Son 15 ildə ölkə iqtisadiyyatının inkişafı, kütləvi aksiyaların mahiyyəti, ömürlük məhbusların problemləri və s. məsələlər bugünkü (12 sentyabr, 2018-ci il) medianın aparıcı mövzularındandır.
Son 15 ilin iqtisadi inkişaf göstəriciləri
"Azərbaycan" qəzeti "15 ilə 250 milyard dollar sərmayə, 44,3 milyard valyuta ehtiyatı" sərlövhəli məqalədə ölkə iqtisadiyyatının inkişafını dəyərləndirir.
Müəllif Azərbaycanın iqtisadi inkişafını keçən həftə Bakıda keçirilmiş "Azərbaycan Rəqabətlilik Forumu 2018" Forumu fonunda təqdim edir.
Müəllif deyir ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı Forumun vurğuladığı əsas mahiyyət budur ki, ölkədə biznesin inkişafı, investisiyaların cəlb olunması, aqrar sektorun tərəqqisi üçün əlverişli mühit yaradılıb və bu dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Müəllif bildirir ki, qabaqcıl dünya təcrübəsinin tətbiqi, müxtəlif infrastruktur sahələrinin yaradılması ilə iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı təmin edilib.
Müəllif deyir ki, yeni "Əsrin müqaviləsi"nin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması, "Cənub" qaz dəhlizinin açılışı ilə Azərbaycana milyardlarla dollar həcmində yeni sərmayələr yatırılacaq.
Müəllif deyir ki, Azərbaycanın son 15 ildə kredit verən və enerji ixrac edən dövlətə çevrilməsi həmin inkişafın göstəricisidir.
Yazı müəllifi Forumda çıxış edən baş nazirin birinci müavini Yaqub Eyyubovun çıxışına əsasən son 15 ildə ölkə iqtisadiyyatına 236 milyard dollar investisiya yatırıldığını, bunun 118 milyard dollarının xarici investisiyaların payına düşdüyünü, valyuta ehtiyatlarının 44,3 milyard dollara yüksəldiyini deyir. Bu müddətdə Azərbaycan isə xarici ölkələrə 19 milyard dollar vəsait yatırıb.
Müəllifin deməsinə görə, son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf tempi var, bu dövrdə ümumi daxili məhsul real ifadədə 3,6 dəfə artıb, qeyri-neft sektorunun orta illik artım tempi 8,1 faiz, konkret 2017-ci ildə bu artım 2,7 faiz olub. məşğulluqla bağlı isə qeyri-neft sektoru 2003-cü ildəki 68 faizlik payını 2018-ci ildə 83%-ə yüksəldib: "Bu müddətdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı isə 5 dəfə artıb".
Müəllif deyir ki, son 15 ildə ölkə beynəlxalq logistika mərkəzinə dönüb və buna əsas kimi Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətini, Ələt Azad İqtisadi Zonasının yaradılması yönündə görülən işləri nəzərə çatdırır.
Müəllif vurğulayır ki, indi beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi mühüm amilə dönüb və son 15 ildə Azərbaycanın neft-qaz sektoruna təqribən 95 milyard dollar həcmində investisiya qoyulması bunun nəticəsidir.
Mitinqin mahiyyət fəlsəfəsi
"Azadlıq.info"da "Mitinqin əleyhinə olanlar onu təşkil etmək imkanı olmayanlardır" sərlövhəli məqalə oxumaq olar.
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinn sədri Rafiq Manaflı xalq etirazlarınin ifadəsi olan kütləvi aksiyaların mahiyyətini müzakirəyə çıxarıb.
Müəllifin deməsindən aydın olur ki, buna səbəb son vaxtlar mitinqlərlə bağlı siyasətlə məşğul olanların arasında ziddiyyətli diskussiyalardır: "Əsasən mitinq təşkil etmək üçün heç bir imkanı olmayan bir dəstə, diktatura ilə mübarizənin ən əhəmiyyətli silahı olan mitinqləri gözdən salmaq üçün əsl mücadilə aparırlar, onların mitinq fəallığına və bununla da diktatura ilə mübarizəyə zərbələri dayanmaq bilmir" deməklə müəllif məsələnin ciddiliyini vurğulayır.
Müəllif iddia edir ki, əgər bir siyasətçi, ya siyasətlə maraqlanan şəxs avtoritar rejimlə mübarizədə mitinqləri gərəksiz, vaxtı keçmiş mübarizə vasitəsi hesab edirsə, ya siyasi diletantdır, ya məqsədli, ya da sifarişlə danışır.
Müəllif deyir ki, Fransa inqilabından üzü bəri hər hansı bir ölkədə bir rejim dəyişibsə, bunu xalq kütlələri dəyişib, bu ya dinc kütləvi mitinqlər, ya da dinc mitinqlərdən sonrakı pillə olan xalq üsyanları ilə baş verib və ölkədə hakimiyyətin sahibi həmin kütlələrdir.
