Media-icmal 15.02.18

Sumqayıtda sənayenin inkişafı, dövlət borcunun artması, ölkədə keçirilən beynəlxalq idman yarışlarının maddi-mənəvi səmərəsizliyi bugünki (15 fevral, 2017-ci il) medainın aparıcı mövzularındandır...

Sənayenin inkişaf nümunəsi-Sumqayıt - Sumqayıt

"Azərbaycan" qəzetində "Sumqayıt: dünyaya səs salan inkişaf və quruculuq nümunəsi" sərlövhəli məqalədə müəllif Sumqayıt şəhərində sənayenin inkişafını dəyərləndirir.

Müəllif deyir ki, Azərbaycan iqtisadi baxımdan qüdrətlənib, dünya birliyində öz yeri olan dövlətə çevrilib və bu reallıqdır.

Müəllif bildirir ki, dövlət proqramlarının real nəticəsi olaraq, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır və Sumqayıt bunun nümunəsidir.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ildə Sumqayıt şəhərində qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib".

2017-ci il dekabrın 15-də dövlət başçısının Sumqayıta səfərini xatırladan müəllif həm də həmin vaxt şəhərdə bəzi müəssisələrin açılışını da yada salır.

Müəllif bu sırada səkkiz ayda tikilib istifadəyə verilən Sumqayıt Bulvarının açılışını xüsusi vurğulayır və deyir ki, bu, Sumqayıtın son illər müasir layihələr əsasında yenidən qurulmasının və regionun turizm məkanlarından birinə dönməsinin göstəricisidir.

Müəllif deyir ki, ölkədə həyata keçirilən davamlı iqtisadi siyasət nəticəsində Sumqayıtın sosial-iqtisadi həyatında inkişaf təmin olunub, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılıb.

Yazı müəllifi vurğulayır ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olub. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur.

Müəllif deyir ki, ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 34 faiz artaraq 1 milyard 81 milyon manat təşkil edib.

Müəllif deyir ki, Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85 faizdən çox olub. Xüsusən, sənaye sahələri üzrə məhsul istehsalında dinamik inkişaf təmin edilib.

Müəllifin sözlərinə görə, 2016-cı illə müqayisədə istehsal kimya sənaye məhsulları üzrə 128 faiz, metallurgiya məhsulları üzrə 100 faiz, yeyinti sənaye məhsulları üzrə 111 faiz, energetika məhsulları üzrə 169 faiz, digər sahələr üzrə 140 faiz təşkil edib, tikinti materialları məhsulları üzrə 2 dəfə, yüngül sənaye məhsulları üzrə 2,3 dəfə çox olub.

Əsas sahələrdə uğurların əldə olunması, iqtisadi göstəricilərin 2016-cı illə müqayisədə artması nəticəsində yerli büdcə gəlirləri 1 milyon 545 min manat və ya 3,6 faiz artıb, xərc hissəsi 43 milyon manat proqnoza qarşı 42,6 milyon manat və ya 99 faiz icra olunub.

Müəllif deyir ki, 2017-ci ili uğurla başa vuran sumqayıtlılar 2018-ci ildə də qarşıda duran və cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəklər.

Artmaqda olan xarici borc

"Novoye Vremya" qəzetində "Dövlət borcunun artmasına yol vermək olmaz" sərlövhəli məqalə oxumaq olar.

Müəllif deyir ki, 2015-ci ildə Azərbaycanda neftin qiymətinin enməsi və bunun nəticəsi olaraq qızıl-valyuta ehtiyatının azalması ilə başalanan böhran həm də beynəlxalq maliyyə institutlarından kreditlər alınmasını zərurətə çevirib:"Aydındır ki, iqtisadiyyatı dəstəkləmək, ölkə iqtisadiyyatı üçün zəruri olan enerji meqa-layihələrinə vəsait yatırmaq lazım idi, amma bu kreditlərin alınmasında sui-istifadəyə yol vermək olmaz, belə ki, bunun haqq-hesabı var".

Yazi müəllifi kredit alınmasında sui-istifadəyə yol verən qurumlar dedikdə xarici donorlardan kreditlər alan, amma bunu qaytarmağa maliyyə gücü olmadığı üçün bunu da dövlətin boynuna qoyan təşkilatları nəzərdə tutur.

Müəllif deyir ki, belə kreditlərin hesabına Azərbaycanın dövlət borcu artıb və bu il yanvarın 1-nə xarici borc 9,398,3 milyon dollar və ya 15,978,1 milyon manat təşkil edib.

Yazıda vurğulanır ki, bu isə 2017-ci ildə istehsal edilmiş 70,135,1 milyon manatlıq Ümumi Daxili Məhsulun 22,8%-i deməkdir.

Müəllifin sözlərinə görə, keçən il xarici borc 35,95%-ə yüksəlib, ÜDM-də payı isə daha 2,4% artıb.

Müəllifin fikrincə, dövlət borcunun həcmindən daha çox bu sahədə sürət yığmaqda olan mənfi meyllər həyəcana səbəb olur, belə ki, bir il ərzində dövlət borcu 36%-ə çatıb, belə davam edərsə, həyəcan təbili çalmaq lazım gələcək.

Müəllif deyir ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" kimi 45 milyard dollarlıq dəyəri olan bir layihəni icra edir, bunu təkbaşına həll etmək mümkün deyil, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı vasitəsilə layihəyə kreditlər yatırılır.

Yazı müəllifi bu kreditlərin indi götürülməsinin vacib olduğu qədər, onun qaytarılmasını da vacib sayır.

Müəllif deyir ki, bu kreditləri mənasız layihələrə sərf etmək də olmaz, necə ki, bir çox şirkət rəhbərləri bunu ediblər, belə ki, kreditlər müəyyən sahənin inkişaf etdirilməsi adı ilə götürülüb,xərclənib, sahənin inkişafı isə olmayıb.

Müəllif hesab edir ki, indi yaxın perspektivə münasibətdə əsas məsələ ölkənin dövlət borcunun artmasına yol verməmək, imkan olduqca həcmini azaltmaqdır.

Dünya neft bazarındakı mövcud qiymətlərin buna yol verdiyini deyən müəllif bu vəziyyətdən yararlanmağı vacib sayır və deyir ki, indiki neft konyukturası kəskin dəyişə bilər, o zaman isə bu dövlət borcunu qaytarmağa gələcək nəsillər məhkum ediləcək...

İsinmədik istisinə, kor olduq tüstüsünə...

"Azadlıqinfo.az" saytında isə ""Formula-1" tənəzzülün forması kimi" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif iddia edir ki, Azərbayan cəmiyyəti ölkədə keçirilən beynəlxalq tədbirlərə büdcəni dağıtmaq, bəzi şəxslərin ciblərini "doldurmaq" vasitəsi kimi baxır, yarışlar özləri isə tənəzzülə xidmət edir: "Məsələn, şəhərdə sorğu aparsaq görərik ki, əhali Avropa Oyunlarının ölkəyə vurduğu zərərdən xəbərdardır və bu tədbiri təəssüflə xatırlayır. Çünki milyonlarla insanın boğazından kəsib mənasız bir tədbirə caladılar. Avropa demokratiyasından vətəndaşı uzaq salanlar, Avropa oyunlarına yaxın etmək qərarı verdilər və Avropa liderləri də bu yarışı boykot etdi. nəticədə nə ölkənin imici yüksəldi, nə də büdcənin boyu yekəldi".

Müəllifə görə, hökumət isə bundan nəticə çıxarmaq fikrində deyil və bu sırada "xalqın cibini boşaldan" "Formula-1" yarışlarına növbəti dəfə start verir.

Müəllif iddia edir ki, bu yarışlar nə ölkənin imicinə müsbət təsiri, nə də maddi gəlir baxımdan hər hansı üstünlüyə malik deyil, yalnız ziyana "işləyir":

"Almaniya, İngilətərə kimi ölkələr bu yarışın maliyyə itkilərinə səbəb olduğunu əsas gətirərək rəsmən imtina ediblər. Azərbaycan hökuməti isə bütün yiyəsiz yarışlara sahib çıxır. Vətəndaş sahibsiz qaldığı üçün dünyanın müxtəlif paytaxtlarında sığınacaq alır, hökumət isə dünyanın müxtəlif yerlərindən gələn idmançılara milyonlar xərcləyir".

Yazı müəllifi vurğulayır ki, bu günlərdə "Formula-1" yarışları şərtlərinin Azərbyacanın zərərinə işləməsi rəsmən etiraf edilib və Gənclər və İdman naziri Azad Rəhimovun bu müqavilənin şərtlərinin qəbuledilməz olması ilə bağlı açıqlamasına diqqət çəkir:"Grand Prix"dən üç ay sonra "Formula-1" rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb uzatmamaq barədə qərarımızı bildirməliyik. Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula 1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq. Amma fikrimcə, həm özümüz, həm də "Formula -1" rəhbərliyi yarışmanın burada keçirilməsini istəyirik".

Müəllif deyir ki, nazir də bu şərtlərin ağır olduğunu bilib, amma bu şərtləri qəbul edib, səbəb də budur ki, bu yarışlara görə xeyli tikinti işləri həyata keçirildi, xeyli avadanlıqlar alındı, otellər doldu və.s: "Yəni, büdcə boşalsa da, bu tikintini həyata keçirən şirkətlər, bu avdanlıqları ölkəyə gətirənlər, bu otellərə sahib olanlar qazandı. İlkin mərhələdə şəxsi maraqlar önə çıxdı və arzular təmin edildi. İndi narazılıq edirlər ki, şərtlər dəyişsə 2025- ci ilə qədər müqavilə uzadıla da bilər. İzahı budur ki, "şərtləri yumşaldın, biz də 2025-ci ilə qədər "həzm prosesi"ni davam etdirək".

Müəllifə görə, bütün bunlar hökumətin vətəndaşı saymamasının, ölkədə hesabatlılıq olmamasının, ölkəyə biznes obyekti kimi baxılmasının göstəricisidir.

Müəllif xatırladır ki, ölkədə bəzi qüvəvlər bu şərtlərin ölkəyə xeyir gətirmədiyini öncədən deyəndə adlarını "ermənipərəst", "vətən xaini" qoydular, indi isə nazir bu şərtlərin qəbuledilməz olduğunu deyir, bir sözlə, tənəzzülün bir forması da "Formula-1" yarışlarıdır, büdcənin boşalma sürəti isə "Formula-1" avtomobillərinin sürətindən də böyük olub.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti