük, Rəşid müəllim! Bu istilərlə necəsiniz?

-Əleyküm-salam! Xoş gününüz olsun! Vallah istidir də neyləyək, hamı kimi dözürük (gülür)

-Sanki dünya məhvərindən çıxıb...

- (Sözümü kəsir) Heç nə dəyişməyib. Elə yenə həmin dünyadır: yaz ötür, yay gəlir, ondan sonra payız, axırda da qış qapını kəsdirir.

- Məsələn, qlobal istiləşməni deyirəm. Buzlar əriyir, yer üzünü az qala başdan-başa  su basır...

- Bu belə də olmalıdır. Dünyanın əhalisi artır. Onlar nəfəs alır, karbonun miqdarı çoxalır, istiləşmə baş verir. Nəticədə buzlar əriyir, sel-su aləmi bürüyür... Bilirsiniz, Allah hər şeyi gözəl yaradıb: dağı-dərəsi, meşəsi, dənizi, çayı, gölü, səhrası, yeraltı sərvəti... Bizi də yer üzünün əfrəfi eləyib, ağıl, istedad verib ki, gedin o sərvətdən faydalanın, əkib-biçin, qurub-yaradın. Amma insan dinc dayanmır. Bu gözəlliyi, səhmanı pozur, bir-birinə silah çəkir, biri o birinin malını yağmalıyır, haqqına girir...

-Demək istəyirsiniz ki, adamlar cızığından çıxır deyə, Allah onu çəzalandırır?

-Bəs necə? Koronovirus elə-belə baş vermədi ha...

- Bu da Allahın sınağıdır?

-Əlbəttə! Allah dedi ki, ey insan, indi gör başına nə oyun gətirəcəm. Canını alacam, zəlil eləyəcəm səni. Gördünüzmü, neylədi? Adamlar bu bəlanın əlində aciz qalıb.

- Yeri gəlmişkən, ötən il mart ayının ortasında  - pandemiya təzə-təzə yayılanda demişdiniz ki, havalar qızan kimi xəstəlik dayanacaq. Müntəzəm surətdə sarımsaq yemək, buruna spirt çəkmək lazımdır. Xəstəliksə bu günəcən sovuşub getməyib...  

- Çünki adamlar mən deyənə əməl eləmədi...

- Axı təkcə bizdə yox, dünyada pandemiya tüğyan edir...

- Elə hər yerdə hamı qaydanı pozdu. Öz bildiklərini elədilər, məsələyə köklü yanaşmadılar. Sarımsaq ye deyən kimi, bazar-dükanda qiymət ceyran belinə qalxdı.

-Siz də bu bəlaya tutulmuşdunuz. Öz dediyinizə - tövsiyyənizə əməl etmirdiniz?

- Bəli, elə özüm də qaydanı pozduğum üçün yoluxdum. Daim sarımsaq yeyirdim. Sonra evimizin yanındakı marketdə sarımsaq qurtardı, bir neçə gün yeməyim kəsildi. Bax, elə həmin vaxt xəstələndim.

- Bir müddət müalicə olundunuz və şəfa tapdınız. İndi tam sağalmısınız?

-Allaha şükür, yaxşıyam. Gömrük klinikasında məni yenidən həyata qaytardılar. Onlara sağ ol deyirəm. Hamısına can borcum var. Xüsusilə, klinikanın rəhbərliyinə - Elman, Faiq həkimə və bilavasitə müalicəmi aparan Afət xanıma ömrü boyu duaçıyam. Və bir şey də deyim: adlarını çəkdiyim həkimlər tələbələrim olub.

- Mustafa Topçubaşov, Kamil Balakişiyev, Ümnisə Musabəyova, Qəhrəman Qəhrəmanov, Məmmədəmin və  Fuad Əfəndiyev, Əbdüləhəd Həsənov kimi görgəmli alim-həkimlərin yetirməsisiniz. Davamçılarınızsa sizi sağaldanlardır. Estafetdən razısınız?

