Kənd təsərrüfatında əldə olunan iqtisadi göstəricilər, iqtidar nümayəndələrinin sosial şəbəkələrdə fəallaşma səbəbləri, dini etiqadla bağlı qanun üzərində çalışmalar və s. məsələlər bugünki (30 avqust, 2019-cu il) medianın aparıcı mövzularındandır...
Kənd təsərrüfatında yüksək göstəricilər
"Azərbaycan" qəzeti "Kənd təsərrüfatında yüksək göstəricilər əldə edilir" sərlövhəli məqalədə ölkənin aqrar sahədəki uğurlarını dəyərləndirir.
Müəllif deyir ki, əldə olunan iqtisadi uğurlarda həyata keçirilən islahatlar mühüm rol oynayır, həmin islahatlar əhatə dairəsinə görə genişdir və kənd təsərrüfatında aparılan islahatlar daha böyük əhəmiyyət kəsb edir.
Yazıda vurğulanır ki, həyata keçirilən islahatlar məhsul istehsalının artması ilə yanaşı, bölgədə yaşayan əhalinin məşğulluğunun və rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.
Müəllifin sözlərinə görə, aqrar sektorda çalışanlara dövlətin etdiyi güzəştlər, fermerlərin torpaq vergisindən başqa bütün vergilərdən azad edilməsi, istifadə etdikləri yanacaq və sürtkü yağlarının, toxum və gübrələrin büdcədən subsidiyalaşdırılması kəndli üçün məhsul istehsalının artırılmasına geniş imkanlar yaradır.
"Bunun nəticəsidir ki, cari ilin 6 ayında taxıl istehsalı 40 faiz artıb. Taxılçılıqda məhsuldarlıq da kifayət qədər yüksəkdir. Belə ki, əvvəllər taxıl istehsalında məhsuldarlıq 20 sentner idisə, indi bu rəqəm 30 sentnerdən çoxdur. Elit aqrar müəssisə olan iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdən də yüksəkdir. Bunun da səbəbi həmin təsərrüfatlarda müasir yanaşma və yüksək texnika və texnologiyalardan istifadə edilməsidir", deyə müəllif bildirir.
Müəllifə görə, ilin birinci yarısında kənd təsərrüfatının digər məhsul istehsalı sahələrində də yüksək uğurlar qazanılıb, belə ki, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25, tərəvəz 14 faiz artıb, aqrar sektorda məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixracını da stimullaşdırır.
"Cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 3,1, təzə meyvə 31,1, şəkər 22,3, meyvə-tərəvəz şirələri 37,9, meyvə-tərəvəz konservləri 10,5, marqarin, qida üçün yararlı digər qarışıqlar 34,5, pambıq ipliyi 50,3 faiz, tütün 1,9, pambıq lifi isə 2,9 dəfə artıb", deyə müəllif bu sahdəki uğurları diqqətə çatdırır.
Müəllif vurğulayır ki, Prezident İlham Əliyev bu il iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə aqrar sektorda həyata keçirilən islahatları yüksək dəyərləndirərək, bu sahənin ölkə üçün əhəmiyyəti barədə deyib: "Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək".
Müəllif daha sonra Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib, bunun da 2 milyard 230,4 milyon manatı heyvandarlıq, 2 milyard 223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
"Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1, bitkiçilik məhsulları üzrə isə 9,5 faiz artıb", deyə bildirilir.
Monoloq yox, dialoq meydanı - sosial şəbəkələr
"YeniSabah.az"da isə "Hakimiyyət virtual məkanı fəth edə biləcəkmi? - politoloq şərh edir" sərlövhəli məqalə oxumaq olar.
Müəllif son zamanlar hakimiyyət nümayəndələrinin sosial şəbəkələrdə fəallaşmaq bəyanatlarını əsas götürərək bu barədə politoloq Elxan Şahinoğlu ilə söhbətləşir.
"Hakimiyyət təmsilçilərinin sosial şəbəkələrə gəlişi və fəallıq göstərmələri polemika mühitinin yaranması baxımından önəmlidir". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iqtidar nümayəndələrinin son vaxtlar sosial şəbəkələrə ciddi maraq göstərməsini "Yeni Sabah"a şərhində bildirir.
Müəllif son vaxtlar hakimiyyət nümayəndələrinin sosial şəbəkələrə axını və virtual məkanda fəallıq göstərmələrinin müşahidə olunmasını xüsusi vurğulayaraq, bunu iqtidar ideoloqlarının sosial şəbəkələrə qeyri-ciddi münasibətin fəsadlarını hiss etməyə başlamaları kimi dəyərləndirir.
Müəllif həm də əlavə edir ki, bu gün sosial şəbəkələr ictimai rəyi formalaşdıran ciddi vasitələrdən biridir, o zaman hakimiyyətin virtual məkanda mövqelərini bərkitmək siyasəti başadüşüləndir.
Yazı müəllifi vurğulayır ki, məsələ burasındadır ki, sosial şəbəkələr heç də iqtidarın nəzarətində olan televiziya və yaxud media orqanı deyil, burada sadə vətəndaşların birbaşa sual vermək, fikir bildirmək kimi imkanı var.
E.Şahinoğluna görə, iqtidar nümayəndələri bu amili nəzərə almalıdır.
"Sosial şəbəkələr monoloq yeri deyil. Ona görə də burada birtərəfli çıxışların daha çox zərəri ola bilər. Ümumiyyətlə, hazırda Azərbaycanda polemika mühiti yoxdur. İqtidar da, müxalifət də öz meydanında birtərəfli qaydada fikirlərini ifadə edirlər.
Amma iqtidar təmsilçilərinin sosial şəbəkələrə gəlişi polemika mühitinin yaranmasına səbəb ola bilər", politoloq belə hesab edir.
Bu baxımdan E.Şahinoğlu iqtidar təmsilçilərinin sosial şəbəkələrə gəlişini və fəallıq etmələrini dəstəklədiyini desə də, buna öz möveyini də ifadə edir:
"Lakin, yenə də deyirəm ki, bu fəallıq yalnız təbliğat xarakteri daşımamalıdır. Burada onlara suallar verilə, barələrində tənqidlər səsləndirilə bilər. Buna hazır olmaq, verilən sualları cavablandırmaq, tənqidlərə münasibət bildirmək lazımdır. Bu halda vətəndaş özü müəyyən edəcək ki, kim doğru danışır, kim yalan".
Başsağlıqlarına, yas elanlarına rəsmi qadağalar?...
"Yeni Müsavat" qəzetində isə "Hökumət dini sahədə ilginc dəyişikliklərə hazırlaşır - Siyavuş Novruzovdan sensasion açıqlamalar" sərlövhəli məqalə diqqət çəkir.
Müəllif parlamentin payız sessiyasında müzakirəyə çıxaırlacaq "Dini etiqad azadlığı və dini qurumlar haqqında" qanun layihəsi barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovla söhbətləşib.
Yazı müəllifi xatırladır ki, bu layihənin 2018-ci ilin payız sessisyasında müzakirəsi anons edilmişdi, amma bu, baş vermədi.
Müəllifin sözlərinə görə, deputat S.Novruzov yenidən üzərində işlənilən qanun layihəsində yeniliklər olacağını söyləyib.
S.Novruzov deyir ki, bura rəsmi mətbuatda ənənəvi olaraq rast gəlinən başsağlıqlarının yığışdırılması məsələsi də daxildir. "Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin", deyə deputat bildirib.
Komitə sədri digər dəyişikliklərin də anonsunu verərək deyib ki, yas məclisində iştirakın müddəti də müəyyən edilir: "Deyək ki, haradasa yas məclisidir, amma insanlar işləyirlər, iş vaxtıdır. Maksimum müddət 10 dəqiqə olmalıdır. Gəldin, başsağlığı verdin, dur, get! Sən gəlib iki saat oturursan yas məclisində..".
Komitə sədri keçən il parlamentə göndərilən "Dini etiqad azadlığı haqqında" Qanunun yaz sessiyasının müzakirəsinə çıxarılmamasına aydınlıq gətirərək deyib ki, qanun layihəsində bütün məsələlər tam əksini tapmamışdı, indi layihənin üzərində iş gedir.
S.Novruzov yas məclislərində ehsan verilib-verilməməsi məsələsinə toxunaraq deyib ki, bu məsələ gündəmdədir, bəzi yerlərdə məsələlər həllini tapıb. O, Naxçıvanı nümunə göstərib.
Deputata görə, habelə qəbirstanlıqlarda qayda-qanun yaradılması da qanun layihəsində nəzərdə tutulur.
Toy mərasimlərindəki ifratçılığa gəldikdə, S.Novruzov deyib ki, o, toy mərasimlərinə baxmır, bununla sosial siyasət komitəsi məşğul olur.
Rəy yaz