Ölkədə sahibkarlığın inkişafı, böhrandan çıxış yolları, Yasamal rayonunda vətəndaşlarla tikinti şirkəti arasında qarşıdurma bugünkü (17 avqust 2017-ci il) mediann aparıcı mövzularındandır.
Sahibkarlığın inkişaf dövrü
"Azərbaycan" qəzetində Azərbaycanda ənənələrə söykənən sahibkarlıq bu gün daha sürətlə inkişaf edir" sərlövhəli məqalədə ölkədə sahibkarlığın formalaşması
(http://www.azerbaijan-news.az/index.php?mod=3&id=128270) dəyərləndirilir.
Müəllif Azərbaycanda sahibkarlıq fəaliyyətinin qədim tarixə malik olduğunu, XIX əsrin sonu, XX əsrin əvvəllərində bu fəaliyyət növünün Azərbaycanda sürətli inkişaf dövrü keçdiyini bildirir, həmin dövrün tanınmış sahibkarlarının adlarınıı xatırladır:
Müəllif 70 illik sovet dönəmində fəaliyyət növü kimi sahibkarlığa son qoyulduğunu, yalnız ölkə müstəqilliyini bərpa etdikdən sonra yenidən sahibkarlığın formalaşmağa başladığını bildirir.
Məqalədə deyilir ki, keçmiş prezident Heydər Əliyev ölkəni inkişaf etdirmək üçün sahibkarlığın yenidən formalaşması istiqamətində tarixi qərarlar qəbul etdi: "Ulu öndərin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər sayəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu. Sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində əsaslı dönüş isə 1996-cı ildən yaradıldı".
Məqalədə sahibkarlığın inkişafı istiqamətində görülən işlərin bu gün də davam etdiyi, ölkə iqtisadiyyatının 80 faizdən çoxunun, məşğul əhalinin isə təqribən 70 faizinin bu sektorda cəmləşdiyi vurğulanır.
Müəllif deyir ki, artıq 13 ildir prezident İlham Əliyev tərəfindən də həyata keçirilən iqtisadi inkişaf siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsidir və bu barədə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sitat da gətirir: "Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilib, ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. Əgər bu mexanizm olmasaydı, bu 1,6 milyard investisiya da olmayacaqdı".
Müəllif deyir ki, sahibkarlığın inkişafı özünü xüsusilə qeyri-neft, o cümlədən aqrar sektorda göstərir və təkcə cari ilin yanvar-iyul aylarında sənayedə qeyri-dövlət sektorunun payı 79,9 faiz olub, bu tendensiya kapital qoyuluşu və tikinti sektorunda da özünü aydın büruzə verir.
Məqalədə vurğulanır ki, sahibkarlığın ən çox inkişaf etdiyi qeyri-neft sektorunda ixrac məhsullarının istehsalı da çoxalıb, belə ki, cari ilin yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz artaraq 737,6 milyon dollara bərabər olub və ixracın ümumi dəyərinin 14 faizini təşkil edib.
Böhrandan çıxış -tammiqyaslı islahatlar
"Exo" qəzetində diqqəti "Azərbaycanın böhrandan çıxış yolu-tammiqyaslı islahatlar" sərlövhəli məqalə cəlb edir (http://ru.echo.az/?p=61844).
Müəllif rəsmi statistik göstəricilərə əsasən əsas kapitala yönəldilmələrin azalmasını ekspert Fuad Əlizadə ilə müzakirə edir.
F.Əlizadə deyir ki, bu azalma ölkədə iqtisadi duruma güclü təsir etməyəcək, çünki əhəmiyyətsiz dərəcədədir, kapital formalaşması hələ ki neft-qaz sahəsinin hesabına baş verir: "Amma əvvəl dövlət vəsaitləri şübhəli layihələrin də reallaşmasına sərf olunurdu, indi isə qənaət olunur. Odur ki, hazırda sosial xərclərdən əlavə yalnız "Cənub" qaz dəhlizi və "Bakı-Tbilisi-Qars" kimi layihələrə sərf edilir". F.Əlizadə bu sahədəki durumu belə dəyərləndirir.
Ekspert deyir ki, iqtisadiyyatın qalan sahələrinin inkişafı özəl sektorun üzərinə qoyulub, iqtisadi inkişaf isə problemlidir, hazırda ölkədə sərf ediləcək vəsaitlərin əvəzində bir neçə dəfə üstəlik qazanc gətirəcək elə bir cəlbedici sahə yoxdur ki, inamla investisiya qoyula bilsin.
F.Əlizadə hesab edir ki, iqtisadiyyatın inkişaf etməsinin vacib şərtlərindən biri investisiya cəlb olunmasıdır və bunun reallaşa bilməsini belə izah edir: "Nə qədər ki ölkədə tammiqyaslı islahatlar keçirilməyib, xarici sərmayəçilərin Azərbaycan bazarına investisiya qoyacağı real görünmür. İslahatlar isə ölkənin qanunvericilik bazasından tutmuş hazırda parçalanmış şəkildə qalan torpaq sahələrinə kimi bütün sahələri əhatə etməlidir".