- O dediyiniz alimlər hamısı həm mükəmməl mütəxəssis, həm də gözəl adamlarıydı. Onlardan çox şey öyrənmişəm. Həmin müəllimlər olmasaydı, indi bugünki Rəşid deyildim. Davamçılara gəlincə, razıyam. Çox savadlı, istedadlı, qabiliyyətli həkimlərimiz var. Özü də işlərini saat kimi qurublar, bir dənə əyər-əskik yoxdur. Klinikada yatanda bunun canlı şahidi oldum. Demək, kadr ciddi məsələdir. O öz yerindədirsə, hər iş yaxşı gedəcək. Söhbətimizin bu yerində bir məsələyə də toxunum. İndiyəcən Naxçıvana yolum düşməmişdi. İyun ayında bir dostum Ordubadın Nüsnüs kəndinə xeyir işə dəvət eləmişdi. Adamlarına heyran qaldım o kəndin. Sadə, halal, zəhmətkeş adamlardı. Kənd deyil, sanki cənnətdi. Naxçıvanın özünü və digər yerləri də gəzdim. Təmizlik, abadlıq göz oxşayır. Bunu kim eləyib? Adamlar və o diyarın rəhbəri. Əl-ələ veriblər, yaxşı nəticəsi də ortadadır. Mən fürsətdən istifadə eləyib, muxtar respublikanın rəhbərindən tutmuş sıravi vətəndaşadək hamısına “sağ ol”umu çatdırıram. Kaş, ölkəmizin hər yerində belə səliqə-səhmanla rastlaşa biləydik.

- Tibbi maarif işinin səviyyəsindən razısınız? Məncə, adamların şəxsi gigiyena və təbabətlə bağlı zəruri bilgiləri azdır.

- Haqlısınız! Bizdə bu sarıdan çox çatışmazlıq var. Maarifləndirmə, təbliğat işi dağınıq, yarıtmaz aparılır. Halbuki, qaçılmaz və həyati vacib məsələdir. Valideynlər övladlarına uşaq yaşlarından həm mənəvi, həm də sağlamlıqla bağlı bilikləri, vərdişləri aşılamalı, şəxsi nümunə göstərməlidirlər. Bünövrə yaxşı olanda, üstünü tikməyə nə var. Amma təəssüf ki, vəziyyət ürəkaçan deyil. Sizə deyim ki, koronanı bir ucdan pisləyirik. Yaxşı tərəflərinisə görmək istəmirik. Adi bir şey, əksəriyyət bayırdan evə girən kimi birbaşa süfrəyə əyləşir. Əslində belə yaramaz. Pandemiya başlayandan heç kim əlini yumadan yeməyə əl uzatmır. Üstəlik, yeyib qutrarandan sonra da təmizliyə fikir verir. Bu bəla müəyyən mənada adamları həm də tərbiyə elədi. Bəziləri qəflət yuxusundan ayıldı. Başa düşməyə başladı ki, var-dövlət hələ hər şey deyil. Milyonların heç də həmişə səni xilas eləməyə güçü çatmır. Üstəlik, bir-birimizin qeydinə qalmalıyıq. Ölüm gözlə-qaş arasındadır. Əzizin, doğman qəflətən dünyadan gedər, onu saxlaya bilməzsən...

- Gəlin, xəstəlik yox, daha çox sağlamlıq sözü işlədək...

- (Gülür) Yaxşı dediniz. Sağlamlıq üçün vacib əmillər sırasında hava birincidir. İnsan altı dəqiqədən artıq oksigensiz yaşaya bilmir. Susuz yeddi gün dözər. Aclığa davamısa qırx günə çatar. Yəni, nəfəs almağa havası varsa, neçə gün, çaysız-çörəksiz ötüşər. Pandemiyaya qarşı tədbirlərə başlayanda görüləsi vacib işlərdən biri bilirsiniz nəydi?

-Adamların bayıra çıxmağına imkan vermək?

- Bəli, maska taxın yox, çıxın, gəzin, dağa, meşəyə gedin tövsiyəsi olmalıydı.

-Amma əksini gördük: Yol-iz bağlandı, təkcə yolnam gedən adamın belə qarşısında maskadan istifadə tələbi qoyuldu.  

-Səhv yanaşmaydı. Xəstəliyin belə uzun davam etməsinin bir səbəbi də budur. Adamlarımız hüquqlarını bilmir, maarif işi zəifdir. Başlarını bir parça çörək qayğıları, azacıq vaxt tapanda da mənasız verilişlər, söhbətlərlə qatırlar. Axırı da gəlib bu yerə dirənir.

-Siz uzun illərdir efirə çıxırsınız. Həmişə haqq sözü deyən şəxs kimi tanınsanız da, iştirak etdiyiniz proqramlarda cəmiyyətin əsas problemləri qaldırılmır. Bəlkə daha çox bu məqama diqqət yetirəsiniz...

