Açiq mənbələrdən foto.
Ölkədaxili sərnişindaşıma nəqliyyatının fəaliyyətə başlaya bilməsinin mümkünlüyü, indiki halda qızıl almağın sərfəli olub-olmamasına baxış, COVİD-19-la bağlı payıza gözləntilər və s. medianın aparıcı mövzuları sırasındadır.
“Mətbuat.az” saytında yer alan “Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? – rəsmi açıqlama” sərlövhəli məqalədə ölkədaxili marşrut reyslərinin nə zamandan fəaliyyətə başlayacağı sualına cavab axtarılır.
Müəllif deyir ki, ölkədə ümumi karantin rejimi avqustun 31-nə kimi uzadıldı. Bundan əlavə, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il iyulun 20-dən Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib.
Bəs narıncı zonaya daxil olmayan bu rayonlara gediş-gəliş mümkün olacaqmı? Ümumiyyətlə, qarşıdakı günlərdə Bakıdan rayonlara ictimai nəqliyyat vasitələri ilə hərəkət etmək üçün məhdudiyyətlər aradan qaldırılacaqmı?
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu istiqamətdə hələ ki bir yenilik yoxdur: “'Burada dəyişən yalnız odur ki, Samux rayonu və Lənkəran şəhəri sərt karantin rejiminin tətbiq edildiyi bölgələr sırasından çıxarıldı. Həmçinin Lənkəran şəhəri və Samux rayonunda həftə sonlarında daxildə ictimai nəqliyyatın işləməsinə icazə veriləcək”.
Amma Bakı şəhərindən avtobusla Lənkəran və ya Samuxa getmək mümkün olmayacaq. Ümumiyyətlə, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın istənilən şəhər və rayonuna avtobusların çıxışı yoxdur. Eyni zamanda respublikanın digər avtovağzallarından da regionlara gediş-gəliş avtobuslar ilə mümkün deyil.''
Xatırladaq ki, “COVİD-19-”la bağlı Azərbaycanda karantin rejimi bu il martın sonlarından tətbiq edilir, dövlət sərhədləri bağlanıb, ölkə daxilində şəhərlər və rayonlararası ictimai nəqliyyatın sərbəst fəaliyyətinə qadağa qoyulub. Hazırda paytaxt Bakı da daxil olmaqla ölkənin 14 inzibati rayonuna ictimai nəqliyyatın hərəkəti yasaqdır. Bakı metropoliteninin fəaliyyəti də bir aydır ki, dayandırılıb. Həftəsonları (şənbə və bazar günləri) sərnişin daşıyan reys avtobuslarının da fəaliyyətinə qadağa tətbiq edilir.
Bu metalı almağa dəyərmi?
Müsavat.com saytında dərc olunan Azərbaycanda qızıla pul verməyə dəyərmi? sərlövhəli məqalədə müəllif indiki halda qızıl almağın nə qədər sərfəli olduğunu ekspertlərlə müzakirə edir.
Müəliffə görə, dünya bazarında qızıl bahalaşır, 2019-cu ildə onun bir unsiyası 1 200 - 1 300 ABŞ dollarına alınıb-satılırdısa, artıq qiymət 1 800 ABŞ dollarına çatıb, amma bu da son olmaya bilər.
Bəs Azərbaycanda qızıl alıb-saxlamaq imkanları, ümumilikdə, qızıl bazarında vəziyyət necədir?
İqtisadçı-ekspert Cəfər İbrahimlinin fikrincə, hazırda yerli bankların bir qismi qızıl külçələr satır, lakin onların qiyməti xarici bazarla müqayisədə yüksəkdir:
“Bu da onunla bağlıdır ki, qızıl külçələrinin ölkəyə gətirilməsi əlavə vəsait tələb edir. Daşınma xərcləri ilə yanaşı, burada gömrük rüsumu da var və bütün bunlar sonda vətəndaşlara təklif olunan qiymətdə öz əksini tapır. İstənilən halda əgər daxili bazarda qiymət xarici bazarla müqayisədə yüksəkdirsə, qızıl külçələr vətəndaşlar üçün cəlbedici olmur. Bunu ekspert C.İbrahimli bildirir.
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri Tahir Qəribov isə son vaxtlar dünyada olduğu kimi, Azərbaycanda da qızıla marağın artdığını deyir.
Onun deməsinə görə, ölkə qanunvericiliyində yerli bankların qiymətli metallarla, o cümlədən qızılla ticarət etməsi və müştərilərinə qızıl hesab açması qanunvericiliklə nəzərdə tutulsa da banklar bu imkandan istifadə etmirlər: “Odur ki, qızılı fiziki olaraq alıb-satmaq istəyənlər banklarla yanaşı, 100% dövlətə məxsus "AzerGold" QSC-yə də müraciət edə bilərlər”. Bununla yanaşı, qlobal əmtəə birjalarından da qızıl almaq olar.
Açılım, yoxsa ikinci dalğa?
“Oxu.az” saytında dərc edilən “Nazirlik rəsmisi: “Payız aylarında ikinci dalğanın olması ehtimal edilir” sərlövhəli məqalədə (https://oxu.az/society/407359) koronavirus pandemiyasının ikinci dalğası barədə danışılır. Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın iyulun 20-də keçirilən iclasında artıq bir çox ölkələrdə koronavirusun ikinci dalğasının başlaması barədə açıqlama verib.
Onun deməsinə görə, əslində dövlət səviyyəsində görülən tədbirlər ölkəmizdə virusun ikinci dalğasının qarşısının alınması ilə bağlıdır: “Tədbirlər görməklə biz bunun qarşısını ala bilərik. Təmizliyə və qorunmaya riayət etsək, epidemiyanın qarşısını ala bilərik. Amma əksinə olsa, bu virus daha da güclənə bilər.
Payız aylarında havaların dəyişməsi ilə əlaqədar ikinci dalğanın olması ehtimal edilir. Bunun qarşısını almaq üçün qaydalara riayət etməliyik”.
Ölkədə vurisa yoluxanların çox olduğunu deyən N.Zeynalov bunun xəstəxanalara və tibbi personala çox böyük yük yaratdığını vurğulayıb.
O hesab edir ki, xəstəxanalarda daha ağır xəstələrin yerləşdirilməsinə şərait yaradılması üçün yüngül simptomları olan xəstələrin ev şəraitində müalicəsinə çalışırlar:“Bu gün xəstəxanalarda çarpayı fondunda çətinliklər yaşanır, eyni zamanda, xəstəxanalarda hər bir xəstəyə ciddi və mütəmadi nəzarət olunur. Bu işdə həkimlər, tibb işçiləri çox yüklənir. Məhz həkimlərin yükünün azalması məqsədilə ev şəraitində müalicə metodunun tətbiqinə başladıq, düzgün metod kimi bütün dünya ölkələrində də yüngül simptomlu xəstələrin evdə izolyasiyası tətbiq olunur”.
Xatırladaq ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı fakt 2020-ci il fevralın 26-da aşkar edilib. Operativ Qərargahın iyulun 20-nə açıqladığı məlumata görə, həmin vaxtdan bu yana ölkədə 27890 nəfər vurusa yoluxub, 19400 nəfər sağalıb, aktiv xəstə sayı 8037 nəfər, ümumi ölüm sayı 363 nəfər, yeni yoluxanlar 369 nəfər, yeni sağalanlar 523 nəfərdir. N.Zeynalov elan edib ki, evlərdə 10 min nəfərdən çox şəxs müalicə alır.
Rəy yaz