Ekspert deyir ki, Azərbaycan iqtisadiyyatında mənfu meyllər 2014-cü ildə dünyada neftin qiyməti kəskin enəndən sonra başlayıb, manat kəskin və "üzən" formada bir neçə dəfə devalvasiya yaşayıb.
F.Əlizadə xatırladır ki, 2104-cü ilin dekabrından Mərkəzi Bank manatın "üzən məzənnə" rejiminə keçməsinə start verib və bu bu isə manatın enməsinin başlanğıc dövrüdür.
Ekspert xatırladır ki, Azərbaycanda kəskin böhran dövründə 13 bank bağlanıb, beləliklə, 45 bankdan 32-si qalır, ölkənin neft gəlirlərinin kəskin azalması bütün iqtisadi göstəricilərə mənfi təsir edib. Belə ki, neftin ixracından gələn gəlirlər kəskin azalıb.
F.Əlizadə deyir ki, hökumət bütün bu neqativləri aradan qaldrmaq istəyir, belə ki, hakimiyyət ölkədə biznes qurulmasını sadələşdirir, qeyri-neft sahəsini inkişaf etdirir, amma bu, yetərli deyil, ölkəni böhrandan ancaq tammiqyaslı olan səmərəli islahatlar çıxara bilər.
Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönləndirmələrin 8 milyard 728,8 miloyn manat təşkil etdiyini və bu göstəricinin keçən ilin eyni dövrülə müqayisədə 0,3% az olduğunu bildirir.
Bakıda vətəndaş- şirkət qarşıdurması
"Bizim Yol" qəzeti "Yasamalda daha bir qarşıdurma: sakinlər niyə küçələrə çıxdı?" (http://www.bizimyol.info/az/news/15078.html) sərlövhəli məqalədə
"Pilot Residensy" tikinti şirkətilə bir qrup sakin arasında qarşıdurma yaranmasının səbəblərini izah edir.
Müəllif deyir ki, sakinlər Abbas Mirzə Şərifzadə 37-də olan binanın qarşısından başlayaraq bütün ərazinin hasarlandığını bildiriblər və ona görə də
avqustun 16-da A.Şərifzadə və Xıdır Mustafayev küçəsinin sakinləri Yasamal rayon ASAN Xidmətin yaxınlığında etiraz aksiyası keçiriblər.
Məqalədə sakinlərə istinadən deyilir ki, "Pilot Residensy" tikinti şirkəti ilə aralarındakı mübahisə hələ ötən ilin dekabr ayından başlayıb: "Şirkət təmsilçiləri ara-sıra evlərə gələrək ərazidə yeni binaların tikiləcəyi barədə məlumat verib. Evlərin söküləcəyi barədə şayiələr gəzsə də şirkət nümayəndələri sakinlərlə konkret söhbət etməyib, qarşılıqlı razılığa gəlməyib. Onlara heç müqavilələrin əsli də təqdim edilməyib".
Müəllif vurğulayır ki, sakinlər bu günə qədər şirkətlə hər hansı danışıqları olmadığını, amma buna baxmayaraq, şirkətin gəlib mağazaların, evlərin qarşısını dəmir lövhələrlə çəpərlədiklərini bildiriblər.
Yazı müəllifi deyir ki, sakinlər şirkətin ərazidə yaşayan insanları buradan köçürməyi və hündürmərtəbəli bina tikməyi hədəflədiyini, onlar isə köçmək istəmədiklərini bildirirlər: "Bizə deyirlər ki, bu yaşında köç, get 3 il kirayə yaşa. 3 ildən sonra bina hazır olacaq sizə ev veriləcək, bizim kirayədə yaşayan vaxtımız deyil. İndi hansısa şirkət çıxıb ortaya deyir ki, köçün".
Sakinlər bildirirlər ki, onlara təqdim edilən müqavilələr etibarlı hesab olunmaz, çünki nə möhür, nə imza, nə də tikiləcək binanın təqdim olunma müddəti göstərilir.
Müəllif deyir ki, söhbətləşən bütün sakinlər yaşadıqları evləri tərk etmək düşüncəsində olmadıqlarını ifadə ediblər və şirkətin onlara bəyan etdiyi təklifləri qəbuledilməz sayıblar.
Sakinlər bildiriblər ki, Şərifzadə küçəsinin arxasında olan Xıdır Mustafayev küçəsində iki mənzil tamamilə sökülüb və söküntü zamanı yaxınlıqdakı mənzillərə də ziyan dəyib.
Müəllif deyir ki, adı çəkilən şirkətin təmsilçisi ərazidə olsa da özünü təqdim etməkdən boyun qaçıraraq rəsmi məlumat verə bilməyəcyini bildirib.
Məqaləd vurğulanır ki, əraziyə Yasamal Rayon Polis İdarəsinin işçiləri cəlb edilib və polis sakinlərlə şirkət nümayəndələri arasında qarşıdurmanın olmamasını nəzarətdə saxlayıb.
Sakinlər isə dövlət başçısı İlham Əliyevdən dəstək umduqlarını bildiriblər.
Rəy yaz