-Əvvəla, ciddi mövzulardan verilişlər hazırlamırlar. İkincisi, imkan vermirlər, qoymurlar sən bu barədə danışasan. Televiziyaların rəhbərlərinə və onlara tapşırıq verənlərə sərf eləmir.

- Amma siz ziyalısınız. Xalqın gözünü kim açmalıdır, dərdini kim dilə gətirməlidir?

- Əlbəttə, bu bizim üzərimizə düşən vəzifədir. Gəlin görək, hamı bu məsuliyyəti dərk edir, yükün altına çiyin verirmi? Bunun da səbəbi indinin məsələsi deyil. Sovetdən bəri ziyalıları çox əzdilər, sındırdılar. Əksəriyyət qorxur, səsini çıxartmır. Allah evini tiksin, bəs nə vaxt danışacaqsan? Ziyalı yaltaq, yalaqdırsa, vay o millətin halına. Mən niyə qorxub-hürkmürəm? Əgər savadsız, rüşvətxor, avara, pozğun, ailə sarıdan dili gödək olsaydım, danışa bilərdimmi? Demək, doğru-dürüst, ləyaqətli yaşamalısan ki, üstünə ayaq açmasınlar. Görün neçə ildir efirlərdə “ay millət belə olun, elə olun” deyirəm. Sözümlə əməlim uyğun gəlməsəydi, məni topa tutardılar (gülür)

Söhbətimiz boyu elə hey Rəşid müəllimə zəng gəlir. Hər dəfə üzrxahlıq edib zəngə cavab verir. Sonra “mənim günümü görürsünüz də. Neçə yerə çağırırlar, çatdıra bilmirəm. O gün birinci dəfə vədələşəndə də iş çıxdı, üzrlü sayın” deyir.Daha sonra yenidən həvəslə söhbətimizə qayıdır.

- Həkim, gəlin bir vacib məsələdən - Azərbaycanda suda yod çatışmazlığından danışaq. İllərdir problemə toxunursunuz, səsisinizə səs verən var?

- Bu, son dərəcə ciddi məsələdir. Təkcə bizdə yox, dünyada iki milyard əhali yod çatışmazlığından əziyyət çəkir. Torpağımızın altı-üstü qızıldır, di gəl bizim sularda yod normadan xeyli aşağıdır. Bax, xəstəliklərin bilavasitə səbəbi də bundadır. Yod həyat üçün çox vacibdir. Adamların yorğunluğunun, huşsuzsuğunun səbəbi də onun çatışmazlığıyla bağlıdır. Uşağı məktəbdə müəllim, evdə valideyn danlayır. Ta bilmirlər ki, uşaq yazıq neyləsin, bədəni lazımınca yodla qidalanmır. Hamilə qadınlar üçün vəziyyət daha ağırdır. Orqanizmə kifayət eləməyən yod payı bətndəki körpəyə bölünür. Məsələnin əhəmiyyətinə, səsimin eşidilməyinə gəlincə, Allaha şükür, fikrimə, mövqeyimə hörmətlə yanaşırlar. Son aylardasa xüsusi diqqət göstərən bir nəfər meydana çıxıb. Uzun illər xaricdə yaşamış həmyerlimiz, alim var, o çox ciddi maraqlanır. Problemin optimal yolunu su üçün lazım olan yodu qablaşdırılmış şəkildə hazırlamaqda görürük. Qiymətin münasibliyinə çalışacağıq. Və qablaşdırılmış yodun bir-iki damcısı neçə litr suyu orqanizmə lazım olan normada içiləcək vəziyyətə gətirəcək. Bu istiqamətdə artıq iş gedir. Xalqımız istedadlıdır. İnanıram ki, suyu yodlaşdırsaq otuz ildən sonra gələcək bizimdir. Ən böyük kəşflər, nailiyyətlər ölkəmizdə reallaşacaq.

- Dedikləriniz ürəkaçandır və gələcəyimizə nikbinliyə çağırırır. Amma qidalanmayla bağlı ümumi vəziyyəti nəzərə almalıyıq. Rəhmətlik professor, geneologiya üzrə mütəxəssis Mehdi Sultanovu yəqin ki, xatırlayırsınız. O xalqımızın qidasında əsrlər boyu qoyun əti və kərə yağının xüsusi yer tutduğunu deyirdi. Müasir həkimlərin xolestrin barədə fikirlərini uydurma adlandırırdı...

