Açiq məmbələrdən
Koronavirus infeksiyasına yoluxma təhlükəsinin qalması, ölkənin bank sistemindəki vəziyyət, devalvasiya ehtimalı barədə düşüncələr və s. məsələlər medianın aparıcı mövzuları sırasındadır.
“Azərbaycan” qəzeti “Arxayınlaşmaq tezdir: təhlükə hələ qalır” sərlövhəli məqalədə koronavirus pandemiyası ilə bağlı ölkə və dünyadakı vəziyyəti dəyərləndirir.
Müəllif deyir ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan yeni növ koronavirus (COVID-19) artıq planetin 210 ölkə və bölgəsinə yayılıb, dünyada bu virusa yoluxanların sayı 3 milyondan çoxdur, 1 milyon bu virusdan sağalsa da pandemiya qurbanlarının sayı 300 minə yaxınlaşır
Müəllif deyir ki, Azərbaycan çox az dövlətlərdən biridir ki, vaxtında qabaqlayıcı, çevik tədbirlər həyata keçirdi, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, təhsil müəssisələrində proseslər mərhələli şəkildə dayandırıldı,bütün kütləvi tədbirlər mərhələli şəkildə dayandırıldı. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi.
Amma müəllifə görə, təhlükə hələ tam sovuşmayıb, bununla belə əhali arasında bir arxayınlaşma, laqeydlik nəzərə çarpmaqdadır.
Müəllifə görə, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma vətəndaşlar bilməlidirlər ki, epidemioloji vəziyyət tələb edərsə, xəstəliyin dinamikasında artım olarsa, yoluxma sürəti çoxalarsa, karantin rejimi yenidən sərtləşdiriləcək.
Müəllifə görə, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da virusa yoluxma sürətinin qarşısını almaq, xəstəliyin yeni dalğasına yol verməmək üçün kütləvi tədbirlər, toplantılar keçirilməməli, vətəndaşlar şəxsi gigiyena qaydalarına, əvvəlki dövrdə olduğu kimi sosial məsafə tələbinə əməl etməli və özünütəcrid, "Evdə qal!” kampaniyasına davam etməlidirlər.
Yazı müəllifi deyir ki, məhz o zaman gözəgörünməz düşmənlə mübarizədə tam qələbədən danışmaq olar, indilikisə hələ tezdir...
“Azadlıqinfo”da dərc edilən “Bank sistemi pis yerdə yaxalanıb” sərlövhəli məqalədə iqtisadçı-ekspert Nemət Əliyev Azərbaycanın bank sisteminin etibarlılıq səviyyəsini dəyərləndirir.
Ekspertin deməsinə görə, manatla saxlanılan əmanətlər fevral-mart aylarında 498 milyon manat və ya 12% azalıb, bu pulların 161 milyon manatı və ya 32 faizi xarici valyutaya çevrilərək yenidən banklara qaytarılsa da 337 milyon manatı və ya 68 faizi bank sistemindən kənara çıxarılıb: “Bu fakt özlüyündə manata olan münasibəti çox bariz şəkildə əks etdirir. Buradan həm də o aydın olur ki, əhali banklara nəzərən evlərdəki balış altını daha güvənli bilir”.
Ekspert deyir ki, digər depozitarların banklarda saxladığı depozitlər də düşüb, maliyyə və qeyri-maliyyə təşkilatları iki ayda manat depozitlərini 78 milyon, xarici valyuta depozitlərini isə 338 milyon manat azaldıb: “Əhalinin bu cür davranışı birmənalı şəkildə bank sisteminə və milli valyutaya inamsızlığın yenidən baş qaldırması və artması ilə əlaqədardır” deyə ekspert bunun səbəbini göstərir.
Onun fikrincə, bu arzuolunmaz prosesin ölkəyə valyuta axınının əhəmiyyətli dərəcədə azalması fonunda bundan sonra da davam edəcəyi ehtimalı çox yüksəkdir: “Bir sözlə, bank sistemi pis yerdə yaxalanıb. Pul-kredit və bank siyasətində buraxılan kobud səhvlərin vurduğu ağır yaraları sağaltmadan banklara, milli valyutaya inamsızlığın yenidən güclənməsi heç bir nikbin perspektiv vəd eləmir”.
Mərkəzi Bankın bu il aprelin 27-28-də iki bankın lisenziyasını ləğv etməsi və daha iki banka inzibatçı yollaması da banklara inamın zəifləməsinə xidmət edən addımdır.
“Modern.az”da yer alan “İqtisadçılar hansı banka güvənib əmanət qoyar? – sərlövhəli məqalədə verilən suala cavab axtarılır.
Məsələnin aktuallığına səbəb isə Mərkəzi Bankın bu günlərdə “AGBank” ASC və “NBCBank” ASC-ni öz müvəqqəti idarəetməsində saxlaması, “AtaBank” və “Amrah Bank”ın lisenziyalarını ləğv etməsi göstərilir. Müəllifə görə, bu hal, yəni bankların bağlanması insanlarda banklara etibarsızlıq yaradır.
Daha sonra isə müəllif vətəndaşın banklara etimad edəcəyi, yoxsa ondan uzaq duracağı suallarını ön plana çıxarır və ekspertlərin cavabları isə birmənalı deyil.
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, ölkədə dayanıqlı banklar var, sadəcə, bankların işləmə mexanizmdə dəyişikliyə ehtiyac var, belə ki, banklar çox primitiv qaydada depozit götürüb kredit verib pul qazanmaqla kifayətlənməməlidir. Tanınmış ekspert Əkrəm Həsənova görə, banka pul qoymaq banka inamdan irəli gələn məsələ deyil, yəni banka pul qoymaq banklara pul etibar etmək yox, dövlətə etibar etməkdir: “Yəni, dövlət həmin əmanəti sığortalayacaq ya yox, budur əsas məsələ, burada isə müəyyən problemlər var”.
“Bizimyol.info.az”da yer alan “Ekspertdən devalvasiya açıqlaması” sərlövhəli məqalədə isə müəllif devalvasiya ehtimalını İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyevlə müzakirə edir.
Ekspertə görə, dünya bazarında neftin qiymətinin ucuzlaşması, Azərbaycanda bəzi bankların ləğvi prosesinə başlanması cəmiyyətdə devalvasiya ilə bağlı müzakirələrə səbəb olub.
R.Atakişiyev iddia edir ki, Azərbaycanda devalvasiya şəraiti var, amma dövlət buna getmir, devalvasiyanın iqtisadiyyata yarada biləcək təsirlərinin qarşısını almaq üçün devalvasiya yolunu seçmir. Yeri gəlmişkən, indi manatla bağlı vəziyyət də fərqlidir.
Ekspertə görə, dövlət baş verə biləcək risklərlə bağlı maliyyə sahəsində stabilləşdirici siyasət aparır, yəni vəsait çatışmayan sahələrə vəsait xərcləyir: “Bank sektorunda baş verən proseslərin məntiqi odur ki, bank sisteminə xələl gətirə biləcək bankların lisenziyası ləğv edilir. Banklarla bağlı tələblər gücləndirilir ki sistemdə daha sağlam və maliyyə baxmından daha rəqabətqabiliyyətli banklar olsun”.
Rəy yaz