Müəllifin deməsinə görə, çoxları bunun fərqinə varmasalar da hakimiyyət çoxqatlı ictimai razılaşmanın məhsuludur, bir hakimiyyət razılaşmanı pozursa düz yola qayıtmağa sövq edilməli, islah olmadıqda isə sadəcə qovulmalıdır: "Mitinq hakimiyyətə güc nümayişidir. Hakimiyyətə çatdırmaqdır ki, biz bir vətəndaş olaraq öz gücümüzü bilirik və bizimlə hesablaşmanızı istəyirik. Mitinqin məntiqi budur".
Müəllifə görə, burada çıxış yolu, hakimiyyətin mahiyyətini dəyişməsindədir, amma bunu etmir, çünki hakimiyyəti itirməkdən qorxur, buna görə də kütləvi aksiyalardan qoxur, səbəb də budur ki, onun qarşısında tam müdafıəsiz olduğunu dərk edir.
Müəllif iddia edir ki, Azərbaycan problemlər içində boğulir, hakimiyyət isə nəinki problem həll etmir, əksinə, bütün fəaliyyəti ilə problemləri daha da dərinləşdirir və demək olar ki, hər gün yeni problemlər yaradır.
Müəllifin daha bir iddiası budur ki, televiziya və mətbuat tam rejimin əlində cəmləşdiyi üçün ictimai kontakt funksiyasını itirib və xalqdan gələn impulsları hakimiyyətə çatdıra bilmir.
Müəllifin deməsinə görə, hakimiyyət özü də heç bir impulsa reaksiya vermir, bundan da irəli gələrək xalqın fəallığının gündən-günə artması qaçılmazdır və bu fəallığın yeganə ifadə forması mitinqlərdir.
Müəllif deyir ki, hakimiyyət isə xalqla vuruşa bilməz, vuruşsa belə bu döyüşdən heç vaxt qalib çıxa bilməz, çünki vurduğu hər bir zopa, həbsə atıb çürütdüyü hər bir ömür onun öz məğlubiyyətinə, öz sonuna verdiyi fərmandır.
Ömürlük məhbusların ömürlük problemləri
"Yeni Müsavat" qəzetində isə "Ömürlük məhbusların məsələsi niyə həll olunmur? sərlövhəli məqalə diqqəti cəlb edir.
Müəllif ömürlük həbs cəzası alanların vəziyyətini deputat Fazil Mustafa və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə gündəmin müzakirəsinə daşıyır.
Müəllif deyir ki, son günlər Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbuslarla bağlı məsələ yenidən aktuallaşıb, QAT sədri, ömürlük məhbusların hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı dövlət başçısı İlham Əliyevə müraciətlə ömürlük məhbusların taleyini gündəmə gətirib.
Müəllif deyir ki, müraciətdə onların cəzalarının müddətli həbslə əvəzlənməməsi, Avropa Şurasına üzvlükdən sonra bu məsələnin həllinin yubanması, Milli Məclisin qarşıdan gələn sessiyasında ömürlük məhbuslarla bağlı məsələnin deputatlar tərəfindən gündəmə gətirilməsinin vacibliyi müzakirə obyektinə çevrilib.
"Bunun parlamentdə gündəmə gətirilməsinə ehtiyac görmürəm. Ömürlük həbs olunublar, etdikləri cinayətlərə görə məsuliyyət daşıyıblar. Kiminsə yaxınını öldürüblər, dövlətə böyük zərər vurublar. Bu baxımdan məsələni qaldırmağın heç bir adı yoxdur. İnsanlar fərdi qaydada bununla bağlı müraciətlər edə bilərlər. Bu müraciətlər əsasında onların istəyi nəzərə alına bilər. Onların cəzalarının illə əvəz edilməsi bir az mürəkkəb məsələdir. İnanmıram ki, qanunvericilikdə buna imkan tanına", deputat F.Mustafa bunu qəzetə bildirib.
M.Qəhrəmanlı isə deyir ki, ömürlük məhbuslarla bağlı ciddi problemlər var, belə ki, 2013-2014-cü illərə qədər istər siyasi məhbuslarla, istərsə ömürlük məhbuslarla bağlı vaxtaşırı yazılar gedirdi, tədbirlər keçirmək üçün xüsusi yerlər var idi.
Hüquq müdafiəçisi deyir ki, vaxt var idi, belə məsələləri dövlət qurumları qarşısında ictimailəşdirən mətbuat orqanları, QHT-lər illər öncəyə kimi kifayət qədər çox idi.
Hüquq müdafiəçisi deyir ki, 5-6 il öncəyə qədər ömürlük məhbuslarla bağlı tez-tez hesabatlar hazırlanır, beynəlxalq təşkilatlara göndərilirdi: "İndi isə məhbus ailələri şikayət etməyə yer tapmırlar". Bu məsələ ilə bağlı monitorinq aparılmasının vacibliyini deyən hüquq müdafiəçisi buna imkan olmadığını söyləyir. Ömürlük məhbusların vəkillərə ödəməyə maliyyə imkanları belə olmadığını yoxdur.
M.Qəhrəmanlı hesab edir ki, bu problemlər aradan qaldırılmayınca, ömürlük məhbusların taleyi acınacaqlı olaraq qalacaq və getdikcə də də unudulacaqlar.
Rəy yaz