- Yediyimiz nədirsə, özümüz də oyuq. Dünya başdan-başa siyasət, oyun içindədir. İstədiyimizi tapıb yeyə bilsəydik nə dərdimiz vardı. Qida biznesiylə məşğul olanlar, onların bazarına əngəl törədənləri – alimləri sevmirlər. Və təəssüf ki, böyük pullar hamıya meydan oxuyur.              Allah rəhmət eləsin, Mehdi müəllim yaxşı kişiydi. Haqlıydı, əsrlərlə beləcə qidalanmışıq. Əsasən qoyun əti və kərə yağı yeyib, fiziki işlə məşğul olan babalarımız yüz il və daha çox sağlam yaşayıblar. Necə deyərlər, bunlar məsələnin gözlə görünən tərəfidir, amma elmi əsası yoxdur. Yəni uzunömürlüyün məhz həmin qidalanma və həyat tərziylə bağlılığı elmi cəhətdən sübuta yetirmək gərəkdir. Mən alim fikrini söykəkli görəndə qəbul eləyirəm. Elə belə danışılan elm deyil, nağıldır (gülür)

- “Normal fiziologiya” adlı dərslik yazmısınız. İndisə atlası işləyirsiniz.

Bəli, mən başda olmaqla dörd nəfər çox ciddi çalışırıq. Əsas müəllif və rəhbər kimi, atlasın nəinki bizdə, dünyada əhəmiyyətli əsər sayılacağına inanıram. Çünki indiyədək bu sanbalda iş görülməyib. İnşallah yaxın günlərdə doğulduğum Gədəbəyə istirahətə gedəcəm. Və orada yazdıqlarımızı saf-çürük edib, hazır vəziyyətə gətirəcəm. Məncə, işimizi normal axara salıb payızda yekunlaşdıra biləcəyik. Təki Allah zehin açıqlığı və möhlət versin.

-Səhiyyə nazirliyi dura-dura ötən ildən TƏBİB adlı təşkilatın fəaliyyəti haqqında nə deyərdiniz?

- Sahə üzrə aidiyyatı bir təşkilat var ikən, digərinin təsis olunması və əvvəlkinin fəaliyyətini öz əlində cəmləməsi məntiqsizdir.

- Rəşid müəllim, siz qədim kişilərdənsiniz. Həyatda çox şeylərin şahidisiniz. Dəyərlərimiz və ailələrin vəziyyəti, bu istiqamətdə hansı işlərin aparılması məsələsi barədə fikriniz necədir?

- Həssas məsələdir. Nə qədər ürəkağrıdan hadisələr görür, eşidirik. Biz belə olmamışıq. Xaricdən müxtəlif yollarla ailələrimizi dağıtmaq istəyirlər. Məqsəd milləti məhv eləməkdir. Ona görə də kənarda dayanıb genefondumuzu zədələmək haqqında plan qururlar. Türkdən çox qorxurlar. Düşmən qüvvələrin bütün fikir-zikirləri bizi parçalamaqdır. Yenə nə yaxşı ki, minlərlə nümunəvi ailələrimiz var. Onların sayəsində ayaq üstəyik. Amma ciddi düşünməli, diqqətli, ayıq olmalıyıq.

- Düşünürəm ki, söhbətimiz maraqlı keçdi. Diqqət və vaxt ayırdınız, var olun!

- Mən təşəkkür edirəm. Bu görüş xoş oldu. Bizim böyük alimlərimizi tanıyırsınız və təbabətə müəyyən bələdliyiniz var. Eyni zamanda cəmiyyətin qayğılarından narahatsınız. Demək, bizdən sonra düşünənlərimiz, layiqli davamçılarımız var. Allah sizi qorusun!

Əslində söhbət bitən deyildi. Rəşid müəllim sanki cuşa gəlmişdi. Amma bugünlük bəsiydi. Həm də o bir iş dalınca getməliydi. Gözləyirdilər. Nə onu, nə də gözləyənləri nigaran qoymamaq üçün sağollaşmaq gərək idi. Üstəlik biz də tələsirdik. Oxucularımız, tamaşaçılarımızla növbəti qonağımızı görüşdürməliydik. Artıq qaydaya, nizama düşən yerimizdə - hücrəmizdə üzü-gözü öyrəşənlər, xəbər gözləyənlərimiz var. Ekzüperi demişkən, biz alışdırdıqlarımıza cavabdehik. Bax, onların hüzuruna tələsirdik...

Rəy yaz

Bizimkiler

Berlin görüşü, Prezidentin mesajları, Qərbin addımları – Azər Qasımlı Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti