Media-icmal 16.02.18

Ölkə iqtisadiyyatının inkişafı, yeni vergi siyasətindən gözləntilər, əhali sayındakı azalmalar bugünki (16 fevral, 2018-ci il) medianın aparıcı mövzularıdır...

İqtisadi tərəqqi və demokratikləşmə - dayanıqlı inkişafın əsası

"Azərbaycan" qəzeti "Davamlı və sabit inkişafı təmin edən çevik islahatlar strategiyası" sərlövhəli məqalədə ölkədə yürüdülən iqtisadi siyasəti dəyərləndirir.

Müəllif deyir ki, müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini sübuta yetirib, həm də dövlətçilik irsinin davamlılığını təmin edəcək qüdrətli siyasi varis də yetişdirib: "Ümummilli liderin respublikaya rəhbərliyinin bütün dövrlərində ardıcıl və səmərəli islahatlar hesabına formalaşdırdığı inkişaf potensialı ötən 15 ildə tam reallığa çevrilib. Azərbaycanın ideyalardan gerçəkliyə, nəzəriyyədən təcrübəyə qədəm qoyaraq müasir tarixinin ən parlaq yüksəliş dövrünü yaşaması danılmaz həqiqətdir. Ötən 15 il dünya birliyinə sürətlə inteqrasiya olunan, demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla böyük nüfuz sahibinə çevrilən müstəqil dövlətimizin həyatında yeni tarixi mərhələnin əsasını qoymuşdur".

Müəllif vurğulayır ki, ölkənin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir, dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyən edib.

Müəllif ölkədə iqtisadi inkişafın davamlı olmasını dövlət başçısı İlham Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasındakı çıxışndan sitat gətriməklə gücləndirir: "Cənub qaz dəhlizi" layihəsi ölkəmizə yeni faydalar verir. Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb".

Müəllif deyir ki, dövlət başçısı əhali artsa da işsizliyin 5 faiz, yoxsulluğun 5,4 faiz olduğunu bildirir.

Yazı müəllifi deyir ki, dövlət başçısı həmçinin son 15 ildə Azərbaycanda hüquqi dövlət quruculuğunun da uğurla davam etdiyini söyləyib və bu dövrdə korrupsiyaya qarşı mübarizə, aşkarlıq və şəffaflığın təmin olunması tədbirlərinin də xüsusi yer tutduğunu xatırladıb.

Müəllif vurğulayır ki, dövlət başçısı korrupsiyaya qarşı mübarizə ilə bağlı 2004-cü ildə qanun qəbul edildiyini, sosial rifah tədbirlərinin genişləndirildiyini bildirib.

Müəllif bildirir ki, dövlət başçısı İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il fərmanı ölkədə şəffaflığın təmin olunmasını və korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter daşıdığını təsdiqləyib.

Müəllif vurğulayır ki, son 15 ildəki iqtisadi göstəricilər də iqtisadiyyatın davamlı inkişafını təsdiq edir: "Son 15 ildə ölkənin strateji valyuta ehtiyatı 42 milyard dollara çatıb, ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 3,8 dəfə, tikinti 3,4 dəfə, turizm 14,2 dəfə artıb.

Müəllif deyir ki, davamlı sosial-iqtisadi inkiaşfın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət xərcləri dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

"Vergi şapalağı" kimə dəyəcək?

"Exo" qəzetində isə diqqəti "Azərbaycanda yeni vergi siyasəti: zərbə altına kim düşəcək?" sərlövhəli məqalə çəkir.

Müəllif Azərbaycanda yeni vergi siyasətinin perspektivini ekspert Əkrəm Həsənovla müzakirə edir.

"Vergilər Nazirliyinin qarşısına dövlət büdcəsinə ödəmələri artırmaq vəzifəsi qoyulub, nazirlik bu istiqamətdə güclü işləyəcək, amma yol vermək olmaz ki, nazirliyin bu qərarı aqrar sahəyə də təsir göstərsin, çünki fermerlər bu vergi yükünə davam gətirə bilməzlər". Bu şərhi qəzetə ekspert Ə.Həsənov verib.

Ə.Həsənov xəbərdarlıq edib ki, 2018-ci ildə vergi siyasəti sərtləşəcək, əvvəlki nazir vergi yığımını lazımi dərəcədə yerinə yetirə bilməyib, indiki nazir Mikayıl Cabbarovun qarşısına isə dövlət büdcəsinə vergi daxilolmalarını artırmaq kimi yeganə vəzifə qoyulub.

Ekspert deputat Ziyad Səmədzadənin Azərbaycanda vergi ödəyicilərinin sayininu artırılması ilə bağlı bu günlərdəki bəyanatının da narahatlıq yaratdığını deyir: "Əgər deputat "kölgə" iqtisadiyyatı ilə mübarizə apararaq bunun hesabına dövlət xəzinəsinə vergi daxilolmalarını artırmağı nəzərdə tutursa, bununla razıyam. Vergi ödəməyən fiziki şəxslər və müəssisələrlə mübarizəni çoxdan gücləndrimək lazm idi. Amma bunun güzəşti olan kateqoriyaya aid edilməsi qətiyyən yolverilməzdir. Bu kateqoriyaya kənd təsərrüfatı əməkçiləri daxildir. Azərbaycan üçün aqrar sahə qeyri-neft sektorunun prioritet istiqamətidir, üstəgəl, bütün dünyada kənd təsərrüfatı dotasiyalıdır. Ölkənin ərzaq təhlükəsizliyi bu sahədən asılıdır".

Ekspert xəbərdarlıq edir ki, əgər ölkə fermerləri vergi yükünə cəlb edilsələr, bu, kiçik və orta sahibkarlıq, elə dövlət üçün də pis qurtara bilər, həm də aqrar sektor vergi yükünə cəlb olunmadığı üçün burada fəaliyyətə başlayan sahibkarlar vergi təzyiqlərinə davam gətirməyərək bu sahəni tərk edib gedə bilərlər.

Ə.Həsənov bu sahədə hökumətə Avropa daxil, dünyanın 130 ölkəsində varlı şəxslərə tətbiq olunan "təmtəraq vergisi" təklif edir və deyir: "Əgər hökumət vergi daxil olmalarını artırmaq istəyirsə, varlılardan daha çox vergi almağı tövsiyə edirəm, bu kateqoriya üçün torpaq və əmlak vergiləri artırılmalıdır, nə qədər çox daşınmaz əmlak varsa, vergi də o qədər artırılmalıdır".

Ekspert deyir ki, indi ölkədə bir daxmada yaşayan şəxslə 15 milyon manatlıq təmtəraqlı villada yaşayan şəxsdən tutulan vergi eyni miqyasdadır, bu, ədalətli deyil.

Ə.Həsənov vurğulayır ki, Azərbaycanda gəlir vergisinə yenidən baxılmalıdır, hazırda aylıq gəliri 2500 manatdan az olan fiziki şəxsin gəlir vergisi 14%, 2500 manatdan çoxdursa 25% təşkil edir.

Ekspertə görə, ölkədə çoxsaylı insanlar var ki, gəlirlərini gizlədir, vergi yükü daşımırlar, belələrini qanunauyğun cəzalandırmaq lazımdır, aylıq gəlirləri 10 min manatdan yuxarı olan şəxslərin gəlir vergisi isə 35%-ə qaldırılmalıdır.

"Xəlqi" azalmanın səbəbləri

"Azadlıqinfo.az" saytnda "Ömürləri oğurlayan "sabitlik"" sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkədə ağır sosial-iqtisadi durumun hansı fəsadlara səbəb olmasını gündəmə daşıyır.

Yazı müəllifi deyir ki, rəsmi təbliğata qalsa, xalq "inkişaf yağışında" çimir, rəsmilərə qalsa, islahat durmadan davam edir, amma burada əlahəzrət faktdan qaçmaq mümkün deyil, belə ki, tənəzzülə inkişaf ayaqqabısı geyindirmək olar, amma onu gəzdirmək olmaz.

Müəllif son 7 ilin statistik məlumatlarına istinad edərək, ölkə əhalisinin inkişafı baxımından artım tempinin sürətlə aşağı düşdüyünü bildirir: "Belə ki, ötən il ölkə əhalisinin sayı 88 min 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-nə olan məlumata görə 9 milyon 898 min 85 nəfərə çatıb.

Azərbaycan əhalisi 2011-ci ildə 124 min, 2012-ci ildə 121,4 min, 2015-ci ildə 112,6 min, 2016-cı ildə isə 104,4 min nəfər artmışdı. Beləliklə, 2011-ci ildə 121 min artım vardısa, 2017-ci ildə 88 min artım olub".

Müəllif vurğulayır ki, tənəzzül statistikası bununla bitmir, belə ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə 10,8% artıb.

Yazı müəllifi iddia edir ki, bu tənəzzül statistikaları sosial-iqtisadi vəziyyətin pisləşməsinin göstəricisidir, yəni, bir tərəfdə bahalaşma, işsizlik, devalvasiyalar, keyfiyyətsiz qidalar, çoxalan xəstəliklər, digər tərəfdə isə artan boşanmalar, azalan doğuşlar baş verir: "Əgər, Azərbaycanda əhalinin həyat şəraiti gözəldirsə, milyonlarla iş yeri açılıbsa, inkişaf güclüdürsə, bu geriləməni necə izah etmək olar? Reallıq budur ki, milyardları oğurlamaqla həm də insanların bugünü, sabahı oğurlanıb. Anti-milli idarəçilik, "yadlara milyardlar, xalqa qəpik-quruş" siyasəti bu mənzərəni yaradıb".

Müəllifin iddiasına görə, ağır sosial-iqtisadi durum ölkə insanını elə hala salıb ki, ailə qurmaq, dünyaya uşaq gətirmək riskli qərar sayılır və son 25 ilin ortaya qoyduğu nəticə doğuşların azalması, ölümlərin çoxalmasından ibarətdir: "Yürüdülən siyasət yaşatmağı yox, öldürməyi hədəfləyib, amma hökumətin leksikonunda bu nəticənin adı "sabitlik"dir. Bu ölkədə doğuşların azalması da, ölümlərin çoxalması da, ailələrin dağılması da sabitlik kimi tərcümə olunur".

Müəllifə görə, ölkədə 130 manat əməkhaqqının olması, doğuşların azalması, ailələrin dağılması hökumətin öyündüyü "sabitliyin" ciddi şkildə pozulması deməkdir, ölkənin sürətlə talan edilməsi həm də yüzminlərlə körpənin dünyaya gəlməməsinə bərabər olur.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti