Ölkədə yürüdülən sosial siyasət, kirayə mənzil bazarındakı qıtlıq, idxalın artımı və nəticələri və s. məsələlər bugünki (31 avqust 2019-cu il) medianın aparıcı mövzularındandır...
Sosial rifahın təminatı
"Azərbaycan" qəzeti "4,2 milyon vətəndaş, 5,3 milyard manat vəsait" sərlövhəli məqalədə əhalinin sosial rifahının yüksəldilməsini dəyərləndirir.
Müəllifə görə, hər bir ölkənin ümumi inkişafı əhalisinin rifahı, vətəndaşının firəvanlığı naminə aparılan siyasətdə təcəssümünü tapır, Azərbaycanda da dövlətin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir: "2019-cu il isə sosial sahədə inqilabi islahatlar ilinə çevrilib desək, yanılmarıq. Belə ki, Prezident İlham Əliyevin bu il təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib", deyə müəllif göstəriciləri xatırladır.
Müəllif əlavə edir ki, dövlət sektorunda əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb, 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulub.
Məqalədə deyilir ki, dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 sərəncam, 3 fərman əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, müxətlif kateqoriya əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi.
Müəllif deyir ki, prezidentin birinci paketi 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasını təmin etdi və mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönləndirildi.
"2003-cü ildən bugünədək orta aylıq əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də təsdiqləyir ki, cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır", deyə müəllif bu siyasətin əsas hədəfini göstərir.
Müəllif deyir ki, prezidentin imzaladığı ikinci paketin icrası isə sentyabrın 1-dən başlayır, belə ki, minimal əmək haqqı 250 manata çatdırılır, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılır və iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olacaq.
"Beləliklə, prezidentin imzaladığı hər iki sosial paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat olmaqla, ümumilikdə 4,2 milyon vətəndaşın əhatə edilməsini və 5,3 milyard manatın ayrılmasını nəzərdə tutur", deyə müəllif bildirir.
Yazının sonunda isə oxuyuruq: "Ancaq atılan addımlar Prezident İlham Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq".
Kirayə mənzil bazarındakı qıtlıq
"Redaktor.az"da isə "Kirayə mənzil bazarında qıtlıq-qiymətlər bahalaşıb" sərlövhəli məqalə oxumaq olar.
Müəllif kirayə mənzil bazarındakı vəziyyətlə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevlə söhbətləşir.
Müəllif deyir ki, yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin mövcudluğu kirayə evlərə tələbatı artırıb.
Yazıda vurğulanır ki, kirayə mənzilə tələbatın yüksəlməsi səbəbi isə kirayə evlərin qiymətində dəyişikliyi zəruri edir.
Məqalədə deyilir ki, hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350-400 manatdan başlayır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "redaktor.az"a açıqlamasında isə bildirib ki, mövcud şəraitdə əsas problem kirayə evlərin sayının olduqca az olmasıdır: "Hazırda kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunmur. Hazırda kirayə ev tapmaq çətinləşib. Eyni zamanda, Yasamal rayonunda sosial evlərin tikilməsindən sonra kirayə evlərə olan tələbat nisbətən azalıb".
E.Fərzəliyevin dediyinə görə, kirayə ev tapmaq məsələsində böyük problemi bölgələrdən paytaxta gələn imkansız ailələrin uşaqları və tələbələr yaşayırlar.
Ekspert vurğulayır ki, universitetlərin əksəriyyəti paytaxtın Yasamal rayonu ərazisində yerləşir, bu səbədən irəli gələrək də tələbələrin çoxu Yasamal, "Sovetski", "Kubinka" kim ərazilərdə 100-150 manat civarında kirayə həyət evlərində yaşayırdılar.
"Bu ərazilər söküləndən sonra tələbələr ev tapmaq məsələsində çətinliklə üzləşib. Əksər hallarda tələbələrə kirayə ev verilmir", deyə ekspert kirayə mənzil bazarındakı mövcud vəziyyət barədə bildirir.
Avqust-sentyabr aylarında kirayə ev qıtlığının yaşandığını bildirən ekspertə görə, oktyabr ayından etibarən bu bazarda stabillik yaranacaq.
E.Fərzəliyev vurğulayır ki, yeni tikilmiş binalarda, şəhərin mərkəzində və metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti çox yüksəkdir.
Ekspert hesab edir ki, qiymətin yüksək olmasına təsir edən amil isə turistlərlə bağlıdır.
E.Fərzəliyev bu sahədəki vəziyyətə dair fikirlərini davam etdirərək deyir ki, mikrorayonlarda, Qara Qarayev və Neftçilər metrostansiyaları yaxınlığında yerləşən yeni tikilmiş binalarla köhnə binalarda verilən kirayə evlərin qiymətində isə çox cüzi fərq var.
Ekspert əlavə edir ki, kirayə mənzil bazarında bahalaşma əsasən günlük kirayə verilən evlərdə müşahidə olunur: "Belə ki, bu mənzillərdə kirayə haqqı 1 gün üçün 50-300 manat civarında dəyişir".
Havaya sovrulan büdcə pulları
"Yeni Müsavat" qəzetində isə "Xaricdən gətirilən mallar ölkədə bahalıq yaradır - ekspert" sərlövhəli məqalə diqqət cəlb edir.
Müəllif idxalın artması səbəblərini iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edir.
Yazı müəllifi vurğulayır ki, Azərbaycan hökumətinin iqtisadi fəaliyyətinin prioritet istiqamətlərindən biri də idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması və idxalın yerli istehsalla əvəzlənməsidir.
Müəllifə görə, buna baxmayaraq, son bir ilin statistikasında idxal rəqəmlərinin artması müşahidə edilir, yerli istehsalın, hətta ixracın artması ilə paralel idxal da artır.
Məqalədə vurğulanır ki, bu artımı bəzi ekspertlər gömrük sistemində şəffaflığın təmin olunması və ölkəyə gətirilən bütün məhsulların dövlət qeydiyyatından keçməsi ilə əlaqələndirirlər, amma digər səbəblər də az deyil.
V.Əhmədova isə "Yeni Müsavat"a şərhində deyir ki, idxalın əmtəə strukturuna nəzər saldıqda statistik göstəricilər üzrə bütün növ mallarda artım müşahidə olunur: "Diri heyvan, ət və ət məhsulları, balıq və balıq məhsulları, süd məhsulları, quş yumurtası, təbii bal və heyvan mənşəli digər ərzaq məhsullarının idxalında davamlı artım müşahidə olunur. 2015-ci ildə 19 mln. 858 min ABŞ dolları məbləğində ət və əlavə ət qida məhsulları idxal olunmuşdusa, 2018-ci ildə bu rəqəm 70 mln. 75 min dollara yüksəlib".
Ekspert əlavə edir ki, iribuynuzlu heyvan əti 2016-cı ildə 5 mln. 257,9 min ton (13 mln. 782,6 min ABŞ dolları) idxal edilibsə, 2017-ci ildə 9255,4 ton (26 mln. 472,6 min ABŞ dolları) idxal olunub, eləcə də quş əti, təzə və dondurulmuş balıq əti idxalında artım var: "Ət və balıq konservlərinin idxalı 4607 tondan (2016-cı il) 5925 tona (2017-ci il) yüksəlib. 2016-cı ildə 5463 ton (8 mln. 34 min ABŞ dolları) süd və qaymaq idxal edilmişdisə, 2017-ci ildə bu rəqəm 8 mln. 872 tona (14 mln. 344 min ABŞ dolları) çatıb".
V.Əhmədova digər ərzaq məhsullarının idxalında da artım olduğunu söyləyir.
İqtisadçı ekspert ölkənin kifayət qədər imkanları olmasına baxmayaraq, kənd təsərrüfatı məhsullarının idxalının ildən-ilə artmasını, buna milyonlarla vəsait xərclənməsini, heyvandarlığın inkişafı üçün ölkəyə xaricdən cins heyvanlar gətirilməsini, amma bunun nəticəsiz qalmasını büdcə vəsaitlərinin havaya sovrulması kimi dəyərləndirir.
Ekspert deyir ki, Azərbaycanın ümumi torpaq fondu 8,6 milyon hektardır ki,
bunun cəmi 50 faizi əkinə yararlıdır, torpaqların 40 faizi eroziyaya uğrayıb, ölkə ərazisinin 3,240 milyon hektarı və ya 37,4 faizi şoranlaşmış ərazilərdir.
V.Əhmədova ölkəyə buğda idxalının artmasından da danışaraq bunun yerli istehsalla əvəz edilməsinin vacibliyini bildirib: "Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin birinci rübündə ölkəyə 518 min 704,31 ton buğda gətirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,5 faiz çoxdur. Kənd Təsərrüfatı Nazirliyi hər il taxıla olan tələbatın yerli istehsal hesabına ödəniləcəyini vəd etsə də, reallıq tam əksini göstərir. Taxıl idxalımız ildən-ilə artır. Azərbaycan əhalisinin illik ərzaq buğdasına olan tələbatı təxminən 1,7 milyon tondur ki, biz bu miqdarı tam olaraq yerli istehsal hesabına ödəyə bilmirik".
Ekspert bazarda idxal məhsullarının həcminin artmasını bahalaşmanı şərtləndirən əsas faktorlardan biri adlandırıb: "Rəsmi statistikaya əsasən, 2019-cu ilin yanvar-iyun ayları üzrə ərzaq məhsullarında 2,7 faiz bahalaşma qeydə alınıb. Bir sıra ərzaq məhsullarında isə bahalaşma daha yüksəkdir. Məsələn, keçən ilin analoji dövrü ilə müqayisədə düyünün qiymətində 38%, kartofun qiymətində 133%, soğanın qiymətində isə 83% artım baş verib".
Ekseprtə görə, bu bahalaşmanı aqrar məhsulların istehsal, daşınma xərclərinin çox yüksək olması, süni qiymət artımı ilə əsaslandırmaq olar.
İqtisadçıya görə, ölkədə insanların qida rasionunda ət və ət məhsulları xüsusi yer tutur, ona görə də öncə ölkənin heyvandarlıq sahəsi üzrə problemləri həll olunmalıdır, bu sahənin əsas problemi yem bazasıdır və xərclərin 70 faizi bununla bağlıdır.
Sonda isə ekspert bu sahəni inkişaf etdirməyin üsulları barədə fikirlərini bildirir.
Rəy yaz