Media-icmal 24.06.19

Xəzərin Azərbaycana aid "Dayazsulu Abşeron" ərazisində neft-qaz ehtiyatlarının axtarışı, mövsümi meyvələrin bahalaşması, yerli istehsalçıların itkiləri və s. məsələlər bugünkü (24 iyun, 2019-cu il) medianın aparıcı mövzularındandır.

"Dayazsulu Abşeron"da neft-qaz axtarışları

"Azərbaycan" qəzeti "Xəzərin perspektiv strukturları: "Dayazsulu Abşeron"" sərlövhəli məqalədə Xəzər dənizinin Azərbaycan sektorundakı bu hissədə neft-qaz axtarışlarını dəyərləndirir.

Müəllif vurğulayır ki, 2014-cü il dekabrın 22-də SOCAR-la BP arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılması və hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb.

Müəllifə görə, Xəzərin Azərbaycana aid hissəsində bütün dəniz ərazilərinin tam tədqiq olunması ölkənin neft-qaz sənayesinin əsas vəzifələrindən biridir,

"Dayazsulu Abşeron" üzrə sazişin məqsədi ölkənin karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etməkdir.

Müəllif deyir ki, sənəd Milli Məclis tərəfindən ratifikasiya edilib, sazişə əsasən "BP Eksploreyşn (Kaspian Si) Ltd" şirkəti və SOCAR hərəsi 50 faizlik iştirak payına malikdir, sənəd 30 illik müddəti əhatə edir.

Müəllifin deməsinə görə, müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır, bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.

Yazıda vurğulanır ki, ARDNŞ "Dayazsulu Abşeron"un işlənməsini SOCAR və BP arasında əməkdaşlığın yeni mərhələsi sayır, Azərbaycanda neft hasilatının daha onillərlə davam etməsinə töhfə verəcək. BP də həmçinin "Dayazsulu Abşeron"u SOCAR-la tərəfdaşlığında yeni bir dövrün başlanğıcı adlandırır.

Məqalədə vurğulanır ki, üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanıb, dekabrın 27-də yekunlaşıb, bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə edib. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNtm) texnologiyası vasitəsilə həyata keçirilmişdir.

Müəllif BP Azərbaycan şirkətinin geoloji kəşfiyyat üzrə meneceri Arzu Cavadova istinadən bildirir ki, kəşfiyyat quyularının birinin qazılacağı yer Bibiheybət dəniz sahəsidir, digər iki quyu isə Abşeron yarımadasının şərq hissəsində - "Qarabatdaq" və "Şimali Xalı" deyilən ərazilərdə qazılacaq.

Müəllifin deməsinə görə, ekspertlər ehtimal edirlər ki, "Dayazsulu Abşeron" strukturunda neft olacaq, qazma yaxın aylarda başlanaraq mərhələlərlə aparılacaq.

Bahalaşma bahalaşma törədir

"Azadlıq.info"da "Bizi böyük bahalaşma gözlәyir" sərlövhəli məqalə oxumaq olar.

İqtisadçı-ekspert, Nemət Əliyev qarşıda Azərbaycanı böyük bahalaşma gözləməsi iddiasını gündəmin müzakirəsinə daşıyır.

"Sentyabr ayının 1-dən əməkhaqlarına gözlənilən artımlar (bu il iyunun 18-də minimum əmək haqlarının 180 manatdan 250 manata qaldırılması haqda sərəncam nəzərdə tutulur.-red) böyük bahalaşmanı gündəmə daşıyıb, yerli istehsalda yaşanan problemlər isə bahalaşmanı daha da aktuallaşdırıb", - ekspert iddia etdiyi gözlənilən bahalaşmann səbəblərini belə izah edir.

Ekspert deyir ki, bahalaşma çox aktuallaşıb, xaricdən gətirilən mallar əmtəə bazarlarında ümumi qiymətləri 15 faizdən çox artırıb, daxili bazarlara yerli mal təklifi 13 faizə qədər azalıb və yerli malların 5 aylıq ticarətindən itkilər 2,7 milyard manata yüksəlib.

Müəllif deyir ki, hətta elektrik enerjisinin, təbii qazın qiymətləri də qalxa bilər, Dövlət Neft Şirkəti bu məhsulların maya dəyərinin ölkədaxili satış qiymətlərindən yüksək olmasını bəhanə tutaraq bu məhsulların qiymət artımı üçün əvvəlcədən zəmin hazırlayıb.

İqtisadçıya görə, gözlənilən əməkhaqqı artımları hesabına dövriyyədə çoxalacaq nağd pul kütləsi bu zəmini çox cəlbedici edəcək: "Artıq idxal malları 31 faizə qədər bahalaşıb. Bu ilin yanvar-may aylarında idxal 51 faiz və ya 2 milyard dollar (3,4 milyard manat) artıb. Bu artımın 62 faizə qədəri və ya 2,1 milyard manatı bahalaşma hesabınadır. Hələ yalnız idxalın yaratdığı bu dalğa, ötən ilə nəzərən, əmtəə bazarlarını 15%-dən çox (2,1:13,7∙100≈15,3%), istehlak bazarlarını isə 12%-dən çox (2,1:17,4∙100≈12,1%) bahalaşdırıb (13,7 və 17,4 uyğun olaraq əmtəə və istehlak bazarlarının ötənilki 5 aylıq həcmidir, milyard manatla ifadə olunub). Bu bahalaşma dalğası özü-özlüyündə ümumi alıcılıq qabiliyyətinə yüksək səviyyədə mənfi təsir göstərir", deyə bahalaşma istiqamətlərini göstərir.

Ekspertə görə, yerli istehsalda inkişafa nail olmaqla daxili bazarlara əlavə mal kütləsi çıxarılaraq ümumi bahalaşma səviyyəsini aşağı salmaq mümkün olardı, amma bu varianta ümid bəsləməyə dəyməz.

Ekspert ötən ilin 5 aylıq dövrülə bu ilin eyni dövrü arasında iqtisadi hesablamalar aparaq deyir ki, daxili bazarlara çıxarılan yerli malların kütləsi və ya fiziki həcmi, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalıb, daxili bazarlara natura şəklində yerli mal təklifi əhəmiyyətli dərəcədə aşağı düşüb.

N.Əliyev deyir ki, yerli istehsalçıların daxili ticarətdən itkiləri daha böyükdür, belə ki, ümumi ticarət dövriyyəsinin 5 aylıq həcmi bu il 14,3 milyard manat olub və yerli malların payı 31 faiz olub: "Deməli, yerli malların 4 aylıq ticarəti vur-tut 4,6 milyard manatdır (14,3∙31∶100 ≈4,4 milyard manat). Halbuki, ötən il bu sonuncu göstərici 7,1 milyard manat olmuşdu. Beləliklə, məlum olur ki, yerli malların daxili ticarətdən gəlirləri 2,7 milyard manat və ya 38 faiz azalıb".

Ekspert hesab edir ki, beş aylıq ticarətdən 2,7 milyard manat gəlir itkisinə uğramış yerli sahibkarlar (müəssisə və təşkilatlar) daxili bazarlara yönəlik istehsal fəaliyyətlərini genişləndirməyə həvəs göstərməyəcək, odur ki, sonrakı dövrdə yerli istehsal hesabına bazarlara mal təklifinin azalacağı ehtimalı çox yüksəkdir.

Müəllifə görə, yerli istehsalçıların bu cür davranışı idxal mallarının yaratdığı bahalaşma dalğasına nəinki zəiflədici təsir göstərməyəcək, əksinə, əlavə təkan verəcək, odur ki, kəmərləri sıxın, bahalaşmadan bahalaşma törəyəcək.

Ərik, gilas yığımı yarıdan çox azalıb

"Oxu.az" da isə "Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq?" sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif bazar və mağazalarda mövsümi meyvələrin qiymətinin hər ildəkindən daha baha olmasını və bunun səbəblərini ekspert Nicat Nəsirli ilə müzakirəyə çıxarır.

Rəsmi açıqlamalarda iddia edilir ki, bazarda istənilən qiymətə gilas, ərik və alça tapmaq olar, müəllifsə reallıqda bunun söz olmaqdan o yana keçmədiyini deyir.

"Orta keyfiyyətli gilasın bir kiloqramı Bakıda 8-10 manata təklif olunur. Rayon yerlərində isə 3-4 manata almaq mümkündür. Rayonlarda yığılan məhsulun yüksək keyfiyyətli hissəsi Rusiya bazarlarına ixrac edilir, 3-4 manata təklif edilən isə orta və aşağı keyfiyyətli meyvələrdir. Xaçmazda gilasın "Napoleon" və "Öküz ürəyi" növlərinin kilosu 4 manata təklif edilir", müəllif bildirir.

Müəllifə görə, istehsalçılar yetişdirdikləri meyvələrin yerli bazardan daha çox, Rusiya bazarlarına çıxmasında maraqlıdırlar, Xaçmazda ən çox tələbat gilasın "Krım", "Romanovka", "Öküz ürəyi", "Napoleon" növlərinədir.

"Bu mövsümün üç əsas meyvəsi gilas, ərik və alçadır ki, əhali də bu meyvələrin üzünə, sözün əsl mənasında həsrət qaldı. Düzdür, ucuz qiymətə də meyvə tapmaq olur, lakin onlar xallı, zədələnmiş gilas və ərikdir" deyə müəllif nisəbətən aşağı qiymətə olan meyvələrin problemlərini göstərir.

Müəllifə görə, indi ən aktual məsələ bundan sonra çıxacaq meyvə və bostan bitkilərinin qiymətinin necə olacağıdır.

Mövsümi meyvələrin baha olması ilə bağlı "Oxu.az"-ın suallarını cavablandıran aqrar sahə üzrə ekspert N.Nəsirli buna səbəb kimi ağaclar çiçəkləyən ərəfələrdə hava şəraitinin aqrar sahə üçün əlverişi keçməməsini və məhsuldarlığın aşağı olmasını göstərir. "Əgər keçən ilin müvafiq dövründə bir hektar gilas bağından 8-12 ton məsul yığılırdısa, bu il 6-7 ton məhsul yığılır. Keçən il bir hektar ərik sahəsindən 6-7 ton məhsul yığılırdısa, bu il xeyli az - 2-3 ton məhsul toplanıb. Keyfiyyətli məhsul azdır və o, xarici ölkəyə ixrac edilir" deyə edkpert məhsul yığımının 50 faizdən çox azaldığını vurğulayır.

Ekspert etiraf edir ki, daxili bazarlara az keyfiyyətli məhsullar göndərilir, gilasın qiymətinin bahalığı süni deyil, kefyiyyətli məhsulun azlığı ilə bağlıdır.

N.Nəsrili deyir ki, bu il bazarda qarpız və yemişin qiyməti ötən illə müqayisədə kifayət qədər aşağı olacaq, bostan məhsullarında bu il ciddi artım gözlənilmir, çünki ötən il əkin sahələrində kifayət qədər artım olub.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti