Ölkə neft sənayesinin inkişafında Dərin Özüllər Zavodunun rolu, lift təsərrüfatının durumu, ölkədən baş verən immiqrasiya, Daşınmaz əmlakın satışa çıxarılmasının çoxalması bugünki medianın aparıcı mövzusudur…
Neft nəhəngi
“Azərbaycan” qəzeti “Sənaye nəhənginin müasir gücü” sərlövhəli məqalədə (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121700) Bakı Dərin Özüllər Zavodunun neft sənayesinin inkişafında rolundan bəhs edir.
Müəllif deyir ki, XX əsrin 60-cı illərində Azərbaycanda neft-qaz sənayesi getdikcə tənəzzülə uğrayırdı və yalnız 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Dərin Özüllər Zavodu tikildikdən sonra Xəzər dənizində neft-qaz yataqlarının mənimsənilməsi Azərbaycanın tam nəzarətinə keçdi və Azərbaycanın neft sənayesində dirçəliş mərhələsi başladı.
Müəllif deyir ki, bu zavod ötən əsrin 70-ci illərində Xəzər dənizinin dərinlikləri 40 metrə qədər olan sahələrində real iş imkanı yaratdı.
Müəllif bu zavodun rolunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin dililə belə dəyərləndirir: “Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün SSRİ rəhbərliyinin razılığının alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib işə salınması məhz Heydər Əliyev iradəsinin və prinsipiallığının nəticəsidir. Bircə rəqəmə diqqət yetirin: 450 milyon ABŞ dollarından söhbət gedirdi. Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdir? Bu, həqiqətən də əsl qəhrəmanlıq idi”.
Müəllif deyir ki, zavodun inkişaf dövrü 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başladı və Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının tam işləməsi neft sənayesində ciddi dönüş yaratdı.
Müəllif deyir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra zavodun üzərinə düşən işlər artdı və həmin vaxtdan bu nəhəng müəssisə ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsində gərəkli töhfələr verdi. O illərin tələbələri bu gün gərəkli kadr kimi istehsalatda uğurlu nəticələr qazanır. Biz neft-qaz layihələrinin həyata keçirilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə rəqabətə girə bilirik.
Təklif çox, alan yox…
“Exo” qəzetində “Azərbaycanda daha çox adam torpağını satışıa çıxarır” sərlövhəli məqalədə (http://ru.echo.az/?p=59337) vətəndaşın torpaq sahəsini satması ekspertlərlə müzakirə edilir.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, Azərbaycanda maliyyə böhranı ilə bağlı torpaq bazarında təklif 20% artıb.
“MDB-nin bir çox ölkələrində torpaq bazarında təklifin artması müşahidə edilir, orta göstərici 30%-ə yaxınlaşır. Azərbaycan torpaq bazarı o qədər də böyük deyil, odur ki, təkliflərin həcmi 20% artıb. Amma, bununla belə, bizim ölkə üçün kifayət qədər yüksək göstəricidir. Torpaq bazarında belə bir durumun yaranmasına səbəb aşağıdakılardır: birincisi, maliyyə çətinlikləri yaşayan fiziki və hüquqi şəxslər torpaq əmlaklarını satmağa məcburdurlar, ikincisi, alqı-satqının həcmi getdikcə azalır, üçüncü isə tikinti həcminin azalması da bazarda təklifin artmasına səbəb olur. Amma, təklifdə artım olsa da, bu, özünü alqı-satqı əməliyyatlarında göstərmir, əksinə, torpaq sahələrinə tələb azalıb və torpaq bazarında durğunluq hökmranlıq edir”.
Ekspert deyir ki, devalvasiyaya qədər torpaq alaraq ev tikmək sərfəli idisə, indi əksinə, mənzil almaq sərfəlidir, çünki gəlirlərin bol vaxtı dövlət qurumları
hüquqi sənədlər olmadan ucuz torpaq sahəsi satılmasına göz yuma bilirdilər, indi isə hüquqi sənədləşmə olmadan ev tikmək faktiki mümkün deyil.
N.İbrahimli deyir ki, bu isə fərdi ev tikintisinin azalmasına səbəb olub və topraq sahəsinə qyiməti bu sahəyə aid bütün sənədlərin olması müəyyənləşdirir və torpaqla bağlı əsas bazar təkliflərini Bakı kəndlərindəki boş torpaq sahələri müəyyən edir.
Müəllif monitorinqlərə istinadən deyir ki, 2015-17-ci illərdə Bakının torpaq bazarında təkliflərin həcmi 19,4% artıb, satqı ilə bağlı elanların sayı 437-yə çatıb, bu isə 2014-cü il ilə müqayisədə 46% azalma deməkdir.
Burada ən çox təklif Sabunçu (29%), ən az isə Nizami və Qaradağ rayonlarının (1,8%) payına düşür.
Müəllif xatırladır ki, bu tikintilərin azalmasına səbəb həm də qanunsuz tikintiyə görə fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 3 min manat, hüquqi şəxslərə isə 30 min manat cərimə tətbiq olunmasıdır.
Ayrılan milyonlar və işləməyən liftlər
“Novoe Vremya” qəzetində “Təhlükəsiz lift bu qədər təhlükəlidir” sərlövhəli məqalədə (http://www.novoye-vremya.com/w91507/.../#.WRNPooiLTIU) müəllif statistikaya əsasən ən təhlükəsiz nəqliyyatın lift olduğunu bildirir, amma son vaxtlar lift sisteminin Bakıda bu statusu itirdiyini bildirir: “Aprel ayında liftlərin şaxtalara düşməsi nəticəsində 2 nəfərin həlak olması, 11 nəfərin xəsarət alması haqda informasiyalar yayıldı, bütünlükdə isə lift təsərrüfatı Bakının aktual problemlərindən biri olaraq qalmaqda davam edir. Bu, ona görə təəccüb doğurur ki, dövlət orqanlarının liftlərin yenilənməsi ilə bağlı xərcləri artır, ildə ölkəyə 1300 ədəd lift gətirilir, 2013-cü ildə isə ən çox, 2711 ədəd lift gətirilib”.
Müəllif deyir ki, bu qədər çox sayda lift gətirilməsinin səbəbi Bakıda 5552 liftin və ya bütün lift sayının 50%-dən çoxunun yararsız olması ilə bağlıdır, bununla belə, 2015-ci ilin sonuna kimi cəmi 1500 lift dəyişdirildi, 1000-ə qədər lift isə təmirə verildi.
Yazı müəllifi deyir ki, təmirin keyfiyyətinə gəlincə, təmir edilmiş liftlərin 2016-17-ci illərdə yenidən təmirinə ehtiyac yaranıb, amma bu dəfə təmirlər sakinlərin vəsaitləri hesabına aparılıb.
Müəllif Hesablama Palatasının məlumatlarına əsasən deyir ki, ölkədə istifadədə olan liftlərin ancaq 20,5%-nin istifadə müddəti 5 ildən aşağıdır.
Müəllif deyir ki, liftlərin dəyişdirilməsinə maraq özünü tenderlərdə də göstərir. Belə ki, 2016-cı ildə liftlərin qurulması və ya dəyişdirilməsilə bağlı 2,3 milyon manat məbləğində tender keçirilib.
Müəllif bildirir ki, rəsmi sənədlərdə 2016-cı ildə liftlərin təmirinə 1 milyon manat ayrıldığı göstərilir, amma reallıqda bu rəqəm ən azı 2-3 dəfə çoxdur.
Müəllif vurğulayır ki, 2013-cü ildə Bakının lift infrastrukturunun yenilənməsinə 20 milyon manat ayrılıb, alınan liftlərin orta dəyəri 13-15 min manat olub, daha bahalı liftlər isə 40-50 min manata başa gəlib.
Məqalədə deyilir ki, 2016-cı ildə ən çox lift alan qurum Bakı Dövlət Universiteti olub və reyestrə əsasən, buna 538 min manat xərclənib. Bu tenderdə “Klassik-2” şirkətinin qalib gəldiyi vurğulanır.
Amma bu məsələdə müəllif diqqəti şirkətin ixtisaslaşmasına yönəldərək deyir ki, bu şirkət elə 2016-cı ildə DİN-ə və İşərişəhər Qoruq rəhbərliyinə kargüzarlıq materialları gətirilməsi kimi tenderlərdə qalib olub.
Müəllif bunu da bildirir ki, universitet korpusların birində liftlərin üz materialının dəyişdirilməsinə 200 min mant xərcləyib ki, bu da ən azı 4 yeni liftin qiyməti deməkdir.
Müəllif bunu xüsusi olaraq nəzərə çatdırır ki, maraqlı budur ki bu qədər maliyyə vəsaitləri verilməsinə baxmayaraq, heç nə dəyişməyib, əksinə liftlərdə ilişib qalanların, işləməyən liftlərin sayı artıb və bu vəsaitlərin hara getdiyi məlum deyil.
Ölkəni niyə tərk edirlər?
“Bizim Yol” qəzetində “Azərbaycanı tərk edənlərin sayı artır” sərlövhəli məqalədə (http://www.bizimyol.info/news/97058.html) müəllif ölkədən immiqrasiya proseslərinin səbəblərini ekspert Natiq Cəfərli ilə müzakirəyə çıxarır.
Müəllif son vaxtlar bir çox Azərbaycan vətəndaşlarının xarici ölkələrə mühacirət edərək yaşayış yerlərini dəyişdiklərini nəzərə çatdırır və buna səbəb kimi son illər ölkədə baş verən iqtisadi proseslər nəticəsində sosial durumun ağırlaşmasını göstərir: “Təkcə qardaş ölkə Türkiyəyə ötən il Azərbaycandan mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Bu barədə Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir”.
Müəllif deyir ki, Azərbaycan vətəndaşları iraqlı və suriyalılardan sonra Türkiyədə yaşamaq icazəsi alan xaricilər arasında üçüncüdür və onların sayı 39 min 200 nəfərə yaxındır.
Müəllif qurumun hesabatına istinadən deyir ki, Türkiyəyə mühacirət edən Azərbaycan vətəndaşlarından 7 min 377 nəfəri bu ölkədə ailələri ilə birlikdə uzunmüddətli yaşayış icazəsi alıb. Belələrinin sayına görə Azərbaycan vətəndaşları birinci yerdədir: “Azərbaycandan gedənlərin 10 min 528 nəfəri isə təhsil almaq üçün yaşayış icazəsi alıb. Hesabata görə 5 min 102 Azərbaycan vətəndaşı Türkiyədən “insani səbəblərlə və insan ticarəti qurbanı kimi” uzunmüddətli yaşamaq icazəsi alıb”.
Müəllif müxtəlif vaxtlarda ölkədən olan immiqrasiya barədə xatırlatmalar verir və qeyd edir ki, azərbaycanlılar yaşamaq üçün daha çox Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistana üz tuturlar.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, son iki ildə yaranan iqtisadi çətinliklər, maliyyə problemləri, iqtisadi aktivliyin azalması, ədalətsizliklə bağlı problemlər insanların ölkədən getmələrinə səbəb olur: “Çünki insanlar doğuşdan istəyir ki, daha yaxşı şəraitdə yaşaya biləcəkləri yerlərdə məskunlaşsınlar. Bu, təbii hissdir. Azərbaycanda iqtisadi və sosial vəziyyət gərginləşdikcə, ədalətlə bağlı problem yaşandıqca, məsələn, məhkəmələrin ədalətsiz qərarları, səhiyyə və təhsillə bağlı problemlər öz həllini tapmadıqca, insanlar da, təbii ki, başqa ölkələrdə yaşamağa üstünlük verirlər”.
Ekspert təəssüf hissilə bu sırada ölkədən “beyin axını” olmasını xüsusi olaraq diqqət mərkəzinə çəkir.
Rəy yaz